Cavadov Seyran

 

Unudulmaz saz söz ustası

 

80 il bundan əvvəl, 1926-cı ilin payızında Salyanda, ana Kürün sahilində bir oğlan uşağı dünyaya göz açdı. Babasının adıyla Pənah çağırdılar onu. Tezliklə balaca Pənah meylini saza-sözə saldı. Sənətə gəlişində o zaman Salyanda fəaliyyət göstərən Dövlət Dram Teatrının böyük rolu oldu. Teatra gələndə Pənah Pənahovun 17-18 yaşı vardı. Böyük Vətən müharibəsinin ağır günlərində bu sənət ocağında ifaçı müğənni kimi ilk sənət addımlarını atdı, Aşıq Qərib, Kərəm rollarında böyük ifaçılıq uğuru qazandı. Bu rollardan sonra sədəfli sazı əlindən yerə qoymadı. Qələmlə sazı, sözlə musiqini, ürəyəyatımlı səslə ifaçılıq məharətini, bədii natiqliyi, iti yaddaşı improvizə qabiliyyətini birləşdirən Aşıq Pənah çox çəkmədi ki, adlı-sanlı sənətkar kimi tanındı.
Öz
üzərində daim çalışan aşıq ozan-aşıq sənətinin sirlərinə yaxından bələd olduqca dastanları, qoşmaları, təcnisləri sinə dəftərinə yazdı, el məclislərinin mahir ustadı oldu. Keçən əsrin 50-ci illərindən başlayaraq yazdığı qoşma gəraylılarını mətbuat səhifələrində çap etdirdi. Çox çəkmədi ilk kitabı - "Saz söz" işıq üzü gördü. Ardınca ikinci kitabı - "Məhəbbətdən danışaq", daha sonra "Təzə söz, təzə mahnı" və "Mənim sazım" kitabları çap olundu.
60- illərdə Şirvan-Muğan aşıq məktəbinin ən görkəmli nümayəndəsi kimi tanınan Aşıq Pənah Yazıçılar İttifaqının üzvü, bütün aşıqlar qurultaylarının nümayəndəsi kimi sənətdə öz layiqli yerini tutdu. Azərbaycan folklorunu nəinki keçmiş SSRİ-, həm bütün dünyada layiqincə təmsil edən aşığın səsi Rusiyanın ayrı-ayrı şəhərlərindən, eləcə Finlandiya, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Hindistan başqa ölkələrdə keçirilən festivallardan gəlməyə başladı.
Aşıq Pənahın bu uğurunun sirlərindən biri onun daim axtarışda olması idi. İstər aşıq əbədiyyatını, böyük şairlərin söz dünyasını, istərsə yazılı ədəbiyyatı dərindən öyrənən aşıq bu böyük ədəbi irs üzərind
ə öz sənət kəhkəşanını qurmuş Füzuliyə, M.Ə.Sabirə, M.F.Axundova, M.Müşfiqə, S.Vurğuna dönə-dönə odlu-alovlu misralar həsr etmiş, qədirbilənliklə sənət korifeylərinə minnətdarlığını bildirmişdir.
Uğurunun bir sirri isə öz elinə, obasına bağlılığında idi. Azərbaycanı qarış-qarış gəzmiş, yurdun gözəlliklərini söz gülşəninə köçürmüşdü. Aşıq Pənah respublikamızın elə bir guşəsi yoxdur ki, ondan söz açmasın. Onun sahilində dünyaya göz açdığı Kürə həsr etdiyi şeirlər dillər əzbəri, "Ana Kürüm" mahnısı isə Salyanın himni kimi bu gün məşhurdur:
Saz tutubdur ləpələrin,
Nəğmələrin şirin-şirin,
Bəzəyisən bizim yerin,
Ana Kürüm!
Aşıq öz elinə, obasına vurğunluğunu ilhamlı bir dillə tərənnüm etməkdən yorulmurdu:
Mən el aşığıyam, elə bağlıyam,
Obalar mənimdir, ellər mənimdir.
Mən bahar vurğunu, yaz soraqlıyam,
Çiçəklər mənimdir, güllər mənimdir.
Elə bu bağlılıq idi onu xoş amallara, xeyirxah əməllərə səsləyən. qədər imkansıza əl tutmuşdu, xeyirdə, şərdə əlindən gələni əsirgəməmişdi. qədər el şənliyini təmənnasız aparmışdı, savab qazanmışdı. Çünki Azərbaycan onun doğma evi idi, xalqla nəfəs alırdı:
Mənimdir yurdumda bu toy, bu büsat,
Bu firavan həyat, bu xoşbəxt həyat.
İlhamım quş kimi açır qol-qanad,
Səmalar mənimdir, göllər mənimdir.
Aşıq Pənahın 1991-ci ildə nəşr olunmuş "Sözlərimi saxla yadda" kitabını vərəqlədikcə onun nurlu siması göz önündə canlanır. Sənətkarın həyat duyumu, zərif yumor hissi, yeri gəldikcə nöqsanlara sərt tənqidi münasibəti, satiraları oxucunu özünə çəkir:
İşi düşsə, baş endirər,
İşin düşsə, süründürər.
Güclülərə baş endirər,
Gücsüzləri yıxar namərd.
Aşıq Pənahla işləyən, dostluq edən insanların əksəriyyəti dünyadan köçsə , onların bir qismi sağdır. Onlar aşığın böyük istedada sahib olduğundan, səxavətindən, mərdliyindən digər insani keyfiyyətlərindən ağızdolusu söhbət açırlar.
Əliməhəmməd Əmrahov, Salyan Rayon Mədəniyyət Evinin "Cəngi" ansamblının bədii rəhbəri, festivallar laureatı:

- Aşıq Pənahla çox yoldaşlıq etmişəm. Saysız-hesabsız toylarda, el şənliklərində, festivallarda birlikdə olmuşuq, daha doğrusu, balabanda onu müşayiət etmişəm. Təkcə Salyanda, Muğanda deyil, respublikamızın hər yerində insanlar onun sənətinin vurğunu idilər. O, Şirvan-Muğan aşıq sənətinin ən yüksək pilləsinə ucala bilmişdi. Ona görə çox adam istəyirdi ki övladının toyunu məhz Aşıq Pənah etsin. Ustad aşıqlardan, xüsusilə Aşıq Ələsgərdən öyrənərək özü qoşmalar, gəraylılar, ustadnamələr yazırdı. Pənah çox yaxşı toy məclisi aparırdı. O, toy mağarına daxil olanda hamı susardı. Məclis apardığı zaman onun hər bir jesti, hərəkəti, addımı, hətta baxışı biz müşayiətçilərdən daha diqqətli, sərvaxt olmağı tələb edirdi. Bütün bunlar isə toyların maraqlı, yüksək səviyyədə keçməsi üçün başlıca şərtlər idi. Dastan söylədiyi zaman heç kəs cınqırını çıxarmazdı. Ustad sənətkar doğulduğu, boya-başa çatdığı el-oba ilə nəfəs alırdı. "El aşığı elnən bir olmalıdır" deyirdi.
Fərəc Dadaşov (uzun müddət Salyan Payon Mədəniyyət Şöbəsinin müdiri işləyib), pensiyaçı:
- Aşıq Pənahla birlikdə işlədiyimiz illəri ömrümün ən mənalı dövrü hesab edirəm. Aşıq müntəzəm olaraq kənd zəhmətkeşləri qarşısında maraqlı, rəngarəng proqramlarla çıxış edirdi. Respublikada dövlət səviyyəsində elə bayram tədbiri olmazdı ki, Aşıq Pənah ora dəvət edilməsin. Onun alqışlarla qarşılanan ifaları rayon mədəniyyət işçilərinə hörmət-izzət gətirirdi. Bu el sənətkarı ilə dəfələrlə yol yoldaşlığı etmişəm. Uşaq kimi sadə təmiz idi, əlindən gələn yaxşılığı insanlardan əsirgəməzdi. Böyük şairimiz Səməd Vurğunun
Arxasıza arxa ol ki,
qoy desinlər dayaqdır,
Arxalıya arxa olma,
deməsinlər yamaqdır -
sözlərini tez-tez dilə gətirərdi. Onun aşıq sənətinə verdiyi töhfələri unutmaq olmaz.
Cəmi 52 il yaşadı. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda yaşayıb-yaratmaq, insanlara sevinc bəxş etmək həvəsi ilə çırpınan ürəyi onun arzularını yarı yolda qoydu. Lakin qoyub getdiyi sənət nümunələri, etdiyi yaxşılıqlar bu gün elin yaddaşından silinməyib. Qədirbilən Salyan camaatı Aşıq Pənahın adını həmişə əziz tutur. Yaşadığı küçəyə onun adı verilmişdir. Həmin küçədə yerləşən Salyan 1 saylı orta məktəb aşığın adını daşıyır. Həyətində büstü qoyulmuş məktəbdə hər il Aşıq Pənahın doğum gününü qeyd etmək, xatirəsini anmaq ənənə halını alıb.
Hazırda rayon ictimaiyyəti böyük sənətkarın 80 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirir. Yadıma ustad aşıq haqqında yazdığım şeirdən bir bənd düşür:
Aşıq Pənah dayaq idi ellərə,
Şeir yazdı, nəğmə qoşdu güllərə,
Özü getdi, adı düşdü dillərə.
"Ana Kürüm" toylarımın tacıdı...
Ölümünə Azərbaycan acıdı...
Aşıq Pənah üçün "dünyasını dəyişmişdir" demək düz olmazdı. O, sənətiylə ölümü öldürənlərdən, əbədilik qalanlardandır.

Azərbaycan
.-2006.-8 dekabr.-S.8.