Heydər Əliyev adına beynəlxalq hava limanında "Holiday İNN" mehmanxanasının açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Qurtuluş Gününün Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Məhz bu gündən etibarən Azərbaycan öz inkişaf dövrünü yaşamağa başlamışdır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir.

İlham Əliyev




İyunun 14-də Heydər Əliyev adına beynəlxalq hava limanı ərazisində tikilən müasir "Holiday İNN" mehmanxanasının təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimə toplaşan dövlət və hökumət nümayəndələri, xarici ölkələrin respublikamızdakı səfirləri, hava limanının və yeni mehmanxananın əməkdaşları dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi, "Holiday İNN" ilə yaxından tanış oldu. Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və mehmanxananın baş meneceri Tuncay Bokin məlumat verdilər ki, bu otel xarici ölkələrdən Azərbaycana gələn qonaqların, tranzit sərnişinlərin, üçuş heyətlərinin, eləcə də ölkəmizin vətəndaşlarının istifadəsi məqsədilə inşa edilmişdir. 25 milyon ABŞ dollarına başa gələn və "Silk Way" (İpək yolu) özəl Azərbaycan şirkətinin sifarişi və maliyyə vəsaiti hesabına tikilən bu otel "İntercontinental Hotels-Group" mehmanxana şəbəkəsinə aiddir. Bu şəbəkə dünyada ən böyük hesab olunur (dünyanın təqribən 100 ölkəsində 593 min otaqlı 3600 mehmanxanası vardır). İlk dəfə olaraq, "İntercontinental Hotels-Group" tərəfindən "Holiday İNN" mehmanxanasına eksklüziv əməkdaşlıq etmək hüququ verilmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni mehmanxananın tikintisinə 2005-ci ilin sentyabrında başlanmışdı. 6 mərtəbəli bina mərkəzləşmiş istilik, havalandırma, yanğın-siqnalizasiya, rabitə və sair sistemlərlə təchiz edilmişdir. Abşeron çimərliklərindən 10 dəqiqəlik, "Atəşgah" məbədindən 15 dəqiqəlik, Bakı şəhərinin mərkəzindən isə 25 dəqiqəlik məsafədə yerləşən mehmanxana qonaqlara ən münasib qiymətlə etibarlı, yüksək xidmət təklif edir.
Prezident İlham Əliyev mehmanxananın müxtəlif mərtəbələrini gəzdi, yaşayış, xidməti, inzibati və iclas otaqlarına və digər sahələrə baxdı, burada yaradılan müasir şəraitlə tanış oldu.
Bildirildi ki, oteldə 207 otaq var və bunlardan 194-ü bir və iki nəfərlik, 8-i yüksək səviyyəli qonaqların (VİP) qəbulu üçün, 1-i prezident-lüks otağıdır. Əlillər üçün 4 xüsusi otaq nəzərdə tutulmuşdur. Burada qonaqların rahatlığı üçün dünya standartlarına uyğun bütün şərait yaradılmışdır. Mehmanxanada örtülü hovuz, sauna, sağlamlıq guşəsi, iki restoran, bir kafe, iki bar, internet otağı, 16 və 20 nəfərlik 10 iclas otağı, iki konfrans salonu, 100 nəfərlik yeməkxana, şüşəli liftlər, əlillər üçün xüsusi dincəlmə otaqları və müxtəlif xidmət sahələri vardır.
Mehmanxananın ərazisində 200 nəqliyyat vasitəsi üçün sahəsi 7350 kvadratmetr olan dördmərtəbəli qapalı avtomobil dayanacağı tikilmişdir. Otelin elektrik enerjisi ilə təmin olunması üçün 2500 KVA-lıq transformator qoyulmuşdur.
Məlumat verildi ki, "Silk Way" şirkəti və "İntercontinental Hotels-Group" gələcəkdə Lənkəran, Gəncə, Zaqatala və Naxçıvanda da oxşar mehmanxanaların, Bakıda isə "Crowne Plaza"otelinin tikintisini planlaşdırır.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, burada yaradılan müasir şəraitdən razılığını bildirdi və açılış mərasimində nitq söylədi.

- Əziz dostlar!
Mən ilk növbədə, sizin hamınızı qarşıdan gələn Qurtuluş Günü münasibətilə təbrik etmək istəyirəm. Qurtuluş Gününün Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Məhz bu gündən etibarən Azərbaycan öz inkişaf dövrünü yaşamağa başlamışdır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir.
Son 14 il ərzində Azərbaycanın hərtərəfli tərəqqisi bizə imkan verib ki, ölkəmizin hər bir sahəsi, iqtisadiyyatımızın hər bir istiqaməti uğurla inkişaf etsin. Əldə edilmiş nailiyyətlər bizdə inam hissini daha da gücləndirir. Biz qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetiririk, bütün proqramları vaxtında icra edirik və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının təmin olunması üçün böyük işlər görürük.
Mən çox şadam ki, bugünkü gözəl gündə biz Bakıda istifadəyə verilən çox gözəl mehmanxananın açılışına toplaşmışıq. "Holiday İNN" otellər zənciri dünya şöhrətli bir qrupdur və müxtəlif ölkələrdə çoxsaylı otelləri vardır. Mən də çox şadam ki, artıq Azərbaycanda da "Holiday İNN" oteli fəaliyyət göstərəcəkdir. Bu gün bu otellə tanış olarkən gördüm ki, burada dünyanın ən yüksək standartları mövcuddur. Çox gözəl xarici görünüşü, daxili dizaynı var, qonaqlardan ötrü istirahət etmək, dincəlmək üçün bütün imkanlar var. Azərbaycana çoxsaylı turistlərin, qonaqların gəlməsi üçün də əlavə imkanlar yaradır. Əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaq, burada bütün otaqlar həmişə dolu olacaqdır. Çünki belə gözəl otelin yaradılması şəhərimizin həyatında çox əlamətdar bir hadisədir.
Azərbaycanda dünya şöhrətli otellərin markaları fəaliyyət göstərir. Ancaq uzun müddət ərzində yeni otellər, demək olar ki, tikilmirdi. Amma indiki zəmanədə yeni otellərin fəaliyyətə başlaması üçün çox gözəl şərait var - Azərbaycanın sürətli iqtisadi inkişafı, gözəl investisiya mühiti. Biz Azərbaycana gələn turistlərin ildən-ilə artmasını müşahidə edirik. Əlbəttə ki, bundan sonra da gözəl otellər tikilməlidir. Məndə olan məlumata görə, yaxın zamanlarda digər dünya şöhrətli otel şəbəkələri Azərbaycana gələcəkdir.
Çox əlamətdar hadisədir ki, bu otel məhz Heydər Əliyev adına beynəlxalq hava limanının yaxınlığında tikilmişdir.
Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq hava nəqliyyatı üçün də regional mərkəzə çevrilir. Çünki əgər belə olmasaydı, otelin aeroportda tikilməsinə də ehtiyac olmazdı. Biz bilirik ki, yalnız böyük beynəlxalq hava limanlarında bu səviyyəli otellər tikilir. Azərbaycanın coğrafi vəziyyəti, onun nəqliyyat infrastrukturunun möhkəmlənməsi, əlbəttə ki, bu otelin məhz burada tikilib istifadəyə verilməsinə şərait yaradıbdır.
Azərbaycanda bütün nəqliyyat infrastrukturu, xüsusilə hava nəqliyyatı möhkəmlənir. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilib və tikilməkdədir - Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala. Bütün bunlar bizim güclü nəqliyyat infrastrukturumuzun möhkəmlənməsinə də şərait yaradır. İndi Azərbaycandan başqa ölkələrə uçuşların sayı artır, yeni reyslər açılır, bizim başqa ölkələrlə hava körpülərimiz yaranır, müasir tipli "Boinq" və "Aerobus" təyyarələri alınır. Demək olar ki, indi "Azal"ın parkında bu təyyarələr üstünlük təşkil edir və yəqin bir neçə ildən sonra artıq bizdə sovet istehsallı köhnə təyyarələr qalmayacaqdır.
Bildiyiniz kimi, bu yaxınlarda imzalanmış müqavilələrə görə Azərbaycana dünyanın ən müasir təyyarələrinin gətirilməsi də nəzərdə tutulur. "Boinq-787" drimlayner adlanan təyyarə bütün postsovet məkanında ilk olaraq Azərbaycana gələcəkdir və bizim aviaşirkətimiz ondan istifadə edəcəkdir. Bütün bunlar Azərbaycanın ümumi inkişaf dinamikasının əlamətləridir. Bizim ölkəmiz hərtərəfli inkişaf edir. İqtisadi inkişaf, o cümlədən sənayenin inkişafı, uğurlu neft strategiyamız, Azərbaycanın dünya birliyinə inteqrasiyası, dünya birliyində özünəlayiq yerini tutması, xidmət sektorunun inkişafı, çox liberal iqtisadi siyasət, investisiyaların qorunması, gözəl investisiya iqliminin formalaşması, xarici və daxili investisiyaların artımı, özəl sektora, qeyri-neft sektoruna olan diqqət, infrastruktur layihələrinin icrası - bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlər, istiqamətlərdir. Azərbaycanda elə sahə yoxdur ki, orada inkişaf, özü də çox güclü inkişaf olmasın. Bütün bunları iqtisadi artım mümkün edir.
Bizim ölkəmiz artıq bundan sonra maliyyə çətinlikləri ilə üzləşməyəcəkdir. Bundan sonra biz ancaq və ancaq irəliyə gedəcəyik, ancaq və ancaq öz iqtisadi və maliyyə potensialımızı gücləndirəcəyik. Belə olan halda, əlbəttə ki, Azərbaycanda istənilən sosial məsələlər öz həllini tapa bilər və biz bu gün bunu görürük.
Azərbaycanda "Holiday İNN" otelinin fəaliyyətə başlaması çox böyük əhəmiyyətə malik olan hadisədir. Bu sadəcə, yeni bir otelin açılışı, fəaliyyətə başlaması deyildir. Bu onu göstərir ki, Azərbaycanın bugününə, Azərbaycanın gələcəyinə inam var. Xarici investorlar Azərbaycana inanırlar, əmindirlər ki, bura qoyulan böyük həcmdə sərmayə qaytarılacaq, onlar bundan gəlir əldə edəcəklər. Belə olan halda, əlbəttə ki, bu, növbəti investisiyaların gəlməsi üçün gözəl şəraitdir. İstənilən ölkədə biləndə ki, Azərbaycanda "Holiday İNN" oteli də fəaliyyət göstərir, əlbəttə, bu, ölkəmizin infrastrukturuna, xidmət sektoruna daha da böyük marağın yaranmasına gətirib çıxaracaqdır.
Əlbəttə, mən otelin xarici görünüşü ilə tanış idim, hamımız bunu görürdük. Amma ilk dəfədir otelin içindəyik və deyə bilərəm ki, daxili tərtibatı, görünüşü xarici görünüşündən daha da üstündür. İşlər çox yüksək səviyyədə görülüb, gözəl materiallardan istifadə olunubdur. Çox keyfiyyətli avadanlıq var və səviyyə də çox yüksəkdir. Bu da məni çox sevindirir. Çünki mən istəyirəm ki, Azərbaycanda yeni yaradılan, tikilən hər bir müəssisə, hər bir otel, hər bir sənaye obyekti dünyanın ən yüksək standartlarına cavab versin. Bu otelin timsalında biz bunu görürük.
Bir daha demək istəyirəm ki, bu gözəl gündə otelin açılışı çox əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir, bizim çox gözəl gələcəyimiz var. Otelin bütün işçilərinə uğurlar arzulayıram. Arzu edirəm ki, burada yaxşı işləsinlər, qonaqlara yaxşı xidmət göstərsinlər.
Otelin fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyəti uğurlu olacaq və Azərbaycanın ümumi inkişafına öz töhfəsini verəcəkdir. Sağ olun.
(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

 

Azərbaycan.-2007.-15 iyun.-S.1-2.