Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Əsrlər boyu xalqımız müstəqil dövlət
və istiqlaliyyət arzuları ilə
yaşamışdır. XIX əsrin
ortalarında milli məktəbin, milli mətbuatın və
milli teatrın təşəkkülü
mədəniyyətimizi daha da zənginləşdirmiş,
mənəvi və vətənpərvərlik hisslərini
gücləndirmişdir. 1847-ci ildə dünyada ilk
dəfə olaraq Azərbaycanda neftin sənaye üsulu ilə
çıxarıldığı gündən
etibarən başlanan iqtisadi yüksəliş də
ölkənin siyasi həyatına və mədəni
inkişafına böyük təsir göstərmişdir.
Milli dirçəliş ruhu qüvvətlənərək
geniş vüsət almış, istiqlal ideyasının
reallaşması üçün zəmin
yaranmışdır.
XX əsrin əvvəllərində dünyada
gedən mürəkkəb geosiyasi proseslərin məntiqi
nəticəsi olaraq, Azərbaycan xalqı öz arzusuna
çatmış və müstəqilliyini əldə
etmişdir. 1918-ci il mayın 28-də İstiqlal
Bəyannaməsinin qəbulu ilə müsəlman
Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti qurulmuşdur. Öz parlamenti,
hökuməti, ordusu və pul vahidi olan bu suveren dövlət
qısa bir ömür yaşamışdır. O,
dövlət quruculuğu və iqtisadiyyat, hərbi quruculuq
və mədəniyyət, təhsil və səhiyyə
sahələrində başladığı işləri sona
çatdıra bilməsə də, milli
dövlətçilik ənənələrimizin
bərpasında müstəsna rol oynamışdır.
1920-ci ilin aprel işğalından sonra da ölkəmiz
hələ iki ilədək öz müstəqilliyini qoruyub
saxlaya bilmişdir. Xarici ölkələrin
nümayəndəliklərinin Azərbaycanda fəaliyyət
göstərməsi, Moskva və Qars müqavilələrinin
bağlanması bunun ifadəsidir. 1922-ci ildə SSRİ-nin
tərkibinə daxil olmuş Azərbaycan Respublikası
müstəqilliyini yalnız formal surətdə sovet konstitusiyasında
əks etdirərək, həqiqi suverenliyini itirmişdir.
Buna baxmayaraq, Sovet İttifaqı tərkibində olduğu
illər ərzində Azərbaycan Respublikasının
iqtisadiyyatı sürətlə inkişaf etmiş,
xalqımızın gərgin əməyi ilə
qüdrətli iqtisadi potensial yaradılmışdır.
Bu illərdə Azərbaycanda
yüzlərlə yeni istehsal müəssisəsi
açılmış, zavod və fabriklər
istifadəyə verilmiş, neftçıxarma və neft
emalı, neft kimyası və maşınqayırma kompleksi,
qara və əlvan metallurgiya, energetika və
dağ-mədən sənayesi sahələrində, eləcə
də aqrar sektorun inkişafında böyük
uğurlar qazanılmışdır. Bakının “neft
akademiyası” adını alması da bu illərə
təsadüf edir. Həmin illərdə
təhsil, elm və mədəniyyətdə əldə
olunmuş böyük nailiyyətlər sayəsində,
əslində, müstəqilliyimizin bünövrəsi qoyulmuşdur.
1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında bəyannamə,
həmin ilin oktyabr ayının 18-də
“Azərbaycan Respublikasının Müstəqilliyi haqqında
Konstitusiya Aktı” qəbul edilmişdir. 1991-ci il dekabrın
29-da Azərbaycan Respublikasında ümumxalq referendumu
keçirilmiş və əhalinin 95%-i bu referendumda iştirak
edərək ölkənin müstəqilliyinə,
suverenliyinə və istiqlaliyyətinə səs vermişdir.
Bununla da Azərbaycan Respublikasının
müstəqillik haqqında Konstitusiya Aktı
qüvvəyə minmiş və XX əsrin sonlarında,
SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi
dövrdə ölkəmiz öz istiqlaliyyətini
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa
etmişdir.
Müstəqil inkişaf yoluna qədəm qoyarkən,
yeni tarixi mərhələdə Azərbaycanın
qarşısında taleyüklü vəzifələr
dayanırdı. Bunlar məqsədyönlü,
düşünülmüş daxili və xarici siyasət
kursunun hazırlanıb həyata keçirilməsini,
ölkənin mədəni-intellektual və sosial-iqtisadi
potensialından, ictimai-siyasi qüvvələrindən
səmərəli istifadə olunmasını tələb
edirdi. Lakin müstəqil Azərbaycan siyasi
mövcudluğunun ilk illərində dövlət
quruculuğu istiqamətində öz potensialını
gerçəkləşdirməyə müvəffəq
olmadı. Nəticə etibarilə dövlətçiliyin
başlıca əlamətlərindən bir çoxu
Azərbaycan reallığında həqiqətə
çevrilməmiş qaldı. SSRİ-nin
dağılmasından sonra ölkənin guya dünya
sisteminə inteqrasiyasının avtomatik təmin
olunacağına bağlanan əsassız ümidlər də
gerçəkləşmədi.
Respublikada cərəyan edən mürəkkəb
proseslər, xüsusilə Dağlıq Qarabağ probleminin
mövcudluğu azərbaycanlıların siyasi birlik kimi
özlərini dərk etməli olduqları zərurətini
doğurmuşdu. Müstəqilliyin ilk
illərində isə idarəçilik metodları, qəbul
olunmuş bəzi qanunlar, o cümlədən dövlət
dilinin adının dəyişdirilməsi ilə bağlı
qərar cəmiyyəti vahid ideya ətrafında
birləşdirmək və monolit qüvvəyə
çevirməkdən daha çox parçalayıcı
təsir göstərir, separatizm meyillərinin
qüvvətlənməsi üçün zəmin
yaradırdı. Ölkədə sovet konstitusiyası
hələ də öz hüquqi gücünü saxlayırdı.
Azərbaycan yalnız 1993-cü ildə ümummilli lider
Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra səmərəli
dövlətçilik konsepsiyası, iqtisadiyyatın
dirçəlişi strategiyası və
azərbaycançılıq fəlsəfəsinin
əsaslarına uyğun olaraq demokratik keçid yoluna
qədəm qoydu. Məhz Heydər Əliyev
öz dühası ilə Azərbaycan tarixinin bu yeni
mərhələsində cəmiyyəti səfərbər
edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni
kursun gerçəkləşməsinə nail oldu. İlk
növbədə, hakimiyyət vakkumu aradan
qaldırıldı, separatçı qüvvələr
zərərsizləşdirildi,
vətəndaş müharibəsi təhlükəsinin
qarşısı alındı. Azərbaycanın
dövlətçiliyinə, müstəqilliyinə və ərazi
bütövlüyünə qəsdlər hazırlayan
cinayətkar dəstələr cəmiyyətdən təcrid
edildi. Ölkənin nizami silahlı qüvvələrinin
yaradılması ilə bağlı tədbirlər həyata
keçirildi. Nəticədə demokratik
təsisatların qurulması prosesi sürətləndi,
dövlətçiliyin milli identifikasiyasının
başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla
dövlətin qarşılıqlı mənəvi
məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli
qoyuldu və dövlət cəmiyyətin
bütövlüyünün tam təminatçısına
çevrildi.
Ötən illər ərzində ölkəmizdə
əldə olunan nailiyyətlər Azərbaycanın siyasi
istiqlaliyyətinin nəticəsidir. Bu müddətdə
ictimai, iqtisadi və sosial sahələrdə islahatlar
aparılmış və yüksək nailiyyətlər qazanılmışdır.
Hüquqi müstəvidə islahatlar Azərbaycanın
məhkəmə, hüquq mühafizə və penitensiar
sistemini dünya standartlarına
uyğunlaşdırmışdır. Dövlət
idarəçiliyi strukturunda əsaslı
dəyişikliklər edilmiş, Milli Ordumuzun
formalaşmasında və güclənməsi sahəsində
mühüm addımlar atılmışdır.
Ölkədə müəyyən edilmiş demokratik islahatlar
kursu davamlı olaraq həyata keçirilmişdir. Vicdan və
söz azadlıqları, şəxsiyyətin
toxunulmazlığı, insan və vətəndaş
hüquqları təmin edilmiş, tolerantlıq mühitinin
bərqərar olması ilə vətəndaş
cəmiyyətinin formalaşdırılması yolunda
köklü irəliləyiş əldə olunmuşdur.
Bütün bunlar Azərbaycan Respublikasının 1995-ci il
noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında
təsbit edilmişdir.
Azərbaycan qısa zaman kəsiyində sürətli
inkişaf yolu keçərək,
müvəffəqiyyətlər qazanmışdır. Torpaq
islahatı həyata keçirilmiş, torpaqlar xüsusi
mülkiyyətə verilmiş, kolxoz və sovxozların
əmlakı özəlləşdirilmişdir. Genişmiqyaslı islahatlar aparılmasında
dövlət özəlləşdirmə proqramlarının
böyük rolu olmuşdur. İslahatların sosial
yönümü və əhalinin sosial müdafiəsi
tədbirləri iqtisadi siyasətdə mühüm yer
tutmuşdur. Ölkədə bank-kredit, vergi, büdcə
və pul sistemlərində ciddi dəyişikliklər
edilmiş, vətəndaşların real gəlirlərinin
artması sahəsində nəzərəçarpan
uğurlar əldə olunmuşdur.
Respublikamızın iqtisadiyyatı sürətli inkişaf
tempinə malikdir. Son illər ərzində yeni-yeni
iş yerlərinin açılması, sahibkarlıq
fəaliyyətinin gücləndirilməsi, regionların
sosial-iqtisadi inkişafı proqramının ardıcıl
həyata keçirilməsi, ümumi daxili məhsulun
həcminin artması Azərbaycanda baş verən iqtisadi
tərəqqinin parlaq təzahürüdür. Dünya
iqtisadiyyatına ahəngdar inteqrasiya ölkənin iqtisadi
siyasətinin başlıca istiqamətini təşkil edir.
Azərbaycanın neft strategiyasının işlənib
hazırlanması və müvəffəqiyyətlə
gerçəkləşdirilməsi ölkəmizin
əldə etdiyi nailiyyətlərin təməli olmuşdur. Regional və qlobal baxımdan strateji
əhəmiyyətə malik olub, Xəzər neftini
beynəlxalq bazarlara fasiləsiz və təhlükəsiz
şəkildə çatdıran Bakı–Tbilisi–Ceyhan neft
kəmərinin işə düşməsi ölkənin
uzunmüddətli inkişaf imkanlarını
genişləndirmişdir. Bununla
yanaşı, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin
tikintisi, Qars–Tbilisi–Bakı dəmir yolunun inşası və
digər mühüm layihələrin reallığa
çevrilməsi Azərbaycanın iqtisadi potensialını
qüvvətləndirən amillər kimi ölkəmizin
gələcək inkişaf strategiyası üçün
yeni üfüqlər açır.
Bu gün Azərbaycan öz xarici siyasətini
xalqımızın milli maraqlarına uyğun olan
tarazlaşdırılmış prinsiplər əsasında
həyata keçirir. Respublikamızda mövcud
siyasi stabillik, böyük iqtisadi irəliləyişlər
Azərbaycanın inkişaf etmiş dövlətlərlə
səmərəli əməkdaşlığına təkan
vermiş, dünya siyasətinin subyekti kimi onun beynəlxalq
mövqeyini möhkəmləndirmişdir.
Süni olaraq yaradılan və 1987-ci ildən ortaya atılan
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın ərazi
bütövlüyünə bir qəsd kimi qiymətləndirilməlidir.
Münaqişə bir çox mərhələlərdən
keçib, ölkəmizə qarşı açıq
hərbi təcavüz və etnik təmizləmə
siyasəti ilə nəticələnmişdir. Bir milyondan
artıq soydaşımız qaçqın-köçkün
vəziyyətinə düşmüşdür. Bütün bu illər ərzində
Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır:
ölkəmizin ərazi bütövlüyü beynəlxalq
hüquq normaları çərçivəsində bərpa
olunmalı, torpaqlarımız işğalçı qüvvələrdən
azad edilməli, qaçqın və köçkünlər
öz doğma torpaqlarına, o cümlədən
Dağlıq Qarabağa qaytarılmalıdırlar. Yalnız
bundan sonra Dağlıq Qarabağın statusu
məsələsi Azərbaycan Respublikasının ərazi
bütövlüyünün qorunması şərti ilə
müzakirə oluna bilər.
Müstəqillik illərində Azərbaycan xalqının
mənəvi potensialı daha da zənginləşmiş,
milli mədəniyyət və incəsənət ideoloji
buxovlardan azad olaraq, azərbaycançılıq
məfkurəsi əsasında inkişaf etmişdir. Bu dövr ərzində Azərbaycanın
dövlət müstəqilliyinin başlıca
rəmzlərindən olan ana dilimizin cəmiyyətdə
mövqeyi möhkəmlənmiş, dövlət dili kimi
tətbiq dairəsi və sərbəst inkişaf imkanları
xeyli genişlənmişdir. Müsəlman Şərqi
aləmində ilk dünyəvi teatrın, ilk kinonun və ilk
operanın yaradıcısı olan Azərbaycan xalqı
mədəniyyətinin yeni yüksəliş mərhələsini
yaşayır.
Azərbaycan Respublikası bütün dünya
azərbaycanlılarının vətənidir. Dünya
azərbaycanlılarının Bakıda keçirilən
qurultayları soydaşlarımızın həmrəyliyi
yolunda atılan çox mühüm addımlar olmuşdur.
Azərbaycanın istiqlalı xalqımızın iftixarı,
qürur mənbəyidir. Dövlət
müstəqilliyinin və milli istiqlalın
xalqımızın həyatında tarixi əhəmiyyətini
nəzərə alaraq, Azərbaycan Respublikasının
əldə etdiyi nailiyyətlərin milli sərvət kimi
təbliğini gücləndirmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində İstiqlal muzeyi yaradılsın.
2. Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində İstiqlal abidəsi ucaldılsın.
3. İstiqlal abidəsinin yaradılması üçün
açıq beynəlxalq müsabiqə elan olunsun.
Müsabiqənin qalibləri üçün hər biri
müvafiq olaraq 100 min, 50 min və 20 min manat
məbləğində 1-ci, 2-ci və 3-cü
dərəcəli mükafatlar təsis edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti 15 gün
müddətində:
4.1. bu sərəncamla yaradılan İstiqlal muzeyinin və
ucaldılan İstiqlal abidəsinin yeri ilə bağlı
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
4.2. İstiqlal abidəsinin yaradılması üçün
açıq beynəlxalq müsabiqənin texniki
şərtlərini müəyyənləşdirsin;
4.3. bu sərəncamdan irəli gələn digər
məsələləri həll etsin.
5. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2006-cı il
Xalq qəzeti.-2006.-19dekabr.-S.1.