Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri Şəkidə olmuşlar

 

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Riyad ibn Əmin al-Mədəninin basçılıq etdiyi nümayəndə heyəti dekabrın 15-də Şəkidə olmuşdur. Qonaqları Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Tofiq Abdullayev, Krallığın ölkəmizdəki səfiri Əli Həsən Əhməd Cabbar, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri müşayiət edirdilər.

Şəhərlə tanışlıq Şərq memarlığının incilərindən olan Şəki xanlarının sarayından baslandı. Qonaqlar əvvəlcə sarayın həyatında yerli rəqs kollektivlərinin ifasında milli rəqslərə baxdılar, xalq mahnılarını, muğamları dinlədilər, xatirə şəkilləri çəkdirdilər. Sarayla tanışlıq, verilən ətraflı məlumat qonaqların böyük marağına səbəb oldu.

Daha sonra dost ölkənin nümayəndələri Şəki Dövlət Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Tarix-diyarşünaslıq muzeyinə gəldilər. Muzeydə nümayiş etdirilən coxsaylı eksponatlar əsasında qonaqlara bu qədim diyar barədə daha ətraflı məlu­mat verildi.

XVIII əsrə aid memarlıq abidəsi olan Yuxarı Karvansara ilə tanışlıq da böyük maraq doğurdu.

Sonra qonaqlar daglıq ərazidən şəhərin panoramını seyr etdilər, ipək məmulatlarının satıldığı dükan və mağazaları gəzdilər. Cümə məscidində günorta namazı qıldılar.

Səfərin sonunda şəhər rəhbərliyi adından "Şəki Saray" hotelində hörmətli qonaqların şərəfinə ziyafət veril­di, dost ölkənin nümayəndələrinə hədiyyələr təqdim edildi.

Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət və informasiya naziri Riyad ibn Əmin al-Mədəni Şəkiyə səfərlə bağlı təəssüratını bölüşərək dedi:

- Ölkələrimiz arasında bütün sahəlar üzrə əlaqələr çox sürətlə inkisaf edir. Xalqlarımız qədim köklərə malik olan mədəni və dini tellərlə bir-birinə sıx bağlıdır. Son illər Azərbaycanda cox sürətli inkişafın və dirçəlişin sahidi oluruq. Biz öyrənmişik ki, bu inkişaf ilk növbədə, mərhum Prezident Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin coxsahəli səmərəli fəaliyyətlərinin məntiqi nəticəsidir. Sizin çox qədim, zəngin, rəngarəng, eyni zamanda, cox maraqlı mədəniyyətiniz var. Xan sarayı ilə tanışlıq zamanı biz bunun bir daha şahidi olduq. Bu saray böyük sənətkarlıq nümunəsidir.

Ölkələrimizin istər mədəni, istərsə də digər sahələrdə əlaqələrinin gələcəyi çox ümidvericidir. Biz Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməyi düşünürük. İstəyirik ki, 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan mədəniyyəti günlərinin, 2008-ci ildə isə Azərbaycanda Səu­diyyə Ərəbistanı Krallığı mədəniyyəti günlərinin kecirilməsinə nail olaq.

 

Respublika.- 2006.- 16 dekabr.- S.2.