Rabitə və İnformasiya Texnologiyaları
sahəsinin işçiləri peşə bayramını
qeyd etmişlər
Dekabrın 6-da
ölkəmizin rabitə və informasiya texnologiyaları
sahəsinin işçiləri peşə bayramını qeyd
etmişlər.
Əlamətdar gün
münasibətilə nazirlikdə
audio-video konfrans keçirilmişdir. Konfrans
birbaşa respublikamızın
11 bölgəsinə və
internet vasitəsilə
yayımlanmışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov konfransı açaraq demişdir ki, ölkəmizdə rabitənin qədim tarixi kökləri, özünəməxsus ənənələri
vardır. Qədimdə
məlumatların ötürülməsi
üçün yüksəkliklərdə
tonqal yandırır, sonralar xüsusi öyrədilmiş göyərçinlərdən,
habelə qasidlərdən
(çaparlar) istifadə
edirdilər. Hülakü
hökmdarı Qazan xan 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. XVI əsrdə
Şah İsmayıl Xətai Səfəvilər
dövlətində poçt
rabitəsinin dövlət
səviyyəsində təşkilinin
təməlini qoymuşdur.
O, ölkəni yadellilərdən qorumaq, möhkəm idarəetmə
sistemi yaratmaq məqsədi ilə ucqar əyalətlərdən
və xarici ölkələrdən məlumatlar
toplamaq üçün
öz dövrünə
görə müntəzəm
fəaliyyət göstərən
poçt rabitəsi yaratmışdı. Müasir
informasiya texnologiyalarının başlanğıcı
olan teleqraf rabitəsinin isə bu il ölkəmizdə
125 yaşı tamam olur.
Bakıda neft sənayesinin inkişafı
bu sahədə mövcud olan qabaqcıl dünya texnologiyalarının Azərbaycana
da gəlib çatmasına imkan yaratmışdı. Dünyada
ilk sualtı rabitə kabellərindən
biri 1879-cu ildə Xəzər dənizində
Bakı (Türkan qəsəbəsi) ilə
Krasnovodsk (indiki Türkmənbaşı) arasında
çəkilmişdi.
Nazir vurğulamışdır
ki, XX əsr və XXI əsrin əvvəli dünyada rabitə və informasiya texnologiyalarının
dinamik inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycanda da bu dövr ərzində
rabitə yüksək
inkişaf səviyyəsinə
çatmışdır. Xüsusilə,
ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyi
zamanı bir çox sahələrlə
yanaşı, rabitə
də sürətlə
inkişaf etmişdir.
Azərbaycanda rabitənin
ən sürətli inkişaf dövrü də məhz ötən əsrin 70-ci illərinə təsadüf
edir. Heydər Əliyevin birbaşa tapşırığı ilə
1974-cü il avqustun
30-da "Bakı şəhərində
telefon rabitəsinin vəziyyəti və onu sürətlə inkişaf etdirmək tədbirləri haqqında"
qərar qəbul edilmişdi. Qərarda 1980-ci ilin axırınadək
Bakıda əhalinin hər 100 nəfərinə
düşən telefonların
sayını azı
15-ə çatdırmaq,
1974-80-ci illərdə 164.000 nömrəlik avtomat telefon stansiyaları tikmək barədə tapşırıqlar verilmişdi.
1982-ci ildə verilmiş
tapşırıqda isə
kənd rayonlarında
83,2 min telefon nömrəsi istifadəyə
verilməsi nəzərdə
tutulmuşdu. Bu tapşırıqlar yerinə
yetirilmişdi.
Ulu öndər Heydər Əliyevin
1993-cü ildə xalqın
tələbi ilə yenidən hakimiyyətə
qayıdışından sonra
Azərbaycanda rabitənin,
elektron avadanlıqları
və telekommunikasiya texnologiyaları sahəsinin
inkişafı geniş
vüsət almışdır.
Bunun nəticəsidir
ki, hazırda regionun lider dövləti olan Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün
böyük imkanlara malikdir. Heydər Əliyevin 2003-cü il fevralın 17-də imzaladığı "Azərbaycan
Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya
(2003-2012-ci illər)" 10 il ərzində görüləcək işlərin
ümumi xəttini müəyyənləşdirmişdir. Azərbaycan Cənubi Qafqazda bu sahə
üzrə milli strategiya qəbul edən ilk ölkə
olmuşdur.
Hazırda telekommunikasiya
sahəsində ən
dinamik inkişaf edən sahə mobil rabitədir. 2005-ci ildə mobil telefon istifadəçilərinin
sayı əsas telefon istifadəçilərinin
sayını iki dəfəyə qədər
üstələmişdir.
Ə.Abbasov daha sonra demişdir
ki, ulu öndər
Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı
Prezident İlham Əliyev ölkəmizdə
rabitə və İKT-nin inkişafına
da xüsusi diqqət yetirir. Sürətlə inkişaf edən
yüksək texnologiyaların
daha geniş tətbiq olunmasını təmin etmək məqsədi ilə geniş imkanlara malik Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
təşkili ölkə
vətəndaşlarına müasir informasiya-kommunikasiya
texnologiyalarından bəhrələnmək
imkanları yaradılması
baxımından əhəmiyyətli olmuşdur. Azərbaycan İKT üzrə
beynəlxalq tədbirlərin
fəal iştirakçısına
və təşkilatçısına
çevrilmişdir. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi respublikamızda
dövlət siyasətinin
əsas prioritet istiqamətlərindən biridir.
Bunun nəticəsidir
ki, informasiya-kommunikasiya
texnologiyaları sektoru
potensial imkanlarına görə Azərbaycanda energetika sektorundan sonra ikinci sahədir.
Nazir daha sonra "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə
2005-2008-ci illər üçün
Dövlət Proqramının
(Elektron Azərbaycan)",
regionların sosial-iqtisadi
inkişafı dövlət
proqramının və
ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları
ilə təminatı
proqramının uğurla
icra edildiyini konkret faktlarla diqqətə çatdırmışdır.
Ə.Abbasov
demişdir ki, dövlətimizin başçısının
2006-cı il dekabrın 2-də imzaladığı sərəncamla
hər il dekabr ayının 6-nın rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə
bayramı günü
kimi qeyd olunması rabitəçiləri
yeni-yeni uğurlar qazanmağa ruhlandırmışdır.
Sonra rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif
edilməsi, onlara fəxri adlar və Prezidentin fərdi təqaüdlərinin
verilməsi barədə
dövlətimizin başçısının
sərəncamları oxunmuşdur.
Bir qrup işçi nazirin əmri ilə "Fədakar rabitəçi", "Rabitə
ustası" adlarına,
Fəxri fərmanlara,
pul mükafatlarına
layiq görülmüşdür.
Əsil qış havası yaşayan, hər yeri qarla
örtülü Xınalıqda
olan Nazirlik Aparatının rəhbəri
Vidadi Zeynalovla birbaşa bağlantı maraqla qarşılanmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın
7-də həmin ucqar dağ kəndinə çəkilən
yolun açılış
mərasimində verdiyi
tapşırıqların tam
icra olunduğunu, təkcə Xınalığa
deyil, bütün ətraf kəndlərin elektron telefon rabitəsi ilə təmin edildiyini, sakinlərin öz evlərindən dünyanın
bütün guşələri
ilə rabitə əlaqəsi yaratmaq imkanı qazandığını
bildirmişdir.
Kənd məktəbinin
direktoru Ənvər Əhmədov xınalıqlıların
ən xoş arzularını, sonsuz minnətdarlığını dövlətimizin başçısına
çatdırmağı xahiş
etmişdir.
Naxçıvan, Gəncə, Əli
Bayramlı və digər bölgələrdən
gələn səslər,
aydın görüntülər
də sahə işçilərinin ilk dəfə olaraq öz peşə bayramlarını qeyd etməkdən qürur və sevinc hissləri keçirdiyini göstərirdi. Onlar
dövlətimizin başçısının
qayğı və diqqətinə əməli
işlərlə cavab
verəcəklərini bildirirdilər.
Konfrans həm də respublikamızda informasiya texnologiyalarının
həqiqətən də
yüksək səviyyədə
olduğunu nümayiş
etdirmişdir.
Bayram tədbirinin iştirakçıları adından
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Azərbaycan.- 2006.- 7 dekabr.- S.2.