Mehdixanlı Telman

Alqışlanan, sevilən sənətkar

 

Milli teatrımızın inkişafında xidmətləri olanlardan biri də xarakterik rolların mahir ifaçısı, xalq artisti Ramiz Ağarza oğlu Məlikovdur. O, klassik çağdaş dramaturqların əsərlərində yaratdığı obrazların müxtəlif etik münasibətlərini, insanlarla ünsiyyətlərini reallıqla canlandırır. Professor İlham Rəhimlinin dediyi kimi, bəzən onun ekranda, səhnə görünüşündə, biganəlik, soyuqluq duyulur. Lakin bu elementlər ötəri olur. Həqiqətdə isə o, romantik, realist, lirik səciyyəli psixoloji obrazları ustalıqla təqdim edir. Oynadığı rolların taleyini səmimi, inandırıcı formada seyirçilərə çatdırır.
Ramiz İkinci Dünya müharibəsinin dəhşətli günlərində dünyaya göz açıb. Bu, elə bir ərəfə idi ki, qorxudan insanların bir gözü gülür, digəri ağlayırdı. Valideynləri ilə birgə o da zülm, zillət gördü. İllər ötüb keçdi. İndiki Yasamal rayonundakı 31 saylı orta məktəbi bitirdi. İki il həmin təhsil ocağında pioner baş dəstə rəhbəri işlədi.
Sonra Azərbaycan Dövlət Teatr İnstitutunun dram kino aktyorluğu fakültəsinə daxil oldu. Kino-səhnə sənətimizin korifeyləri Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs aldı, sənətin incəliklərini öyrəndi. Ali təhsilini başa vurmaq ərəfəsində - 1967-ci ilin əvvəllərində onu tələbə yoldaşları ilə birgə İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərdilər. Bu teatr ermənilərin vəhşi xislətindən uzun illər didərgin taleyi yaşayıb. Teatr yenidən fəaliyyətə başlayanda ilk dəfə C.Cabbarlının "Sevil" pyesi oynanıldı. Ramiz Balaş obrazında səhnəyə çıxdı.
Bir neçə aydan sonra Bakıya qayıdanda ona etimad göstərib Akademik Milli Dram Teatrında işə qəbul etdilər. Müxtəlif rollarda səhnəyə çıxdı, eyni zamanda, rejissor köməkçisi kimi Əkrəm Əylislinin "Yastı təpə", İlyas Əfəndiyevin "Xurşud banu Natəvan" başqa tamaşalarda quruluşçu rejissorlar T.Kazımov, M.Fərzəlibəyovla birgə çalışdı.
R.Məlikovun yaratdığı obrazlar qalereyası yaxşı mənada sən
ətsevərləri heyrətləndirir. O, teatrda 70-ə yaxın rol oynayıb. Təbii ki, onların biri digərinə bənzəmir. Elə bunun üçün tamaşaçı düşünür: axı aktyor bu qədər xarakterlərin açılmasına, sevilməsinə necə nail olur? Sualın cavabı birmənalıdır: zəhmət çəkir, bəhrəsini görür. O, səhnəyə ürəkdən, qəlbən bağlandığı üçün əzablara, əziyyətlərə qatlaşır, axtarışlar aparır, mövzuya uyğun çoxlu mütaliə edir. Məşqlər zamanı özünün təkliflərini, arzularını bildirir. Nəticədə isə oynadağı rollar istər məna-məzmununa, istərsə səs tembrinə, sifət mimikalarına, səhnə jestlərinə görə maraqla baxılır, yaddaşlarda qalır. Onun yaratdığı Barat ("Almaz"- C.Cabbarlı), Dəyanət ("Fərhad" -B.Vahabzadə), Toğrul ("Atabəylər" - N.Həsənzadə), Katib ("Gecə döyülən qapılar" - N.Xəzri), Don Juan ("Heç nədən hay-küy" - V.Şekspir), Teymur ("Yastı təpə" - Ə.Əylisli) onlarla başqa obrazlar milli teatrımızın tarixinə yazılıb. Əməyi vaxtaşırı qiymətləndirilib. 24 il əvvəl respublikanın əməkdar artisti fəxri adını alıb. Görkəmli teatr xadimi, pedaqoq, rejissor Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasında Arif roluna görə respublika Dövlət mükafatına layiq görülüb.
Ramiz unudulmaz dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" (leytenant), "Qəribə oğlan" (Barat), "Xurşud banu Natəvan" (Mikaylov), "Sevgililərin cəhənnəmdə vüsalı" (Mayis) səhnə əsərlərində elə məharətlə, həvəslə oynayıb ki, onun ifa etdiyi rollar barədə teatrşünaslar xeyli müddət müzakirələr aparıblar. Onlar aktyorun fəaliyyətini yüksək qiymətləndiriblər.


İstedadlı aktyor teatrdan ayrılmadan xeyli ekran əsərlərinə çəkilib. Onun Azərbaycan Dövlət Televiziyasında lentə alınan Bəhruz (Ə.Məmmədxanlı -"Şərqin səhəri"), Ədalət (N.Həsənzadə - "Kimin sualı var?"), Adil (Ə.Hacızadə -"İnanmırsansa..."), gürcü dramaturqu M.Cavaxaşvilinin "Günahsız Mustafa" teletamaşasındakı Şakro rolları yaddaqalımlıdır.
Səkkiz il əvvəl xalq artisti fəxri adına layiq görülmüş R.Məlikov yaşının ixtiyar çağına çatsa da, yenə gənclik həvəsi ilə səhnəyə çıxır, müxtəlif ekran çəkilişlərində fəal iştirak edir.


 Azərbaycan.-2006.-14 dekabr.-S.7.