İbrahimli Z.

 

Qarabağa səfər edən ziyalılar aşıqlama verirdi

 

Səfərin pərdəarxası

 

Azərbaycan və Ermənistan ziyalılarının Xankəndi, Yerevan və Bakı səfəri Qarabağ nizamlanmasının perspektivi ilə bağlı yeni suallar doğurdu. Şübhəsiz ki, bu səfərlər, rəsmən qələmə verildiyi kimi, "xalq diplomatiyası"nın görsənişləri deyildi. Böyük ehtimalla, bu səfər Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə razılaşdırılmışdı. Həmçinin ola bilsin ki, bu təşəbbüsün müəllifi kimi Rusiya çıxış edib, Əliyev və Köçəryan onu qəbul ediblər. Hər halda bu səfərin baş tutmasına Azərbaycan rəhbərliyinin razılıq verməsi çox əhəmiyyətlidir və bunun üzərində xüsusi dayanmağa ehtiyac var. Bu səfərə razılıq vermək ermənilər üçün elə də ciddi problem deyildi. Onlar Azərbaycan torpaqlarını işğal ediblər və indi də danışıqlar prosesində bundan dividend götürməyə çalışırlar. Ermənilər üçün bu səfərə razılıq vermək psixoloji baxımdan da problem deyil, çünki hazırda onlar üstün tərəfdirlər. Məhz buna görə də Ermənistan və Azərbaycanda bu səfərə fərqli münasibət müşahidə edirik.
Azərbaycan isə fərqli vəziyyətdədir, torpaqlarımızın 20 faizi işğal olunub. Ermənilərin bu siyasəti əsrlərdir davam edir, biz isə hələ ki uduzan tərəfik. Bu baxımdan rəsmi Bakının bu səfərə razılıq verməsi üçün çox əhəmiyyətli səbəbləri olmalı idi. Görünür, rəsmi Bakını ziyalılarımızı separatçıların lideri Qukasyanın qəbuluna göndərməyə çox ciddi səbəblər vadar edib. Əslində Azərbaycan cəmiyyəti bu səbəblər üzərində düşünməlidir.
Müşahidəçilərə görə, bu səfərlər iki məqsədə xidmət edə bilər. Birincisi, Azərbaycan və Ermənistan rəhbərliyi qarşıdakı mürəkkəb mərhələdə status-kvonu saxlamaq və ictimai rəyi bu cür addımlarla sakitləşdirmək barədə razılıq əldə ediblər. Həm Bakıda, həm də Yerevanda rəsmi dairələr üstün mövqedə olduqlarını əsaslandırmaq üçün ziyalıların səfərindən istifadə edirlər. Nəzərə almaq lazımdır ki, qarşıdan həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri gəlir və hər iki ölkənin rəsmi dairələri bu mərhələni rahat şəkildə başa vurmaqda çox maraqlıdırlar. Bu cür təşəbbüslər isə ictimai rəylə manipulyasiya imkanları verməklə yanaşı, həmçinin "buxarı çıxarmaq" mexanizmi kimi də yararlıdır.
İkincisi, Azərbaycan və Ermənistan rəhbərliyi Qarabağ nizamlanması çərçivəsində hər hansı razılaşmaya gəliblər, bu cür təşəbbüslər isə vasitəçilərin hər dəfə təkrarladıqları "prezidentlər xalqlarını sülhə hazırlamalıdırlar" çağırışının reallaşdırılmasıdır. Fikrimizcə, bu variant indiki situasiyada daha realdır. Sankt-Peterburq görüşündən əvvəl səslənən açıqlamaları yada salaq: vasitəçilər və rəsmilər bəyan edirdilər ki, tərəflərin razılaşa bilmədiyi iki-üç element qalıb. Bunların Qarabağın statusu, Laçın və Kəlbəcərin boşaldılması, Laçın dəhlizinin taleyi, qaçqın və məcburi köçkünlərin geri qaytarılması olduğu sirr deyildi.
Sankt-Peterburq görüşündən əvvəl həmsədrlər Bakıda ermənilərin 7 rayonu qaytarmağa hazır olduqları barədə açıqlama verdilər. Ziyalıların səfəri vasitəçilərin anonslarının boş söz olmadığını deməyə əsas verir. Ola bilsin ki, ermənilərin 7 rayonu qaytarmaq razılığından sonra prezidentlər digər məsələlər barədə razılığa gələ biliblər. Əvəzində isə Bakı Qarabağın statusunun vilayətdə keçiriləcək səsvermə, yaxud referendumla müəyyənləşdirilməsinə razılıq verib. Laçın dəhlizinə bir müddət sülhməramlı kontingentin, sonra isə Azərbaycan və Ermənistanın birgə nəzarət etməsi nəzərdə tutulub. Qarabağa isə ən yüksək muxtariyyət verilməsi planlaşdırılıb. Laçın və Kəlbəcərin isə sülh sazişi imzalanandan sonra boşaldılması barədə razılıq əldə edilib.
Rəsmi Bakı neft gəlirlərindən Qarabağda bərpa işlərinin aparılması və inkişafı üçün çox böyük həcmdə maliyyə ayırmaq barədə öhdəlik götürüb. Həmçinin Ermənistanla bütün kommunikasiyalar açılır, Ermənistan blokadadan çıxır. Xankəndi və Yerevanda olmuş Azərbaycan nümayəndə heyətinin Şuşa məscidinin ermənilərlə birgə təmirinin mümkünlüyü barədə söylədikləri və onların açıqlamalarındakı bir çox eyhamlar da məhz qeyd etdiyimiz şərtlər daxilində ən azı şifahi razılaşmanın əldə olunduğunu söyləməyə imkan verəcək nüanslardır.
Qeyd edək ki, bu variant daha çox Avropa təmsilçiləri tərəfindən qabardılırdı. Onlar bu variantı iqtisadi maraqlar üzərində Avropa Birliyinin yaranmasından sonra Almaniya ilə Fransa arasında əsrlərlə davam edən mübahisələrə son qoyulması ilə müqayisə edirdilər.
Ziyalıların səfərinin həm ABŞ, həm Rusiya, həm də Avropa Birliyi tərəfindən alqışlandığı da diqqətçəkəndir. Neft pullarından böyük pay müqabilində ermənilərin Qarabağın faktik müstəqilliyinə razılaşması qeyd edilən bütün tərəfləri qane edir. Rusiya öz təsir imkanlarını saxlayır və razılaşmanın əsas qarantlarından biri kimi çıxış edir, ABŞ və AB isə daha çox regionda sülhün bərqərar olmasında maraqlıdırlar. Bu variant isə bunu təmin edir. Uduzan isə...
Hər halda ilk baxışda ermənilərin geri çəkildiyi barədə illüziya yarana bilər. Amma əsrlərin təcrübəsi göstərir ki, elə bu variantdan ən çox xeyir götürən ermənilər olacaq. Neft pullarımızla Qarabağ onların idarəçiliyində inkişaf etdiriləcək, bu bölgəyə erməni axını təmin olunacaq. Ermənilərin Qarabağda yaşamasına beynəlxalq təminat veriləcək, faktik müstəqillik isə öz yerində. Daha nə lazımdır?
Bir daha qeyd edək ki, yazdıqlarımız bizim ehtimallarımızdır. Amma bu ehtimallar hadisələrin ardıcıllığını diqqətlə izlədikdən sonra yaranıb. Hər halda ziyalıların səfərinin ardınca Rostovda keçirilən cıdırı izləmək üçün İlham Əliyev və Robert Köçəryanın bu şəhərdə bir araya gəlmələri də bu ehtimalların həqiqətdən çox da uzaq olmadığını söyləməyə əsas verir.

 

Ayna.- 2007.- 30 iyun.- S. 2.