İsmayılov X.

 

Görkəmli kitabxanaşünas alim

 

Cəmi bir neçə il bundan əvvəl 2001-ci ilin dekabrında ziyalılar, elm və təhsil  adamları, tələbələr və geniş kitabxana ictimayyəti görkəmli kitabxanaşünas alim, əməkdar elm xadimi, BMT yanında  İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xəlıfovun 70 illik yubileyini respublika

 səviyyəsində çox  böyük təntənə ilə qeyd etdilər. O vaxtdan  keçən bu beş ildə professor A.Xələfov çox mənalı və işgüzar ömür yolu keçmiş,                   

                   pedaqoji, tədris və ictimai həyatda bir çox yeni və uğurlu nailiyyətlər

 əldə etmişdir. Odur ki, respublikamızda özünün dəst-xətti, elmi yaradıcılığı, işgüzarlığı ilə seçilən, başqalarından xüsusilə fərqlənən professor A.Xələfov haqqında düşüncələrimi qələmə almağı özümə borc bildim.

 Abuzər Xələfov Qərbi Azərbaycanın əsrarəngiz gözəlliyi ilə insanları heyran qoyan bir guşəsində—ulu Göyçənin, Göyçə gölünün sinəsində Cil kəndində dünyaya göz açmışdır. Onun doğulduğu ailə bütün Göyçə mahalında tanınan, hörmət edilən Xələfli nəsli, Xələfli ocağı kimi çox məşhur idi. Abuzər müəllimin babası Xələf kişi hələ dövlət qanunlarının lazımi səviyyədə olmadığı bir dövrdə el-obada bütün çətinliklərin, ailə, məişət, torpaq mübahisələrinin nizama salınmasında el ağsaqqalı kimi qəti fikir söyləyər, hamı onunla razılaşar və məsləhətlərini qəbul edərmiş. Abuzər müəllimin atası Alı kişi öz dövrünə görə Xələfli ocaının layiqli davamçısı, ziyalısı və dövlət adamı kimi Göyçə mahalında böyük şöhrət qazanmışdı.

Abuzər Xələfov haqqında çox yazılar dərc olunub, kitablar yazılıb. Bunların hər birində onun haqqında bitkin məlumat verilir. Bu yazını qələmə almaqda əsas məqsədim hörmətli müəllimim, hamımızın ağsaqqalı, Azərbaycanda kitabxanaşunaslıq elmi məktəbinin yaradıcısı, ali kitabxanaçılıq təhsilinin inkişafında sözün əsl mənasında xüsusi xidmətləri olan, onu pərvazlandıran, bu günkü səviyyəyə gətirən, ona sahib duran, yiyəlik edən, hər cür hücumlardan qoruyan 75 yaşlı əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov haqqında ürək sözlərimi bildirməkdir.

Abuzər Xələfov Qərbi Azərbaycanın Toxluca kəndində orta məktəbi bitirdikdan sonra 1950-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. O, elə birinci kursdan universitetin ictimai həyatında fəallıq göstərmiş, əla oxumaqla yanaşı, ictimai işlərdə də yaxından iştirak etmisdir. Tələbəlik illərində o, dərs əlaçısı və ictimaiyyətçi olmaqla yanaşı, kitabxanaşünaslıq və biblioqrafiya ixtisasının təəssübkeşi, öz taleyini bu işə həsr edən bir şəxsiyyət kimi formalaşırdı. Həmin dövrdə filologiya fakültəsində çalışan görkəmli elm adamları ona etibar edir, inanır və gələcəyinə böyük ümidlə baxırdılar. Artıq axırıncı kursda bu ümidlər özünü doğrultdu. Belə ki, Abuzər Xələfov Bakı Dövlət Universitetində müəllim kimi saxlanıldı. Onun çox qayğılı, cətin və işgüzar fəaliyyəti də elə bu işdən başlamışdı.

Kitabxanaçılıq və biblioqrafiya ixtisasının özü respublikamız və təhsil sistemimiz üçün cavan və yeni sahə olduğundan qarşıda çox mühüm vəzifələr dururdu. Bu vəzifələrin ağırlığiı şəxsi bilik, bacarıq və isgüzarlığı ilə fərqlənən, o dövrdə kafedranın gənc müəllimi olan Abuzər Xələfovun üzərinə düşürdü. O, ixtisas fənlərinin tədrisinin təkmilləşdirilməsi, bu sahə üzrə tədqiqat işlərinin aparılması, yeni tədris proqramlarının hazırlanması ilə bağlı məsələlərin həlli üzərində düşünürdü. O, 1961-ci ildə "Azərbaycanda kitabxana işinin tarixindən (1920-1932-ci illər)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

Abuzər müəllimin yüksək elmi ada layiq görülməsi kitabxanaçılıq ixtisasının bünövrəsinin qoyulması kimi qiymətləndirilmişdir. Gənc alim A.Xələfov ilk növbədə ixtisas fənləri üzrə mütəxəssis kadrların işə cəlb olunması sahəsində çox gərgin işə başladı. Elə bunun nəticəsində Kitabxanaçılıq söbəsinin yetirmələrindən bir neçə nəfər, o cümlədən Murad Şəmsizadə, Əşrəf Xələfov, Tacəddin Quliyev və başqaları işə dəvət olundu və 1962-ci ildə BDU-da müstəqil Kitabxanaçılıq fakültəsi yaradıldı. Fakültənin təşkili ilə ilk qayğılar başladı. Əlbəttə, bu qayğıları çəkən fakültənin ilk dekanı və gənc elmlər namizədi Abuzər Xələfov oldu.

50 ildən çoxdur ki, Abuzər müəllim kadr hazırlığı ilə məşguldur. Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə kadr hazırlığı onun gərgin zəhməti və səmərəli fəaliyyəti sayəsində formalaşaraq bu günkü səviyyəyə gəlib çatmışdır. Ona görə də A.Xələfovu hansısa bu sahənin canlı salnaməsi hesab edirlər. Fakultənin elmi-tədqiqat, tədris, pedaqoji işi birbaşa onun təşkilatçılığı və rəhbərliyi ilə formalaşmışdır.

Abuzər Xələfov 1962-ci ildən kitabxanaçılıq fakultəsinin dekanı, 1963-cü ildən isə həm də kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışır. Onun rəhbərliyi ilə kitabxanaçılıq fakültəsi inkişaf etmiş, elmi potensial və tələbə kontingenti artmış, həm Azərbaycanda, həm də Sovet İttifaqının ali məktəbləri arasında tanınmış, yüksək nüfuz qazanmışdır.

Bir məsələni xatırlatmaq yerinə düşərdi ki, 2007-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin 60 illik yubileyi tamam olacaq. Maraqlıdır ki, bu dövrün 55 ili Abuzər müəllimin həyat və fəaliyyəti, o cümlədən 25 ili dekanlığı ilə bağlıdır. Bu dövrdə kadr hazırlığı çətin və mürəkkəb bir yol keçmişdir. Yenicə yaradılmış kitabxanaçılıq fakültəsinin formalaşması yeni kadrlaın işə cəlb olunması xüsusi işgüzarlıq və təşkilatçılıq tələb edirdi. Bütün bu çətin işlərin ağırlığı fakültənin dekanı Abuzər Xələfovun üzərinə düşürdü.

1963-cu ildə fakultə dekanı Abuzər Xələfovun təşəbbüsü ilə yeni bir şöbə - Kitabşünaslıq və kitab ticarətinin təşkili şöbəsi yaradıldı. Xüsusi qeyd etmək lazımdır ki, Kitabşünaslıq və kitab ticarətinin təşkili şöbəsinin açılmasında müəyyən çətinlik və problemlərlə rastlaşan fakultənin gənc dekanı xüsusi narahatlıq keçirmiş və o dövrdə Azərbaycan KPMK-ya məktubla müraciət etmiş, bu vacib məsələnin dövlət səviyyəsində müzakirə olunmasını xahiş etmişdir. Bu müraciətdən sonra məsələ dövlət səviyyəsində müzakirə olunmuş və Kitabşünaslıq və kitab ticarətinin təşkili şöbəsinin universitetdə açılması mümkün hesab edilmişdir.

70-ci illlərdə kitabxanaçılıq fakultəsi universitetin aparıcı fakultəlarindən birinə çevrilmişdi. Artıq iki kafedra - kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq kafedralarının yeni kadrlarla komplektləşdirilmişdi və onlar tədricən təşkilində yaxından iştirak edirdilər. Bu dövrdə Abuzər müəllimin təşəbbüsü və təşkilatçılığı sayəsində elmi kadrlar yetişirdi. 70-ci illərin axırlarında əyani, axşam və gündüz söbələri üzrə tələbə qəbulu 200 nəfərə çatdırılmışdı. Ona görə də haqlı olaraq 70-ci illəri kitabxanaçılıq fakültəsinin həyatında tərəqqi və inkişaf illəri adlandırılar.

 Demək olar ki, 70-80-cı illərdə Kitabxanacılıq fakültəsi bu sahə üzrə SSRİ ali məktəbləri arasında ən qabaqcıl fakültələrindən birinə çevrlimişdi. Moskva, Leninqrad (Sankt-Peterburq), Daşkənd, Alma-Ata, Ukrayna, Tbilisi, Mahaçqala ali məktələri ilə güclü əlaqə yaradılmışdı. Bu əlaqələrin yaradılması Abuzər Xəlafovun adı ilə bağlı idi. Adlarını sadaladığımız ali məktəblərin rəhbərləri, professor-müəllim heyəti Abuzər müəllimi tanıyır, onu qəbul edir və onunla hesablaşırdılar.

70-80-ci illərdə SSRİ-nin bir sıra respublikalarında tədris planlarının tərtib edilməsində Abuzər müəllimin fikirləri əsas götürülmüşdü. Moskvada tədris planlarının tərtibi ilə məşğul olan qurumlardan "UMO"nun uzvü kimi Abuzər müəllim yaxından iştirak edirdi.

1975-ci ildə Abuzər müəllim "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra fakultənin nüfuzu həm respublikamızda, həm də SSRİ-də xeyli artmışdı. Elə bu illərdə Abuzər Xələfovun elmi məktəbi formalaşmağa başladı. Belə ki, bu illərdə onun rəhbərliyi ilə elmi kadrların hazırlanması, dissertasiyaların müdafiəsi artmağa başladı. Elmi kadrların artması, kadrların keyfiyyətli hazırlığına öz müsbət təsirini göstərirdi. Bu illərdə E.Bədəlov, S.Rzayev, Ö.Rüstəmov, X.lsmayılov, A.Abbasova, A.Əliyev, M.Həsənov namizədlik dissertasiyalarını müdafiə edib alimlik dərəcəsi almışlar. Bu kadr siyasəti Abuzər müəllimin qayğısı, köməkliyi və rəhbərliyi sayəsində həyata keçirilmişdi. Bu qayğı təkcə elmi rəhbər qayğısı deyildi. Abuzər müəllimin Ali Attestasiya Komissiyasında, SSRİ-də və Azərbaycanda tamınmış alimlərin bu işə cəlb olunmasında, bütün sənədləşdirmə işlərində öz nüfuzundan istifadə etməsində və s. digər formalarda müdafiənin başa çatdırılması ilə yekunlaşırdı. Artıq 80-ci illərin əvvəllərində kitabxanaçılıq fakültəsi elmi potensialına görə fərqlənirdi.

Fakültə kollektivinin, onun ayrı-ayrı üzvlərinin yetişməsində Abuzər Xələfovun xüsusi qayğısı, xeyir-duası olmuşdu. O cümlədən bu gün kitabxanaçılıq-informasiya fakültəsində fəaliyyət göstərən dörd kafedrasın açılması və formalaşmasında Abuzər müəllimin xüsusi diqqəti və qayğısı olub. Bu kafedralar Abuzər müəllimin gərgin zəhməti nəticəsində yaradılıb. Xüsusilə biblioqrafiyaşünaslıq, kitabxana fondu və kataloqlarının təşkili, kitabşünaslıq və nəşriyyat işi kafedralarının məhz onun zəhmətinin bəhrəsidir.

Kitabxanaçılıq fakültəsinin ilk dekanı, tarix elmlari doktoru, professor, Azərbaycan Respublikasının Əmakdar elm xadimi Abuzər Alı oğlu Xələfov 1959-cu ildən kitabxanaşünaslıq kafedrasına rəhbərlik edir. Təxminən 50 ilə yaxın, yarım əsrə bərabər. Kitabxanaçılıq fakültəsinin bütün fəaliyyəti, inkişafı, problemlərinin həlli onun adı ilə bağlıdır. Universitet kollektivi haqlı olaraq fakültəni "Abuzər müəllimin fakültəsi" adlandırırlar.

Fakültənin hazırki dekanı kimi ürəkdən gələn bir məsələni demək istərdim ki, Abuzər müəllimin dekanlığı dövründə olduğu kimi, fakültəmiz və kollektivimiz yenə də narahat və qayğılı günlər yasayır. Bunu dekan seçildiyim ilk günlərdən hiss etmişəm. Səhv etmirəmsə, 1995-ci ildə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fakültənin qəbul planını azaltmışdı. Abuzər müəllim nə qədər narahatlıq keçirirdi. O, öz narahatlığını müxtəlif yerlərdə bildirdi və nəhayət, Nazirlər Kabinetinə gedərək bu məsələnin obyektiv həllinə nail oldu. İlk baxışda sadə görünən, amma çətin olan bir işi Abuzər müəllim özünəməxsus narahatlıqla yoluna qoydu.

Abuzər müəllimin təşəbbüsii ilə fakültəmizdə dörd laboratoriya—"Kitabxanaların komputerləşdirilməsi" elmi-tədqiqat laboratoriyası, "Kitabxana işinin təşkili", "Kitabxana fondu və kataloqlarının təskili", "Biblioqrafik məlumat-axtarış sistemləri" tədris labaratoriyaları fəaliyyət göstərir.

Əminliklə demək olar ki, bu yazıda Abuzər müəllimin təkcə tədrislə bağlı fəaliyyəti haqqında gördüyü işlərin çox cüzi bir hissəsini diqqətə çatdırmağa çalışdıq. Hətta bu cüzi hesab etdiyimiz məqamların özu də bir insanın ömrünə sığışmayan çox geniş və əhatəli alim ömrü kimi qiymətləndirilməlidir.

 Görkəmli ziyalımız, coğrafiyaşünas alim, çox hörmətli professor Müseyib Müseyibovun Abuzər Xələfovun 70 illiyində yazdığı məqalədə göstərdiyi kimi, "Professor Xələfovun elmi və təşkilatçılıq fəaliyyəti kitabxanaçılıq fakültəsinin miqyasından çıxmşdır. O, son 35-40 ildə doğma universitetin bütün 10 ildəki problemlərinin həllində fəal iştirak etmişdir".

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra professor Abuzər Xələfov tədris proseslərinə aid daha ciddi məsələlərin həlli ilə bağlı konkret işlər görməyə başamışdır. O, Azərbaycanda kitabxana işi tarixini elmi əsasda, fundamental şəkildə tədqiq edib öyrənməklə kitabxanaşünaslığın elmi metodoloğiyalaşma və onun tədqiqat metodlarına təsir edən yeni elmi ideyalar, fikirlər gətirmiş, qiymətli təklif və tövsiyələr vermişdir. Elmi-tədqiqat əsərləri ilə yanaşı, dərslik və dərs vəsaitlərinin hazırlanması və çap olunması onun fəaliyyətinin aparıcı hissəsinə çevrilmişdir.

Bu illər arasında onun bir sıra sanballi dərslikləri - "Azərbaycanda kitabxana işinin tarixi" (Bakı, 2001), üçcildlik "Kitabxanaşünaslığa giriş" (2001, 2003) və başqa kitabların çapdan ğıxmıs, müəllimlərin, tələbələrin və kitabxana ictimayyətinin ixtiyarına verilmişdir.

Magistratura işləri üzrə kadr hazırlığına başlanarkən Abuzər müəllim tədris planlarının və proqramlarının hazırlığına sözün əsl mənasında ağsaqqallıq etməklə bütün problemlərin həllində dekanlığa həmişə yardımçı olmuşdur. Magistraturada "Kitabxanaşünaslığın tarixi və metodologiyası, "Kitabxanaşünaslığın müasir problemləri" kimi yeni kursların tədrisini Abuzər müəllim öz üzərinə götürmüşdür və onları çox uğurla tədris edir.

Azərbaycanın öz müstəqilliyini əldə edərək demokratik inkişaf yoluna qədəm qoyduğu dövrdən keçən son on beş ildə professor A.Xələfovun elmi-tədris fəaliyyətində və ictimai həyatında nəzərə çarpan amil Azərbaycan kitabxanaşünaslıq elminə, onun tədrisinə kitabxanaşünaslıq elminin tərkib hissəsi kimi onun elmi metodologiyasına və metodlarının bəşərı dəyərlər əsasında formalaşmasına xüsusi diqqət yetirməsidir. Abuzər müəllimin son illərdəki elmi, pedaqoji və tədris fəaliyyətindəki xidmətləri buna əyani sübutdur.

Ömrünün 75 ilini arxada qoyan, bu illərdə həyatda çoxlu uğurları ilə fərqlənən müəllim və ağsaqqal Abuzər müəllimə ən xoş arzularını bildirir, can sağlığı, uzun ümür, yeni yaradıcılıq uğurları arzu edirəm.

 

Respublika.- 2006.- 23 dekabr.- S. 12.