Sankt Peterburqun nümayəndə heyəti ilə görüş

Mədəniyyət Turizm Naziri Əbülfəs Qarayev mədəniyyət günləri ilə əlaqədar Bakıya gələn Rusiyanın şimal paytaxtının Mədəniyyət Komitəsinin sədri, Rusiya Fedarasiyasının xalq artisti Nikolay Burovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

 

Qonaqları səmimi salamlayan nazir Əbülfəs Qarayev bildirmişdir ki, Sankt-Peterburqun Azərbaycanda keçirilən mədəniyyət günləri ölkəmizin mədəni həyatında mühüm hadisədir. Azərbaycanda Rusiya ili çərçivəsində ölkəmizdə Rusiyanın regionlarının mədəniyyət günlərinin uğurla keçdiyini diqqətə çatdıran Ə.Qarayev vurğulamışdır ki, gələcəkdə mədəni əlaqələrimiz inkişaf etdiriləcəkdir.

Nazir muzeylərin, kitabxanaların, teatrların yeniləşdirilməsi binaların əsaslı təmiri ilə bağlı ölkəmizdə aparılan işlər barədə məlumat vermiş, ölkə­mizdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, Azərbaycanda milli azlıqların yaradıcılıq festivalının keçiriləcəyini diqqətə çatdırmışdır.

Azərbaycanda qonaqpərvərliklə qarşılandıqlarından məmnunluğunu ifadə edən Nikolay Burov, Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etdiklərini, məzarı önünə əklil gül-çiçək qoyduqlarını bildirmişdir. Qonaq Sankt-Peterburqda Heydər Əliyevin təhsil aldığı ali məktəbin binasına ulu öndərimizin memorial xatirə lövhəsinin vurulduğu barəda məlumat vermişdir.

Azərbaycan diasporunun Sankt-Peterburqda fəallığını vurğulayan N.Burov, orada soydaşlarımızın böyük nüfuz qazandığını demişdir. Hazırda Azər­baycan məktəbinin yaradılması məsələsi həll edilir.

Görüşdə son illərdə Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində prezidentlər İlham Əliyevin Vladimir Putinin səyləri yüksək qiymətləndirilmişdir.

 

 

Yaddaş.- 2006.- 9 dekabr.- S.2.