Bakıda “Rusiya MDB-də və dünyada” adlı fotosərgi açılmışdır
Azərbaycanda
Rusiya İli və Rusiyada Azərbaycan İli hələ uzun
müddət davam edəcəkdir, çünki xalqların
və mədəniyyətlərin dostluğu
tükənməzdir. Bunu Rusiyanın Azərbaycandakı
səfiri Vasili İstratov dekabrın 25-də Bakıda “Rusiya
MDB-də və dünyada” adlanan və Müstəqil
Dövlətlər Birliyinin 15 illiyinə həsr olunmuş
sərginin açılışında bildirmişdir.
Vəcihə Səmədova adına sərgi salonunda
Azərbaycan Rəssamlar İttifaqının, Rusiyanın
Azərbaycandakı səfirliyinin, Rusiya Beynəlxalq Elmi və
Mədəni Əməkdaşlıq Mərkəzinin
ölkəmizdəki nümayəndəliyinin dəstəyi
və “RİA Novosti” agentliyinin Bakı filialının
təşkilatçılığı ilə
keçirilən sərginin açılışı
mərasimində Azərbaycan Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov, Rusiya Beynəlxalq Elmi və
Mədəni Əməkdaşlıq Mərkəzinin
ölkəmizdəki nümayəndəsi İqor Jukov,
“RİA Novosti” agentliyinin Bakı filialının
rəhbəri Valeri Yenin iştirak etmişlər.
Çıxış edənlər bildirmişlər ki, MDB
suveren dövlətlərin birliyidir. 15 il ərzində
xalqlarımız bütün sahələrdə
əməkdaşlığı genişləndirməyə
səy göstərmişlər. Sərgidə “RİA Novosti”
agentliyi fotomüxbirlərinin müxtəlif siyasi
görüşlərdə, əlamətdar
hadisələrlə bağlı keçirilən
tədbirlərdə çəkdikləri
fotoşəkillər nümayiş etdirilir. Ekspozisiya Sergey
Quneyevin “Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya
Prezidenti Vladimir Putinlə görüşü. 2006-cı il,
Bakı” fotoşəkli ilə başlanır. Dmitri
Koroveynikovun “Böyük Vətən müharibəsi
veteranlarının görüşü. 2005-ci il, Bakı”,
“Rusiyada Azərbaycan İlinin açılışı
mərasimində Dövlət rəqs ansamblının
çıxışı. 2003-cü il, Moskva”, Vladimir Vatkinin
“Xəzərin yeni neft yataqları” fotoşəkilləri maraq
doğurmuşdur. Sərgidə Rusiya Prezidenti Vladimir Putinin MDB
ölkələrinin və dünyanın aparıcı dövlətlərinin
başçıları, tanınmış
siyasətçilərlə görüşlərini,
zirvə toplantılarında iştirakını əks
etdirən fotoşəkillər xüsusi yer tutur.
Sərgi dekabrın 30-dək davam edəcəkdir.
Xalq qəzeti.-2006.-26 dekabr.-S.3.