Teatrların fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırılır

 

Dekabrın 25-də Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının növbəti iclası keçirildi. "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə edildi.
Komissiya sədri Nizami Cəfərov bildirdi ki, sənədin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən ayrı-ayrı maddələrə dair verilən konstruktiv təkliflər nəzərə alınmışdır. Layihənin əsas anlayışlar, teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri, teatrların şəxsi simvolika hüququ, teatrların vəzifələrindən bəhs edən maddələrdə dəyişiklik edilmiş, bəzi bəndlər layihədən çıxarılmışdır. N.Cəfərovun sözlərinə görə, bu qanun teatr tamaşalarının hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcək, teatr fəaliyyətinin hüquqi əsaslarını və teatrlara dövlət qayğısının formalarını müəyyən edəcəkdir.
Müzakirələr zamanı deputat Rafael Hüseynov təklif etdi ki, teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsiplərindən bəhs edən maddədən "istedadın milli sərvət kimi tanınması və onun gerçəkləşməsi üçün şəraitin yaradılması" bəndi çıxarılsın. Deputat fikrini onunla əsaslandırdı ki, dövlət tərəfindən istedadlı gənclərə bütün zəruri şərait yaradılır və bu məsələnin layihədə göstərilməsinə ehtiyac yoxdur.
Deputat Vaqif Səmədoğlu teatrların vəzifələrindən bəhs edən maddədə afişada nümayiş etdirilən tamaşa ilə yanaşı, yaş kateqoriyaları barədə də məlumatın əks etdirilməsini təklif etdi.
Sonda qanun layihəsinə dair verilən təkliflər də nəzərə alınmaqla sənəd müzakirə edilmək üçün Milli Məclisə tövsiyə edildi.

 

Azərbaycan.-2006.-26 dekabr.-S.4.