Rəşad

 

Teatr işçilərinin maaşı aşağıdır

Əbülfəs Qarayev bu sahəyə diqqətin artırılmasını vacib sayıb

 

Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqı kimi Teatr Xadimləri ittifaqı da dövlət büdcəsindən maliyyələşə bilər. Bu barədə dünən Milli Məclisdə "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı məlumat verilib. Qanun layihəsi ilə bağlı çıxış edən MM-in Mədəniyyət komissiyasının sədri Nizami Cəfərov bildirib ki, hazırda Ölkədə teatrların yenidanqurma prosesi gedir və dövlətin teatrlara qayğısı getdikcə artır. Deputatın sözlərinə görə, yeni qanun layihəsinin qəbulu ilə bir sira problemlər aradan qalxacaq. Sonra sənədlə bağlı geniş məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihənin müzakirəsi zamanı birsıra

mütəxəssislər öz fikir və təkliflarini irəli sürüblər. Nazirin sözlərinə görə, qəbul olunacaq yeni sənədə görə, ölkədə prodüser fəaliy­yəti ciddi nəzarətə götürüləcək və nazirlik tərəfindən bu sahəda çalışan şəxslərə

xüsusi əhəmiyyət veriləcək. Ə.Qarayev "Mədəniyyət haqqında" qanunun da bəzi müddəalarının dəyişdirilməsinə ehtiyac olduğunu söyləyib. Onun fikrincə, hazırda ölkədə 4000-ə yaxın teatr fəaliyyəti ilə məşğul olan insan var. Ancaq onların maliyyə imkanları aşağı səviyyədədir. Azərbaycan prezidentinin mədəniyyət işçilərinin məvacibini 25 faiz artırması ilə bağlı sərəncamı isə problemi bir qədər həll edib. Buna baxmayaraq bu sahəyə xüsusi diqqətin və vəsaitin ayrılması vacibdir. Nazir qeyd edib ki, hazır­da 3 teatr – Gənc Tamaşaçılar, Rus Dram və Kukla teatrları təmirə dayanıb və öz fəaliyyətlərini başqa binalarda davam etdirirlər. Bu binalarda bir il yarım təmir işləri aparılacaq. "Bu gün mədəniyyət sahəsində çalışan insanların maaşı respublikada ən aşağı səviyyədədir. Bu günkü qanunvericiliyə görə, dövlət orqanı olaraq teatr xadimlərinə maaşların tam həcmdə verilməsini təmin edə bilmirik. Ancaq yeni qanun bir qədər bunu təmin edəcək" deyən nazir bildirib ki, dünyanın heç bir ölkəsində dövlət teatrları müstəqil fəaliyyət göstərmir. Bütün teatrlar dövlət tərəfindən maliyyalaşdirilir. Onun sözlərinə görə, Fransada hər  il dövlət yalnız iki opera teatrına ildə 100 milyon avro maliyyə ayırır. Müzakirələrdə çıxış edən deputatlar isə bir sıra problemlərdən danışıblar. Millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, qanun qəbul olunsa da, teatrların fəaliyyətini mükəmməllaşdirmək mümkün olmayacaq. Çünki hazırda teatr xadimlərinin çoxu bir-biriləri ilə küsülüdürlər və ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Buna görə də ölkədə qənaətbəxş teatr səhnələri ortaya çıxmır. Deputat teatrlarının adlarını da dəyişdirilməsi təklifi ilə çıxış edərək qanunda bu sənət ocaqlarının statusu məsələsinin də öz əksini tapmasının vacibliyini bildirib.

 

525-ci qəzet.- 2006.- 8 dekabr.- S.7.