Bəstəkarlar İttifaqının Vasif Adıgözəlovun
xatirəsinə həsr
olunmuş plenumu
AzərTAc
xəbər verir ki, dekabrın 26-da Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
Azərbaycan Bəstəkarlar İttifaqının plenumu
işini başa çatdırmışdır. Plenum xalq
artisti, bəstəkar Vasif Adıgözəlovun
xatirəsinə həsr olunmuşdur.
Bəstəkarlar İttifaqı idarə heyətinin katibi,
əməkdar incəsənət xadimi, professor Ramiz
Zöhrabov plenumun Dövlət Xalq Çalğı Alətləri
Orkestri üçün yazılmış
əsərlərə həsr olunduğunu və iki gün
ərzində Azərbaycan bəstəkarlarının
əsərlərinin səsləndirildiyini bildirmişdir.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestri (bədii rəhbər və baş dirijor,
əməkdar incəsənət xadimi professor Ağaverdi
Paşayev) konsertdə Üzeyir Hacıbəyovun
"Koroğlu" operasından "Uvertüra"nı,
Vasif Adıgözəlovun fortepiano və orkestr
üçün "Konsert"ini (II-III hissələr),
"Qərənfil" mahnısını, Şəfiqə
Axundovanın "Tapmayacaqsan", Tofiq Bakıxanovun
"Qızlar rəqsi", "Mürği
səhər", Ramiz Mirişlinin "Gənclik
süitası", Dadaş Dadaşovun "4 saylı
süita", Ədviyyə Rəhmətovanın tar ilə
orkestr üçün "Konsert" (3 hissədə)
əsərlərini ifa etmişdir. Solo hissələri xalq
artisti tarzən Ramiz Quliyev, solistlər Oksana Aslanova, Svetlana
Əhmədova, beynəlxalq və respublika
müsabiqələrinin laureatı Sahib Paşazadə ifa
etmişlər.
Azərbaycan.-2006.-27 dekabr.-S.6.