Sevil
Baba
Mahmudoğlu son mənzilə yola salındı
Sənət dostları “səhnədə xanəndə və
aktyor, həyatda isə yaxşı insan itirdik” deyir
Dünən
Dənizçilərin Mədəniyyət Evində muğam
ifaçısı, xalq artisti Baba Mahmud oğlu Mirzəyev son
mənzilə yola salındı. Qeyd edək ki, Baba
Mirzəyev 67 yaşında
ürək çatışmazlığından
dünyasını dəyişib.
Yaxınlarının dediyinə görə,
sənətkar ikinci dəfə infarkt keçirərək vəfat
edib.
1962-ci ildən Opera və Balet Teatrında
çalışan sənətkar
Məcnun, Şah İsmayıl, Koroğlu, Kərəm kimi rollarıyla tamaşaçıların
sevimlisi olub. Onunla vida mərasiminə
yaxınları, tanınmış
sənətçilər, o
cümlədən mədəniyyət
naziri Əbülfəs
Qarayev və nazirliyin digər əməkdaşları da
qatılmışdılar.
Mədəniyyət nazirinin
müavini Ədalət
Əliyev son günlər mədəniyyət
sahəsində baş
verən itkilərin ağırlığından söz
saldı: “Son günlər mədəniyyət
işçilərindən birinin 40 mərasimi başa çatmamış
digərinin ağır
xəbərini eşidirik.
Hüseynağa Atakişiyev,
Hacıbaba Bağırov,
Gülşən Qurbanova
kimi sənətkarlarımız
haqq dünyasına qovuşdular. Baba müəllim bizim xatirimizdə gözəl sənətkar olmağıyla
yanaşı, həm də gözəl insan kimi qalacaq”.
Xanəndə, xalq artisti Mənsum İbrahimov mərhumun gənclərə hər zaman dəstək verməsindən söz saldı: “Mən teatra təzə gələndən Baba müəllimlə dəfələrlə
tərəf müqabili
olmuşam. Həmişə
ondan qayğı görmüşəm. Gənclərə
qarşı diqqəti
vardı, qısqanclıqla
yanaşmazdı.
Arif Babayev Baba Mirzəyevlə 30 ildən çox bir yerdə işləməsindən söz
saldı: “Babanın özünəməxsus ifa
tərzi vardı. Babayla 30 ilə yaxın bir yerdə işləmişik.
Onun həm də yüksək aktyorluq qabiliyyəti vardı. Baba haqda danışmaq mənə çox çətindi. O, mənim
xatirimdə öz sənətini sevən opera artisti kimi
qalacaq”.
Tarzən Ramiz Quliyev sənətkar dostunu çılğın,
sözü düz deyən, kövrəkqəlbli
bir insan kimi xatırladı: “Biz bir-birimizin nailiyyətlərinə sevinən,
yaradıcılığını izləyən dostlarıydıq.
Babayla tək Azərbaycanda yox, Hindistanda, Pakistanda, Tunisdə, Əlcəzairdə,
Avropanın bir çox ölkələrində
konsert proqramlarında
olmuşuq. İnsan daha çox yol yoldaşlığında
tanınır. Bu səfərlərdə mən
Babanın həmsöhbət,
məlumatlı, bilikli
adam olmasının şahidi olmuşdum. Dini bilgisi çoxuydu,
sinədəftəriydi. Xanəndələr
içərisində onun
qədər şer bilən yoxuydu. Həm aşıq musiqisindən, həm də muğamlarımızdan
xəbərdarıydı. Xaraktercə
çılğın adamıydı,
amma həm də uşaq kimi kövrək, yumşaq qəlbi vardı. Biz səhnədə bir-birimizi
tamamlayırdıq. Mən
onu müşayiət
edəndə Baba deyirdi ki, həm
bir tarzən kimi, həm də dost kimi
sənin çalğınla
oxuyanda coşğunlaşıram.
Biz səhnədə həm aktyor, həm də xanəndəmizi, həyatda
isə yaxşı bir insan itirdik”.
Müğənni Bahadır
Salmanov Baba Mahmudoğlunun vida mərasiminin Dənizçilər
Evində keçirilməsindən
təəssüfləndiyini bildirdi: “Bəlkə də son vaxtlar
sənətkarların qəfil
ölümü gözlənilməz
olur, ona görə yer seçimi çətinləşir.
Amma Baba müəllim nüfuzlu bir sənətkar kimi buradan yox,
daha mötəbər
bir yerdən yola salınmalıydı.
Mən onun oğlunun toyunda oxumuşam. Sadəqəlbli,
gözəl insanıydı.
Oğlu xarici dillər üzrə, qızı isə həkimlik ixtisasına yiyələnib. Baba müəllimin təəssüf
ki, sənətinin davamçısı olmadı.
O, təkrarsız ifaçıydı”.
Muğam ifaçıları
Nəzakət Teymurova
və Aygün Bayramova sənət dostları haqqında danışmağa çətinlik
çəkdiklərini dedilər.
Sənətkar Xırdalan
qəbiristanlığında torpağa tapşırıldı.
Allah rəhmət eləsin.
Müsavat.- 2006.- 8 dekabr.- S. 13.