Mədəniyyət
və Turizm Nazirliyində Almaniya
nümayəndə
heyəti ilə görüş keçirilmişdir
Almaniya Federativ Respublikası hökuməti
ilə Azərbaycan Respublikası hökuməti arasında əldə
olunmuş razılaşmaya görə, 2008-ci il Almaniyada Azərbaycan
ili elan edilmişdir.
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev tədbirlə bağlı
hazırlıq işlərini həyata keçirmək üçün
Bakıya gəlmiş Almaniyanın "Dr.Qabriele Minz"
firmasının icraçı direktoru Qabriele Mints ilə
görüşmüşdür.
Əbülfəs Qarayev
bildirmişdir ki, ölkələrimiz arasında
mədəni əlaqələr yüksələn
xətlə inkişaf edir. Almaniya nümayəndə heyətləri
dəfələrlə Azərbaycana gəlmiş,
xalqımızın mədəniyyəti ilə tanış
olmuşlar. Avropanı mədəniyyətimizlə
tanış etmək bizim üçün çox vacibdir. Bu
il Vyanada Üzeyir Hacıbəyovun "Arşın mal
alan" operettası tamaşaya qoyulmuşdur. Tamaşada iki
partiyanı Avstriya müğənniləri ifa etmişlər.
Bu tamaşanı Almaniyada da göstərmək imkanı var.
Ə.Qarayev
vurğulamışdır ki, almanlar Azərbaycan
torpağında XIX əsrin əvvəllərindən
yaşamağa başlamışlar. İlk alman
köçkünləri və onların nəsli
ölkəmizin inkişafına layiqli töhfə
vermişlər. Bu günlərdə ölkəmizdə milli
azlıqların folklor festivalı keçirilmisdir.
Tədbirdə Azərbaycan almanları da iştirak
etmişlər.
Xanım
Qabriele Mints bildirmişdir ki, Azərbaycana gəldikləri 4 gün
ərzində nümayəndə heyətinin üzvləri
çox yerdə olmuşlar. Azərbaycan Filarmoniyası,
ifaçıların yüksək
peşəkarlığı, xalça muzeyi, qədim
muğam sənəti ona böyük təsir
bağışlamışdır. O, əmin olduğunu
bildirmişdir ki, Almaniyada Azərbaycan ili uğurla
keçəcəkdir, çünki Azərbaycanın
zəngin mədəniyyətinə heç kim laqeyd qala
bilmez.
Yaddaş.- 2006.- 9 dekabr.- S.1.