Səttarova Mənsurə

 

 

Gülü xar olan gözəl…

Onu bu dünyaya bağlayan bütün tellər qırılmışdı

 

Sağlığında bir neçə dəfə görüşmüşdük. Hər görüşümüzdə vəziyyətinin daha da ağırlaşdığını, ala gözlərindəki nurun, həyat eşqinin getdikcə azaldığını görürdüm. Daş-divarlarından köhnəlik yağan mənzili kimi, özü də hər an, hər dəqiqə qocalırdı. Köçüb gedəcəyi günün həsrəti, yaxınlarına qovuşacağı günün vüsalı ilə yaşayırdı. Gözlərini divardakı saralmış, bir ömrün tarixçəsi olan şəkillərdən ayırmadan vəfasız adlandırdığı Ağadadaşından, əhdinə vəfa etməyən oğlu Hamletdən söz açırdı. Ətrafını qırışlar basmış, çuxura düşmüş ala gözləri dolub-boşalır, dillərdə dastan olan gözəlliyini şəkillərdə yaşadan bəyaz çöhrəsini kədər pərdəsi bürüyürdü.
Hələ sağkən unudulduğunu özünə dərd etmişdi. Təsəllisini telefon zənglərində axtarırdı. Sakit mənzilin sükutunu öz cingiltili səsiylə pozan qırmızı telefon aparatının "hay-haray"ına bir uşaq kimi sevinirdi. Onu bu dünyaya bağlayan bütün tellər qırılsa da, vəfatından sonra xatırlanmayacağından qorxurdu. "Pərəstişkarlarınız var, onlar çətin ki, Opera və Balet Teatrının unudulmaz Ərəbzəngisini, Gülxar Həsənovanı unutsunlar" deyə təsəlli verməyə çalışardım. Amma özüm də unutdum…


Doğum günlərini qeyd etməyi sevməzdi. Oğlunun sağlığında ana-balanın ikilikdə qeyd etdiyi bu tarix Hamletinin vəfatıyla zamanın arxivinə atıldı. Ondan sonra bu tarixin gəlişinə doğum günündən daha çox onu ömrünün sonuna yaxınlaşdıran, doğmalarına qovuşduracaq bir tarix kimi baxır və sevinirdi. Ömrunun 88-ci payızına qədəm basmasını da eyni sevinclə qarşıladı. Bu tarixdən sonra fani dünyada yaşadığı 3-4 aylıq zaman kəsiyində gündüzlərini misralara düzdüyü qəm-kədər, axşamlarını yaxınlarının ruhuna oxuduğu dualar və Tanrıdan ölüm arzusu ilə başa vurdu. Və sonda həsrətində olduğu ölümünə qovuşdu…
87 illik ömrünün cəfası səfasından daha çox olmuşdu. Çəkdiyi ağrı-acılara, mərhumiyyətlərə baxmayaraq, məcburi yaşam adlandırdığı uzunömürlülüyünün kökündə də həmin xoşbəxt günlərin dayandığını deyirdi.
Tovuzda dünyaya gəlmişdi. Atası İbrahim ağa Tovuz, anası isə Şəmkir bəylərinin nəslindən olub. 9 qardaşın bir bacısı idi. Gülxar adında bir bacısı da varmış. O, dünyaya gəlməmişdən bir neçə ay əvvəl 2 yaşında dünyasını dəyişmişdi. Ailə başçısının məsləhətiylə bacısının adını və təvəllüd tarixini ona verirlər. Ancaq bacısının yaşamını yarıda kəsən bu ad Gülxar Həsənovaya da uğur gətirmir. Azərbaycan incəsənətinə öz möhürünü basıb, xalq artisti kimi fəxri bir ada layiq görülsə də, "Gülü xar olan Gülxar" deyiminin yaranmasına səbəb olur.
Ata-anası onu həkim görmək istəyirdi. Tibb məktəbinə daxil olub, oranı qırmızı diplomla bitirsə də, hələ qönçəykən solan bir çox arzuları kimi bu arzusunu da həyata keçirə bilmir. Gözlənilmədən ailənin başının üstünü qara buludlar kəsdirir. Atasının əmisi oğlu Həmid Sultanov, onun həyat yoldaşı həbs olunur, atası, qardaşları işdən çıxarılır. Qohum-qonşunun belə yan gəzməyə çalışdığı "burjuy" ailəsində böyümüş bir qızı kim Tibb Universitetinə yaxın buraxardı ki? Hər şeydən əlini üzdüyü bir vaxtda Əli Bayramovun həyat yoldaşı Ceyran xanım imdadına çatır. Elə onun məsləhətiylə də Sultanov soyadını babası Həsənağanın adıyla dəyişərək, Gülxar Həsənovaya çevrilir. Soyad dəyişikliyi yeniyetmə bəy qızının qarşısında yeni imkanlar açır. Əli Bayramov adına Qadınlar Klubunun üzvü idi. Nəfəsli orkestrdə çalır, xalq mahnıları ifa edirdi. Sonra da klubun dram dərnəyinin rəhbəri, fani dünyada ilk və son eşqi olan Ağadadaş Qurbanovun məsləhətiylə Teatr Texnikumuna daxil olur…
Vəfasız adlandırdığı, ona bu dünyada sevgini və əzabı yaşatdıran Ağadadaş Qurbanovdan söz açanda xəyalən həmin illərə qayıdır, ala gözlərində sönməkdə olan od yenidən közərir, çöhrəsindəki qırışlar belə tarıma çəkilirdi. Ailə həyatı quranda yaşı rəsmi nikaha düşmədiyindən molla kəbini kəsdirmişdilər. Ömür-gün həmdəmi onu qaçırmışdı. Bir gün klubdan çıxanda min bir bəhanə ilə onu evinə aparmış və yalnız evdə işin nə yerdə olduğunu anlayan Gülxar Həsənovanın gücü xalasına zəng edib Ağadadaşın onu qaçırdığını söyləməkdən başqa bir şeyə çatmamışdı. Xoşbəxt idi, həyat yoldaşı bir uşaq kimi onun nazını çəkirdi. Ancaq cütlüyün xoşbəxtliyini həzm etməyən, yaraşıqlı sənətçini gənc və təcrübəsiz Gülxarın əlindən almağa çalışanlar da az deyildi. Hətta ona fiziki xəsarət yetirməyə də cəhd göstərmişdilər. Ailənin ilki vəfat etmiş, körpə Hamlet dünyaya gəlmişdi. Çətinliklərin geridə qaldığını güman edirdilər. Bir gün sübh tezdən Tibb Məktəbində rəfiqəsi olan xanım onlara gəlir. Ağadadaş Qurbanovla bir-birlərini sevdiklərini, qovuşmalarına Gülxarın mane olduğunu söyləyir. Hələ yuxudan ayılmayan sənətçiyə bir söz demədən Hamletini də götürüb evi tərk edir. Ağadadaş Qurbanov bir il ərzində onun dalınca kölgə kimi sürünsə də, bəy qızının sınmış qüruru canından çox sevgilisini bağışlamağa imkan vermir. Bir ildən sonra aktyor təkrar ailə həyatı qurur. Gülxar Həsənova isə bir daha evlənməyəcəyinə, ömrünü-gününü Hamletinə həsr edəcəyinə söz verir. Elçi daşının üstündə çoxları otursa da, onu yola gətirmək mümkün olmur. Hətta dövrünün tanınmış adamlarından biri üçün onun elçiliyini edən Mirzə Babayev də sənətçi həmkarını yola gətirməkdə aciz qalır. Ömrünü Hamletinə, sənətinə və Ağadadaşlı günlərin xatirəsinə həsr edir. Sevgi kitabının Ağadadaşla bağlandığını və bu işdə özünün günahkar olduğunu anlayırdı. Qüruru ona həyatı, sevgisi bahasına başa gəlmişdi. Və bütöv bir ömrü qürurundan ona yadigar qalan peşmançılıq hissiylə yaşamalı oldu…
Baş tutmayan ailə həyatında daim özünü qınadı. Həyatında yalnız bircə dəfə Ağadadaşdan incidi, üzə vurmasa da, ürəyində onu asıb-kəsdi. Teatrda hansısa məsələylə bağlı müzakirələr gedirmiş. Ağadadaş Qurbanov müzakirələr zamanı oğlunun əleyhinə çıxır. Onun bu hərəkəti Gülxar xanımı yaman sındırır. Ömrünün sonuna qədər "Ağadadaş gərək belə etməyəydi" deyə dünyalarca sevdiyi ömür-gün həmdəmini və "əgər o zaman hisslərə qapılmasaydım, hər üçümüzün həyatı başqa cür ola bilərdi" sözləriylə özünü qınadı…
"Bəxti qara Gülxaram" deyə keçdiyi ömür yolundan söz açanda həyatının parlaq səhifələrini daha çox yada salmağa çalışırdı. Çətinliklər onsuz da yol oldaşı idi. Opera və Balet Teatrında fəaliyyətə Əsli kimi başlamışdı. O vaxtlar teatrda qızıl bəzək əşyaları olmadığından hər bir sənətçi öz şəxsi əşyalarını taxmalı olurdu. Odur ki, bir həsir, bir məmmədnəsir olan Gülxar xanım ilk günlərdə səhnəyə zinət əşyaları taxmadan çıxır. Teatrın müdiri Hidayətzadə bundan xəbər tutan kimi özünün Yaqo rolunda taxdığı boyunbağını müğənniyə bağışlayır. Üzeyir Hacıbəyovun ömür-gün həmdəmi Mələk xanım da yardımını əsirgəmir. Sonda bu hadisə tamaşaçıların da qulağına çatır. Gənc, istedadlı sənətçinin səsinin heyranlarının teatra bağışladığı zinət əşyaları sayəsində Əslinin səhnə bər-bəzəyi qaydasına düşür.
16-17 yaşlarında Moskvada Stalinlə görüşündən söz açmaqdan da usanmırdı. Təsadüfi görüş Stalinin ömrünün sonuna qədər Gülxar Həsənovanın 500 rubl təqaüd almasına səbəb olmuşdu…
Ağadadaşı itirdikdən sonra fani dünyada ən böyük arzusu oğlunu böyütmək, onun xoşbəxtliyinə sevinmək, dünyadan oğul çiynində köçmək idi. Tanrı ona bu arzu-istəyini də çox gördü. "Bu dünyada yalnız sənin xatirinə yaşayıram. Yoxsa çoxdan buraları tərk emişdim" deyən ciyərparası ondan öncə gəlimli-gedimli dünyanı tərk etdi. Həyatdan və sevgisindən yarımayan anasını xatirələr, dərd-qüssə və divar boyu sıralanmış şəkillərlə baş-başa buraxdı… Teatrda "Şah İsmayıl" tamaşası zamanı səhnə uçarkən yıxılıb ayağını sındırmışdı. Əvvəllər ağrılara birtəhər dözürdü. Hamletinin yoxluğuyla sanki ağrıları da şiddətləndi. "Hamletdən sonra yaşamıram. Hər gün min dəfə ölüb-dirilirəm. Amma neyləyim ki,
Tanrı ölümü də mənə çox görüb" deyə uğursuz ailə həyatında olduğu kimi, alıb-buraxdığı nəfəs üçün də özünü qınayır, ittiham edirdi. Axır ki, ötən ilin martında Tanrı ona arzusunda olduğu ölümü bəxş etdi. Bir an belə yadından çıxarmayıb, hər axşam ruhlarına dua oxuduğu doğmalarına qovuşdu….
Ötən il olduğu kimi, bu il də dekabrın 10-da yeraltı məkanda ölümünə yaşamından daha çox sevinən bir qadının doğum günü qeyd edildi. Sağlığında bu tarixi qeyd etməyi heç sevməzdi. Süfrə arxasında öncə ömür-gün həmdəminin, onun ardınca da oğlunun boş qalmış kürsüsünü görmək ona ölümdən betər gəlirdi. Artıq iki ildir ki, boş qalmış kürsülərin sahibləri öz yerlərini tutublar…

Xazar.-2006.-23 dekabr.-S.16.