Salyanda saz və söz bayramı
80 il bundan əvvəl,
1926-cı ilin payızında Salyanda, ana Kürün sahilində bir oğlan uşağı dünyaya göz açdı. Babasının
adıyla Pənah çağırdılar onu.
Tezliklə balaca Pənah meylini saza-sözə saldı. Sənətə
gəlişində o zaman Salyanda fəaliyyət göstərən
Dövlət Dram Teatrının böyük
rolu oldu. Teatra gələndə Pənah
Pənahovun 17-18 yaşı
vardı. Böyük
Vətən müharibəsinin
ağır günlərində
bu sənət ocağında ifaçı
müğənni kimi
ilk sənət addımlarını atdı,
Aşıq Qərib, Kərəm rollarında böyük ifaçılıq
uğuru qazandı. Bu
rollardan sonra sədəfli sazı əlindən yerə qoymadı. Qələmlə
sazı, sözlə musiqini, ürəyəyatımlı
səslə ifaçılıq
məharətini, bədii
natiqliyi, iti yaddaşı və improvizə qabiliyyətini
birləşdirən Aşıq
Pənah çox çəkmədi ki, adlı-sanlı sənətkar kimi tanındı.
Öz üzərində
daim çalışan
aşıq ozan-aşıq sənətinin
sirlərinə yaxından
bələd olduqca dastanları, qoşmaları,
təcnisləri sinə
dəftərinə yazdı,
el məclislərinin mahir ustadı oldu. Keçən əsrin 50-ci illərindən
başlayaraq yazdığı
qoşma və gəraylılarını mətbuat
səhifələrində çap
etdirdi. Çox çəkmədi ilk kitabı - "Saz və söz" işıq üzü gördü. Ardınca ikinci kitabı - "Məhəbbətdən danışaq",
daha sonra "Təzə söz, təzə mahnı" və "Mənim sazım" kitabları çap olundu.
60-cı illərdə
Şirvan-Muğan aşıq
məktəbinin ən
görkəmli nümayəndəsi
kimi tanınan Aşıq Pənah Yazıçılar İttifaqının
üzvü, bütün
aşıqlar qurultaylarının
nümayəndəsi kimi
sənətdə öz
layiqli yerini tutdu. Azərbaycan folklorunu nəinki keçmiş SSRİ-də,
həm də bütün dünyada layiqincə təmsil edən aşığın səsi
Rusiyanın ayrı-ayrı şəhərlərindən,
eləcə də Finlandiya, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Hindistan və başqa ölkələrdə keçirilən
festivallardan gəlməyə
başladı.
Aşıq Pənahın
bu uğurunun sirlərindən biri onun daim axtarışda
olması idi. İstər
aşıq əbədiyyatını,
böyük şairlərin
söz dünyasını,
istərsə də yazılı ədəbiyyatı
dərindən öyrənən
aşıq bu böyük ədəbi irs üzərində öz sənət kəhkəşanını qurmuş
və Füzuliyə,
M.Ə.Sabirə,
M.F.Axundova, M.Müşfiqə,
S.Vurğuna dönə-dönə odlu-alovlu misralar həsr etmiş, qədirbilənliklə
sənət korifeylərinə
minnətdarlığını bildirmişdir.
Uğurunun bir sirri isə öz elinə, obasına bağlılığında
idi. Azərbaycanı qarış-qarış gəzmiş, yurdun gözəlliklərini söz
gülşəninə köçürmüşdü.
Aşıq Pənah respublikamızın elə
bir guşəsi yoxdur ki, ondan
söz açmasın.
Onun sahilində dünyaya göz açdığı Kürə
həsr etdiyi şeirlər dillər əzbəri, "Ana Kürüm" mahnısı
isə Salyanın himni kimi bu
gün də məşhurdur:
Saz tutubdur ləpələrin,
Nəğmələrin şirin-şirin,
Bəzəyisən bizim
yerin,
Ana Kürüm!
Aşıq öz elinə, obasına vurğunluğunu ilhamlı
bir dillə tərənnüm etməkdən
yorulmurdu:
Mən el aşığıyam, elə
bağlıyam,
Obalar mənimdir, ellər mənimdir.
Mən bahar vurğunu, yaz soraqlıyam,
Çiçəklər mənimdir,
güllər mənimdir.
Elə bu bağlılıq idi onu xoş amallara,
xeyirxah əməllərə
səsləyən. Nə
qədər imkansıza
əl tutmuşdu, xeyirdə, şərdə
əlindən gələni
əsirgəməmişdi. Nə qədər el şənliyini təmənnasız aparmışdı,
savab qazanmışdı.
Çünki Azərbaycan
onun doğma evi idi, xalqla
nəfəs alırdı:
Mənimdir yurdumda bu toy, bu
büsat,
Bu firavan həyat, bu xoşbəxt həyat.
İlhamım quş kimi açır qol-qanad,
Səmalar mənimdir,
göllər mənimdir.
Aşıq Pənahın
1991-ci ildə nəşr
olunmuş "Sözlərimi
saxla yadda" kitabını vərəqlədikcə
onun nurlu siması göz önündə canlanır.
Sənətkarın həyat
duyumu, zərif yumor hissi, yeri
gəldikcə nöqsanlara
sərt tənqidi münasibəti, satiraları
oxucunu özünə
çəkir:
İşi düşsə,
baş endirər,
İşin düşsə,
süründürər.
Güclülərə baş
endirər,
Gücsüzləri yıxar
namərd.
Aşıq Pənahla
işləyən, dostluq
edən insanların əksəriyyəti dünyadan
köçsə də,
onların bir qismi sağdır. Onlar aşığın böyük
istedada sahib olduğundan, səxavətindən,
mərdliyindən və
digər insani keyfiyyətlərindən ağızdolusu
söhbət açırlar.
Əliməhəmməd Əmrahov,
Salyan Rayon Mədəniyyət Evinin
"Cəngi" ansamblının
bədii rəhbəri,
festivallar laureatı:
- Aşıq Pənahla
çox yoldaşlıq
etmişəm. Saysız-hesabsız toylarda, el şənliklərində,
festivallarda birlikdə
olmuşuq, daha doğrusu, balabanda onu müşayiət etmişəm. Təkcə
Salyanda, Muğanda deyil, respublikamızın hər yerində insanlar onun sənətinin
vurğunu idilər.
O, Şirvan-Muğan aşıq
sənətinin ən
yüksək pilləsinə
ucala bilmişdi. Ona görə də çox adam istəyirdi ki övladının toyunu məhz Aşıq Pənah etsin. Ustad aşıqlardan, xüsusilə Aşıq
Ələsgərdən öyrənərək
özü də qoşmalar, gəraylılar,
ustadnamələr yazırdı.
Pənah çox yaxşı toy məclisi aparırdı.
O, toy mağarına daxil olanda hamı
susardı. Məclis apardığı zaman onun hər bir
jesti, hərəkəti,
addımı, hətta baxışı biz müşayiətçilərdən
daha diqqətli, sərvaxt olmağı tələb edirdi. Bütün bunlar isə toyların maraqlı, yüksək səviyyədə keçməsi
üçün başlıca
şərtlər idi.
Dastan söylədiyi zaman heç kəs cınqırını
çıxarmazdı. Ustad
sənətkar doğulduğu,
boya-başa çatdığı
el-oba ilə nəfəs alırdı.
"El aşığı
elnən bir olmalıdır" deyirdi.
Fərəc Dadaşov
(uzun müddət Salyan Payon Mədəniyyət
Şöbəsinin müdiri
işləyib), pensiyaçı:
- Aşıq Pənahla
birlikdə işlədiyimiz
illəri ömrümün
ən mənalı dövrü hesab edirəm. Aşıq müntəzəm olaraq kənd zəhmətkeşləri
qarşısında maraqlı,
rəngarəng proqramlarla
çıxış edirdi.
Respublikada dövlət
səviyyəsində elə
bayram tədbiri olmazdı ki, Aşıq Pənah ora dəvət edilməsin. Onun alqışlarla qarşılanan
ifaları rayon mədəniyyət işçilərinə
hörmət-izzət
gətirirdi. Bu el sənətkarı ilə dəfələrlə
yol yoldaşlığı
etmişəm. Uşaq
kimi sadə və təmiz idi, əlindən gələn yaxşılığı
insanlardan əsirgəməzdi.
Böyük şairimiz
Səməd Vurğunun
Arxasıza arxa ol ki,
qoy desinlər dayaqdır,
Arxalıya arxa olma,
deməsinlər yamaqdır
-
sözlərini tez-tez
dilə gətirərdi.
Onun aşıq sənətinə verdiyi töhfələri unutmaq olmaz.
Cəmi 52 il yaşadı. Yaradıcılığının
çiçəkləndiyi bir vaxtda yaşayıb-yaratmaq, insanlara sevinc bəxş etmək həvəsi ilə çırpınan
ürəyi onun arzularını yarı yolda qoydu. Lakin
qoyub getdiyi sənət nümunələri,
etdiyi yaxşılıqlar
bu gün də elin yaddaşından
silinməyib. Qədirbilən
Salyan camaatı Aşıq Pənahın adını həmişə
əziz tutur. Yaşadığı küçəyə
onun adı verilmişdir. Həmin küçədə yerləşən
Salyan 1 saylı orta məktəb aşığın adını
daşıyır. Həyətində
büstü qoyulmuş
məktəbdə hər
il Aşıq Pənahın doğum gününü qeyd etmək, xatirəsini anmaq ənənə halını alıb.
Hazırda rayon ictimaiyyəti böyük
sənətkarın 80 illik
yubileyi ilə əlaqədar müxtəlif
tədbirlər keçirir.
Yadıma ustad aşıq haqqında yazdığım şeirdən
bir bənd düşür:
Aşıq Pənah dayaq idi ellərə,
Şeir yazdı, nəğmə qoşdu güllərə,
Özü getdi, adı düşdü dillərə.
"Ana Kürüm"
toylarımın tacıdı...
Ölümünə Azərbaycan
acıdı...
Aşıq Pənah üçün "dünyasını
dəyişmişdir" demək
düz olmazdı. O, sənətiylə ölümü
öldürənlərdən, əbədilik qalanlardandır.
Azərbaycan.- 2006.- 14 dekabr..- S. 8.