Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Prezident sarayında Xalq artisti, Milli Məclisin deputati Zeynəb Xanlarovanı qəbul etmiş, ona ölkəmizin yüksək dövlət mükafatı olan "İstiqlal" ordeni təqdim etmişdir.

Prezident İlham Əliyev görkəmli müğənniyə müraciətlə dedi:

- İstəyirəm, sizi bu əziz gün, ad gününüz münasibətilə təbrik edim və bu yüksək mükafatı sizə təqdim edim. Mən sizi "istiqlal" ordeni ilə təltif etdim və bu gün, sizin üçün bu əziz gündə istəyirəm, onu şəxsən təqdim edim, sizi təbrik edim, sizə cansağlığı, uğurlar arzulayım. Siz uzun illərdir ki, Azərbaycan xalqını öz sənətinizlə sevindirirsiniz. Azərbaycan xalqı sizi çox sevir. Bir müğənni kimi, gözəl ifaçı kimi, insan kimi, şəxsiyyət kimi biz hamımız sizi çox sevirik. Mən istədim, sizin üçün bu əziz gündə sizinlə görüşüm, bu yüksək mükafatı sizə təqdim edim və sizə gələcək uğurlar arzulayım.

Eyni zamanda, ictimai həyatda da çox fəalsınız. Mən bunu bilirəm, görurəm. Uzun illərdir, siz Milli Məclisin üzvü kimi Azərbaycanın müxtəlif problemlərinin həlli üçün, insanların problemlərinin həlli üçün həmişə çox ürək ağrısı ilə, çox fəal işləmisiniz. Bu da çox təqdirəlayiqdir. Ona görə mən istəyirəm, bu yüksək mükafatı -"İstiqlal" ordenini sizə təqdim edim.

Prezident İlham Əliyev "İstiqlal" ordenini Zeynəb Xanlarovaya təqdim etdi.

Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi:

- Cənab Prezident, deməyə söz tapmıram. Müxtəlif dövlət mükafatları almışam, çox ordenlərim var. Unudulmaz Heydər Əliyevə Allah qəni-qəni rəhmət etsin, aldığım bütün adlara, mükafatlara görə ona minnətdaram. Axırıncı dəfə "Şöhrət" ordenini ondan almışam. indi bu ordeni Sizdən alıram. Sənətkar üçün ən böyük mükafat Prezidentin, xalqın ona qiymət verməsidir. İnanın, həmişə, səhnəyə çıxandan Heydər müəllimin gözlərini görmüşəm, xalqımı görmüşəm. Həmişə ilhamı xalqımdan, böyük Prezidentimdən almışam. İndi mən çox şadam ki, Siz onun gözəl işlərini davam etdirirsiniz. Mənim bir sözüm var bunu həmişə deyirəm: Kişinin kisi oğlu. Mən heç vaxt üzə tərifləməyi xoşlamıram, amma ürəyimdən gələni deməyə bilmirəm. Mən çox prezident görmüşəm. Amma o prezidentlər bəlkə rayonları tanımırdılar. Siz ki, qısa bir müddətdə belə böyük işlər görürsünüz, inanın, uşaqdan böyüyə qədər hamı deyir ki, halal olsun, o, atasının oğludur. Bu sözü hamıdan eşidirik. Atasının oğlu olmaq çox böyük məsuliyyətdir. Mən Sizə dərin təşəkürümü bildirirəm. Yaradıcılıq planlarından danışan Zeynəb Xanlarova mədəniyyət incəsənət xadimlərinə göstərdiyi xüsusi qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, bu cür qayğını sənətkara verilən ən böyük qiymət kimi dəyərləndirdi.

 

Azərbaycan.- 2006.- 29 dekabr.- S. 1.