Fələklər yandı ahimdən

 

Dahi Füzulinin gəncliyindən bəhs edən "Füzuli Əsmər" tamaşasının əsas ideyasını gözəlliklə təmas təşkil edir

Bir neçə gün əvvəl Akademik Milli Dram Teatrında Mirmehdi Seyidzadənin "Füzuli Əsmər" adlı ikihissəli mənzum məhəbbət dramının tamaşası oldu. Əslində bu, müəllifin bir neçə əsərinin məzmunundan doğan romantik bir addır. Tamaşanın proyektinin müəllifi teatrın direktoru Maqbet Bünyadov deyir ki, bir müddət əvvəl M.Seyidzadənin dahi Füzulinin gənclik dövründən bəhs edən əsəri teatrın diqqətini cəlb edib. Həmin əsərin motivləri əsasında "Füzuli Əsmər" adlı iki hissəli mənzum məhəbbət dramı belə yaranıb. Teatr redaksiyasında müəllifin "Şairin gəncliyi", "Sevgililər" "Ayaz" mənzum dramlarından istifadə edilib: "Tamaşanın əsas ideyasını gözəlliklə təmas təşkil edir.

Füzulinin həyatında baş verən ziddiyyətlərlə yanaşı süjetin əsas məğzini saf, ülvi məhəbbət mövzusu təşkil edir. Füzuli sanki özünün məşhur "Leyli Məcnun"unun iştirakçısı olub. Yəni böyük Məcnunun məhəbbətini özü yaşayıb. Məhz Məcnun məhəbbətini könlündə daşıyan, bu hisslərlə təmasda olan Füzuli göylərə xas olan ülvi bir məhəbbət macərasını yazıb insanlara ərmağan edə bilərdi".

Tamaşanın quruluşçu rejissoru, səhnə redaksiyasının müəllifi, teatrın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov bu qənaətdədir ki, əsərin adı təsadüfi seçilməyib: "Mən əminəm ki, Füzuli real həyatda ilahi eşq yaşamasaydı, "Leyli Məcnun" kimi dahiyanə əsər yaranmazdı. Tamaşa şairin ömrünün Bağdad mərhələsindən bəhs edir. Təəssüf ki, hazırda əruz vəznində yazılan yüksək poeziya nümunələri yoxa çıxmaq təhlükəsilə üz-üzədir. Bizim müqəddəs vəzifəmiz bu poeziya incilərini müasir texnoloji əsrimizdə tamaşaçılarımıza çatdırmaqdır. Teatrın ali məqsədi insanları mənəvi cəhətdən zəniginləşirməkdir. İnsanlar bilməlidirlər ki, əsl sevgi necə olur".

Rolları Füzuli Hüseynov (Füzuli), əməkdar artist Mehriban Zəki (Əsmər), xalq artistləri Hacı İsmayılov İlham Əsgərov (Həbibi), əməkdar artist Sabir Məmmədov (Vali), Almaz Amanova (Gövhər), Dilarə Həzərova Şəhla Əliqızı (Zivər), Ləman İmanova (Könül), Ziba Ramazanova (Sevinc), əməkdar artist Əli Hur (Şahi), əməkdar artist Kazım Abdullayev (Pənahi), xalq artisti Rafiq Əzimov (Şeyx Əfəndi), əməkdar artist Əjdər Həmidov (Əmir), əməkdar artist Pərviz Bağırov (Əbunəvvas), Sərdar Rüstəmov (İbrahim) Elnar Qarayev (Qasid) ifa edirlər.

Səhnədə Bağdad həyatı canlanır. Gənc Füzuli çox kədərlidir. Dövrünün şairləri arasındadır. Lakin o, həmin şairlərlə ruh birliyində deyil. Bu, elə əvvəlcədən Füzulinin dövründən üstün olduğuna bir işarədir. Buradaca şair özünün məşhur "Məni candan usandırdı" adlı qəzəlini söyləyir. Digər bir qəzəl isə onu bu andan sonra sevəcək Əsmərin dilindən ("Pəmbeyi-daği-cünun içrə nihandır bədənim") səslənir. Bura Əsmərin atası Həbibinin evidir. Füzuli ondan bir içim su istəyir. Bu, əslində eşq şərbətidir ki, o, Əsmərin əlindən alaraq içir. Elə ilk baxışdanca Əsmər tamaşaçıda milli ruhu bütün varlığı ilə qoruyan, dəyərləndirən, şeirə məftun bir qız təəssüratı yaradır. Əsmər qarşısındakı gəncin Füzuli olduğunu bilincə heyrətlənir, onun qəzəllərinin az qala dəlisi olduğunu bildirir. Füzuli təvazökarlıq edir, lakin onun şairlik qüdrətinə çox inandığı sonrakı səhnələrdən açıq-aydın görünür.

Yaşlı Həbibinin gənc Füzulinin ilahi təbini təqdir etməsi elə-belə deyil. Əsmərin atası oxumaq, təhsil almaq üçün Bağdada gələndə burada qalıb, o, da burada dünyaya gözünü açıb. Lakin əslən Şirvandan olan bu gözəl xəyalən haqqında eşitdiyi ata-baba yurdunun həsrətilə yaşayır. Füzuli nəsillikcə İraqa köç etmiş Azərbaycan türklərinin soyundandır. Onun da atası gəncliyində qürbətə düşüb, cavankən ölüb.

Həbibinin evində təşkil olunmuş şeir məclisi başlanğıcda Füzulinin qüdrətini təsəvvür etməyə imkan verir. Gənc Füzuli hədsiz vəcdli, həm idraklıdır. Elə ilk görüşdəncə o dövrün məşhur şairi hesab olunan Şahi onun dediklərini tutuquşu kimi təkrar edən Pənahi Füzuliyə qarşı birləşirlər. Onlar üçün şairlik yaxşıca gəlir mənbəyidir: əgər işlərinin yaxşı getməyini istəyirsənsə, gərək məddahlıq edəsən. Lakin Füzulinin ruhunda məddahlığa yer yoxdur. Onun hər sözü zamançı şairlərin bağrını ox kimi dəlir, nəfəslərini kəsir. Füzulinin aləmində Şahi kimi şairlər "kor yapalaqdır".

Gənc Füzulinin ana dilində əsərlər yaratması, püxtələşməsi Əsmərə olan sevgisindən qaynaqlanır: Əsmər Füzulinin farsca yazdığı şeiri oxuyur, ərklə ondan ana dilində şeir gözlədiyini bildirir. Əsmər hesab edir ki, Füzuli ana layasıtək aydın, duru, daha gözəl qəzəllər yaza bilər.

Hövbəti səhnələrdə Valinin Füzulini məhv etməsi üçün planlar qurması, məddah şahilərin bu işdə Valiyə kömək etmələri tamaşaçıda Füzuli aqibətinə qarşısıalınmaz bir sayğı narahatlıq yaradır. Valinin əlində imkanı olsaydı, Füzulini çoxdan məhv etdirərdi. Edə bilmir, çünki Sultan Süleyman ona 9 ağça təqaüd təyin edib. Bu, Füzulinin qüdrətinin məşhurluğuna işarədir. Buradaca Füzulinin məşhur "Padişahi- mülk" qitəsini deməsi yerinə düşür. O, bu qitədə hakimiyyətlərin gəldi-gedərliyi, böyük insani əməllərin isə əbədiyaşarlığını ifadə edir. Lakin onun ilahi təbi valini məddah şairləri daim qorxudur. Valinin gücü ona çatır ki, Füzuliyə veriləcək təqaüdü kəssin, həmçinin Əsmərini əlindən alsın. Həmişə həqiqətçilər təkdir. Onları heç zamanlarında anlamazlar. Məddah şairlər gecə-gündüz "Ey şöhrəti-vali, ey şöhrəti-ali" deyə oxuyurlar. Hətta Vali Əsmərin əlilə zəhərlənib öldükdən sonra da oxumalarında davam edirlər. Çünki məddahların sevgisi insana deyil, mənsəbə, vardiata, şöhrətədir. Bu səbəbdən məddahların əqidəsi olmaz.

Elə buradaca qeyd etmək lazımdır ki, Valini ödürəcəyi təqdirdə rastlaşacağı təhlükələri gözünün altına alan Əsməri biz sonrakı səhnələrdə azadlıqda görürük. O, bu riski sevdiynə görə atır. Hər halda tamaşanın ilahi məzmunu belə məqamları unutdurur. Tamaşaçı hiss edir ki, bütün hallarda əsas məqsəd Füzulinin zamandan, mühitdən üstünlüyünü nəzərə çarpdırmaqdır. Əslində Füzuli faciəvi göründüyü dərəcədə xoşbəxtdir. Çünki 500 ildən çoxdur ki, dövründən üstünlüyünü sübut edərək var olmaqdadır.

Sonrakı səhnələrdə Füzulinin şöhrəti artdıqca Şahi kimilərin onu məhv etmək üçün müxtəlif planlar qurması təsvir olunur. Lakin həmişə yaxşı adamlar tapılır. Əbunəvvas Füzulinin həyatını xilas edən obraz kimi yaddaşlarda qalır. Kənddə yaşamağa məcbur olan Füzulinin vali əmirlə görüş səhnəsində şairin əsərlərindən güc alıb haqsızlığa qarşı duran insanların əhvalının hakimiyyəti qorxutması ifadəsini tapır. Füzulinin Əsmərlə xəyali söhbəti şairin eşqində Məcnun olmasından xəbər verir. İndi o, daha döyüşkən ruhlu vəcdlidir. Tamaşanın sonunda Cahangir Cahangirovun "Füzuli" kantatasından Şövkət Ələkbərovanın ifasında məşhur "Məni candan usandırdı" səslənir. Tamaşanın əvvəlində olduğu kimi yenə səhnə bu səsin duruşundadır. Füzuli hadisələrin mərkəzindədir. İştirakçılar qeybdən şam alır, şairin başına fırlanırlar. Bu, əslində şam deyil, Füzuli ruhunun işığıdır. Səhnənin mərkəzində göydən haləvari ağappaq örtük Füzulinin üzərinə enir. Bu, onun əbədiyyət timsallı olmasını ifadə edir. Tamaşadan çıxan nəticə budur ki, zaman səviyyəsində olan bütün əməllər ölüb gedir, həmin dövrdən, dövrandan bircə Füzuli qalır.

Tamaşanın yaradıcı heyətini təbrik edirik.

 

Xalq cəhbəsi.-2006.-19 dekabr.-S.15.