MehdixanlıTelman
Bu səbrin,
dözümün var imiş sonu!
Bir il əvvəl xalq
artisti, odlu-alovlu orator, xarakterik rollar ifaçısı
Mikayıl Mirzəyə, onu tanıyanlara ümidverici "Bu
səbrin, dözümün yoxmudur sonu?.." başlıqlı
yazı dərc etmişdik. Həmin vaxt o, ağır
xəstə idi. Lakin tezliklə şəfa tapacağına,
dost-tanışlarının görüşünə
qayıdacağına ümid vardı. Heç kim onunla
əbədi ayrılığı ağlına gətirmirdi.
Lentə yazılan "Döz" şeiri isə vaxt-bivaxt
səslənərdi:
Bu səbrin, dözümün yoxmudur sonu?
Ömür qaçaraqda, kim qovur onu?
Mikayıl, sinənə Əzrayıl qonub,
Bir azca da döz!..
Bu misralar gur işıq kimi şübhələri
parçalayırdı, ümidlərə arxayınlıq
verirdi. Bu şeir hamının dilinin əzbəri olmuşdu.
Amma zalım əcəl güclü çıxdı.
Çılğın, emosional, yurdsevər Mikayılın
ürəyi həmişəlik susdu...
Mikayıl Şahvələd oğlu Mirzəyev
60 il əvvəl Şamaxı rayonunun Talış
kəndində dünyaya göz açmışdı. Orta
məktəbdə oxuyanda ədəbiyyata, poeziyaya
marağı ilə seçilir, H.Cavidin, M.Müşfiqin,
S.Vurğunun əsərlərindən çox
nümunələri əzbər bilirdi. Qismət onu
Azərbaycan Dövlət Teatr İnstitutuna gətirdi. Unudulmaz
səhnə xadimləri Adil İsgəndərov, Mehdi
Məmmədov, Tofiq Kazımov və Lütfi
Məmmədbəyovdan sənətin sirlərini
öyrəndi. Ali təhsilini başa vuranda onu institutun
"Səhnə danışığı" kafedrasında
müəllim saxladılar. Eyni vaxtda Tədris Teatrında
aktyor kimi çalışdı. Bir müddətdən sonra
istedadını, intonasiyasını nəzərə alıb
onu Akademik Milli Dram Teatrında işə qəbul etdilər. Səhnəyə varlığı qədər
bağlı olan Mikayıl Mirzə ona göstərilən
etimadı tezliklə doğrultdu. Əməkdar artist, xalq
artisti fəxri adlarına layiq görüldü. 1990-cı il
yanvarın 20-də Bakıda qanlı hadisələr
törətmiş sovet ordusuna qarşı qəzəbli
çıxışları hələ də
yaddaşlardadır. Unudulmaz aktyor soydaşlarımızı
haqsızlığa, ədalətsizliyə qarşı
barışmaz mövqedə olmağa haraylayırdı.
Həmin günlər çəkdiyi mənəvi-psixoloji
əzablar, sarsıntılar xatirələrdə
yaşayır.
Mikayıl son dərəcə sədaqətli, səmimi dost,
əqidəsindən, amalından dönməyən,
gələcəyə inamla, ümidlə baxan xarakter sahibi
idi. Tanışları çox idi, ancaq həmkarları
Səməndər Rzayev və Rasim Balayevlə daha çox bir
yerdə olardı. Sirrini, sevincini onlarla
bölüşərdi. Mərhum Səməndər
yarızarafat, yarıciddi deyərdi: "Ə, sən öl,
bu Mikayıl süzgəc kimidir. Yaxşını yamandan
tezcə seçir". O, heç zaman, nəyinsə
xatirinə yalandan gülməzdi. Ürəyindən
keçən tərifi də, tənqidi də üzə
deyərdi. Azərbaycanın tarixini yaxşı bilirdi. Hökmdarların, yazıb-yaradanların haqqında
ətraflı məlumatı vardı. Şah
İsmayılın adı çəkiləndə
həmişə ehtiram əlaməti olaraq ayaq üstə
durardı. 1970-ci ildən sevdiyi şəxsiyyət ulu
öndər Heydər Əliyev oldu. Ümummilli liderin
adını qürur hissi ilə, fəxarətlə
çəkər, idarəçiliyi, millətsevərliyi barədə
daim iftixarla danışardı.
Dövlət müstəqilliyinin ilk illərində
Azərbaycan ağır vəziyyətdə idi. Dar məqamda
xalqımızın son pənahı Heydər Əliyev oldu.
Dahi şəxsiyyətin hakimiyyətə
qayıdışının ölkənin gələcək
taleyinə müsbət təsir
göstərəcəyinə tam əmin olan bir çox
ziyalılar onun görüşünə Naxçıvana
getdilər. Onların arasında Mikayıl
Mirzə də vardı. Ondan yadigar qalmış həmin
günün xatirələrini həyəcansız oxumaq
mümkün deyil:
"1992-ci ilin şaxtalı-sazaqlı yanvar gecəsi
səsini haqqın dərgahına çatdıran Xəlil
Rzanın gündəliyinə, mənim yaddaşıma
həmişəlik yazıldı. Naxçıvan
təbiətinə xas küləksiz, şaxtalı, quru hava.
Vasif Talıbovun çöldən daha soyuq,
işıqları öləziyən sadə mənzili. Bu
otaqları isidən Heydər Əliyevin bizə -
müsafirlərinə doğma münasibəti idi. O da bu evin
qonağı olmasına baxmayaraq, bizdə ev sahibi
təsəvvürü yaradırdı. Və bu gecə bu ev
sahibi qanının qara olmasına baxmayaraq, olduqca sadə
və səmimi idi. Mən bəlkə də səmimiyyətin
nə olduğunu o gecə, o soyuq yanvar gecəsində,
Heydər Əliyevin görüşündə və
qəlbimizi isidən isti münasibətində,
özünə və insanlara nicat harayında gördüm. O
gecə səhərə qədər bir-birilərinin
söhbətlərindən, millətimizin gələcək
taleyinin müzakirələrindən doymayan böyük
dövlət xadimi ilə böyük azadlıq şairi
səhəri oyaq açdılar... Təkcə səhər
açılmırdı - hər ikisinin qəlbi səhər
kimi açılırdı... Qədim yunan
filosoflarının birindən soruşurlar: "Sənin dostun
varmı? "O cavab verir: "Mənim dostlarım var, dostum
yoxdur!" Həmin gecə inandım, tam əmin oldum ki,
beş-üç nəfəri çıxmaq
şərtiylə bütövlükdə xalqımız
Heydər Əliyevin dostudur. Dostluqda ən böyük dost
yenə Heydər Əliyevdir. Sərt görünən
Heydər Əliyev, sərtliyi boyda Demokratdır..."
Xalqın istəyi, arzusu ilə ulu öndər Heydər
Əliyev yenidən hakimiyyətə qayıdanda Mikayıl
Mirzə ürəkdən sevindi. Ömrünün ən
bəxtəvər günlərini yaşadı.
Dost-tanışına qürur hissi ilə deyərdi:
"Tanrının qüdrətindən haqq heç zaman
nahaqqın güdazına getməz. Heydər Əliyevin bu
qayıdışı Yaradanın xalqımıza
rəhmindən oldu". Dövlət
televiziyasının ekranında xalq şairi Xəlil Rza Ulutürkün
böyük şəxsiyyəti tərənnüm edən
şeirini minbir həvəslə, fərəhlə
səsləndirdi:
Əyləşib öz yerində millətin pənahı
tək,
Güclü, əzəmətlidir azadlıq Allahı tək.
Kim ona inanarsa, onunla yüksələcək,
Sevinəcək, güləcək, gözəl günlər
görəcək!
Şəhidlərin al qanı torpağa hopmayıb, yox,
Onun damarlarını dolaşır ildırım tək.
Apar Azərbaycanı qürubdan sübhə doğru,
Ey Atatürk nəfəsli, Heydər Əlirza oğlu!..
Mikayıl Mirzədən yadigar qalmış bir
videoverilişə həyəcanla, ürək
ağrısı ilə baxırıq. Onun səsi həyat
reallığına ayna tutur: "İşıq
qaranlıqdan güclüdür, hər zaman da güclü
olmuşdur. Qaranlığın ən çox qorxduğu
işıqdır. İynənin ucu boyda işıq ən
qatı qaranlıqdan keçib onu yerbəyerdən
deşə bilir. Qaranlıqsa nəinki işıqdan
keçir, heç onun həndəvərinə
düşə bilmir. Bəd əməl sahibləri də
beləcə işıqdan çəkinər, xain, paxıl
məsləklərin nurda görünməsindən
ehtiyatlanıb onu boğmağa çalışarlar.
Heydər Əliyev qaranlıqdan keçən
işıqdır... Onun hakimiyyətə
qayıdışı xalqımızı daha ağır
dərddən, bəladan xilas etdi. 1990-1993-cü illərin
hadisələrini xatırlayın. Şair dostum Zəlimxan
Yaqub "Qurtuluş" şeiri ilə həmin dövrün
mənzərəsini gözəl yaradıb:
Dərya kimi çalxalanır Bakı qanlar içində,
Qasırğalar qaynaşır sərt tufanlar içində.
Millət tanıya bilmir hələ naxələfləri,
Allah da aça bilmir dolaşan kələfləri...
O, bir anlığa susur. Fonda musiqi səslənir. Kamera
irəli gedib onun sifətini iri planda göstərir.
Gözlərində yaş gilələnib. Bu zaman
bənzərsiz ifa qabiliyyəti, sənət
səriştəsi ilə qəfil diksinir. Mənalı,
ifadəli baxışları sanki dil açıb
danışacaq. Handan-hana "Bəs indi" sualını
verib, şeirin davamını səsləndirir:
...Əlli milyona çatmış Azərbaycan dünyası,
Qurtuluş nəğməsini oxuyur bir himn kimi,
Bir səslə, bir avazla "Heydər" - deyir,
"Xalq" - deyir!...
Mikayıl Mirzənin yaratdığı hər obraz
alqışlarla qarşılanardı. Onun xarakterik rolları
ifa məharəti də elə öz mənəviyyatından,
həyata münasibətindən irəli gəlirdi.
Oynadığı rolları təbii, inandırıcı
şəkildə tamaşaçılara çatdırardı.
Səhnəyə, kamera qarşısına əsərə,
oynadığı rolun xarakterinə uyğun qrimdə, libasda
çıxardı. İlk əvvəl aktyor ansamblından
seçilməzdi. Lakin hadisələr cərəyan
etdikcə hətta seyrçi uşaq da onu tanıyardı.
Çünki Mikayıl Mirzə ifa zamanı da
çılğınlığından ayrıla bilmirdi.
"Azərbaycanfilm" kinostudiyasında lentə alınan
"Dədə Qorqud", "Yeddi oğul
istərəm", "Uzun ömrün akkordları"
və başqa bədii filmlərdə onu belə
görürük. Doğrudur, həmin rollar epizodikdir. Ancaq
ümumi məqsədə kifayət qədər xidmət
göstərir.
M.Mirzə Azərbaycan Dövlət
Televiziyasının "Ədəbi-dram"
verilişləri baş redaksiyası ilə sıx
yaradıcılıq əlaqəsi saxlayardı. Ötən
əsrin 80-ci illərində "Bir aktyorun teatrı"
verilişi məhz onun təşəbbüsü,
iştirakı ilə ekrana çıxmışdı.
Sonralar həmin silsilə ekran yaradıcılığında
o, H.Cavidin "Azər", R.Rzanın
"Qızılgül olmayaydı", A.Puşkinin
"Motsart və Salyeri", "Qaraçılar",
C.Novruzun "Qərbi Berlin" əsərlərini
ustalıqla teleekranda canlandırmışdı. O, Mehdi
Məmmədov, Soltan Nəcəfov, Əli Zeynalov,
Səməndər Rzayev kimi çox sevilən, tanınan
bədii qiraət ustası idi. Xalq şairləri
Məmməd Arazın, Xəlil Rza Ulutürkün
yaradıcılıqlarını əzbər bilirdi.
"Dünya sənin, dünya mənim, dünya heç
kimin" şeirini mikrofon önündə
səsləndirəndə Məmməd Arazın
gözlərindən yaş axırdı. Onu
kövrəldən aktyorun böyük təsir
gücünə malik səsi idi.
Mikayıl Mirzə iki çağırış Milli
Məclisə deputat seçilmişdi. Tez-tez seçiciləri
ilə görüşə gedər, köməyini
əsirgəməzdi. Hər dəfə Milli Məclisin
islasına gələndə binanın önündə 15-20
nəfər onu əhatəyə alar, problemlərini
danışardılar. Mikayıl həmin insanları
doğması tək dinləyər, köməyini
əsirgəməzdi.
... Amansız xəstəlik onun varlığını
sarsıtdı, böyük eşqlə, həvəslə
döyünün ürəyinə sağalmaz ağrı
saldı. Dərdinə çarə tapılmasına can yandıranlar,
diqqət yetirənlər çox oldu. Müalicə
üçün xarici ölkələrə apardılar,
mənəvi dəstək verdilər, maddi yardım
göstərdilər. Amma... Bir müdrik demiş:
"İnsanı öldürən əcəldir, ancaq azar da,
bezar da bir bəhanədir". Oğlu Mətin belə
xatırlayır: "Atam ömrünün son anlarında
deyərdi ki, ölüm bəd xəstəlikdən daha
urvatlıdır". Mikayıl ölməyi,
işıqlı dünya ilə həmişəlik
ayrılmağı ona görə üstün tuturmuş ki,
xətrini istəyənlərə əziyyət verməsin.
Əzrayılı "küsdürüb"
"əliboş" geri qaytarmasın. Bir misrasında deyir:
"Mənim canım torpağıma qurbandır". Oldu
da...
Onunla həmişəlik, əbədi ayrılığa
dözməyən xalq şairi Zəlimxan Yaqub "Mikayıl
Mirzəm mənim" şeirini yazdı:
O, bir od parçasıydı, öz ömrünü,
gününü
Odlara yaxdı getdi.
O, bir ildırımıydı, doldu qara bulud tək,
Şimşək tək çaxdı getdi...
Canında, cövhərində Xəlil Rza şeirinin
tufanı, qasırğası.
Yox, onun oxumağı şeir oxumaq deyildi,
ölüb-dirilmək idi...
Heydər adı onun üçün namus, qeyrət idi,
Heydər adı onun üçün ordu, qoşun idi.
Heydər adı onun üçün min illərin
arxasından
Min illərə sahib olan rəhbər idi...
Mikayıl Mirzə bizlərə həmişəlik
"əlvida" - dedi. Arzuları, ruhu haqqın
dərgahına ucaldı. Sənətsevərlər,
dost-tanışları onun 60 yaşını qeyd edirlər.
Ad günün mübarək, Mikayıl Mirzə! O dünyan
behiştlik! Xalqımız yaşadıqca, sən də
yaşayacaqsan!
Azərbaycan.-2006.-17 dekabr.-S.8.