Xəlilzadə F.
Xalq artisti
Zeynəb Xanlarova 50 ilə yaxındır ki, Azərbaycan
səhnəsinin ən parlaq ulduzudur. Ovsunlu
nəğmələri ilə ürəklərdə
özünə əbədi məhəbbət heykəli
qurmuş Zeynəb Xanlarova sənət taxtının
zirvəsində öz halal yerini tutaraq musiqi
mədəniyyəti tariximizdə görkəmli
xidmətləri ilə seçildi. O, təkcə
Azərbaycanda deyil, dünyada sevilən, məlahətli
səsi ilə məmləkətlər dolaşan ustad
ifaçılarımızdan biridir.
Zeynəb Xanlarovanın həmişəbahar sənəti
və yaradıcılığı barəsində bir
neçə kitab yazılıb, məqalələr
qələmə alınıb və hələ
neçəsi də üzə çıxmağa məqam
gözləyir. Təsadüf elə gətirib ki, bir
neçə dəfə xarici ölkələrə birgə
səfərdə olmuşuq. Xüsusilə Türkiyədə
Zeynəb Xanlarovaya olan sonsuz məhəbbətin
şahidiyəm. İndi bu ölkəyə
gedib-gəlməyə nə var ki?! Vaxt var idi ki, qapalı
sərhədləri keçmək hər adama qismət
olmurdu. Onda nəinki Türkiyədə, bütün
dünyada yaşayan azərbaycanlılar üçün
Zeynəb Xanlarova Azərbaycanın bağrından qopan
yeganə səs idi və onun işığına
minlərlə insan yığışardı. Bu, bir
həqiqətdir ki, Zeynəb Xanlarova ətrafımızı bürümüş
min avazın içindən seçilən səsi və
səsinin ürəyə yatan məlahəti, həzinliyi
ilə yüzlərlə pərəstişkarını heyrətə
gətirməkdədir. Uşaqdan-böyüyə,
hamının dərin məhəbbətlə sevdiyi
gözəl nəfəsli müğənnimiz neçə
ildir səhnədədir? Bu sualın cavabını
özü daha yaxşı bilir, söhbət illərdə
deyil. Bunu çoxu indi də yaxşı xatırlayır ki,
ötən əsrin 60-70-ci illərində keçmiş
İttifaqda çox məşhur olan müğənnimizin
Bakıda keçirilən konsertlərinə düşmək
çox çətin idi. Bu, hər kəsə nəsib
olmurdu.
Bu səsin ətrafında çox səslər vurnuxub
(əlbəttə, ilahi səs sahiblərinin bu sıraya
dəxli yoxdur). Müvəqqəti populyarlaşanı da olub,
bulaq kimi quruyanı da. Amma sənət meydanında
həmişəki şuxluğunu, həvəsini qoruyub
saxlayan Zeynəb xanımın sənət taxtındakı
şahlığı əbədilik qismətinə
yazılıb. Nə zamanın gərdişləri, nə
həyatın vərdişləri onun istər
təbiətinə, istərsə də müğənnilik
məharətinə toxuna bilib. Həmişəki yerində -
Zeynəbliyində qala bildiyi üçün ona olan
tamaşaçı sevgisi illər boyu səngiməyib.
Birnəfəsə, dalbadal 30-35 mahnını ifa etməyi
bacaran müğənnimiz maraqlıdır ki, çox oxuduqca
səsi daha da durulaşır, saflaşır, bulaq kimi
qaynayır. Konsertində ilk nəğməsi ilə sonuncu
nəğməsi arasında qəribə fərq duyulur.
Zeynəb xanımın səsi
nəğmədən-nəğməyə
təravətlənir. Elə bil səsin yeni
möcüzələri açılır.
Mədəniyyət və turizm nazirinin müavini
Ədalət Vəliyevin sözləridir: "1996-cı
ildə mən Pekinin möhtəşəm konsert salonunda
Zeynəb xanımın sənət uğurlarını
heç unuda bilmirəm. Səsin qüdrətini ilk
dəfə onda duydum. Zeynəb Xanlarova öz nəğmələri
ilə Çini fəth etdi. Azərbaycanı təbliğ
edib tanıtmaq, sevdirmək üçün
çalışan diplomatların, siyasətçilərin
işini Zeynəb xanım mahnıları ilə iki
həftədə bacardı".
Söz, əslində insanın qəlbinin ətridir, səs
də onun rəngi. Xoş o müğənninin halına ki,
bütün ifaları bu təmasdan yoğrulur. Onda səsin
qəribə çalarları alınır. Zeynəb
xanıma qulaq asdıqca məhz nəğmələrin
rəngini görürsən. Xüsusilə də son illər
ara-sıra Zeynəb xanımın mahnılarını
eşidəndə qəribə bir nostalgiya keçirirsən.
Çünki bu yanğının və şirin səsin
dinləyici ürəyində yaratdığı zərif
duyğuların adı bəlli olmur. Bizi bizdən alıb
yenidən özümüzə qaytaran nəğmələrin
selində hiss edirsən ki, sən məhz bu səs - Zeynəb
Xanlarovanın ifası üçün darıxmısan.
Həmişə yeni ilin ilk anlarında AzTV-nin hazırladığı
musiqi proqramlarında Zeynəb xanım bizlərin
qonağı olur. Gör neçə ildir ki, bu nəfəs
xalqımızı səmimiyyətlə salamlayır, ona
gözəl nəğmələr bəxş edir. Zeynəb
xanım sevənlərin, sevilənlərin, bir sözlə,
duyğulu insanların, sənət qədri bilənlərin müğənnisidir.
Müğənni var ki, oxuduğu mahnıya axıradək
qulaq asmağa adamın səbri çatmır. Zeynəb
Xanlarovanın hər zaman bizimlə yol gedən
nəğmələri var ki, vaxt-bivaxt
zümzüməmizdədir. İllərin bir başında
biz yaşlaşırıq. O nəğmə isə
həmişə təzətər qalır. Söz
mənalıdır, yoxsa səs məlahətlidir? Deyək ki,
o sözü başqası da oxuyar, o səsi bəlkə
də ayrısı da təqlid edə bilər, amma Zeynəb
Xanlarovanın mahnısı olmaz. Səsi də, sözü
də hələ üstəlik, musiqisi də
özünün daxilindən gələn qəribə bir
rejissorluqla nizamlanır, naxışlanır. Bununla da
müğənni hər bir mahnıya məharətlə
öz "möhürünü" vurur. Oxuyan var ki,
səsinə qulaq asmağa meyilin olsa da, üzünü
belə görmək istəmirsən.
Görünüşündən, qiyafəsindən və ya
bəlkə də səhnə mədəniyyətindən
xoşun gəlmir. Zeynəb xanımı isə əksinə,
mütləq görmək, ona tamaşa etmək
istəyirsən. Çünki bu görüşün bir
özgə aləmi var. Onun hər bir hərəkəti,
baxışı, gülüşü sənə zövq
verir, xoş ovqat bağışlayır. Bax, Zeynəb
Xanlarovanın mahnıları belə bir harmoniyanın
vəhdətindən yaranır.
Bu fikri bütün mütəxəssislər
təsdiqləyirlər ki, ötən əsrdə
Azərbaycan səhnəsinə canlılıq, şuxluq
Zeynəb Xanlarova tərəfindən gətirilib. Ekranda,
səhnədə olan quruluq, yorucu texniki cizgilər bu
xanımın coşğun ifası, uyarlı
hərəkətlərinin təsirindən əriyib itdi.
Zeynəb Xanlarova səsinin məlahəti və ritmik
oyunları, məharətli ifası və səhnə
mədəniyyəti ilə konsert salonlarını yorucu məqamlardan
xilas etdi. Xalq rəssamı, görkəmli fırça
ustası Tahir Salahov yazırdı: "Zeynəb musiqimizdə
hadisədir, mərhələdir və onun varlığı
ilə fəxr etməyə dəyər". Muğam
ustadı, görkəmli xanəndə Seyid
Şuşinskiyə məxsus fikirdir: "Mən onun
üzərində doğma balam kimi əsmişəm.
Zeynəb mənim fərasətli, istedadlı, ciddi
tələbəmdir. Yüz səsin içindən onun
oxumasını dərhal ayırd edərəm". Xalq
şairi Süleyman Rüstəm isə Zeynəb
Xanlarovanın məlahətli səsindən vəcdə
gələrək belə yazmışdır:
Sən özün bir şərqisən, ey elimin
nəğməkarı;
Zildə səsin dağ çayıdır, bəmdə
hicran harayları...
"Şəbi-hicran" ürəyinin təşnəsimi,
Zeynəb xanım?!
Bəsindirmi bu torpağın bu sevgisi,
Zeynəb xanım?!
Qoy ucalsın pərdə-pərdə o şux
səsin, Zeynəb xanım,
Məhəbbətdən heykəlin var,
ürəklərdə, Zeynəb xanım!..
Ömrün dünəni
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı
ildə Bakıda, özünün dediyi kimi, Dağlı
məhəlləsində dünyaya göz
açmışdır. Ailədə iki bacı, üç
qardaş olublar. Uşaqlıqda ən böyük arzusu
müəllim olmaq imiş. Elə bu niyyətlə də Bakıdakı
pedaqoji məktəblərin birində təhsil alıb.
Kiçik yaşlarından musiqiyə, oxumağa böyük
həvəsi olub. Xüsusilə də ədəbiyyat
dərslərində o, şeirləri mahnı kimi
oxuyarmış. Məktəbdə keçirilən bayram
şənliklərində iştirak edən Zeynəb
özfəaliyyət dərnəyinin üzvü idi. Bir
dəfə özfəaliyyət kollektivlərinə
keçirilən baxışda Zeynəb Xanlarova da iştirak
edib. Onun oxuduğu "Azərbaycan maralı"
mahnısı münsiflər heyətinin xoşuna gəlib. O
zaman münsiflər heyətinin üzvləri Əfrasiyab
Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli
olub. Zeynəb xanım söyləyir ki, Əfrasiyab
Bədəlbəyli məni yanına çağıraraq
sorğu-suala tutdu. Biləndə ki, Pedaqoji məktəbdə
oxuyuram, təəccübləndi. Söylədi ki, sənin
yerin musiqi məktəbidir. Zeynəb Xanlarova pedaqoji
təhsilini başa vurandan sonra Asəf Zeynallı adına
Musiqi Məktəbinə daxil olaraq dövrünün
böyük xanəndəsi Seyid Şuşinskinin sinfində
dərs alıb. Ömrü boyu müəlliminin
məsləhətini, tövsiyəsini unutmayan Zeynəb
Xanlarova söyləyir ki, Seyid Şuşinski deyərdi:
"Müğənni birinci növbədə yaddaşının
qayğısına qalmalıdır. Yaddaşsız
müğənni oxumaqdan əl götürməlidir".
Doğrudan da, bütün bu illər ərzində birnəfəsə
20-30 mahnını oxumağı bacaran Zeynəb Xanlarovanın
əlində heç kəs "şparqalka"
görmədi. Seyid Şuşinskinin
təşəbbüsü ilə Zeynəb Xanlarova qadınlar
arasında ilk dəfə "Çahargah"
muğamını öyrənərək oxudu. 1960-cı
ildə efirdə səslənən bu səs hamını
heyrətə gətirdi. Zeynəb Xanlarova müəllim olmaq
arzusunda idi, amma səsi onu başqa səmtə apardı.
1960-cı ildə musiqi məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının bədii rəhbəri, xalq artisti,
görkəmli rejissor Şəmsi Bədəlbəylinin dəvəti
ilə Zeynəb Xanlarova bu mədəniyyət ocağında
işə başladı. Adətən, Opera və Balet
Teatrında təcrübəsiz artistə əsas partiyalar
deyil, kütləvi səhnələrdə iştirakı
məsləhət görülərdi. Amma Zeynəb xanıma
olan inam o qədər güclü idi ki, ilk işi "Leyli
və Məcnun" operasındakı Leyli rolu oldu. Opera 1961-ci
ilin əvvəllərində tamaşaya qoyuldu.
Quruluşçu rejissor Soltan Dadaşov, Məcnun rolunda
Əbülfət Əliyev, Leyli rolunun ifaçısı
isə Zeynəb Xanlarova oldu. Zeynəb xanıma qədər
səhnədə müxtəlif Leylilər - Həqiqət
Rzayeva, Sürəyya Qacar, Rübabə Muradova, Gülxar
Həsənova və başqaları olmuşlar. Zeynəb
Xanlarovanın Leylisi bir çox cəhətləri ilə
fərqləndi. Həm çox gənc, səhnə
forması yerində, xüsusilə də oxuduğu
qəzəlləri səlis və düzgün
tələffüz edirdi. Opera müğənnisi
üçün lazım olan vacib şərtləri Zeynəb
Xanlarova çox ustalıqla yerinə yetirə bilmişdi.
Zeynəb xanımın Leylisini görənlər
təsdiqləyirlər ki, o, əsl faciəvi Leyli
obrazını yaratmışdır. Sonralar Zeynəb xanım
Bakir Haşımovla, Arif Babayevlə tərəf-müqabil oldu.
Səhnədə ən çox Arif Babayevlə eyni
tamaşada iştirak edən Zeynəb Xanlarova Leylidən sonra
Əsli rolunun da ("Əsli və Kərəm") mahir
ifaçılarından sayıldı.
Azərbycan muğamlarını, xalq və bəstəkar
mahnılarını minbir məhəbbətlə oxuyan
Zeynəb Xanlarova özü də musiqi bəstələyirdi.
Amma uzun müddət bunu heç kəsə bildirməyib. Son
illər məlum oldu ki, bir sıra mahnıların
təkcə musiqisi deyil, sözləri də onundur.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında
bənzərsiz xidmətləri olan məşhur tarzən
Əhməd Bakıxanov Dövlət Televiziya və Radio
Verilişləri Komitəsində Üzeyir Hacıbəyov
tərəfindən yaradılmış Xalq Çalğı
Alətləri Ansamblının bədii rəhbəri idi.
Mahir tarzən həmişə çalışırdı
ki, ansambla məhz istedadlı gəncləri cəlb etsin.
Zeynəb xanımın səsi onu bərk təsirləndirir
və o, bu yeni ifaçını öz ansamblında
görmək istəyirdi. Beləliklə, Zeynəb Xanlarova
1960-cı ildən bu ansamblın müşayiəti ilə
tamaşaçıların görüşünə
çıxıb. O illərdə Zeynəb xanımın
böyük ilham və həvəslə oxuduğu
bəstəkar mahnılarının əksəriyyəti
Ələkbər Tağıyevə məxsus idi. Unudulmaz
bəstəçinin "Ananın səsi", "Bakı
gecələri", "Göy göl", "Sənin
gülüşlərin", "Maral",
"Neylərəm, unutsan", "Bülbül", "Ya
bir olar, ya iki", "Söylə, yadındamı?",
"Sənə qurban", "Arzu qızım" və
onlarca mahnıları Zeynəb Xanlarovanın ifasında
çox uğurlu alındı.
Zeynəb Xanlarovanın məharətli ifası tezliklə
digər bəstəkarların da diqqətini çəkdi. Az
keçmədi ki, Zeynəb xanımın repertuarında
Fikrət Əmirovun, Cahangir Cahangirovun, Qara Qarayevin, Tofiq
Quliyevin, Arif Məlikovun, Ramiz Mustafayevin, Şəfiqə
Axundovanın, Emin Sabitoğlunun, Telman Hacıyevin, Tofiq
Bakıxanovun, Ramiz Mirişlinin, Oqtay Rəcəbovun və
onlarca başqa bəstəkarların mahnıları əsas
yer tutdu. Bu sənətkarlar da təbii ki, hər sözə
musiqi qoşmazdılar. Onlar da S.Rüstəm, N.Xəzri,
B.Vahabzadə, Ə.Ziyatay, M.Araz, N.Həsənzadə... kimi
şairlərin yaradıcılığına müraciət
edərdilər. Mahnı janrının yaranmasında
müəlliflərin birgə uğurlu ünsiyyəti onun
ömrünü uzadır. Bu səbəbdən də
Zeynəb xanımın ifasında səslənən hər
bir musiqi parçası mütləq retro əsərinə
çevrilir.
1967-ci ildə Zeynəb Xanlarova musiqi ifaçılıq
mədəniyyətinin inkişafında göstərdiyi
xidmətlərə görə "Azərbaycan SSR
əməkdar artisti" fəxri adına layiq
görüldü. Zeynəb Xanlarova yeganə ifaçı idi
ki, sovet dövründə keçmiş SSRİ-nin
müttəfiq respublikalarının əksəriyyəti ona
öz hökumətlərinin mükafatlarını
vermişdilər. Zeynəb Xanlarova Özbəkistanın,
Gürcüstanın, əməkdar artisti fəxri
adını daşıyırdı. 1971-ci ildə
"Şərəf nişanı" ordeninə, 1975-ci
ildə Azərbaycan Respublikasının "Xalq artisti"
fəxri adına layiq görülən Zeynəb Xanlarova
1980-ci ildə artıq SSRİ-nin xalq artisti idi. Yalnız
muğam və xalq mahnıları oxuduğuna görə keçmiş
SSRİ-də bu cür yüksək fəxri ad almaq hər
kəsə nəsib deyildi. Bu fəxri adın
reallaşmasında ümummilli liderimiz, unudulmaz Heydər
Əliyevin böyük xidməti var idi. Bu faktdır ki, ulu
öndərimiz o dövrdə çox böyük
cəsarətli addımlar ataraq Azərbaycan mədəniyyətinin,
milli musiqisinin, təsviri incəsənətinin
inkişafında əməyi olan istedadlı
şəxsiyyətlərin SSRİ kimi ziddiyyətli bir
dövlətin müəyyən diktələrindən,
şərtlərindən, təzyiqlərindən xilas
edərək nüfuzlu mükafatlar almasına,
şöhrətlənməsinə, daha geniş miqyasda
fəaliyyət göstərməsinə, dünyada
tanınmasına çalışırdı.
Nəğmələrlə eldən-elə
Müxtəlif çalğı alətləri
ansamblının müşayiəti ilə oxuyan, uğurlu
solo konsertlər verən Zeynəb Xanlarova sonralar öz
ansamblını yaradaraq həm Azərbaycanın daxilində,
həm xarici ölkələrdə geniş konsert
proqramları ilə çıxış etməyə
başladı. Xarici ölkələrə ilk musiqili qastrol
səfəri 1963-cü ildən başlayan xalq artistimiz
planetimizi bir neçə dəfə dolaşıb. Onun
məlahətli səsi okeanın o tayından tutmuş
müxtəlif ölkələrdən gəlib. Zeynəb
Xanlarova dünya musiqisevərlərinin pərəstiş
etdiyi, arzuladığı, sevə-sevə dinlədiyi
müğənniyə çevrilib. Xarici ölkə
mətbuatının səhifələrində bir
başlıq tez-tez diqqət çəkərdi: "Azəri
bülbülü Zeynəb Xanlarova könülləri fəth
etdi". Dünyanın hansı ölkəsində, hansı
əcnəbi millətin qarşısında oxumasından
asılı olmayaraq, Zeynəb Xanlarovanın ilk ifası
"Azərbaycan" mahnısıdır (sözləri
Səməd Vurğunun, musiqisi Ələkbər
Tağıyevindir). Bu da faktdır ki, sovet zamanında
Zeynəb xanım dünyaya səpələnmiş
azərbaycanlıların arasında mənəvi
körpüyə çevrilmişdi.
Onun haqqında "Salam, Zeynəb!" adlı sənədli
film çəkilib. Bir sıra mükafatlara, orden və
medallara layiq görülmüş Zeynəb Xanlarova
müstəqil respublikamızın ali təltiflərindən
olan "Şöhrət" ordeni almış və Prezident
təqaüdçüsüdür. O, Azərbaycan
Respublikası Milli Məclisinin deputatıdır. Bu
günlərdə isə ölkə başçısı
cənab İlham Əliyevin sərəncamı ilə musiqi
mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə "İstiqlal"
ordeninə layiq görülmüşdür.
Bütün bu gözəl adlarla bərabər Zeynəb
Xanlarova sevimli ana, qayınana və nənədir. İndi onun
qayğılarının yeni ünvanı var. Vaxtilə
atası Yəhya kişi anasının ismini sevimli
qızına bağışlamışdı. Zeynəb
xanım da bu ənənəni davam etdirərək
nənədən gələn yadigar adı nəvəsi
Zeynəbə ərməğan edib. Nə xoş ki, bu
evdə ikinci Zeynəb böyüyür.
Azərbaycan.- 2006.- 28 dekabr.- S. 7.