Bədəlov Ə.
Milli-mənəvi
dəyərlərimizi, zəngin mədəni irsimizi
qayğı ilə qoruyub saxlamalıyıq
Müsahibimiz
Milli Məclisin deputatı, yazıçı-dramaturq
Hüseynbala Mirələmovdur
- Hüseynbala müəllim, bu günlərdə Milli
Məclisin müzakirəsinə təqdim olunmuş “Teatr
və teatr fəaliyyəti haqqında” qanun layihəsi
böyük maraqla qarşılandı. Bu qanunun
hazırlanması zərurəti nədən yarandı?
- Azərbaycan müstəqillik əldə etdikdən sonra
tədricən bütün sahələr üzrə
müstəqil dövlətimizin qanunları qəbul
olunmağa başlandı. Köhnə qanunlarla, SSRİ
dövründən qalmış qanunvericilik aktları ilə müstəqil
dövləti idarə etmək mümkün deyildi.
Bütün sahələrdə olduğu kimi,
mədəniyyət, incəsənət, teatr sahəsində
də yeni qanunların qəbul olunmasına böyük
zərurət yarandı. Müstəqilliyimizin ilk
illərində yaranmış hakimiyyət böhranı,
anarxiya, özbaşınalıq ölkənin
inkişafına mənfi təsir göstərirdi. Ona
görə də qanun layihələrinin hazırlanması da
çox ləng aparılırdı. Çox vaxt isə
təqdim olunan qanun layihələri milliliyimizi dolğun
əks etdirmirdi. Bu da o vaxt hakimiyyətdə təmsil
olunanların səriştəsizliyindən irəli
gəlirdi. Qanunlarda olan boşluq ayrı-ayrı
sahələri inkişaf etdirmək əvəzinə daha da
geri çəkirdi. Belə bir vaxtda xalq ümidini müdrik
şəxsiyyət Heydər Əliyevə bağladı
və ölkənin nicat yolunu ümummilli liderdə
gördü. İdarəetmədə zəngin təcrübəsi
olan dahi şəxsiyyət 1993-cü ildə yenidən
hakimiyyətə gəldikdən sonra müstəqil
dövlətimiz özünün düzgün inkişaf yolunu
tapdı, müasir tələblərə cavab verən,
müstəqilliyimizi əks etdirən qanunlar qəbul olundu.
Ölkəmiz inkişaf etdikcə yeni qanunların da yaranma
zərurəti meydana çıxdı. Hazırda Azərbaycan
müstəqil dövlət kimi Avropaya və dünyaya
inteqrasiya olunur, çoxlu sayda beynəlxalq konvensiyalara
qoşulmuşuq. Qəbul olunan qanunlar beynəlxalq standartlara
uyğunlaşdırılır. Məhz belə bir
şəraitdə teatr sahəsində də müasir tələblərə
cavab verən, bu sahədə yaranmış boşluqları
dolduran qanunlara böyük ehtiyac hiss olunurdu. Bütün bunları
nəzərə alan Milli Məclisin mədəniyyət
məsələləri daimi komissiyası Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə çox dolğun,
əhatəli “Teatr və teatr fəaliyyəti haqqında”
qanun layihəsini hazırlayıb parlamentin iclasına
təqdim etdi və qanun layihəsi deputatlar, habelə
mütəxəssislər tərəfindən böyük
maraqla qarşılandı.
- Qanun layihəsinin əsas məqsəd və
vəzifələri nədən ibarətdir?
- Qanun layihəsi teatr tamaşalarının hazırlanması
və kütləvi nümayişi ilə əlaqədar
yaranan münasibətlərin tənzimlənməsini
özündə ehtiva edir. Eyni zamanda, teatr fəaliyyətinin
hüquqi əsaslarını və teatrlara dövlət
qayğısının formalarını müəyyən
edir. Teatr incəsənətin mühüm təsir
vasitələrindən biridir. Ona görə də bu
sahənin inkişafı vacib məsələlərdən
hesab olunur. Qanun layihəsi respublikamızın
ərazisində fəaliyyət göstərən
bütün teatrlara və teatr fəaliyyəti ilə
məşğul olan digər təşkilatlara da şamil
ediləcək. Qanun layihəsi Azərbaycan
Respublikasının Konstitusiyasından, digər normativ
hüquqi aktlardan və ölkəmizin tərəfdar
çıxdığı müvafiq beynəlxalq
müqavilələrdən ibarətdir.
Göründüyü kimi, müzakirəyə təqdim
olunan sənəd bütün qanunvericilik aktlarına istinadən
hazırlanmış və teatr sahəsində yaranmış
boşluqları doldurmaq, teatrın fəaliyyətinin qanun
çərçivəsində tənzimlənməsi məqsədini
daşıyır. Teatr fəaliyyətinin əsas
məqsədi teatr sənətinin inkişafı və
əhalinin səhnə sənəti ilə bağlı
tələbatının ödənilməsindən
ibarətdir.
Qanun layihəsində teatr fəaliyyəti sahəsində
dövlət siyasətinin əsas prinsipləri də öz
əksini tapıb. Həmin prinsiplərdə hər bir
vətəndaşın teatr sənəti və teatr
yaradıcılığından bəhrələnmək
hüququnun təmin olunması, istedadın milli sərvət
kimi tanınması və onun gerçəkləşməsi
üçün şəraitin yaradılması, teatr və
teatr təşkilatlarının müstəqilliyinə
təminat verilməsi, teatra dövlət qayğısı,
teatr mədəniyyətinin fərdiliyinin qorunub
saxlanılması, millətlərarası və beynəlxalq
mədəni əlaqələrin inkişafına
şərait yaradılması və digər mühüm
vəzifələr qarşıya məqsəd kimi qoyulub.
Göründüyü kimi, qarşıya çox
mühüm vəzifələr qoyulub. Əsas məqsəd
teatrın müasir tələblər səviyyəsində
inkişafına baza qanunu yaratmaqdır.
- Qanun layihəsində teatr sahəsini əks etdirən bir
çox yeniliklər mövcuddur. Bunlardan biri də
“prodüser” anlayışıdır. Teatrlarda
prodüserlərin fəaliyyətinə münasibətinizi
bilmək maraqlı olardı.
- Son vaxtlar “prodüser” anlayışı ilə çox
tez-tez rastlaşırıq. Hər hansı bir
müğənninin, incəsənət xadiminin prodüseri
olması faktı göz qabağındadır. Biz
prodüserlərin ayrı-ayrı fərdi
şəxslərin, xüsusilə müğənnilərin
konsertlərinin təşkilinin və keçirilməsinin
şahidi olmuşuq. Teatrlarda isə teatr tamaşasının
canlı nümayişi ilə bağlı müstəsna
hüququn subyektlərindən biri də prodüserdir. Bu, qanun
layihəsində də öz əksini tapıb.
Müzakirəyə təqdim olunan sənəddə
göstərilir ki, “prodüser teatr tamaşasının
hüququnu, müəlliflik və əlaqəli hüquqlar
haqqında qanunvericilikdə nəzərdə tutulan
müəllif hüquqlarına riayət etməklə
həyata keçirir”. Qanun layihəsində, həmçinin
prodüserin teatr tamaşasının kütləvi
nümayişi ilə bağlı hüquqları da öz
əksini tapıb. Məsələn, prodüserə teatr
tamaşasının kütləvi nümayişini həyata
keçirmək, tamaşanın yerini, vaxtını və
biletlərin qiymətini müəyyən etmək, teatr
tamaşasının kütləvi nümayişinin
sayını müəyyən etmək, onu dayandırmaq,
bərpa etmək, teatr tamaşasından və onun bəzi
hissələrindən digər tamaşalarda istifadə
olunmasının, teatr tamaşasının texniki
vasitələrin köməyi ilə efirə verilməsinin,
istənilən maddi daşıyıcılara
yazılışının və həmin
yazılışların təkrarən əks etdirilməsi
şərtlərini müəyyənləşdirmək
hüquqları verilib.
- Hüseynbala müəllim, siz yazıçı-dramaturq kimi
teatrlarda prodüserlərin fəaliyyətinə necə
baxırsınız? Yəni bu gün teatrlarda
prodüserlərə ehtiyac varmı?
- Azərbaycanda teatrlar dövlət büdcəsindən
maliyyələşdirilir. Teatrlarda rejissor, administrator
fəaliyyət göstərir, teatr tamaşalarının
əsas sifarişçiləri Mədəniyyət və
Turizm Nazirliyidir. Yəni bütün bunlardan sonra teatrlarda prodüserlərin
olmaması bu mədəniyyət ocaqlarına ziyan
gətirməz. Qeyd etdiyim kimi, prodüserlərə fərdi
incəsənət xadimlərinin daha çox ehtiyacı var.
Çünki onların konsertlərini təşkil edir,
maliyyə işlərini həll edir,
sifarişçilərlə əlaqə yaradır. Dövlət
teatrlarında isə bütün bunlar dövlət
tərəfindən həyata keçirilir. Buna baxmayaraq, qanun
layihəsində prodüserlərin vəzifələri,
səlahiyyətləri konkret
müəyyənləşdirilib. Mədəniyyət
məsələləri daimi komissiyasının sədri
hörmətli Nizami Cəfərov, mədəniyyət və
turizm naziri hörmətli Əbülfəs Qarayev və
digər mütəxəssislər teatrlarda prodüserlərin
fəaliyyət göstərməsinin vacib olduğunu faktlarla əsaslandırdılar.
Biz müəlliflər də istəyirik ki, tamaşaya
qoyulmuş əsərimizin təşkilati işləri
yüksək səviyyədə qurulsun. Qanun
layihəsindən aydın olur ki, bu işlərdə
prodüserlərin üzərinə böyük
məsuliyyət düşür. Biz də istəyirik ki,
tamaşaçılar razı qalsınlar. Bu baxımdan
prodüserlərin olması məqsədə müvafiqdir.
Ümumiyyətlə, hər birimiz qanunun aliliyinə
hörmətlə yanaşmalıyıq. Əgər qanunda
prodüserlərin fəaliyyəti nəzərdə tutulubsa,
hamımız buna riayət etməliyik. Yadda saxlamalıyıq
ki, qəbul edilən hər bir qanun ölkənin
inkişafına, əlaqələrin
möhkəmləndirilməsinə, xalqın rifah
halının yaxşılaşdırılmasına və
bəzi boşluqların aradan qaldırılmasına
xidmət edir. “Teatr və teatr fəaliyyəti haqqında”
qanun layihəsinin məqsəd və vəzifələri
də bundan ibarətdir.
- Qanun layihəsində teatrın statusu və formalarından
bəhs edən maddə var. Siz də müzakirələr
zamanı bu məsələyə münasibət bildirmisiniz.
Təklifiniz nədən ibarətdir?
- Məni maraqlandıran əsas məsələlərdən
biri teatrlara “Akademik” və “Milli” statusunun verilməsidir.
Hər hansı bir müəssisəyə, təşkilata
“Milli” statusu verilərkən müəyyən
tələblər irəli sürülür. Həmin
tələblər nədən ibarətdir? Məsələn,
Akademik Milli Dram Teatrı. Bu ad hansı kriteriyalara görə
verilir? Dram Teatrı uzun illərdən bəri fəaliyyət
göstərdiyinə görəmi, yoxsa qanunvericiliklə
müəyyən olunmuş qaydalara cavab verdiyinə
görəmi Akademik Milli Dram Teatrı statusu verilib? Akademik
Milli Dram Teatrı rəsmiləşdirilibmi? Mən istərdim
ki, bizim teatrlarımız yüksək statuslara malik olsun. Bu,
həm həmin teatrda çalışanların
məsuliyyətini artırar, həm də digər teatrlar da
belə statuslar qazanmağa can atarlar. Nəticədə
teatrların fəaliyyətində xeyli dönüş
yaranacaq. Məni maraqlandıran əsas məsələ
Akademik Milli Dram Teatrının nə vaxt
rəsmiləşdirilməsidir. Əgər belə bir status
verilibsə, bu teatrın əyalət teatrlarından fərqi
nədən ibarətdir? Teatr bizim milli ideologiyamızın,
əxlaqımızın, ictimai şüurumuzun,
mənəviyyatımızın formalaşmasında,
inkişafında çox böyük rol oynayır. Biz bu
sahənin inkişafını daim diqqətdə
saxlamalıyıq.
- Siz söhbətimizin əvvəlində dediniz ki,
Azərbaycan mədəniyyətinin, incəsənətinin
inkişafı umummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra
təşəkkül tapdı. Belə bir qanunun qəbul
edilməsi həmin inkişafın təzahürü deyilmi?
- Tamamilə doğrudur. Hər bir xalq mədəniyyəti,
incəsənəti ilə tanınır. İnkişaf
etmiş sivil ölkələrin hər birinin milli ideologiya
proqramı olmalıdır. Hesab edirəm ki, bizim milli
ideologiyamızın əsası ulu öndərimiz Heydər
Əliyev tərəfindən qoyulub. Ümummilli lider
mədəniyyət və incəsənətin
inkişafına, bu sahənin xadimlərinə daim diqqət
yetirərdi. Hər dəfə hər hansı bir tədbir
keçiriləndən sonra ulu öndər səhnə
arxasına keçib incəsənət xadimləri ilə
görüşər, onları dinləyər, sosial-rifah halının
yaxşılaşdırılması üçün
müvafiq tapşırıqlar verər, sərəncamlar
imzalayardı. Mədəniyyət və incəsənət
xadimlərinə fəxri adların verilməsi, prezident
təqaüdünün təyin edilməsi diqqət və
qayğının təzahürü idi. Hələ SSRİ
dövründə Azərbaycanın incəsənət
xadimlərinə Sosialist Əməyi Qəhrəmanı,
SSRİ xalq artisti kimi fəxri adların verilməsində ulu
öndərin böyük rolu olmuşdu. Bu, dahi
rəhbərin milli ideologiyamıza,
azərbaycançılıq ideologiyasına böyük
önəm yetirməsinin nəticəsi idi. Milli-mənəvi
dəyərlərimizin qorunmasının da əsası
ümummilli lider tərəfindən qoyulub. Biz fəxr edir
və qürur hissi keçiririk ki, ulu öndərin siyasi kursunu,
onun ən layiqli varisi Prezident İlham Əliyev davam etdirir.
Möhtərəm Prezidentimiz mədəniyyət və
incəsənət xadimlərinə təyin edilmiş
prezident təqaüdünün miqdarını
artırmış, yüzlərlə
sənətçiyə fəxri adlar vermiş, onların
mənzil şəraitinin yaxşılaşdırılması
barədə müvafiq təşkilatlara
göstərişlər vermiş, mədəniyyət
işçilərinin əmək haqlarının
artırılması barədə sərəncamlar
imzalamışdır. MDB ölkələrində
mədəniyyət və incəsənət
xadimlərinə belə yüksək qayğı
təkcə bizim ölkəmizdədir.
Görürsünüzmü, ümummilli lider Heydər
Əliyev və möhtərəm Prezidentimiz cənab İlham
Əliyev mədəniyyətimizin inkişafına necə
böyük qayğı göstəriblər. Mən onların
hər ikisini Azərbaycan xalqının milli sərvəti
hesab edirəm. Bu, həqiqətən də belədir.
Bu gün teatr binalarının hamısında əsaslı
təmir, yenidənqurma işləri aparılır. Cənab
Prezident çalışır ki, incəsənət
xadimlərinə rahat və əlverişli şərait
yaradılsın. Bu, həm də teatrlara tamaşaçı
axınını artıracaq. Mənim fikrimcə, teatra
baxmamaq, kitab oxumamaq xalqı savadsızlığa aparır.
Kitab demişkən, fürsətdən istifadə edib bir
faktı xatırlatmaq istərdim. Bir vaxtlar şəhərin
mərkəzində “Kitab pasajı” deyilən yer var idi.
İstənilən ədəbiyyatı burada tapmaq olardı.
“Kitab evi” mağazasında növbələr yaranardı.
Təəssüflər olsun ki, indi həmin yerlərdə
kitabdan əsər-əlamət yoxdur. Oralarda müxtəlif
mallar satılır. Mən Moskvada olarkən kitab
mağazalarının gecədən xeyli keçənə
qədər, bəzilərinin isə səhərə
qədər işlədiyinin şahidi oldum. Bizdə isə
kitab mağazaları gözdən salınır,
yerlərində isə spirtli içkilər satılır.
Teatr da, kitab da insanların əxlaqına müsbət
təsir edir, onları həyata açıq gözlə
baxmağa yetişdirir. Hər dəfə yeni bir əsəri
oxuyanda, teatrdan çıxanda düşüncəyə
qərq olursan, bir anlıq da olsa özünü başqa bir
aləmdə hiss edirsən. Məhz bu baxımdan da biz milli
ideologiyamızı qorumalı, daha da inkişaf etdirməliyik.
Möhtərəm cənab Prezidentin yaratdığı
imkanlardan səmərəli istifadə etməliyik.
“Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsinin
hazırlanması və yaxın vaxtlarda bu qanunun qəbul
olunması əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş milli ideologiyamızın daha da
inkişaf etdirilməsinin məntiqli davamıdır. Mən yazıçı-dramaturq
kimi belə bir qanunun qəbul olunmasını
alqışlayır və bunu ölkəmizdə
mədəniyyət və incəsənətin daim
dövlətin diqqət mərkəzində saxlanılması
kimi qiymətləndirirəm.
Xalq qəzeti.-2006.-27 dekabr.- S.7.