Abbasov Ə.
Rabitə və informasiya texnologiyaları
sürətli inkişaf dövrünü yaşayır
6
Dekabr rabitə və informasiya texnologiyaları sahəsi
işçilərinin peşə bayramı günüdür
XX əsr dünyada rabitə
və informasiya texnologiyalarının dinamik inkişaf
dövrü kimi xarakterizə edilir. Azərbaycanda da bu
dövr ərzində rabitə müəyyən inkişaf
səviyyəsinə çatmışdır. Xüsusilə özünün bütün bilik
və bacarığını, zəngin əmək
təcrübəsini Azərbaycan xalqını dünya
xalqları içərisində layiqli yer tutmağa həsr
etmiş ümummilli liderimiz Heydər Əliyevin respublikaya
rəhbərliyi zamanı iqtisadiyyatın bir çox
sahələri ilə yanaşı, rabitə sahəsi də
sürətlə inkişaf etmişdir.
Rabitənin qədim tarixi kökləri
vardır. Belə ki, qədim zamanlardan
məlumatların ötürülməsi
yüksəkliklərdə tonqal yandırmaqla, sonra xüsusi
öyrədilmiş quşlar və qasidlər (çaparlar)
vasitəsılə təşkil edilmişdir. Hülakülər dövlətini iqtisadi və
siyasi böhrandan qurtarmaq üçün Qazan xan 1303-cü
ildə poçt sahəsində islahatlar həyata
keçirmişdir. 1501-ci ildə Şah
İsmayıl Xətai tərəfindən poçt
rabitəsinin dövlət səviyyəsində
təşkilinin təməli qoyulmuşdur. O,
ölkəni yadellilərdən qorumaq, möhkəm
dövlət idarəetmə sistemi yaratmaq məqsədilə
ucqar əyalətlərdən və xarici
ölkələrdən məlumatlar toplamaq üçün
öz dövrünə görə müntəzəm
fəaliyyət göstərən poçt rabitəsi
yaratmışdı. Vacib dövlət və
hərbi informasiyaların ünvanlara
çatdırılması kuryerlər, ayaqçılar
və çaparlar vasitəsilə yerinə yetirilirdi. Sənədlərin çatdırılması
üçün estafet üsulundan da istifadə edilirdi.
Dünyada, eləcə də Azərbaycanda poçt
rabitəsinin tarixi qədim olsa da, dünya tarixində elektrik
(teleqraf) rabitəsinin əsası 1844-cü il may
ayının 24-də Samuel Morzenin hazırladığı
xüsusi qurğudan istifadə etməklə Vaşinqton
və Baltimor şəhərləri arasında uzunluğu 63
km olan teleqraf xətti vasitəsilə məlumat
göndərməsilə qoyulmuşdur. Azərbaycanda
isə teleqraf rabitəsinin yaranması XIX əsrin 60-cı
illərinə təsadüf edir. Bu
illərdə Stavropol-Bakı-Tiflis teleqraf xətti tikilib
istismara verilmiş, Tiflis-Gəncə teleqraf rabitəsi
yaradılmışdır. Dünyada ilk
sualtı rabitə kabellərindən biri Xəzər
dənizində Bakı (Türkan qəsəbəsi) ilə
Krasnovodsk (Türkmənistan) arasında 1879-cu ildə
çəkilmişdir.
Elektrik rabitəsinin daha bir növünün -
xeyli vaxtdır ki, məişətimizin ayrılmaz
hissəsinə çevrilmiş telefon rabitəsinin tarixi
isə 1876-cı ildən başlayır. İlk
telefon avadanlığı Amerikada lal-karlar üçün
məktəb müəllimi Aleksandr Qreyam
"Qafqaz və Merkuri" gəmiçilik şirkəti
tərəfindən 1880-ci ildə Bakıda telefon xətti
inşa edilsə də, Azərbaycanda rəsmi olaraq ilk telefon
xətti "Nobel qardaşları cəmiyyəti"
tərəfindən istismara verilmişdir. 1881-ci
ilin yanvarında "Nobel qardaşları cəmiyyəti"
telefon çəkilişinə icazə almaq
məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə
müraciət etmiş və həmin ilin 18 fevral tarixində
çəkilişə icazə almışdır. 23
noyabr 1881-ci il tarixində istismara
verilən bu xəttin uzunluğu 6 km olmaqla cəmiyyətin
baş kontoru ilə sədr və baş mühəndisin
evlərini birləşdirirdi. Bundan sonra telefon
xəttinin inşası və onun əhəmiyyəti neft
sahibkarlarını bu işə cəlb edir. Beləliklə, Azərbaycanın nefti çox vacib
sahə olan telefon rabitəsinin yaranmasına təkan
vermişdir. Məhz buna görə də 1881-ci il 23 noyabr, yeni tarixlə 6 dekabr (1918-ci ilin
martından başlayaraq yeni təqvim hesabatına 13 gün
əlavə olunur) Azərbaycanda telefon rabitəsinin
yaradılmasının başlanğıc tarixi hesab olunur.
Göstərilən tarixdən sonra bir-birinin ardınca
"Kaspiy" cəmiyyətinin (Bakı limanındakı
baş kontoru, Qaraşəhər mədənləri, Ağ
neft zavodu, Maştağa kəndindəki kontoru arasında
və II ayrıca xətlə limanla zavod arasında), Hacı
Zeynalabdin Tağıyevin (ticarət evi ilə Bayıl neft
mədənlərindəki 2 kontor binası arasında) və
digər iri sahibkarların kontorları arasında telefon
xətləri inşa edilir. 1885-ci ildə
Bakıda artıq 9 ticarət şirkəti
tərəfindən 74 km uzunluğunda telefon xətti
çəkilmişdir. Lakin bu telefon
xətləri ayrı-ayrı sahibkarlara aid olduğundan
onların öz obyektləri arasında əlaqə
yaradırdı. Yəni bu telefon
xətləri şəbəkə şəklində birləşdirilmədikləri
üçün ayrı-ayrı idarə və
təşkilatlar arasında əlaqə yaradılmasına
imkan vermirdi. İlk
mərkəzləşdirilmiş kommutasiyalı telefon
şəbəkəsinin yaradılması Baş Poçt
və Teleqraf İdarəsi ilə Moskvanın birinci gildiya
tacıri Qustav İvanoviç List arasında
bağlanmış müqavilə ilə başlanır.
Bu müqavilədə Bakı şəhərində
mərkəzi telefon stansiyasının tikilməsi və 20 il müddətinə icarəyə verilməsi
nəzərdə tutulurdu. Müqaviləyə
görə, Qustav List Poçt və Teleqraf Baş
İdarəsinin layihəsi əsasında yerli tələbatı
nəzərə almaqla Bakı, Qaraşəhər,
Balaxanı, Sabunçu sahəsində telefon
şəbəkəsi qurulması öhdəliyini
üzərinə götürmüşdü. Bakıda telefon rabitəsinin inkişafına
böyük diqqət yetirilməsi müqavilə
imzalandıqdan 3 ay sonra Bakı və Qaraşəhəri
birləşdirən xüsusi telefon şəbəkəsinin
istismara verilməsini təsdiq etdi. Bakı,
Qaraşəhər və Balaxanı, Sabunçu sahəsinin
telefon şəbəkəsi elə qurulmuşdu ki,
abunəçilər bir-birilə danışa bilirdilər.
Bundan sonra dağınıq şəkildə
müxtəlif şirkətlərə mənsub olan telefon
xətləri əlaqələndirilməyə
başlandı.
XIX əsrin sonları, XX əsrin
əvvəllərində Bakıda neft sənayesi ilə
bərabər telefon rabitəsi də sürətlə
inkişaf etmiş, o dövr üçün geniş telefon
şəbəkəsi yaradılmışdır. 1886-87-ci illərdə yüksək səlahiyyət
sahibləri arasında gedən yazışmalardan da məlum
olur ki, o dövrdə Bakı şəhərinin
telefonlaşdırılmasına həm dövlət
strukturları, həm də şirkətlər tərəfindən
böyük əhəmiyyət verilmişdir.
Azərbaycanda rabitənin ən sürətli
inkişaf dövrü isə ötən əsrin 70-ci
illərinə təsadüf edir.
Ulu öndərimiz Heydər Əliyev respublikaya
rəhbərliyinin birinci dövründə rabitənin
inkişafı üçün bir sıra qərarlar qəbul
etmişdir. 1970-ci ildə respublikada rabitə
vasitələrinin inkişafı barədə qəbul
edilmiş qərarda 1971-75-ci illər üçün 16
rabitə qovşağının tikintisi (o cümlədən
Bakı şəhərində hər il 1
ATS binası) üçün aidiyyəti strukturlara
tapşırıqlar verilmişdi. Bakı
şəhərində rabitə sahəsində mövcud olan
problemlər ulu öndər Heydər Əliyev
tərəfindən 1974-cü ilin fevralında Bakı
şəhəri partiya təşkilatının
konfransında bir daha ön plana çəkilmişdi.
Bakı şəhərində telefon şəbəkəsinin
inkişaf etdirilməsinin əhəmiyyəti
nəzərə alınaraq, Azərbaycan KP MK və
Azərbaycan SSRİ Nazirlər Soveti tərəfindən
1974-cü il avqustun 30-da "Bakı
şəhərində telefon rabitəsinin vəziyyəti
və onu sürətlə inkişaf etdirmək
tədbirləri haqqında" qərar qəbul edilmişdir.
Qərarda 1980-ci ilin axırınadək Bakıda əhalinin
hər 100 nəfərinə düşən telefonların
sayını azı 15-ə çatdırmaq, 1974-80-ci
illərdə 164.000 nömrəlik avtomat telefon stansiyaları
tikmək barədə tapşırıqlar verilmişdir. 1982-ci ildə verilmiş tapşırıqda isə
kənd rayonlarında 83.2 min telefon nömrəsi
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bu tapşırıqlar ulu öndər Heydər
Əliyevin rəhbərliyi nəticəsində tam həyata
keçirilmişdir.
Ulu öndər Heydər Əliyev rabitənin
əhəmiyyəti barədə belə demişdir:
"İnsanların işləməsi, fəaliyyət
göstərməsi, dövlət orqanlarının ayrı-ayrı
özəl qurumların, hər bir təşkilatın
səmərəli işləməsi üçün
rabitə indi daha çox mühüm vasitədir".
Azərbaycanda rabitənin, elektron
avadanlıqları və telekommunikasiya texnologiyaları
sahəsinin inkişafı ulu öndər Heydər Əliyevin
1993-cü ildə xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdışından sonra geniş
vüsət almışdır. Qeyd
olunanların məntiqi nəticəsidir ki, bu gün regionun
ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan
informasiya və kommunikasiya texnologiyaları sektorunun
inkişafı üçün böyük imkanlara malikdir.
Ulu öndər Heydər Əliyev 2003-cü il
fevralın 17-də imzaladığı "Azərbaycan
Respublikasının inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci
illər)" Azərbaycan Respublikası üçün bu
istiqamətdə yaxın 10 il ərzində
görüləcək işlərin ümumi xəttini
müəyyənləşdirmişdir. Azərbaycan
Cənubi Qafqazda bu sahə üzrə Milli Strategiya qəbul
edən ilk ölkə olmuşdur.
Ümummilli lider Heydər Əliyevin xüsusi
diqqət və qayğısı sayəsində ölkə
infrastrukturunun mühüm tərkib hissələrindən olan
rabitə sahəsi dirçəliş və inkişaf
mərhələsinə qədəm qoymuşdur. Məhz bunun nəticəsidir ki, bu gün
respublikamız müasir və inkişaf etmiş rabitə
infrastrukturuna malik bir ölkə kimi tanınır.
Ümummilli liderimizin hakimiyyətə
qayıdışından sonra tikintisi uzun müddət
dayandırılmış yeni teleqüllədə
işlər qısa bir zamanda başa çatdırıldı
və bu kompleks əsasında Azərbaycanla ABŞ arasında
peyk rabitə sistemi quraşdırılaraq istismara verildi.
Bununla da respublikamız beynəlxalq rabitə
kanalları əldə etmiş oldu. Bir
sıra ölkələrin aparıcı telekommunikasiya
şirkətləri ilə əlaqələr yaradıldı.
Ölkəmizə yeni texnologiyaların gətirilməsinə
və iri miqyaslı investisiyaların qoyulmasına nail olundu.
1994-cü ilin martında Azərbaycanın Rabitə Nazirliyi
ilə İsrailin GTİB şirkəti "Bakcell"
birgə müəssisəsinin, 1996-cı ilin dekabrında
isə Türkiyə və Azərbaycan
rabitəçilərinin əməkdaşlığı
nəticəsində "Azercell" birgə
müəssisəsinin təsis edilməsi rabitə
sahəsində çox ugurlu addımlar oldu. Hal-hazırda
telekommunikasiya sahəsində ən dinamik inkişaf edən
sahə mobil rabitədir. 2005-ci ildə
mobil telefon istifadəçilərinin sayı əsas telefon
istifadəçilərinin sayını 2 dəfəyə
qədər üstələmişdir.
Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı və 2003-cü ilin 15 oktyabrında
xalqın əksəriyyətinin etimadını qazanaraq
Prezident seçilən İlham Əliyevin fəaliyyətə
başlaması ilə Azərbaycanın, o cümlədən
rabitə və İKT-nin inkişafında yeni bir
mərhələ başlanmışdır.
İqtisadiyyatımızın davamlı inkişafı, yeni
iş yerlərinin açılması,
əməkhaqlarının və pensiyaların bir
neçə dəfə artırılması, yoxsulluğun
azaldılması, regionların sosial-iqtisadi inkişafı,
yeni müasir tipli məktəblərin tikilməsi,
beynəlxalq qurumlarla qarşılıqlı etimad
əsasında sıx əməkdaşlıq və digər
bu kimi nailiyyətlər ötən üç il
ərzində Prezident İlham Əliyevin həyata
keçirdiyi islahatların nəticəsidir. Bu
islahatlar sırasında sürətlə inkişaf edən
yüksək texnologiyaların ölkəmizdə daha geniş
tətbiq olunmasını təmin etmək məqsədilə
müasir və geniş imkanlara malik Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması
ölkə vətəndaşlarının müasir
informasiya-kommunikasiya texnologiyalarından bəhrələnmək
imkanlarının yaradılması baxımından
əhəmiyyətli oldu. Qısa
müddət ərzində Azərbaycanda informasiya və
kommunikasiya texnologiyaları sektorunun inkişafı
üçün mühüm addımlar atıldı. Azərbaycan İKT üzrə beynəlxalq
tədbirlərin fəal iştirakçısına və
təşkilatçısına çevrildi. İnformasiya-kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi Azərbaycan Respublikasının
dövlət siyasətinin əsas prioritet
istiqamətlərindən birinə çevrilmişdir. Bunun nəticəsidir ki, dünyada sürətlə
inkişaf edən və perspektivli sahə hesab olunan
informasiya-kommunikasiya texnologiyaları sektoru potensial
imkanlarına görə Azərbaycanda energetika sektorundan sonra
ikinci sahədir.
Bu gün dünyanın inkişaf etmiş
ölkələrində müasir informasiya
texnologiyalarının cəmiyyətə inteqrasiya səviyyəsi
ölkənin iqtisadi inkişaf dərəcəsini əks
etdirən əsas amilə çevrilmişdir.
Azərbaycan Respublikası da biliyə əsaslanan iqtisadiyyat
formalaşdırmaq barədə qərarını 2003-cü
il dekabrın 12-də Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində
"Qara qızılı insan qızılına
çevirək" tezisi ilə bəyan etmiş, Tunis
Sammitində isə İKT sektorunda əldə etdiyi
nailiyyətlərini və strateji məqsədlərini
nümayiş etdirərək ölkə iqtisadiyyatında yeni
inkişaf mərhələsinin əsasının
qoyulduğunu əyani olaraq təsdiq etmişdir. Bu
məqsədlərin həyata keçirilməsinə
xidmət edən "Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı (Elektron Azərbaycan)", "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)",
"Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı"
uğurla icra edilməkdədir.
Respublika Prezidentinin neftdən əldə olunan
gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi
barədə qətiyyətli qərarları respublikada
rabitə və informasiya texnologiyalarının daha da
sürətli inkişafına şərait yaradır. Nazirliyimiz Prezident İlham Əliyevin qarşıya
qoyduğu vəzifələri, əldə olunmuş
nəticələri və sahə üzrə baş vermiş
dəyişiklikləri nəzərə alaraq, növbəti
mərhələnin tədbirlərini
müəyyənləşdirir. Azərbaycanın
mövcud potensialından səmərəli istifadə
olunması və rabitə və informasiya texnologiyaları
sahəsinin təşkilati, hüquqi, texniki, kadr
baxımından modernləşdirilməsi, İKT
sənayesinin formalaşdırılması, bu sahəyə
yeni investisiyaların cəlb edilməsi və
sahibkarlığın genişləndirilməsi, azad bazar və
sağlam rəqabət prinsiplərinin gözlənilməsi,
sosial əhəmiyyətli layihələrin həyata
keçirilməsi və nəticədə Azərbaycanda
informasiya cəmiyyətinə keçidin təmin
edilməsinə yönəlmiş mühiti
formalaşdırmaq nəzərdə tutulur.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının
inkişaf dinamikası, uğurla həyata keçirilən
yeni neft strategiyası nəticəsində ölkəyə olan
inamın artması, beynəlxalq qurumlarla uğurlu
əməkdaşlıq, yüksək texnologiyaya əsaslanan
iqtisadiyyatın formalaşması üzrə qarşıya
qoyduğumuz vəzifələr və dövlət
siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə
göstərilən böyük diqqət və qayğı
ölkəmizin yaxın gələcəkdə yüksək
texnologiyalar sahəsində nəinki regionun, həmçinin
dünyanın aparıcı ölkələri
sırasında olacağına tam zəmanət verir.
Ölkə Prezidenti cənab İlham Əliyev 2 dekabr
2006-cı il tarixli sərəncamı
ilə hər il dekabr ayının 6-sı rabitə və
informasiya texnologiyaları sahəsi işçilərinin
peşə bayramı günü kimi qeyd olunması
barədə qəbul etdiyi qərar rabitə və informasiya
texnologiyaları sahəsi işçilərini daha da
ruhlandırmış və bu sahədə yeni-yeni uğurlar
əldə etmək üçün güclü stimul
yaratmışdır.
Sözümü ölkə
Prezidenti cənab İlham Əliyevin "BakuTel-2006"
sərgisinin açılış mərasimindəki
çıxışında ifadə etdiyi fikirlərlə
tamamlayıram: "… Mən
gələcəyə böyük ümidlərlə
baxıram. Çox şadam ki, qısa müddət,
demək olar, son üç il
ərzində İKT sahəsində görülən işlər
çox gözəl nəticələrini verməkdədir.
Əgər üç il ərzində belə böyük
işlər görə bilmişiksə, demək,
növbəti illərdə daha da böyük işlər
görüləcəkdir…"
Azərbaycan.-
2006.- 6 dekabr.- S. 4.