Bakı Dövlət Universitetində alimin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

 

Dekabrın 25-də Bakı Dövlət Universitetində (BDU) görkəmli kitabxanaşünas alim və pedaqoq, tarix elmləri doktoru, əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, professor Abuzər Xələfovun anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Salonda alimin elmi-pedaqoji fəaliyyətini əks etdirən kitab sərgisi təşkil olunmuşdu.
Tanınmış elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, Milli Məclis deputatlarının, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, professor A. Xələfovun geniş elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə kitabxanaçılıq —biblioqrafiya elmlərinin formalaşmasında və inkişafındakı xidmətlərindən danışmış, xoş arzularını bildirmişdir.
Təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, xalq şairi Zəlimxan Yaqub və digər natiqlər də alimin mənalı ömür yolundan, qazandığı nailiyyətlərdən, Bakı Dövlət Universitetində kitabxanaçılıq fakültəsinin yaranmasında, ali kitabxanaçılıq təhsilinin təkmilləşdirilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasındakı mühüm rolundan bəhs etmiş, elmi tədqiqatlarının əhəmiyyətini vurğulamışlar.
Diqqətə çatdırılmışdır ki, professor A. Xələfov kitabxanaşünaslığa aid onlarla monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-dək elmi məqalənin müəllifidir. O, 1961-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1978-ci ildə professor elmi adına layiq görülmüşdür. Professor A. Xələfovu təkcə respublikamızda deyil, bir sıra xarici ölkələrdə də bacarıqlı, istedadlı bir alim kimi tanıyırlar. Tədbirdə alimin “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Kitabxanaşünaslığa giriş” və digər əsərlərinin əhəmiyyəti xüsusi nəzərə çarpdırılmışdır.
Görkəmli alim “Şöhrət” ordeni və digər orden və medallarla təltif olunmuşdur.
Sonda professor A. Xələfov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

 

Xalq qəzeti.-2006.-26 dekabr.-S.5.