Xəlilzadə Flora
Sənət
xəzinəsinin parlaq incisi
Mədəniyyət
tariximizi fədakarlığı, can yanğısı,
zəhmət və istedadı ilə
zənginləşdirən, teatr sənətinin
inkişafında xüsusi əməyi olan xalq artisti
Həsənağa Salayevi 25 ildir ki, yeni obrazların
yaradıcısı kimi görmürük. Lentlərin
yaddaşında qalmış yadigar səslər,
müxtəlif xarakterli obrazların surətləri bu
görkəmli səhnə ustasının
peşəkarlığından, istedadından,
bənzərsizliyindən xəbər verir. Cəmi 60 il
ömür sürmüş müqtədir
sənətkarın bu ay 85 yaşı tamam olur.
Həsənağa Salayevin yaratdığı müxtəlif
xarakterli obrazlar haqqında ancaq müasirlərinin
xatirələrindən, teatrşünasların
resenziyalarından xəbər tutmaq olur. Həsənağa
Salayevi səhnədə görənlər bilirlər ki, o,
sənət fədaisi idi. Mədəniyyət
və incəsənət xadimi, görkəmli rejissor, pedaqoq
və professor Mehdi Məmmədov həmişə
Həsənağa Salayevin yaradıcılığını,
onun aktyorluğunu yüksək qiymətləndirərdi:
"Əgər tamaşada Həsənağa Salayev
oynayırdısa, o gün tamaşaçılar
arasında mütləq qeyri-adi bir təlatüm
olardı". Tənqidçi Məsud Əlioğlu
yazırdı: "Həsənağa Salayev
səhnəni Tanrısı qədər sevən, milli
teatrı xalqa xidmət edən sənət kimi
möhkəmləndirib yüksək səviyyəyə
çatdırmaq eşqi ilə çırpınan
peşəkar və daim coşqun fəaliyyətdə olan
mübariz aktyordur".
Həsənağa Salayev 1921-ci il dekabrın 5-də Bakıda
anadan olmuşdur. Əvvəlcə teatr texnikumunda oxumuşdur.
Hələ tələbə ikən tədris
tamaşalarında həvəslə iştirak edər, klassik
dramaturqların əsərlərində müxtəlif rollar
yaradardı. Ötən əsrin 30-cu illərində
Azərbaycan teatrında artıq möhtəşəm bir
aktyor dəstəsi fəaliyyət göstərirdi: Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyyə
Davudova, Sona Hacıyeva, Mustafa Mərdanov, Rza Təhmasib,
Kazım Ziya, Rza Əfqanlı və onlarca başqaları. Bu
cür istedadlı bir aktyor ansamblının
içərisində yaradıcılığa başlamaq
nə qədər maraqlı, iftixar doğuracaq hadisə
idisə, bir o qədər də böyük
məsuliyyət demək idi. Çünki bu
sənətkarların ziyası səhnəni
alovlandırırdı. İstedadlı olmalıydın ki,
sən də ora öz yanğını qoya biləsən. Həsənağa elə gənclik illərindən
ürəyində səhnəyə, teatra səngiməz bir
məhəbbət yaşadırdı. Bu səbəbdən
də korifeylərlə bir sırada mətin addımlamaq onun
üçün çətin olmadı.
Həsənağa Salayev 1938-ci ildə Azərbaycan
Dövlət Dram Teatrında işləməyə
başlayıb. Çalışqanlığı, teatra
müqəddəs bir məbəd kimi baxması, yorulmaq
bilmədən öz üzərində işləməsi
bəhrəsini verdi. Səhnədə ilk rolu S.Vurğunun
"Xanlar" pyesinin tamaşasındakı jandarm olub.
Tamaşada tərəf-müqabili görkəmli səhnə
ustası Mərziyyə Davudova idi. Mərziyyə xanım
Həsənağanın rolunu bəyənərək
demişdir: "Sən bu rolu elə gözəl oynadın,
mən səhnədə özümü əsil jandarm
qarşısında hiss edirdim. İnanıram ki, sən
yaxşı artist olacaqsan". Həqiqətən də
böyük sənətə gedən bu ilk cığırın
nəticəsi uğurlu oldu. Həsənağa Salayev həm
rejissorlar, həm də tamaşaçılar
tərəfindən bəyənildi.
Həsənağa Salayevin sonrakı yolları İkinci
Dünya müharibəsinin qanlı-qadalı
günlərindən keçdi. Qələbədən sonra
yenidən doğma kollektivə qayıtdı. O dövrdə
dövlət tərəfindən bir qərar qəbul
edilmişdi: "Dram teatrlarının repertuarı və onu
yaxşılaşdırmaq tədbirləri haqqında".
Həmin qərarda dramaturqların qarşısında bir
vəzifə olaraq belə bir məsələ qoyulurdu ki, sovet
adamı haqqında parlaq, bədii cəhətdən tam dəyərli
əsərlər yaratmaq. Bu qərarın
nəticəsi öz əks-sədasını tapdı.
Həsənağa Salayev səhnədə onlarla
müxtəlif xarakterli obrazlar yaratdı. Klassik dramaturgiya
ilə yanaşı, müasirlərin də
əsərlərində təqdim etdiyi rollar həm
həmkarları, həm də sənətsevərlər
tərəfindən rəğbətlə
qarşılandı. Həsənağa Salayevin bir aktyor kimi
yetişməsində teatrın rejissorlarından xalq
artistləri Adil İsgəndərovun, Mehdi Məmmədovun,
Ələsgər Şərifovun, əməkdar
incəsənət xadimi Tofiq Kazımovun və
başqalarının böyük əməyi olmuşdur.
Həsənağa Salayev dolğun, psixoloji xarakterə malik
mürəkkəb obrazları müvəffəqiyyətlə
yaradırdı. Onun rolları heç vaxt bir-birinə
bənzəməzdi. Xüsusilə də C.Cabbarlının,
H.Cavidin, S.Vurğunun, M.Hüseynin, M.İbrahimovun tamaşaya
qoyulmuş əsərlərində Həsənağa Salayev
özünəməxsus artistlik məharətini bütün
varlığı ilə aça bilirdi.
Teatr tarixindən bəllidir ki, bir sıra rollara yalnız
öz möhürünü vurmuş bənzərsiz aktyorlar
var. Məsələn, Ələsgər Ələkbərovun
yaratdığı Vaqif, Sidqi Ruhullanın Qacarı, Abbas
Mirzə Şərifzadənin İblisi
əvəzedilməzdir. Onların yaratdıqları bu obrazlar
indi də bir örnəkdir. Həsənağa Salayev ikinci
olaraq Vaqifi, Qacarı özünəməxsus
məharətlə tamaşaçılara təqdim edə
bildi.
Böyük türk şairi Nazim Hikmət Azərbaycanda
olarkən Milli Dram Teatrında müəllifin
"Şöhrət və ya unudulan adam" əsəri
tamaşaçılara göstərildi. Həsənağa
Salayev də həmin tamaşada iştirak edirdi. Onun
yaratdığı Doktor obrazı bütün salonu
heyrətə gətirmişdi. Bu obraz
haqqında Mehdi Məmmədov yazırdı: "Əgər
hər hansı bir aktyor desəydi ki, mən səhnədə
Hamlet obrazını yaratmışam, ona belə cavab
verərdim: kaş mən də Həsənağa Salayev kimi
Doktor obrazını oynamış olaydım".
Böyük zəhmətlə, sönməz
ilhamla Həsənağa Salayevin yaratdığı
obrazların hamısı bir-birindən maraqlı və
uğurlu alınırdı. O, əsil teatr ustası kimi
səhnədə şam təki yanaraq
tamaşaçının qəlbinə işıq
saçırdı. Yaratdığı obrazlara qəribə
bir cazibə qüvvəsi gətirirdi. Bu surətlər
tamaşaçının qəlbində uzun müddət
yaşayırdı. Həsənağanın "Oqtay
Eloğlu" (C.Cabbarlı) tamaşasında yaratdığı
baş qəhrəman haqqında uzun illər mətbuatda
müxtəlif fikirlər səsləndi. Səhnə
fədaisinin yaratdığı monumental obraz bu günə
kimi əvəzedilməz olaraq qalmaqdadır. Oqtay obrazı
Həsənağa Salayevin yaradıcılığında
sənət qələbəsi oldu.
O, teatrla yanaşı, kino sahəsində də
çalışırdı. "Azərbaycanfilm"
kinostudiyasının çəkdiyi "Fətəli xan"
(1947), "Görüş" (1955), "O olmasın, bu
olsun" (1957), "Onu bağışlamaq olarmı?"
(1959), "İstintaq davam edir" (1966) bədii
filmlərində yaratdığı Süleyman, Musa,
Əzimzadə, Qüdrət, mayor Rüstəmov kimi
müxtəlif taleli obrazlar kinosevərlərin
yadındadır. Bu gün də həmin
filmlərə maraqla baxılır, Həsənağa Salayevin
sirayətedici səsi, cazibəli qaməti, müxtəlif
jestləri, tamaşaçıda xoş ovqat yaratmaqdadır.
"İstintaq davam edir" bədii filmində
Həsənağa Salayev həm baş rolda oynayıb, həm
də bu ekran əsərinin rejissoru olub. 1961-ci ildə
ilk dəfə olaraq Azərbaycanda bədii televiziya filmi
çəkildi. S.Vurğunun "Aygün" poeması
əsasında çəkilmiş eyni adlı filmdə Əmirxan
obrazının yaradıcısı da Həsənağa
Salayev olub. O, bu obrazın daxili sarsıntılarını,
ziddiyyətini, çaşqınlığını olduqca
təbii oynaya bilmişdi. "Azərbaycanfilm"
kinostudiyasının bədii şurasının uzun
müddət üzvü olmuş Həsənağa Salayev
xarici dillərdən tərcümə edilmiş filmlərin
Azərbaycan dilində səsləndirilməsində də
iştirak etmişdir. Onun repertuarı həmişə
rəngarəng idi. İstər televiziyada, istərsə
də radio tamaşalarında saysız-hesabsız rollar
yaratmışdır. Xüsusilə də
İ.Şıxlının "Dəli Kür" romanı
üzrə səhnələşdirilmiş radio
tamaşasında Həsənağa Salayevin təqdim etdiyi
Cahandar ağa obrazı böyük şöhrət qazandı.
Həsənağa Salayevin səsindəki amiranəlik,
mətinlik, qətiyyətlilik əsil bəy, xan xarakterinin
açılmasına kömək edirdi.
Həsənağa Salayevi təkcə Azərbaycanda deyil,
keçmiş SSRİ-nin bütün müttəfiq
respublikalarında yaxşı tanıyırdılar. Oynadığı rollara görə hətta
qastrollara getdiyi yerlərin mükafatlarını
alırdı.
Ümumiyyətlə, Həsənağa Salayevin teatrın
inkişafındakı xidmətləri yetərincə
qiymətləndirilmişdir. 1959-cu ildə əməkdar,
1974-cü ildə xalq artisti fəxri adlarına layiq
görülmüş Həsənağa Salayev məzunu olduğu Azərbaycan Dövlət İncəsənət
İnstitutunda "Səhnə danışığı"
fənnindən dərs deyirdi. Öz zəngin
təcrübəsini gələcək aktyorlara
öyrətməkdən xüsusi zövq alırdı.
Çoxcəhətli yaradıcılığı ilə
müxtəlif səpkili rollar yaradaraq sənət xəzinəmizin
ən parlaq incisinə çevrilmiş Həsənağa
Salayevin fəaliyyəti bütövlükdə bir
örnəkdir. Təəssüf ki, onun teatr
səhnəsində yaratdığı saysız-hesabsız
obrazlar lentə alınmayıb. Amma bədii filmlərdəki
maraqlı obrazları bu istedadlı və əsil sənət
fədaisi olmuş Həsənağa Salayevin aktyorluq
məharətindən az da olsa məlumat verir. Belə
sənətkarları unutmamaq və daim yaşatmaq
üçün incəsənət, mədəniyyət
ocaqlarında onun adı ilə bağlı müxtəlif
tədbirlər, müsabiqələr keçirmək,
müasirlərinin tədqiqatlarını yenidən çap
edib gələcək aktyorlara çatdırmaq çox
gərəkdir. Səhnəyə ilk dəfə
gələrkən korifeylərin əhatəsinə
düşmüş bu istedadlı aktyor məhz zəhməti
və çalışqanlığı sayəsində
özü də müqtədir sənətkara çevrildi.
Azərbaycan.-2006.- 5
dekabr.-S.7.