Yaxud üç əsər bir tamaşada
Bazar günü Akademik
Milli Dram Teatrında iki hissəli məhəbbət faciəsi
"Misir gecələri"nin növbəti tamaşası
oldu. İki ilə
yaxın bir müddətdə teatrın
repertuarında müvəffəqiyyətlə
qalan tamaşaya baxmaq üçün xeyli adam gəlmişdi.
Tamaşada Məmməd
Səid Ordubadinin
"Sevgililər", Nazim
Hikmətin "Yusif və Züleyxa" və Vilyam Şekspirin "Antoni və Kleopatra" əsərlərindən istifadə
olunub. Tamaşanın
quruluşçu rejissoru
və səhnə redaksiyasının müəllifi
xalq artisti Mərahim Fərzəlibəyov,
rəssamı xalq rəssamı Rafis İsmayılov, modelçi
rəssam Zemfira Qurbanova, rejissor assisenti Əli Nurdur.
Birinci hissədə "Sevgililər" və
"Yusif və Züleyxa"nın rejissor görümündə
ümumi məzmunu ifadə edilib. Rolları xalq artisti Məleykə Əsədova (Züleyxa),
Füzuli Hüseynov (Yusif), əməkdar artist Əli Nur (Potifar), əməkdar artist Sevinc Əliyeva (Todexina), əməkdar artist Elxan Quliyev
(Zindaşbaşı), Ziba
Ramazanova (Tutamazisi) ifa edirdilər.
Səhnə hər iki tərəfdən tamaşaçını ilk
baxışdan ovsunlayan
əfsanəvi, rəmzi
göz obrazı ilə diqqəti cəlb edirdi. Qara rəng tamaşa boyunca səhnədə aparıcıdır.
Qara ipək pərdənin üzərini
qara tor örtüb. Pərdə açılır; hələ
tor yerindədir. Səhnənin mərkəzində
- səmada sayrışan
ulduzlu gecə təsvir olunub. Bəli, bura Misirdir. Burada əfsanəvi bir hadisənin təcəssümü
ifadəsini tapır. Azərbaycan oxucusuna "Yusif və Züleyxa"
mövzusu müxtəlif
variasiyalarda, yəni həm din tarixindən,
həm də ədəbiyyat tarixindən
bu və ya digər şəkildə
ona aydındır. Səhnədə şahanə
libaslı Züleyxa görünür. O, hədsiz
işvəli, ehtiraslıdır.
"Eşqsiz həyat
heç nədir"-
deyən Züleyxa çaşqın, az qala başını itirmiş vəziyyətdə
olan Yusifə dəlisov eşqini bəyan edərək cavab gözləyir. Lakin Yusif ona
müsbət cavab vermək iqtidarında deyil. O, ağasına sadiqdir. Züleyxa Yusifi onun dəli
sevgisinə cavab verməməsi səbəbindən
şərləyib zindana
saldırır. Tamaşanın
başlanğıcından ayrı-ayrı məqamları ifadə edən musiqi həm coşğun, həm də həzindir. Yusif zindan- quyudadır. Züleyxa öz hökmünü yeritmək
istəyir, həm də Yusifin eşqindən dəli-divanədir. Zindanbaşı
gəlir, Yusifi ürəyi yana-yana zindandan çıxarır.
O, Züleyxanı "şəhvətdən
gözləri kor olmuş qadın" kimi tanıyır. Tamaşaçı isə
Züleyxanı deyildiyi
kimi tanıya bilmir. Düzdür, o, Yusifə qarşı çox acıqlıdır. Lakin məlum olur ki, Züleyxanın məqsədi Yusif tərəfindən dəlicəsinə
sevilməkdir. O, Yusifin
bircə "sevirəm"
sözünə bütün
Misiri qurban verməyə hazırdır.
Züleyxa Yusifi döydürməyə məcburdur
ki, səsini eşitsin; o zaman bəlkə atəşlə yanan qəlbini Yusifin əzablı səsi ovuda bilər. Züleyxa tam əmindir ki, bu, Yusifə nifrətdən yox, sevgidəndir. Çünki
Yusifin timsalında Allahın ona qeyri-adi bir sevgi
göndərdiyinə əmindir.
O, bir qadın olaraq bakirəliyini məhz Yusif üçün qoruyub. Budur, Yusif döyülür,
zindan saraya yaxın olduğundan səsi aydınca eşidilir. Lakin bir neçə qamçıdan sonra onun döyülməsinə
Züleyxanın ürəyi
dözmür.
Misir fironu kahinlərdən
öyrənir ki, onun sirli yuxusunu
yalnız Yusif yoza bilər. Yusif onun yuxusunu
yozur və Misir fironundan sonra ölkənin ikinci səlahiyyətli şəxsi olur. O, beş ildən sonra hər adamın bəxtinə düşməyən hakimiyyətə
çatıb. Artıq
Yusif kölə deyil. Bu müddətdə
Züleyxa ona "bir salxım belə üzüm göndərməyib". Artıq
Yusif əvvəlki deyil. Budur, fironun
baş vəziri Potefar fironun hökmünü Yusifə
çatdırır. Hökmdən
sonra sifəti bir anda hakimiyyətçilik
ehtirası ilə coşub-daşan Yusifin obrazını F.Hüseynov
məharətlə canlandıra
bilib. Artıq o, Yusif deyil,
Safenat Raneahdır. İndi Yusifin bir sözü ilə minlərlə insanın taleyi həll olunur. O, Misirdə istədiyini etməyə qadirdir. Lakin Yusif Züleyxanın
ilahi sevgisindən məhrumdur. İndi əvvəlki sirli-sehrli
"Yusif-Züleyxa" dastanı
yoxdur. Züleyxa artıq yaşlaşıb.
Onun üçün atlı-arabalı Yusif yoxdur. O, xəyalındakı Yusifi
firondan sonra Misirdə ikinci adam olmuş şəxsin sifətində
axtarmaq istəyir, amma tapa bilmir.
Züleyxa üçün
Yusifin bu halı heç nə demir. Çünki Yusif əslində fironun köləsidir. Yusifi danışdıran, Züleyxanın
yanına gətirən
onun ilahi eşqi deyil, hakimiyyətidir. Yusif Züleyxanı heç nə ilə heyrətləndirə bilmir.
Züleyxa heç vəchlə "fironun köləsinə" tabe
olmaq fikrində deyil. Hətta Yusif Züleyxanı özünə arvad etmək üçün fironun möcüzəvi, sirli yuxusunu da ona açmağa
hazırdır. Lakin Züleyxa qəflətən
şərtini geri götürür. Artıq
sehr-sirr itib. Tamaşaçı Yusifin
qısqanclığını və hökmranlığını
açıq-aydın
görür. Yusif əvvəl onu qul kimi alan
ağasına, indi isə firona sədaqətlidir. Tamaşanın
bu hissəsinin sonunda Züleyxanın özünü öldürməsinin
şahidi oluruq. Yusiflə Züleyxanın
mənəvi vəhdəti
alınmır. Faciəvilik
burada bütün çalarları ilə aydın görünür.
Tamaşanın ikinci hissəsi Şekspirin
"Antoni və Kleopatra" faciəsi əsasında qurulub. Kleopatranı Məleykə
Əsədova, Mark Antonini F.Hüseynov, Oktavi Sezarı Əli Nur, Xarmiyananı
Sevinc Əliyeva, Enobarbı Elxan Quliyev, Demetrini Rövşən Kərimduxt,
Aleksası Kazım Abdullayev, İradanı Ziba Ramazanova ifa edirlər.
Qədim dövrün sirli, əfsunlu, cazibədar obrazlarından
biri kimi incəsənətdə, xüsusən
ədəbiyyatda ifadəsini
tapmış Kleopatra füsunkar obrazı ilə səhnədə görünür. Səhnə
dəyişməyib, yalnız
hadisələrin baş
vermə vaxtı və obrazlar dəyişib. Həm də əvvəlki hadisələrlə indiki
hadisələr arasında
bu və ya digər dərəcədə
oxşarlıqlar var. İnsan özünün qeyri-adi, insani imkanlarını aşkarlaya
bilməməsi səbəbindən
daim təzadlı yaşayır. Hakimiyyət,
qəsbkarlıq, tamahkarlıq
meylləri adamların
yenə də hakimidir. Tamaşanın bu hissəsinin başlanğıcında Misir
gecəsi kimi tünd qara saçlı Kleopatra gəlir. Onun Antoni ilə eşq səhnəsi təsvir olunur. Kleopatra Antonini tək səadəti sayır, eşqində yalan danışmadığını
deyir. Şöhrətli
sərkərdə Antoni
növbəti səhnədə
sərxoşdur. Onun gözlərini şöhrət
qarışıq şəhvət
meyi tutub, məstdir. Antoni günlərini əyləncə
ilə keçirir. Yaxın adamları Demetri və Enobarb onun Sezarla
münasibətlərinin gərginləşməsindən
narahatdırlar. Kleopatranın
daim Antonini öz əlində saxlamaq cəhdləri ara vermir. O, hədsiz məharətlidir:
insan psixologiyasını,
münasibətləri gözəl
bilir. Tamaşanın bu hissəsində musiqi daha coşğundur.
Ümumiyyətlə, "Misir
gecələri"nin
"Antoni və Kleopatra" hissəsi daha coşğun, yaradıcı təsir bağışlayır.
Qəfil qasid xəbər gətirir ki, Antoninin arvadı
Fulviya ölüb. Dünya Antoninin başına dar olur. Kleopatra onun
bu halına inanmaq istəmir. Əsər boyunca Antoninin faciəviliyi bütün çalarları ilə üzə çıxır.
Şanlı-şövkətli sərkərdə həyatı, Kleopatra kimi məşuqə belə ona xoşbəxtlik
gətirmir. Əslində Antoni yolsuzdur, bu səbəbdən də faciəvidir. Sezarla danışıqdan sonra onun bacısını almağa razı olur. Lakin bu izdivac da ona xoşbəxtlik
gətirmir. Bir tərəfdən
də Kleopatra əlindən gələni
edir ki, Antonini itirməsin. Müxtəlif intriqalı məqamlar
baş alıb gedir, biri-birinə zidd siyasi istəklər
alışıb-yanır, son nəticədə sönür.
Möhtəşəm Antoni Kleopatradan ayrı dura bilmir. O, Misirə geri
qayıtmağı qərara
alıb. Lakin Kleopatra başqa
xəbər alıb.
Ona elə gəlir ki, Antoni Sezarın
bacısına möhkəm
vurulub. Sonda aydınlaşdırır ki, Antoni ona
vurula bilməz. Onun təhriki ilə göndərdiyi şəxs
Antoniyə Kleopatranın
özünü öldürdüyünü
xəbər verir.
Bu, artıq Antoninin
ölümünü reallaşdırır.
Artıq
hadisələr kluminasiya
həddindədir. Kleopatra dəlisov
eşqi ucbatından Antonini itirib. Tamaşanın sonunda Antonio həmişəlik
uyuyur. Kleopatra onsuz yaşaya
bilmədiyini dərk edir, zəhər içərək ölür.
Hər ikisinin ölüm səhnəsi çox obrazlı alınıb: qara səhnə daha da qatılaşır, qırmızı libaslı
Antoni və qızılı libaslı
Kleopatra ruhən birləşirlər...
Xalq cəhbəsi.-2006.-12 dekabr.-S.15.