Xəlilzadə
Flora
Müğənni
ömründən nişanə qalan ancaq səs olur.
Dünyasını dəyişən məşhur
ifaçılar haqqında həmişə deyirlər ki,
gedən nəfəs, qalan səsdir. Vaxtilə
konsertlərində iştirak etdiyimiz, səsini dinlədiyimiz
muğam ustadları, xalq mahnılarının bənzərsiz
ifaçıları var ki, indi onların lent yazılarına
qulaq asanda qəribə bir xiffət keçirirsən.
Ağır batman bir dəstənin sırası bu gün
çox solğun görünür. Rübabə Muradova, Qulu
Əsgərov, Sara Qədimova, Mütəllim Mütəllimov,
Yaqub Məmmədov, Əbülfət Əliyev, Hacıbaba
Hüseynov, Səxavət Məmmədov və bu yaxınlarda
dünyasını dəyişən Baba Mahmudoğlu...
Hər bir müğənninin, xanəndənin öz tale yolu,
öz nəğməsi olur. Sənət zirvəsinin ən
möhtəşəm yerində vüqarla dayanan, şirin
avazı, qeyri-adi zəngulələri ilə seçilən
bir xanəndəmiz var idi. Muğamları elə yumşaq
ahənglə oxuyardı ki, adamın ürəyinin ən
dərin qatlarına sirayət edərdi. Bu, ifası,
səhnə mədəniyyəti, bütövlükdə
şəxsiyyəti bir kimsəyə bənzəməyən
xalq artisti Əbülfət Əliyev idi.
O, 1926-cı ilin dekabr ayında Şuşada anadan olmuşdu.
Onun həyata gəlişi ailəyə böyük
xoşbəxtlik bəxş etmişdi. Xüsusilə də
atası Əsəd kişinin sevincinin həddi olmayıb.
Deyirlər ki, o, evindəki "Qurani-Kərim"in sonuncu
səhifəsindəki boş yerə öz xətti ilə
belə yazıb: "...İlk oğlum dünyaya
gəldi".
Şuşa elə bir ədəbi mühit idi ki,
xüsusilə yayda burada qeyri-adi bir canlanma olardı.
Müxtəlif yerlərə səpələnmiş
şuşalı musiqiçilər, xanəndələr
məhz yayda buraya gələr, Cıdır düzündə,
Bazarbaşı deyilən yerdə musiqili məclislər
təşkil edər, çalıb-oxuyardılar.
Əbülfətin uşaqlığı da məhz belə
məclislərdə keçərdi. Seyid Şuşinskini, Xan
Şuşinskini, Musa Şuşinskini ilk dəfə
Şuşada görən, onların bənzərsiz
ifalarına qulaq asan balaca Əbülfətin öz qəlbi
də cuşə gələr, pünhani
çağlarında zümzümə edərmiş.
Atasını çox körpə ikən itirən
Əbülfət Şuşada uzun müddət yaşaya
bilməyib. Bir gün anası ev əşyalarını
toplayaraq Qaryaginə (indiki Füzuli rayonu) babasıgilə
köçmək məcburiyyətində qalıb. Onlar burada
dörd il yaşayıblar. Əbülfət
məktəbə gedib. Sonra isə Ağdama
köçüblər. Əbülfət təhsilini 1
nömrəli şəhər məktəbində davam etdirib.
Məktəbdə oxuduğu illərdə musiqi
dərnəyinə yazılıb. Bir gün xor dərsində
müəlliməsi hiss edib ki, şirin bir avazla oxuyan var. Bunu
uşaqlar da duyublar. Qəfildən xor oxuyanlar səslərini
kəsib, yalnız Əbülfət Əliyev axıradək
davam edib. O gündən həm məktəbin, həm də
bütövlükdə Ağdam şəhərinin
sevimlisinə çevrilən Əbülfət Əliyevi
tezliklə müxtəlif tədbirlərə dəvət
ediblər.
1938-1939-cu illərdə Ağdam Müəllimlər evində
Xan Şuşinskinin rəhbərliyi ilə muğam sinfi
açılmışdı. İlk dəfə
Əbülfət Əliyevi burada dinləyən Xan
Şuşinski elə həmin gün də demişdi:
"...Səndən xanəndə olar".
Muğamları, xalq mahnılarını yavaş-yavaş
öz üslubunda şirin səslə ifa edən
Əbülfət Əliyev istedadını
göstərmək üçün meydan istəyirdi.
Ürəyindən keçirdi ki, onun səsinə daha
geniş dairədə qulaq assınlar. Bu niyyətlə
kamançaçalan dostu Elman Bədəlovla yerli radio
qovşağına gediblər. Radioda ilk oxuduğu mahnı
"Şuşanın dağları" olub. Yeni səsin
sehrinə düşən ağdamlılar bu
kəlmələri deməkdən xüsusi zövq alıblar:
"Sağ ol, Əbili, lap Xan kimi oxuyursan".
O zamanlar xanəndələrin ən çox
çalıb-oxuduğu yer toylar olardı. Qarabağ
toyları da bütün bölgələrdən
fərqlənərdi. Toy mağarları qurular, hər yer
al-əlvan, göz oxşayan xalçalarla
bəzədilərdi. Belə toylarda oxumaq hər kəsə
nəsib olmazdı. Çünki Qarabağ əhli
muğamı çox dərindən bilirdi, onun
incəliklərinə bələd idi. Bir toyda Xan iştirak
edirdisə, deməli, orada başqası oxumağa
çəkinərdi. Amma qəribəsi budur ki, bütün
azman sənətkarlar, xanəndələr özləri
ilə bərabər yeniyetmə Əbülfəti də
meydana çağırar, onun məlahətli səsinə
qulaq asmaqdan heyranlıq duyardılar. Qarabağ toyları
əsl konsertə, yarış meydanına çevrilərdi.
Üzeyir Hacıbəyov 1944-cü ildə bəstəkar
Süleyman Ələsgərovu Ağdama göndərib.
Məqsəd orta məktəb şagirdlərinə
dövlət himninin öyrədilməsi idi. Bu
münasibətlə Ağdam Pionerlər evində bir
müddət ciddi məşqlər getdi. Süleyman
Ələsgərov Əbülfəti ilk dəfə
buradakı özfəaliyyət dərnəyində
görüb. Səsinə qulaq asdıqdan sonra isə ona bu
sözləri deyib: "Səsini qoru, özün də
Bakıya gəl". Sonralar Süleyman Ələsgərov
Əbülfət Əliyevin sənəti barədə
ürək sözlərini qürurla dilə gətirib:
"Əbülfət Əliyev o qədər təsirli, o
qədər hərarətli oxuyur ki, ifa etdiyi muğamı
və ya mahnını bütün incəliklərinə
qədər dinləyicilərinə çatdıra bilir. O,
muğamları səlis və orijinal üslubda oxuyur".
1944-cü ildə Bakıya gələn Əbülfət
Əliyev olimpiadada iştirak edib. O bu mərasimdə
"Rast" və "Segah Zabul" muğamlarını
oxuyub. Bülbülün, Əfrasiyab Bədəlbəylinin,
Xan Şuşinskinin, Səid Rüstəmovun münsiflik etdiyi
olimpiada haqqında o dövrün mətbuatında maraqlı
yazılar çap edilmişdi. Bütün
məqalələrin baş qəhrəmanı
Əbülfət Əliyev idi. Əbülfətin
Azərbaycan radiosunda ilk konserti həmin olimpiadanın
uğurlu nəticəsindən sonra olub. Bundan sonra gənc
ifaçının səsi bütün Azərbaycana
yayıldı. Səid Rüstəmovun qayğısı
ilə Əbülfət Əliyev "Rast" dəstgahı
və "Yar bizə qonaq gələcək" xalq
mahnısını ifa edib.
Taleyini əbədi olaraq Bakıya bağlayan
Əbülfət Əliyev Azərbaycan Dövlət
Filarmoniyasının solisti olanda 19 yaşı var idi. O zaman
filarmoniyanın möhtəşəm səhnəsində
Seyid Şuşinski, Xan Şuşinski, Zülfü
Adıgözəlov, Fatma Mehrəliyeva, Sara Qədimova,
Tükəzban İsmayılova kimi məlahətli səsə
malik insanlar çalışırdılar. Bununla
bərabər, o dövrün məşhur
müğənniləri olan Bülbül, Həqiqət
Rzayeva, Yavər Kələntərli, Əlövsət
Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Rübabə
Muradova, Gülxar Həsənova kimi müğənnilər
də filarmoniyada tez-tez konsertlər verirdilər. Belə
görkəmli sənətkarlarla bərabər meydanda öz
sözünü demək gənc Əbülfət Əliyev
üçün çətin olmadı. Çünki
Tanrı ona son dərəcə melodik, qəlbə yatımlı
səs bağışlamışdı. Həm də
Əbülfət Əliyev Bakıya əsl səslərin
doğulduğu bir məkandan - Qarabağdan gəlmişdi.
Ürəyi dolu idi. O, böyük məharətlə "Uca
dağlar", "Kimə yalvarım",
"Stəkanın deşilsin", "Ay
bülbüllər", "Uca barıdan aşaram
mən..." kimi şux mahnıları
özünəməxsus tərzdə oxuyardı.
Tədqiqatçılar yazırlar ki, "Yaxan
düymələ" xalq mahnısını
Əbülfət kimi mükəmməl, təsiredici və
bitkin oxuyan ikinci bir xanəndə yoxdur. O, bu mahnının
mətnini başdan-ayağa oxuyardı:
Sallanıban gələn dilbər,
Yaxan düymələ, düymələ.
Məni dərdə salan dilbər,
Yaxan düymələ, düymələ.
Oxuduğu nəğmələri aydın, lirik ovqatla ifa
edən Əbülfət Əliyev hər bir mahnısına
özünün ürək yanğılarından xüsusi
möhür vurardı. Səsinin ahəngində həm
şirinlik, həm də qəribə bir yanğı
vardı. Maraqlıdır, o, mahnıları ilə tablo
yaradırdı, göz önündə qəribə
mənzərələr açılırdı.
Elə mahnı, təsnif, bəstəkar
nəğmələri var ki, onları ancaq Əbülfət
Əliyevin ifasında eşitmişik: "Pəri",
"Ey bimürvət", "Saçları burma",
"Gəl-gəl", "Xal yanağında", "Qara
gözlüm", "Tel nazik" və başqaları.
Əbülfət Əliyevin avazındakı rəvanlıq,
liriklik, xüsusi zəngulələr başqa
müğənnilərin boğazında hiss edilmirdi. Buna
görə də xalq artisti Əbülfət Əliyev
Azərbaycan mahnı və təsniflərinin bacarıqlı
ifaçısı olmaqla bərabər, həm də onların
inkişaf etməsində xüsusi rol oynamışdır.
Müğənninin repertuarında 400-dən artıq xalq
və bəstəkar mahnısı vardı. Elə mahnılar
da var ki, Əbülfət Əliyev onu bir neçə
variantda lentə, vala yazdırıb.
Çox məsuliyyətli bir ifaçı idi
Əbülfət Əliyev. Mahnı seçimində
xüsusi zövqü vardı. O, yalnız səsinə
uyğun gələn, onun bəminə, zilinə yatan
nəğmələri ifa edərdi. Fikrət Əmirov,
Səid Rüstəmov, Qənbər Hüseynli, Süleyman
Ələsgərov, Cahangir Cahangirov, Şəfiqə Axundova,
Adil Gəray, Oqtay Kazımov kimi bəstəkarların
mahnılarını oxumağı daha çox sevərdi.
Azərbaycan Dövlət Opera və Balet Teatrının
səhnəsində də Əbülfət Əliyevin can
verdiyi bir sıra obrazlar var ki, onların haqqında bu gün
də xoş sözlər söyləyirlər. O,
dəfələrlə operada Məcnun ("Leyli və
Məcnun"), Kərəm ("Əsli və
Kərəm"), Şah İsmayıl ("Şah
İsmayıl") olmuşdur. Onun yaratdığı
Məcnun obrazı başqalarından seçilirdi. Xalq artisti
Sara Qədimova deyərdi: "Əbili operada iştirak
edəndə mütləq tamaşaçıların
arasında olardım. Məni ilk dəfə Məcnunun
böyük eşqinə inandıran məhz
Əbülfət Əliyev olub. Çığırmaq,
səsini zilə qaldırmaq ona yad idi. Əbülfət
olduqca mülayim Məcnun idi. O, əslində, sevən
aşiqin obrazını çox təbii yaradırdı".
Əbülfət Əliyevin pərəstişkarları
dünyanın bir çox ölkəsində var idi. Onun
məlahətli səsi tez-tez İrandan, Suriyadan, Livandan,
Misirdən, Hindistandan, Almaniyadan və başqa
ölkələrdən gələrdi. 1971-ci ildə Moskvada
150-dən artıq ölkədən gəlmiş sənətkarların
iştirak etdiyi Ümumdünya musiqi konqresində
Əbülfət Əliyev Azərbaycan musiqi ifaçılığını
ləyaqətlə təmsil etmişdi. O, yüksək
ifaçılıq və bacarığına görə
YUNESKO-nun döş nişanına və diplomuna layiq görülmüşdü.
O zaman azərbaycanlı xanəndənin məlahətli
səsi Ümumittifaq radiosu ilə bütün dünyaya
yayılmışdı.
İlin son ayında doğulmuşdu, elə dekabrda da
(1994-cü il) dünyasını dəyişdi
Əbülfət Əliyev. Jurnalist Mustafa Çəmənli
xalq artisti ilə bağlı yazdığı
"Nəğməli xatirələr" adlı kitabında
bildirir ki, görkəmli xanəndənin son ifası "Segah
Zabul" olub. O, həmişə məhəbbətlə ifa
etdiyi doğma segahını nədənsə o gün
televiziyada səslənən "Muğam axşamı"nda
daha yanıqlı, daha təsirli oxuyub. Lap Qu
nəğməsinə dönüb. Varlığı
qədər sevdiyi "Segah Zabul"la cismani
ömründə nöqtə qoysa da, solmaz səsi
əbədilikdir. Hər dəfə lent yazılarına qulaq
asanda sanki ruhumuz dincəlir. Çünki Əbülfət
Əliyevin səsi sadəcə qulaqlıq deyildi. O,
bütün varlığı ilə mahnı
üzərində əriyirdi. Bu səbəbdən də
böyük sənətkardan yadigar qalan mahnıları
həmişə onu yaşadacaq!
Azərbaycan.- 2006.- 27 dekabr.- S. 6.