Oxumağı öyrətməzlər”
Brilliant Dadaşova
bir müddət səhnədə görünməməsinin
səbəblərini açıqladı
Respublikanın əməkdar artisti
Brilliant Dadaşova bir
ildən artıq idi ki, efirə
çıxmırdı. Onun tamamilə Azərbaycan estrada səhnəsindən
uzaqlaşdığı söylənilirdi.
Ötən ay isə Brilliant xanım “Akademiya” layihəsində göründü.
Sənətçi ilə müsahibəyə
onun bir müddət səhnədən
uzaqlaşmağının səbəbləriylə bağlı
sualla başladıq.
- Mən səhnədən getməmişdim. Fikrimcə, oxumamağımı
səhnədən getmək
kimi qələmə vermək düzgün olmazdı. Sadəcə olaraq, əvvəlki
mədəniyyət naziri
Polad Bülbüloğlu
“Vokaliz”in müəllif
hüquqlarının qorunması
ilə bağlı mənə dəstək vermədiyindən oxumamaq qərarı verdim. Bununla da öz etirazımı
bildirmək istədim.
Amma bu o demək deyil ki, mən
onda səhnədən
getmişdim və “Akademiya” layihəsi ilə yenidən səhnəyə qayıtdım.
Mən hələ də oxumuram,
yeni kompakt-diskimi buraxdıqdan sonra oxuyacam. Hələ ki “Akademiya”
iştirakçılarının ifalarından zövq alıram.
- Brilliant xanım, yarışmaya
niyə “Akademiya” adını vermisiz?
- “Akademiya” sözünü
hərfi mənada başa düşmək düzgün deyil. Məlum olduğu
kimi akademik ifa tərzi deyilən bir anlam var. Məsələn,
bəzən birisi oxuyanda “necə akademik tərzdə oxuyur” deyilir. Yəni musiqi barədə məlumatlı olanlara bu ifadə tanışdır.
Biz də istəyirik
ki, seçdiyimiz ifaçılar akademik tərzdə oxumağa çalışsınlar. Tamaşaçılara estrada
musiqisini bu cür təqdim
etsinlər. Deyə bilmərəm ki, onların arasından kim bu məqsədə nail ola biləcək. Hələlik imtahan gedir.
Bizim məqsədimiz odur ki, onlar bu
layihə çərçivəsində
akademik tərzdə oxumağı öyrənsinlər.
- Sizin fikrinizcə,
“Akademiya”nın digər mahnı yarışmalarından fərqi
nədədir?
-
Biz insanların zövqünü
oxşaya biləcək
keyfiyyətli musiqi nümayiş etdirmək niyyətindəyik. Ona görə də “Akademiya”ya ən istedadlı ifaçıları seçmişik.
İnanırıq ki, onlar səsləri, ifa tərzləri, səhnə
mədəniyyətləri, davranışları ilə
örnək olacaqlar.
Təbii
ki, bu məsələdə
bizim - yəni müsabiqə təşkilatçılarının
üzərinə böyük
yük düşür.
Düzdür, onlar istedadlıdırlar,
səsləri ürəyəyatımlıdır.
Amma istedadı da düzgün yönəltmək
lazımdır axı.
Bizim məqsədimiz istedadlı
gənclərə düzgün
yol göstərməkdi.
Əgər diqqət yetirmisinizsə,
“Akademiya” müsabiqəsində
iştirakçıları ruhdan, həvəsdən sala biləcək bir kəlmə də işlədilmir.
Amma təbii ki, çıxışlarındakı nöqsanlar, səhvlər
onlara elə canlı efirdə söylənilir. Çünki
məqsədimiz onların
inkişafına nail olmaq,
yaradıcı axtarışlara
vadar etməkdir.
Onu da deyim ki,
telekanallarımıza xarici
ölkələrdə yaşayan
həmyerlilərimiz də
baxır. Biz iştirakçılara
qarşı belə münasibət sərgiləməklə
demək istəyirik ki, Azərbaycanda şou-biznes
təkcə qalmaqallardan
ibarət deyil. Güman edirəm ki, hələ ki qarşımıza qoyduğumuz məqsədlərə
nail ola bilirik.
- Müsabiqədə müxtəlif janrda oxuyan iştirakçıların
seçilməsi, kvartet,
duet və trionun yaradılması ideyası
haradan yaranıb?
- Müxtəliflik yaratmaq istədik. Amma yenə də əsasən estrada
janrında oxuyanlar üstünlük təşkil
edir. Yəqin ki, növbəti
“Akademiya”larda digər
janrlarda oxuyanların sayı daha çox olacaq. O ki qaldı, kvartet, trio və duetlərin yaranmasına, açığı, bu əvvəlcədən planlaşdırılmamışdı.
Sadəcə müsabiqənin seçim turlarına o qədər çox istedadlı gənclər gəlmişdi ki, onları necə deyərlər, ələkdən
keçirə bilmədik.
Həmkarlarım çox
sağ olsunlar
ki, üzərlərinə
əlavə yük götürməyə razılıq
verdilər.
- Eşitdiyimizə görə,
Nicat, Xəyal və bacınız oğlu Cəmil digər layihələrdə
də iştirak ediblər. Onların “Akademiya”ya seçilməsi
təsadüf idi?
-
Adlarını sadaladığınız
iştirakçılar seçim
turlarına gəlmişdilər.
Seçim turlarında iştirak
edən müğənnilər
və mən də onların istedadını görüb
müsabiqəyə seçdik.
Düzünü deyim ki, Cəmilin bacım oğlu olması səbəbindən müsabiqədə
iştirakına qərar
verə bilmirdim.
Hətta Fidan Hacıyeva bunu mənə irad tutaraq dedi ki,
o sənin bacın oğlu olduğuna görə günahkar deyil. Bu vaxt Ədalət Şükürov
duet hazırlamaq yükünü
üzərinə götürdü.
O ki qaldı adını çəkdiyiniz
digər ifaçılara,
Abbas onları bəyəndi və mən də etiraz etmədim.
- Zeynəb Xanlarova musiqi yarışmalarında, o cümlədən
“Akademiya”da bəzi müğənnilərin özünün
müəllimə ehtiyacı
olduğunu deyib. Bu
barədə siz necə fikirləşirsiz?
- Bilirsiniz, musiqi məktəblərində,
ali təhsil ocaqlarında çox gözəl və savadlı pedaqoqlarımız,
müəllimlərimiz var
ki, onlar yaxşı xanəndələr,
müğənnilər yetişdiriblər.
Amma onlara desən ki, qaval əlinə götür bir muğam ifa et, bunu bacarmayacaqlar.
Əgər “Akademiya”da iştirakçılara
müğənnilik dərsi
keçmək istəsəydik,
layihəyə tanınmış
musiqişünasları, pedaqoqları
dəvət edərdik.
Tanınmış sənətçiləri
layihəyə cəlb
etməkdə məqsədimiz
odur ki, onlar gənclərə
repertuar seçməyi,
səhnədə necə
hərəkət etməyi,
ümumiyyətlə bu
sənətin incəliklərini
öyrətsinlər. Ümumiyyətlə,
mən bu qənaətdəyəm ki,
oxumağı öyrətməzlər.
Bu, Allah-təlanın verdiyi istedaddır. İnsanda səs varsa, oxuya bilir.
O ki qaldı layihədə iştirak edən müğənnilərin
özünün müəllimə
ehtiyacı olmasına,
Məhəmməd Peyğəmbərin
yaxşı bir kəlamı var: “Beşikdən qəbir evinədək oxumaq”. Demək istəyirəm ki, bizim hər
birimizin müəllimə
ehtiyacı var. Hətta səhnədə 25-30 il stajı olanlar da hər gün
nə isə öyrənir. Əgər
biz bu gün
desək ki, musiqi ilə bağlı hər şeyi bilirik və heç nə öyrənməyə
ehtiyacımız yoxdur
onda gərək səhnəni tərk edək.
- Bəzi müəllimlər tələbələrinə
qarşı biganə
münasibət göstərirlər.
Buna səbəb nədir?
- Bizim layihədə bir ifaçı ilə beş-altı nəfər məşğul
olur. Müəllimlərimiz
arasında çox fəalları da var. Yəqin ki, bu fakt
da şounu izləyənlərin diqqətindən
yayınmayıb. Onlarla
yanaşı mən də hər bir iştirakçının
repertuarı ilə məşğul oluram. Ona görə də bəzi müəllimlərin məşqə
gələ bilməməyi
problem yaratmır.
- Müəllimlərlə
tələbələrin dueti
təxirə salındı?
- Yox, bəzi
səbəblərə görə,
müəllimlər dueti
bu həftə oxumağı qərarlaşdırıblar.
- Ötən hesabat konsertində rinq heç-heçəylə qurtardı.
Və burada sizin xüsusi bir statusunuzun olması da müəyyənləşdi. Növbəti
dəfə belə nəticə olsa, yenə də heç kəsi oyundan uzaqlaşdırmayacaqsız?
- O gənclərin hər biri mənə
əzizdir, onları şoudan kənarlaşdırmaq
mənim üçün
çox çətindir.
Odur ki, biz razılığa gəldik ki, növbəti konsertlər
də heç-heçə olsa, yenidən vaxt ayrılsın və tərəflər bir daha yarışa çıxsın.
Müsavat.-2006.-11
dekabr.-S.14.