Xəlilzadə F.
Mədəniyyətimizin
unudulmaz himayədarı
Qədim
ənənələrə, zəngin milli mənəvi
mədəniyyətə malik olan xalqımız məhz
ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət
siyasəti nəticəsində öz varlığı,
mənəvi irsi, keçmişi ilə fəxr edə
bilər. Ulu öndər Azərbaycan
mənəviyyatının və mədəniyyətinin
himayədarı idi. Həyatımızın
bütün sahələrində unudulmaz liderimizin elə
qüdrətli və əzəmətli yadigarları var ki,
zaman ötdükcə dahi şəxsiyyətin
müqəddəs xatirəsi önündə ehtiramla baş
əyir, əvəzsiz xidmətləri qarşısında
heyrətimizi, məhəbbətimizi bildirməyi
özümüzə borc bilirik.
Tarixi və mədəni hadisələrin məsafə
uzaqlığında Azərbaycanın taleyində Heydər
Əliyevin xidmətləri daha aydın, daha parlaq
görünməkdədir. "Heydər Əliyev
Azərbaycanı azərbaycanlılara qaytardı" fikrinin
bir şaxəsi də məhz mədəniyyətlə
bağlıdır. Həyat təsdiqlədi ki, Azərbaycan
mədəniyyətinin Heydər Əliyev qədər əsl
himayədarı, böyük qayğıkeşi olmayıb.
Ötən əsrin sonlarında cəmiyyətdə baş
verən aşınmalar yaddaşlardan silinməyib.
Dağılan təkcə iqtisadiyyat deyildi. Mənəvi
potensialımız da sıradan çıxmışdı. Məhz
Heydər Əliyevin zəkasının işığında
sahmanı pozulmuş həyatımızın bütün
sahələrində olduğu kimi,
mədəniyyətimizdə də nizamlanma aparıldı.
Heydər Əliyev mədəniyyətə sadəcə
qayğı göstərməklə kifayətlənmirdi.
İstənilən musiqi əsəri, incəsənət xadiminin
yaradıcılığı haqqında elə dəqiq
fikirlər söyləyirdi, təhlillər edirdi ki,
sənətşünaslar həsəd aparırdılar.
Heydər Əliyev hər bir sənət sahibi ilə məhz
o sənətin mahir bilicisi kimi söhbət edərdi.
Heydər Əliyevin xidmətləri nəticəsində
Azərbaycan mədəniyyəti sözün həqiqi
mənasında, yüksəliş dövrü keçdi.
Hələ hakimiyyətinin birinci dövründə -
1970-1982-ci illər arasında, memarlıq və
şəhərsalma, monumental incəsənət, təsviri
sənət, musiqi, teatr, kino sahəsində
misli-bərabəri görünməyən tərəqqi
baş verdi. O dövrdə Azərbaycanın
bütün şəhərlərində mədəniyyət
evləri, memarlıq ansamblları yaradıldı. 1949-cu
ildən fəaliyyəti dayandırılmış bir sıra
rayon teatrları yenidən həyata qaytarıldı.
Azərbaycanın müxtəlif bölgələrində
mədəniyyət və incəsənət
xadimlərinin xatirəsini əbədiləşdirmək
üçün abidələr ucaldıldı.
İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Səməd
Vurğun, Nəriman Nərimanov, Mehdi Hüseyn və başqa
ədiblərin şərəfinə ucaldılmış
heykəllərin təşəbbüskarı məhz
Heydər Əliyev oldu.
Azərbaycan incəsənətinin
inkişafına nail olmaq üçün Heydər Əliyev
görkəmli bəstəkarların, rəssamların, kino
və teatr xadimlərinin yubileylərinin dövlət
səviyyəsində keçirilməsinə böyük
əhəmiyyət verirdi. Ümummilli liderimizin
sözləridir: "Görkəmli
şəxsiyyətlər xalqımızın
zəkasını, elmini, mədəniyyətini,
mənəviyyatını dünyaya nümayiş
etdirirlər". Heydər Əliyev
mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini
həmişə dəyərləndirir, mədəniyyət
xadimlərini, musiqiçiləri yeni yaradıcılıq
axtarışlarına ruhlandırmaq üçün
onların əməyini yüksək qiymətləndirirdi.
Əlbəttə, sovet dönəmində Heydər
Əliyevin Azərbaycan incəsənətinə,
mədəniyyətinə göstərdiyi xidmətlərin
öz xüsusiyyətləri var idi. Sovet imperiyasının
təzyiqi altında milli mədəniyyətin
inkişafına çalışmaq və onun
nümayəndələrinin dünyada tanınmasına
səbəb olmaq, sözün əsl mənasında,
qəhrəmanlıqdır. Heydər Əliyev buna siyasi
cəsarətinin, müdrik addımlarının və ən
başlıcası ürəyinin hökmü ilə nail oldu.
Xatırladaq ki, Azərbaycan o zaman böyük dövlətin
- sovetlərin tərkibində kiçik bir respublika idi. Amma həmin vaxt dörd yazıçı və
şairimiz - Süleyman Rəhimov, Mirzə İbrahimov,
Rəsul Rza, Süleyman Rüstəm, üç
bəstəkarımız - Qara Qarayev, Fikrət Əmirov,
maestro Niyazi, böyük müğənnimiz Rəşid
Behbudov, memar Mikayıl Abdullayev, rəssam Tahir Salahov Sosialist
Əməyi Qəhrəmanı kimi yüksək ad
aldılar. Onların dünyada məşhurlaşmasında,
sevilməsində öz orijinal yaradıcılıqları
ilə bərabər, Heydər Əliyev qayğısı
mühüm rol oynamışdır. Bu görkəmli
insanların çətin maneələri aşmalarında
ilkin köməyi, dəstəyi məhz ümummilli liderimiz
göstərmişdir. Rusiyadan başqa heç bir sovet
respublikasında bu qədər sənət xadimi belə
şərəfli ada layiq görülməyib. Müqayisə
üçün deyək ki, o zaman böyük respublika olan
Ukraynada sənət adamları arasında cəmi iki Sosialist
Əməyi Qəhrəmanı var idi. Şübhəsiz ki, ölkəmizin
o zamankı nailiyyətləri Azərbaycana rəhbərlik
edən Heydər Əliyevin fədakar xidmətinin, nüfuzunun,
ədəbiyyata, sənətə münasibətinin,
ən başlıcası isə böyük cəsarətinin
nəticəsi idi. Xalq yazıçısı Anarın
sözləridir: "Bu adların verilməsi,
Azərbaycanın nüfuzunu qaldırmaq, Azərbaycan
mədəniyyətini Ümumittifaq miqyasında təsdiq
etmək demək idi". Bu adları Heydər Əliyev
asanlıqla yox, siyasi mübarizələrin
nəticəsində alırdı və bu da əsl
vətəndaşlıq qələbəsi idi.
Heydər Əliyevin unudulmaz
xidmətlərindən biri də budur ki, müdrik insan
müasir musiqinin yeni janrlarının yaradılması ilə
bərabər, milli musiqimizin də unudulmamasına
çalışırdı. Xüsusilə də, Üzeyir
Hacıbəyovun, Müslüm Maqomayevin əsərlərinin
gənc nəsil tərəfindən öyrənilməsinə,
tamaşaya qoyulmasına çox diqqət
göstərirdi. Ümummilli liderin Üzeyir Hacıbəyov
sənətinin ictimai əhəmiyyətini açıqlayan müdrik
fikirlərindən: "Əgər nəzərə alsaq ki,
əsrimizin əvvəllərində xalqımızın
əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və
kitablar da az idi, kino, televiziya və
başqa vasitələr yox idi, təsəvvür edin,
Üzeyir Hacıbəyov öz operası vasitəsilə
Məhəmməd Füzulinin sözlərini,
"Arşın mal alan", "O olmasın, bu olsun"
və başqa operettaları vasitəsilə istədiyi
fikirləri insanlara çatdırmaqla xalqımızın
mənəvi və mədəni inkişafında nə
qədər böyük xidmətlər
göstəribdir".
Bu gün Azərbaycanda onlarca görkəmli sənət
adamının - yazıçıların, şairlərin,
musiqiçilərin, rəssamların, memarların
ev-muzeyləri fəaliyyət göstərir. Azərbaycanda
ev-muzeylərinin yaradılmasının
təşəbbüskarı da məhz Heydər Əliyevdir.
Müdrik şəxsiyyət həmişə
milli mədəniyyətə, onun tarixi qaynaqlarına
diqqətlə yanaşırdı. Bu səbəbdən
də, Azərbaycan mədəniyyətinin son illərdəki
tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi
və nəzarəti altında davam etmişdir.
1993-cü ildə ümummilli liderimizin ikinci dəfə hakimiyyətə qayıdışı
mədəni həyatımızda bir coşğunluq
yaratdı. Müstəqillik dövrünə qədəm
qoymuş Azərbaycan dahi rəhbərin mədəniyyət
və incəsənətə göstərdiyi qayğının
yeni sevinclərini yaşadı. Ulu öndərin
imzaladığı sərəncamlar, həyata
keçirdiyi tədbirlər və digər diqqət
çəkən mədəni hadisələr, Azərbaycan
mədəniyyətinin inkişafında yeni bir eranın
başlanmasına səbəb oldu. Ümummilli liderin
həmişə işlətdiyi "...yüksək
mədəniyyətə malik olan xalq həmişə irəli
gedəcək, həmişə yaşayacaq, həmişə
inkişaf edəcək" - fikri hamının dilinin
əzbəri və əməli fəaliyyətinin əsas
xətti olmalıdır.
Görkəmli ziyalıların,
mədəniyyət və incəsənət xadimlərinin
əməyini yüksək qiymətləndirən Heydər
Əliyev onlara hər cür şəraitin yaradılması
üçün müxtəlif sərəncamlar imzaladı.
Ulu öndər Heydər Əliyev görkəmli
şəxsiyyətlərin təntənəli yubiley
tədbirlərinə xüsusi əhəmiyyət verirdi
və özü bu barədə deyirdi: "Dünya
təcrübəsi göstərir ki, yubileyin
keçirilməsi bir tərəfdən, yubilyarın xalq,
ölkə, dünya qarşısında xidmətlərini bir
daha təbliğ və nümayiş etdirmək, digər
tərəfdən, müasir nəslin ona bəslədiyi
hörmət və ehtiram deməkdir". Azərbaycan
vətəndaşları hələ də unutmayıblar ki,
Heydər Əliyev bu təntənəli yubileylərdə
həm təşkilatçı, həm də
iştirakçı olurdu.
1993-cü ildə mədəni həyatda baş verən bir
neçə məqamı da xatırlatmaq lazımdır.
Həmin il Heydər Əliyevin mədəniyyətlə
bağlı imzaladığı ilk sərəncam xalq
şairi Məmməd Arazın yubileyi ilə bağlı oldu.
Eyni zamanda, dövlətin ən ali
mükafatı sayılan "İstiqlal" ordeni ilkin olaraq
üç xalq şairinə Bəxtiyar Vahabzadə, Xəlil
Rza Ulutürk (ölümündən sonra) və Məmməd
Araza verildi.
1994-cü ildə Heydər Əliyevin sərəncamı
ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin
500 illik yubileyi təntənə ilə qeyd edildi. Fəlsəfə elmləri doktoru, akademik Ramiz
Mehdiyevin fikrincə, Heydər Əliyevin bu yubileyi
keçirməkdə ən böyük xidməti bundan
ibarətdir ki, Füzuli ilk dəfə Azərbaycan xalqı
qarşısında bütün əzəməti ilə ideoloji
qəlblərdən azad olunmuş şəkildə
dayandı. Bu həqiqətin dərki çox
mətləblərdən xəbər verir. Böyük
Azərbaycan şairinin qardaş Türkiyədə də
yubiley şənlikləri keçirildi.
Azərbaycanın musiqi sənətinin
inkişafında xidmətləri olan bəstəkarlardan
Cövdət Hacıyevin, Aqşin Əlizadənin, xalq
artistlərindən Sara Qədimovanın, Fidan
Qasımovanın, Zeynəb Xanlarovanın
"Şöhrət" ordeni ilə təltif olunması
ümummilli liderin musiqi sənətinə göstərdiyi
diqqətin rəmzidir. Üzeyir Hacıbəyovun və
Müslüm Maqomayevin yubileylərinə həsr edilmiş
təntənəli gecələrdə dahi rəhbərin
çıxışları hələ də unudulmayıb. Heydər Əliyevi bir məsələ də
çox sevindirirdi ki, əsası Üzeyir Hacıbəyov
tərəfindən qoyulmuş Azərbaycan
bəstəkarlıq məktəbinin görkəmli
nümayəndələri olan Qara Qarayevi, Fikrət Əmirovu,
Soltan Hacıbəyovu, Arif Məlikovu, Firəngiz
Əlizadəni və başqalarını Vətənin
hüdudlarından da kənarda yaxşı tanıyırlar.
Ümummilli liderimiz öz çıxışlarının
birində demişdir: "Mahnı, musiqi qədər,
incəsənət, mədəniyyət qədər
insanları bir-birinə heç nə bağlamır.
İncəsənətin, mədəniyyətin, xüsusən
də, mahnının, musiqinin oynadığı rolu heç
bir vasitə oynaya bilməz". Musiqi ayrı-ayrı xalqlara
məxsus olsa da, insanları birləşdirən ən
yaxşı vasitədir. Bu səbəbdən də
müxtəlif faktlar arasında mədəni körpülər
salmaq çox vacibdir. Heydər Əliyevin hakimiyyətə
ikinci dəfə qayıdışından sonra
respublikamızda müxtəlif dövlətlərin,
xalqların, eləcə də xarici ölkələrdə
Azərbaycanın mədəniyyət günlərinin
keçirilməsinə start verildi. Heydər Əliyev
tərəfindən təməli qoyulmuş bu mədəni
əlaqələr bu gün də müntəzəm davam
etməkdədir.
Heydər Əliyev xarici ölkələrdən
respublikamıza gələn incəsənət xadimlərinin
qastrol səfərlərinə böyük
əhəmiyyət verər, onların çıxışlarına
baxar, bəzən də qonaqları şəxsən qəbul
edərdi. Alla Puqaçova, İosif Kabzon, Oleq Qazmanov və
başqalarının respublika sarayındakı
konsertlərində ümummilli liderin iştirakı və
qonaqlarla görüşü unudulmaz xatirələrdəndir.
Dünya şöhrətli musiqiçi Mstislav
Rastropoviçin Bakıda yubileyinin təntənəli qeyd
edilməsi, ona və atasına məxsus ev muzeyinin
açılması məhz Heydər Əliyevin
təşəbbüsüdür.
Ümummilli liderimizin mədəniyyətə göstərdiyi
diqqət və qayğının səbəbi öz
fikirlərində gözəl açıqlanır:
"Mən şerə də mahnıya da çox
hissiyyətli adamam, musiqi, mahnı məni həmişə
həyəcanlandırır". Ulu öndərin daxili
zənginliyini özünün söylədiyi bu fikir
qədər heç bir mülahizə dəqiq aça
bilməz. Xatırlayırıq ki, həmişə
konsertdən, tamaşadan, yubiley gecəsindən sonra Heydər
Əliyev mütləq səhnə arxasına keçər,
incəsənət xadimləri ilə görüşər,
onların çıxışları barəsində
fikirlərini söyləyərdi. Heydər Əliyevin
özünün sevdiyi bəstəkarlar, mahnılar, əsərlər
də var idi. Ən çox sevdiyi bəstəkar Üzeyir
Hacıbəyov olub. Unudulmaz şəxsiyyətin
fikirlərindən: "Tofiq Quliyevin mahnıları çoxdur.
Lakin "Sənə də qalmaz" bunların zirvəsidir.
Mən bu mahnını çox sevirəm". Ulu
öndər xalq artisti Niyaməddin Musayevin ifasında
Məmməd Arazın "Dünya sənin, dünya
mənim, dünya heç kimin" mahnısını da
çox sevirdi.
Ümummilli lider haqqında yazılan xatirələrdən,
eləcə də özünün yaddaşımızda
həkk edilən sözlərindən məlumdur
ki, lap uşaqlıqdan teatr həvəskarı imiş.
Heydər Əliyev orta məktəbdə oxuyarkən rəssam
olmaq istəyirmiş. Yaradıcılığa meyil,
məhəbbət onun bütün varlığında
yaşadığından həmişə teatrı dərin məhəbbətlə
sevib. Teatrlarda tamaşaya qoyulan bütün
əsərlərin premyerasında mütləq iştirak
edərdi. Bu səbəbdən də Azərbaycanın rejissor
və aktyor qrupu Heydər Əliyevi "teatrın dostu"
adlandırırdılar. Milli teatrımızın müasir
tələblər səviyyəsində fəaliyyət göstərməsi
ən böyük arzusu olub. Ona görə də
həmişə teatrın tərəqqisi üçün
müxtəlif kömək göstərən
sərəncamlar imzalayardı.
Heydər Əliyeivn bir amalı var idi: "Qazanılan
gəlir birinci növbədə mədəniyyətə
sərf olunmalıdır. Çünki mədəniyyət
hər şeydən üstündür".
Unudulmaz rəhbərimiz mədəniyyət
işçilərinə maddi və mənəvi yardım
göstərməklə kifayətlənmirdi. Ulu
öndər həm də yeni, gözəl, mükəmməl
əsərlərin ərsəyə gəlməsi
üçün şərait yaradırdı,
müzakirələr aparırdı, təqdim olunan hər bir
yaradıcı əməyin bəhrəsi haqqında öz
sözünü deyirdi. Bu gün də
bəstəkarlar, musiqiçilər, yazıçılar,
tənqidçilər etiraf edirlər ki, Heydər Əliyev
hər bir sənət haqqında onun yaradıcısı,
bilicisi, peşəkar nəzəriyyəçisi kimi
mükəmməl, dəqiq və əsaslı fikir
söyləyirdi. Bəzən ən
böyük musiqi əsərləri - opera, balet haqqında
elə fikir yürüdürdü ki, bəstəkarlar
özləri heyrətdə qalırdılar. Çoxu
yaxşı xatırlayır ki, sovet hakimiyyəti
illərində azərbaycanlıların klassik musiqiyə -
sivil mədəniyyətə sahib durmaları
üçün hər cümə günü Heydər
Əliyev başda olmaqla dövlət məmurları
filarmoniyada simfonik əsərlərə qulaq asmağa
gedərdilər. Bu, adicə sənət həvəsi və
yaxud istirahət deyildi. Bu, Azərbaycan
vətəndaşında musiqi duyumunun formalaşmasına,
inkişaf etməsinə nail olmaq idi.
Tarixin vərəqlərini qatladıqca çox
hadisələr yada düşür. 1937-ci ilin repressiyaları
həm millətin istedadlı insanlarının sinəsinə
tuşlanmışdı, həm də maddi mədəniyyət
abidələrimiz yerlə-yeksan edilmişdi. Hüseyn
Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana
gətirilməsi, doğulduğu doğma Naxçıvanda
torpağa tapşırılması və müqəddəs
Cavidlərin ruhuna hörmət olaraq məqbərənin
ucaldılması, eləcə də, Bakıda bu böyük
şairin adına ev-muzeyinin açılması məhz
Heydər Əliyevin misilsiz xidmətidir.
Unudulmaz Heydər Əliyevin Azərbaycan mədəniyyətinə
göstərdiyi qayğı və diqqət heç vaxt yaddan
çıxan deyil. Belə bir fikir var ki, millət
şəxsiyyətini yetişdirir, şəxsiyyət də
öz millətini dünyaya tanıdır. Müasir
Azərbaycanın memarı olan Heydər Əliyev ümummilli
lider və millət qəhrəmanı kimi tarixin
şərəfli taxtına ucalıb. Ulu öndərin milli
mədəniyyətə, mənəviyyata göstərdiyi
münasibət və mövqe hər birimiz üçün
böyük məktəbdir.
Azərbaycan.- 2007.- 17 iyun.- S. 4.