CELILOVA

İstedadlı alim, nüfuzlu pedaqoq

Abuzər Xələfov – 75


Azərbaycanda milli kitabxanaşünaslıq elminin, ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından və yaradıcılarından biri, beynəlxalq aləmdə tanınan, nüfuzlu kitabxanaşünas alim Abuzər Alı oğlu Xələfovun anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 55 illiyi tamam olur.
Abuzər Xələfov XX əsrin II yarısında yetişmiş alim və ziyalılar nəslinin görkəmli nümayəndələrindən biridir. O, 1931-ci ildə qədim Göyçə mahalında anadan olmuşdur. 1950-ci ildən isə taleyini Bakı Dövlət Universiteti ilə bağlamışdır. Universitetin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsini fərqlənmə diplomu ilə bitirən və ictimai işlərdə fəallığı ilə seçilən A.Xələfov 1955-ci ildə müəllim vəzifəsində saxlanılmışdır.
1962-ci ildə Abuzər müəllimin fəal iştirakı ilə universitetin kitabxanaçılıq şöbəsinin
bazasında müstəqil fakültə yaranır və o, fakültənin ilk dekanı seçilir. A.Xələfov 25 il ərzində bu fakültənin dekanı olmuş, 1963-cü ildən bu vaxta qədər isə kitabxanaşünaslıq kafedrasının müdiridir.
1961-ci ildə Azərbaycanda kitabxana işi üzrə ilk namizədlik dissertasiyası, 1975-ci ildə isə ilk doktorluq dissertasiyasının müdafiəsi ilə respublikada kitabxanaşünaslıq elminin yaranmas
ı və inkişafı Abuzər Xələfovun adı ilə bağlanmışdır.
Onun 55 illik zəngin yaradıcılıq yolu ölkəmizin elmi ictimaiyyəti, mədəniyyət və təhsil sahəsində çalışanların dərin rəğbətini qazanan görkəmli alim, müəllim və vətəndaşın keçdiyi şərəfli bir həyatdır.
Respublikada kitabxanaçılıq fəaliyyətinin və kitabxanaşünaslıq fikrinin mühüm və əlamətdar hadisələri, müasir nailiyyətləri bu nurlu insanın adı ilə möhkəm bağlıdır.
Professor Abuzər Xələfovun elmi irsi zəngin və rəngarəngdir, tədqiqatlarının nəticələri öz əksini 250-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi məqalə və məruzədə tapmışdır. O, elmi yaradıcılığa keçən əsrin 50-ci illərində başlamış, ilk tədqiqatları Azərbaycanda çoxəsrlik kitabxana tarixi və nəzəriyyəsi problemləri ilə əlaqədar olmuşdur. A. Xələfovun XX əsrin 50-60-cı illərindəki fəaliyyətinin səciyyəvi cəhəti Azərbaycanda kitabxanaların yaranmasının tarixi köklərinin, cəmiyyətdə kitabxanaçılıq fəaliyyətinin sosial funksiyalarının nəzəri və metodiki əsaslarının müəyyənləşdirilməsinə yönəlmişdi. Bu dövrdə onun yazdığı “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)”, “Azərabycanda kitabxana işinin tarixindən (1920-1932)”, “Kitabxana fondunun təşkilinin bəzi məsələləri” adlı monoqrafik əsərlərində, həmçinin çoxsaylı məqalələrində ölkəmizdə kitabxanaların meydana gəlməsi tarixi, müasir dövrdə əhaliyə kitabxana xidmətinin məqsəd və vəzifələri, kitabxanaçılıq təhsili problemləri işıqlandırılmış, cəmiyyətdə kitabxanaçılıq fəaliyyətinin inkişafının elmi-nəzəri istiqamətləri müəyyənləşdirilmişdir.
A.Xələfovun keçən əsrin 70-80-cı illərində apardığı tədqiqatların başlıca məqsədi bir tərəfdən Azərbaycanda kitabxana tarixinin işlənməsinin xronoloji çərçivəsini genişləndirmək, digər tərəfdən isə ölkədə kitabxana işinin nailiyyətlərini, yeni keyfiyyətlərini üzə çıxarıb ümumiləşdirmək, kitabxanaşünaslıq nəzəriyyəsinin aktual problemlərini işıqlandırmaqdan ibarət olmuşdur. Bu baxımdan onun “Azərbaycanda kitabxana işinin tarixindən (1933-1958)”, “Azərbaycanda kitabxana işinin tarixindən (Qədim dövrlərdən XVIII əsrin axırınadək)”, “Kitabxana işçisinin məlumat kitabı”, “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı” kimi monoqrafik əsərləri öz orijinal keyfiyyətləri ilə seçilir. Belə əsərlər içərisində A.Xələfovun 1975-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmiş “Azərbaycanda kitabxana işinin tarixindən (1933-1958)” monoqrafiyası xüsusilə səciyyəvidir. Burada elmi dövriyyəyə ilk dəfə daxil edilən çoxsaylı faktlar əsasında XX əsrin 30-50-ci illərində “Azərbaycanda kitabxana işinin inkişaf mərhələləri və xüsusiyyətləri, ölkəmizin mədəni-mənəvi və elmi-texniki tərəqqisində kitabxanaların iştirakı sistemli şəkildə təhlil edilmiş, əhaliyə kitabxana xidmətində qazanılmış nailiyyətlər və həll edilməmiş problemlər ümumiləşdirilmiş, qarşıdakı vəzifələr müəyyənləşdirilmişdir. Bu əsər respublika və keçmiş SSRİ-nin tanınmış alimləri və kitabxanaşünaslıq mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Abuzər Xələfovun bu illərdəki elmi-tədqiqat fəaliyyətində kitabxana işinin nəzəri-metodoloji problemləri, eləcə də kitabxanaçılıq təhsili və kadr hazırlığı məsələləri xüsusi yer tutur. Onun 80-ci illərdə yazdığı kitab və çoxsaylı məqalələrdə əhaliyə kitabxana xidmətinin müasir problemləri kitabxanaların elmi-metodiki fəaliyyəti, müxtəlif kitabxana sistemləri və şəbəkələrinin, o cümlədən mərkəzləşdirilmiş kitabxana sistemlərinin müvəffəqiyyət və nöqsanları göstərilir. Bu illərdə Abuzər müəllimin diqqət yetirdiyi mühüm problemlərdən biri də Azərbaycanda kitabxanaçılıq təhsilinin yaranma tarixi və təkmilləşdirilməsi məsələləri olmuşdur. Onun 1987-ci ildə “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı” və 1998-ci ildə nəşr edilmiş “Azərbaycanda ali kitabxanaçılıq təhsili” adlı monoqrafiyalarında XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin meydana gəlməsi, orta və ali kitabxanaçılıq təhsili sisteminin inkişaf mərəhələri işıqlandırılmış, müasir tələblərə cavab verən kitabxanaçı-biblioqraf təhsilinin formalaşmasının mühüm istiqamətləri əsaslandırılmışdır.
Azərbaycan Respublikasının tarixinin müstəqillik dövrü Abuzər Xələfovun elmi-pedaqoiji fəaliyyətində keyfiyyətcə yeni mərhələ təşkil edir. Bu baxımdan, onun 90-cı illərdə yazdığı bir sıra konseptual xarakterli məqalələrdə ölkəmizin müstəqilliyi şəraitində kitabxanaların və kitabxanaşünaslığın inkişaf yolları müəyyənləşdirilmiş, informasiya əsri adlandırılan XXI əsrdə cəmiyyətdə kitabxanaçılıq fəaliyyətinin yeni keyfiyyətlərinin nəzəri əsaslarını yaratmağa müvəffəq olmuşdur. Bu dövrdə onun yazdığı məqalələrin mühüm bir hissəsi ümummilli liderimiz Heydər Əliyevin nəzəri irsinə, bu irsin təbliğinə, həmçinin ulu öndərin Azərbaycanda kitabxana işinin inkişafındakı müstəsna xidmətlərinin araşdırılmasına həsr edilmişdir.
XXI əsrin əvvəllərində Abuzər Xələfov bütövlükdə Azərbaycan elmi və mədəniyyətini, milli kitabxanaşünaslıq fikrimizi xeyli zənginləşdirən bir sıra fundamental monoqrafiyalar yaratmağa müvəffəq olmuşdur. 2001-2006-cı illərdə onun qələminin məhsulu olan 2 cildlik “Kitabxanaşünaslığa giriş”, “Azərbaycanda kitabxana işinin tarixi (Qədim dövrlərdən XX əsrə qədər)” adlı dərslikləri, “Heydər Əliyev: biblioqrafik məlumat kitabı”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, nəhayət, “Azərbaycanda kitabxana işinin əsas istiqamətləri” adlı sanballı tədqiqat əsərləri III minilliyin əvvəllərində Azərbaycanda kitabxanaşünaslıq elminə verilmiş ən qiymətli töhfələrdir. Bu əsərlər ölkəmizdə kitabxana işinin inkişafı üçün əlindən gələni əsirgəməyən, enerjisini xalqının mədəni tərəqqisinə həsr edən Abuzər Xələfovun son illərdə gərgin və səmərəli elmi fəaliyyəti haqqında aydın təsəvvür yaradır.
Son dövrdə Abuzər müəllim 8 adda monoqrafik əsər, dərslik, dərs vəsaiti, 60-dan artıq elmi məqalə, resenziya yazmış, müxtəlif elmi məclislərdə məruzələr etmiş, çoxsaylı müsahibələr vermişdir. Bunlarla yanaşı, o, kitabxanaçılıq təhsili üzrə bir sıra normativ sənədlər hazırlamışdır. 2001-2006-cı illərdə alimin rəhbərliyi ilə 5 namizədlik və bir doktorluq dissertasiyası müdafiə edilmişdir.
Onun 2001-2004-cü illərdə nəşr etdirdiyi 2 cildlik “Kitabxanaşünaslığa giriş” monoqrafiyası Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişafında yeni mərhələ sayıla bilər.
Azərbaycanın müstəqilliyi şəraitində kitabxanaşünaslıq nəzəriyyəsində ümumbəşəri və milli dəyərlərə, eləcə də dünya kitabxanaşünaslıq nəzəriyyəsinin müasir mütərəqqi ideyalarına əsaslanan bu əsər respublikamızda kitabxanaçılıq-informasiya ixtisası üzrə ilk dərslikdir. Burada kitabxanaşünaslığın nəzəri problemləri və metodoloji əsasları, kitabxanaçılıq fəaliyyətinin fəlsəfəsi yaradılmışdır. Dərsliyin ən mühüm xüsusiyyətlərindən biri də odur ki, burada dünyada kitabxanaşünaslıq elminin inkişaf mərhələləri şərh edilmiş, Azərbaycanda orta əsrlərdən başlayaraq müasir dövrə qədər milli kitabxanaşünaslığın təşəkkülü və inkişafının mühüm tarixi dövrləri müəyyənləşdirilmişdir.
Abuzər Xələfovun “Kitabxanaşünaslığa giriş” dərsliyi Azərbaycanda kitabxanaçılıq təhsili tarixində ilk dəfə olaraq kitabxana işinin nəzəri və metodoloji əsaslarının cəmiyyətdə baş verən çoxsahəli kitabxana-informasiya proseslərinin ümumi prinsiplərinin, inkişaf qanunauyğunluqlarının tələbələr və müəllimlər tərəfindən sistemli mənimsənilməsi üçün geniş imkanlar açmışdır.
Onun 2004-cü ildə nəşr etdirdiyi “Azərbaycanda kitabxana işinin tarixi. (Ən qədim dövrlərdən XX əsrə qədər)” adlı dərslik olmuşdur. Bu əsər xalqımızın mənəvi mədəniyyət tarixi sahəsindəki mövcud boşluğu aradan qaldırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Əsərdə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq qədim dövrlərdən XX əsrə qədər Azərbaycanda kitab və kitabxanalar tarixinin inkişaf mərhələləri tarixi mənbələr əsasında araşdırılmış, xalqımızın mədəniyyətinin mühüm tərkib hissələrindən biri olan kitabxana mədəniyyəti və bununla əlaqədar əlifbanın yaranması, kitabçılıq işinin təşəkkülü, kitabxanaların yaranması və onların Azərbaycanın mədəni, mənəvi inkişafındakı rolu müəyyənləşdirilmişdir.
Bu əsaslı tədqiqatın ana xətti ondan ibarətdir ki, Azərbaycan xalqı hələ tarixin erkən çağlarından başlayaraq təhsilə, elmə, kitab və kitabxanalara çox böyük qiymət vermiş, milli sərvətimiz olan yazı abidələrinin toplanıb saxlanılmasında, əsrdən-əsrə, nəsildən-nəslə çatdırılmasında kitabxanalarımız əvəzsiz rol oynamışlar.
Professor A.Xələfovun Azərbaycan elmi və mədəniyyətinə verdiyi qiymətli töhfələrdən biri də onun “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” monoqrafiyasıdır. Bu sanballı monoqrafiya zəngin tarixi olan kitabxana işi sahəsində müasir dövrdə yaranmış boşluğun aradan qaldırılması, kitabxana quruculuğu sahəsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərinin təhlil edilməsi, kitabxanaların inkişafı ilə bağlı onun geniş fəaliyyəti, ölməz ideyalarının, nəzəri irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. 20 çap vərəqi həcmində olan bu fundamental elmi əsərdə müəllif Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini konkret tarixi faktlar və statistik rəqəmlərə söykənərək ümumiləşdirmiş, mühüm elmi nəticələr çıxarmışdır.
Abuzər Xələfovun tədqiqatçılıq fəaliyyəti həmişə onun pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə də sıx əlaqədə olmuşdur. Geniş biliyi, zəngin təcrübəsi, yeniliyə marağı ona Azərbaycanda və ölkəmizdən kənarda çoxlu dissertasiya işlərinə elmi rəhbərlik və rəsmi opponentliyə zəmin yaratmışdır. Onun rəhbərliyi ilə kitabxana işinin tarixi və müasir problemlərinə həsr edilmiş 20-dən artıq dissertasiya müdafiə edilmişdir. Bu gün bizim Abuzər Xələfovun yaratdığı kitabxanaşünaslıq elmi məktəbi haqqında danışmağa tam haqqımız var. Bu məktəbin nümayəndələri hazırda BDU-nun kitabxanaçılıq–informasiya fakültəsində, respublikanın elmi kitabxanalarında və digər mədəni-maarif və informasiya müəssisələrində səmərəli fəaliyyət göstərirlər. A.Xələfov demək olar ki, bütün müasir kitabxanaçılar nəslinin müəllimi olmuşdur.
A. Xələfov özünün elmi-pedaqoji fəaliyyətinin bütün dövrlərində fəal ictimai və təşkilati işlərilə də məşğul olmuşdur. Yalnız Azərbaycanın müstəqilliyi dövründə onun təşəbbüskarlığı və fəal iştirakı ilə meydana gəlmiş “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Kitabxanaçılar cəmiyyəti”, “Kitabxana işinin kompüterləşdirilməsi ETL”, “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq” ixtisasları üzrə rəsmi dövlət sənədləri, BDU Redaksiya – Nəşriyyat Şurası bu qənaəti təsdiq edən faktlardır. Hazırda O, BDU-nun Elmi Şurasının, Respublika Təhsil Komissiyasının üzvü, Təhsil Nazirliyi Elmi Metodik Şurasının “Kitabxanaşünaslıq-biblioqrafiya” bölməsinin və BDU Redaksiya Nəşriyyat Şurası”nın sədri, Veteranlar Şurasının sədr müavinidir”.
A.A.Xələfovun elm, mədəniyyət və təhsilin inkişafındakı xidmətlərini dövlətimiz yüksək qiymətləndirmişdir. O, müxtəlif illərdə orden və medallarla, fəxri fərman və nişanlarla təltif edilmiş, “Əməkdar mədəniyyət işçisi” fəxri adı almışdır.
Ümummilli liderimiz Heydər Əliyevin sərəncamları ilə A.Xələfov 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2001-ci ildə isə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüşdür.
Professor A.Xələfov beynəlxalq miqyasda tanınmış bir alim kimi 2001-ci ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmiş, 2002-ci ildə “Kim kimdir” nominantı olmuş, həmin institutun “Qızıl medalı” ilə təltif edilmişdir. Abuzər müəllimin elmi və təşkilatçılıq fəaliyyəti kitabxanaçılıq-informasiya fakültəsi miqyasından çox kənara çıxmışdır. O, son 50 ildə doğma universitetimizin ümdə problemlərinin həllində həmişə ön sırada olmuşdur.
Abuzər Xələfov hələ uzun illər Azərbaycanın dövlətçiliyinə, ölkəmizdə elm, mədəniyyət və təhsilə layiqincə xidmət göstərəcəkdir.

Xalq qəzeti.-2006.-14dekabr.-S.6.