Cəbiyeva Təranə

 

Mehdi Axundovun xatirəsi anıldı

 

Bu yaxınlarda Alman-Azərbaycan Mədəniyyət Birliyi «Kapellhaus»un təşkil etdiyi xatirə axşamı istedadlı qaboy mu­siqisi ifaçısı Mehdi Axundova həsr olunmuşdur. Gecəyə görkəmli incəsənət xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Ramiz Zöhrabov, Tofiq Bakıxanov, Arif Məlikov kimi dahi sənətkarlarla yanaşı Milli Konservatoriyanın müəllimləri, tələbələri, xarici qonaqlar, Axundovlar ailəsi dostları dəvət olunmuşdu.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Ramiz Zöhrəbov Mehdi Axundo­vun musiqiyə həsr etdiyi ömür yolundan danışdı. O dedi:

- Mən Mehdi ilə çox təmasda olmuşam. O, 1979-cu ildə nəfəsli musiqi alətlər çalanların Zaqafqaziya üzrə müsabiqəsində I yerə layiq görülmüşdür. O, qa­boyda Azərbaycan bəstəkarlarının, eləcə rus, Avropa bəstəkarlarının əsərlərini məharətlə ifa etmişdir. 25 il ərzində Azərbaycan televiziya radiosu Simfonik orkestrində solist kimi çalışıb. Mehdi müəllimin tələbələri Bakıda, MDB- musiqiçi kimi fəaliyyət göstərirlər. O dosent kimi Azərbaycan Milli Konservatoriyasında çalışırdı, əgər indi yaşasaydı yəqin ki professor idi. Onun çaldığı qaboyda səs templəri, oxunaqlı ifa vardı. Mən «Xalq çalğı alətləri üçün» yazdığım syütanın II hissəsində Mehdinin qaboy ifasına qulaq asanda, indi  valeh oluram. M.Axundov repertuarındakı «Sənsiz», «Sevgili canan» romanslarını çalmaq, böyük sücaət tələb edir. O simfonik orkestrdə həm ifaçı, həm solist kimi seçilirdi. Onun Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazılan dünya durduqca yaşayacaq.

Görkəmli bəstəkar Tofiq Bakıxanov da Mehdi Axundovla musiqi sənətində gördüyü işlərdən danışdı. Tofiq müəllim, Mehdi Axundovla həmişə fəxr etdiyini, müəllifi olduğu əsərlərində onun mahir qaboy ifaçısı olduğunu qeyd etdi. T.Bakıxanov «Qaboy ilə orkestr üçün konsert» əsərini məhz Mehdinin ifaçılıq məharətinə görə ona etibar etdiyi­ni söylədi. Bəstəkar M.Axundovla həmişə fəxr edəcəyini, onun xatirəsini qəlbində əbədi yaşadacağını bildirdi.

Xatirə gecəsində Meh­dinin yaxın dostları Rəsul Abbasov (skripka), Rza Abbasquliyev (qaboy), Ceyhun Allahverdiyev (fortepiano) Avropa bəstəkarlarının G.F.Handelin Trio¹5, G.F.Handel Trio¹6 və J.S.Bachın «Konsert d-moll» əsərlərini böyük məharətlə ifa etdilər.

Qeyd edim ki, tanınmış dirijorlar R.Məlikaslanovun simfonik orkestrində, eləcə R.Abdullayevin orkestrində M.Axundovun qaboy ifaçılığı, digər görkəmli bəstəkarların - C.Cahangirovun, A.Məlikovun diqqətindən kənarda qalmamışdır. Tanınmış bəstəkar Arif Məlikovun «Məhəbbət əfsanəsi» əsərində Mehdi Axundovun qaboy musiqisi əsas yer tutur. Dünya şöhrətli bəstəkar Arif Məlikov M.Axundov haqqında ürək sözlərini belə dedi: «Biz gözəl insanları itirəndə, bir bəstəkar ki­mi ürəyim ağrıyır. Mehdi gözəl sənətkar idi. O yaşadığı illərdə orkestrdə müəllimlik fealiyyətində çox işlər gördü. Bu gün çox dəyərli gecədir. İnsanlar ən yaxşı keyfiyyətlərini itirməyiblər. Mehdi aramızda olmasa da, dostları onun xatirə gecəsini keçirir. Bu bizim gənclərimiz üçün nümunə olmalıdır. Mehdinin ruhu da bu gün bu salonda yaşayır. M.Axundov «Məhəbbət əfsanəsi» əsərində parçaları, radio orkestrində poemanı ifa edib. Biz həyatda onunla yaxın olmasaq da, musiqiçi kimi həmişə sənətkar duyuruq. Qaboy məktəbi Bakıda çox inkişaf edib, indi ki, gənclər gözəl qaboy çalır. Bu sənət həmişə Azərbaycanda yaşayacaq. M.Axundov da yaxşı sənətkar kimi yaddaşımızda yaşayıb, qalacaq Gecənin sonunda M.Axundovun qardaşı Əzimbala ailəsi adından çıxış edərək, görüşə toplaşan qonaqlara «Azərbaycan-Alman Mədəniyyət Birliyi» musiqiçi Rəsul Abbasova minnətdarlığını bil­dirdi.

 

Yaddaş.- 2006.- 9 dekabr.- S.4.