Salmanov Rafiq
Səhnədən uzaqlaşmaq olar,
könüldən isə yox
Azərbaycan
opera sənətinin təbliğində danılmaz
xidmətləri olan sənətçilərdən biri də
istedadlı aktyor-müğənni Rafiq İdris oğlu
Əliyev olub. 30 illik yaradıcılıq yolu keçmiş
Rafiq Əliyev ömrünün 23 ilini opera sənətinə
bağlayıb.
1953-cü ildə Ucar rayonunun Qulabənd kəndində
dünyaya göz açan Rafiq Əliyev erkən
yaşlarından incəsənətə meyl salır.
Ürəyəyatımlı, məlahətli səsiylə
hamının diqqətini cəlb edən Rafiq tezliklə rayon
mədəniyyət evi nəzdində fəaliyyət
göstərən xalq çalğı alətləri
ansamblına dəvət alır və ansamblın ən
fəal üzvü olur.
1976-cı ildə Göyçay rayonunda keçirilən
bədii özfəaliyyətə
baxış-müsabiqəsinin qalibi olur. Gənc
xanəndənin “Qatar” muğamı üstə oxuduğu
R.Mustafayevin “Elə bağlıyam” mahnısı
münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilir. SSRİ xalq artisti İsmayıl
Dağıstanlı gənc xanəndəyə
müsabiqənin fəxri fərmanını və diplomunu
təqdim edir.
Böyük sevinc və fəxarət hissi keçirən
gənc xanəndənin həyatında önəmli rol oynayan
bu müsabiqə onu həmişəlik sənətə
bağlayır. Rayonun bütün mədəni
tədbirlərində, kənd əməkçiləri
qarşısında mütəmadi çıxışlar
edir. Bir xanəndə kimi gündən-günə
püxtələşən, tanınan Rafiq Əliyev qonşu
rayonlarda keçirilən el şənliklərinə də
dəvət olunur.
Məlahətli, könül oxşayan səsi olsa da, muğam
ifaçılığında hələ kifayət
qədər səriştəsi olmadığını, ustad
xanəndələrdən dərs almaq ehtiyacını
dərk edən Rafiq Əliyev 1976-cı ildə sənədlərini
Asəf Zeynallı adına Orta İxtisas Musiqi
Məktəbinə verir. Ustad xanəndələr
əməkdar artist Sahib Şükürovdan, əməkdar
müəllim Nəriman Əliyevdən muğam
sənətinin incəliklərini həvəslə
öyrənir. Tələbə ikən filarmoniyada
keçirilən gənc ifaçıların konsertlərində
tez-tez çıxışlar edir. Özünəməxsus
ifaçılıq məziyyətləri, yaraşıqlı
boy-buxunu, səhnə mədəniyyətilə
seçilən Rafiq Əliyev çox çəkmir ki,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına
dəvət olunur.
Xalq artistləri Gülxar Həsənova, məşhur
tarzən Bəhram Mansurov gənc xanəndəyə opera
muğam ifaçılığında, rejissorlar isə bir
aktyor kimi formalaşmasında əllərindən gələn
köməkliyi əsirgəmirlər. Gündəlik
məşqlər, gərgin əmək gənc
aktyor-xanəndəni yormur. İllərdən bəri
üzlərini yalnız ekranda gördüyü sevimli
sənətkarlar — Zeynəb Xanlarova, Arif Babayev, Qulu
Əsgərov, Rübabə Muradova, Canəli Əkbərov,
Baba Mahmudoğlu və digər tanınmış
müğənnilərlə bir yerdə işləmək
onun çoxdankı arzusu idi. İndi isə bu xəyal
həqiqətə çevrilmişdi. Odur ki,
gecə-gündüz yorulmadan çalışır,
ustadların hər bir tövsiyəsini canla-başla yerinə
yetirməyə çalışırdı. 1980-ci ildə ilk
dəfə olaraq “Şah İsmayıl” operasında Arif Babayev
(Şah İsmayıl) və Rübabə Muradova
(Ərəbzəngi) ilə birlikdə Rafiq Əliyev də
zəvvar rolunda çıxış edir. Gənc
xanəndə-aktyorun yaratdığı bu obraz
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanır.
İdən-ilə sənətdə özünü təsdiq
edən Rafiq Əliyevin istedadını müşahidə
edən rejissorlar rol bölgüsündə ona da
səsinə, bacarığına uyğun rollar verir.
Rolların böyük-kiçikliyinin fərqinə varmayan
Rafiq hər bir obrazın öhdəsindən layiqincə
gəlməyə çalışır.
Yaratdığı hər bir obrazın arxasında gərgin
əmək, muğam ifaçılığı, aktyorluq
qabiliyyəti durur. Bir vaxtlar sevimli müəllimi Gülxar
Həsənovanın — “Operada təkcə səs deyil, aktyorluq
məharətin də nümayiş etdirməyi bacarmalısan”
— deyə tövsiyə etdiyi sözlər bir an belə
gənc xanəndə-aktyorun yadından çıxmır.
Rafiq Əliyevin vaxtilə yaratdığı zəngin obrazlar
qalereyasında bu gün də səhnədən
düşməyən bir çox əsərlər mühüm
yer tutur. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”unda
Zeyd, İbn Salam, Ş.Axundovanın “Gəlin qayası”nda
Əmi oğlu, R.Mustafayevin “Vaqif”ində xanəndə,
Z.Hacıbəyovun “Aşıq Qərib”ində aşıq
Səlim, Ü.Hacıbəyovun “Əsli Kərəm”ində
Osmanlı və digər rolları misal çəkmək
olar. 1989-cu ildə rejissor Əflatun Nemətzadə M.Maqomayevin
“Şah İsmayıl” operasını yeni quruluşda
hazırlayır və baş rola məhz Rafiq Əliyevi
dəvət edir. Bir il sonra isə rejissor Kamal
İsgəndərov Rafiq Əliyevə Məcnunu
oynamağı tövsiyə edir və o, 30-dan artıq
tamaşada baş rolda səhnəyə çıxır.
Respublikanın xalq artisti Roza Cəlilovanın rəsq
ansamblı ilə dəfələrlə Türkiyədə,
Amerikada qastrol səfərində olmuş R.Əliyev
Azərbaycan incəsənətini, ulu muğam
sənətimizi layiqincə təmsil etmişdir.
Dövlət radiosunun qızıl fondunda Rafiq Əliyevin
ifasında müxtəlif illərdə lentə
alınmış, “Çahargah”, “Şur”, “Segah”
muğamları, “Rast”, “Dilkəş” təsnifləri,
“Qarabağ şikəstəsi”, çoxsaylı
bəstəkar və xalq mahnıları qorunub saxlanır.
Televiziyanın fondunda saxlanılan “Leyli və Məcnun”
tamaşasında Rafiq Əliyev İbn Salam rolunda
çıxış edir.
Yaşının bu vədəsində
yaradıcılığının ən məhsuldar
dövrünü yaşayan Rafiq Əliyev təəssüf
ki, üç ilə yaxındır öz sevimli
kollektivindən, operadan ayrı düşüb.
Səbəbini açıqlamasa da, ömrünün 23 ildən
çoxunu opera sənətimizin təbliğilə
bağlayan sənətkarın birdən-birə
gözdən-könüldən uzaq düşməsindən
incidiyini hiss etmək o qədər də çətin deyildi.
Kimdən incimişdi sənətkar? Deyə bilmərəm.
Lakin bir həqiqət var ki, incəsənətə, onun
nümayəndələrinə, gənc istedadlara heç vaxt
indi möhtərəm Prezidentimiz İlham Əliyev və onun
xanımı, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım
Əliyevanın göstərdiyi qədər diqqət və
qayğı göstərilməyib. Təməli ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu
diqqət və xeyirxahlıq missiyasından, yəqin ki, nə
vaxtsa ona da bir pay düşəcəyi gündən Rafiq
Əliyev ümidini üzmür.
Xalq qəzeti.-2006.- 5dekabr.-S.8.