Nəcəfxanlı Ə.
Dünyanın
ən gözəl, səfalı yerlərindən sayılan
Azərbaycanda turizmin inkişafı üçün hər
cür şərait vardır. Ölkəmizin dilbər guşəsiləri,
çeşidli iqlim qurşaqları, təbii şəfa
ocaqları istirahət və müalicə
baxımındın misilsiz önəm daşıyır.
Təsadüfi deyil ki, turizm sektoru hazırda dövlət
səviyyəsində tənzimlənir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramında turizmin
genişlənməsinə dair konkret müddəalar öz
əksini tapmış, vəzifələr
müəyyənləşdirilmişdir. Bu sektorda
beynəlxalq standartlara cavab verən xidmət şəbəkəsinin
təbii-coğrafi amillərlə vəhdəti son
dərəcə zəruridir. Bu baxımdan Masallıda
həyata keçirilən ardıcıl tədbirlər
fərəh doğurur.
İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası
Masallının möcüzəli guşəsidir, – desəm,
yanılmaram. Bura həm rayon sakinlərinin, həm də
qonaqların könül verib, sevdiyi-seçdiyi yerdir.
Masallı şəhərindən 13 kilometr aralıda,
dəniz səviyyəsindən 1650 metr yüksəklikdə
qərar tutmuş Dəmbəlov dağının
döşündə, Viləş çayının
sahilində qaynayır müalicəvi İstisu. Tərkibində
hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər
litrində 30 milliqram yod var. Yerin çox dərin
qatlarından 60 dərəcədən də yuxarı isti
halda məhlul çıxır. Bu məhlul
xəstəlikləri dava-dərmansız sağaldır.
Əcdadlarımız bu suya minbir dərdin dərmanı olan
möcüzə kimi baxıblar. Bütün bundarı
ötən əsrin 60-ci illərində Masallıdan olan
həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng
üzə çıxarıb.
O vaxtlar alimin kəşfi böyük maraq doğurub və
dövlət tərəfindən Sovet İttifaqının
ayrı-ayrı yerlərindən 12 alim buraya, İstisu
şəfa ocağına gələrək əlavə
tədqiqat aparıb və həmvətənimizin
kəşfini təsdiqləyiblər. Ümummilli lider Heydər
Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman – 1971-ci
ildə nəhayət, Masallı istisuyu xüsusi
əhəmiyyətli ümumittifaq müalicəvi kurort
sanatoriyası adını alıb.
Bu günlərdə İstisu “Fatimeyi-Zəhra” Şəfa
Sanatoriyasına Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən beş illik rəsmi
lisenziya verilmişdir.
...Qəriblər kəndində, İstisu yolunun
üstündə, yaşıl fəvvarələrə
bənzəyən abidə-ağacların
kölgəliyində tənha bir məzarın yanında ayaq
saxlayıram. Mərhum Mirkazım Aslanlı-Sarəng burada
uyuyur. Alimin qəbirüstü büstünə baxa-baxa
xatırlayıram ki, əslən bu rayondan olan
tələbə yoldaşım, istedadlı
yazıçı-jurnalist Nurəddin Ədiloğlu nə
yaxşı ki, mərhumun çoxşaxəli elmi-bədii
yaradıcılığını böyük bir
qədirbilənliklə tədqiq edib, onun qürurgətirici
fəaliyyətinə işıq tutub, bu barədə
məqalələr yazıb. Bir anlıq
düşünürəm ki, buradan ötüb şəfa
diləyi ilə İstisuya pənah aparanların,
müalicə kursu keçib sağalanların bir çoxu
bəlkə də geri qayıdanda Mirkazım Aslanlının
məzarını ziyarət etməyi, ruhuna ehtiram
göstərməyi “unudur”. Bəlkə də belə deyil.
Hər halda, xalqa əvəzsiz xidmət göstərmiş
hər kəsin qədir-qiyməti yetərincə bilinsə,
yaxşı olar.
...Bu da İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası!
Yardımlı yolundan baxanda qarşı dağın
qoynundakı bu gözəl şəfa ocağı
yığcam, müasir bir düşərgəni
xatırladır. Yenicə təmirdən
çıxmış müalicəvi vannalar korpusu,
istirahət üçün tikilmiş rahat otellər,
müayinə kabinetləri, massaj odaları, səliqəli
sosial-məişət obyektləri göz oxşayır. Burada
eyni vaxtda 200-dək adamı qəbul etmək və
xidmətində durmaq mümkündür. Sanatoriyada, demək
olar, boş yer yoxdur. Ölkəmizin ən müxtəlif
guşələrindən, hətta xaricdən də adamlar
şəfa ocağına sağalmağa, dincəlməyə
gəliblər.
Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov
dağının döşündən
çıxan isti su ilə revmatizm,
oynaq ağrıları,
artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi,
ekzema, böyrək və sidik yolları
xəstəlikləri – pielit,
uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər və öd xəstəlikləri, qadın
xəstəlikləri, mədə-bağırsaq ağrıları,
travmatik ağrılar
müalicə oluna bilər.
Ötən əsrin
90-cı illərinin əvvəllərindən İstisu
sanatoriyası baxımsızlıq
üzündən bərbad
hala düşmüşdü.
Vannaların ətrafı zibilxana idi, üzdəniraq müsafirlərin “özfəaliyyəti”
baş alıb gedirdi. Nəhayət “Kurort və
sanatoriyaların özəlləşdirilməsi
haqqında” fərmana
əsasən 1997-ci ildə
məşhur iş adamı İldırım
Allahyarov sanatoriyaya qanuni sahib çıxdı.
Doğma kəndi Qəriblərin yaxınlığındakı
ocaqda böyük bərpa-quruculuq işinə başladı.
On ildə İstisuda əsaslı dəyişikliklər baş verdi. Gözəl,
səliqə-sahmanlı,
adama gəl-gəl deyən bir yerə çevrildi
İstisu. Alınan kreditlərin, çəkilən
zəhmətin, yurdsevərliyin,
təəssübkeşliyin sayəsində sanatoriya nümunəvi müalicə-profilaktoriya səviyyəsinə
yüksəldi. 2004-cü il
fevralın 11-də Prezident İlham Əliyevin imzaladığı
Dövlət Proqramı
ilə bağlı fərmanda İstisu sanatoriyasının da əsaslı təmiri nəzərdə tutulmuşdur. Az vaxtda
rayon rəhbərliyinin
diqqət və qayğısı, sahibkarın
səyləri ilə bu istiqamətdə xeyli iş görülmüşdür.
Hazırda sanatoriyanın
vanna korpusu bütün tibbi-gigiyenik tələblərə tam
cavab verir. Sanatoriyada gecə-gündüz isti və soyuq su,
işıq olur. Kanalizasiya sistemi yenidən qurulub. Xidmət sahələrinin
hamısının estetik
tərtibatı gözoxşayandır.
İstirahət guşələri
yaşıllıqlar qoynunda
qərar tutub, ətraf bütünlüklə
gül-çiçəyə
qərq olub. “Bir kurs müalicə
ən azı bir il ağrısız
yaşamaq deməkdir”
şüarı sanatoriyanın
imkanlarının ən
təvazökar və
lakonik ifadəsi kimi diqqət çəkir.
Dilbər guşədə
bu yerləri cənnətə çevirmiş
tanınmış sahibkar
İldırım Allahyarovla
görüşdüm. Məni
son vaxtlar gördüyü işlərlə
tanış elədi.
Yüz əlli nəfərlik xidmət heyətinin burada adamlara qulluq etməkdən necə zövq aldığını,
qürur duyduğunu bir daha gördüm.
Sanatoriyada dincəlib müalicə alanlar Viləş çayındakı
çimərliklərdə, dəryaçada qayıq gəzintisində, idman meydançalarında günlərini
şən, mənalı
keçirə bilirlər.
Qonaqların at minib gəzintiyə çıxmaq, qonşu Yardımlı rayonunun məşhur Təkdam şəlaləsinə, Lənkəran,
Lerik və Astaranın görməli yerlərinə turist marşrutlarından istifadə
etmək imkanı da var. Gələcəkdə
bölgənin tarixi abidələrinin ziyarətini
təşkil etmək
də nəzərdə
tutulub. Burada Dəmbəlovdan üzbəüz
dağa kanat yol çəkilməsi ilə bağlı gözəl ideya da tezliklə həllini tapa bilər. Təsəvvür edin ki, mineral suları birbaşa bulaqların gözündən içən,
müalicəvi vannalarda
səhhətini möhkəmlədən,
ətraf meşələrin
bol meyvə və giləmeyvəsindən
dadan, məlhəm havasından udan qonaqlarda yurdumuzun misilsiz gözəllikləri
barəsində necə
xoş, zəngin təəssürat
yaranar.
İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasında onu da öyrəndim ki, sahibkar İldırım
Allahyarovun ekiz qız balalarının da adı Fatimə
və Zəhradır.
Qardaşəli adlı
qardaşı isə digər həmkarları ilə birlikdə burada bütün mövsüm ərzində
qonaqlara dost, qardaş qayğısı
göstərməkdən şərəf
duyur. Qəriblər kəndinin qonaqpərvərliyindəndir
ki, heç bir müsafir özünü burada qərib hiss etmir. Sanatoriyaya gələnləri ilk növbədə mehriban münasibət, xoş qılıq, şirin dil, təbəssüm dolu baxışlar ruhlandırır, vəziyyətini
yüngülləşdirir, ovqatını təzələyir.
Belədə təbii
üsullarla müalicə
də ikiqat səmərə verir.
İstisu sanatoriyasında
görüşdüyüm, ürək sözlərini
dinlədiyim adamlar da bunu təsdiqlədilər.
Əliheydər Alışov,
Xırdalan şəhər
sakini:
— Mənim 77 yaşım
var. Bədənimdəki
duzlaşmadan əziyyət
çəkirdim. Oynaq
xəstəliyinin ucbatından
ayaqlarım az qala tutulmuşdu. Başqa yerlərdə müalicə nəticə
vermirdi. Amma burada Tanrının kəramətindən, müalicə
vannalarının təsirindən,
bir də xidmət heyətinin xoş münasibətindən
əhvalım xeyli yaxşılaşıb. Ağrılarım
kəskin şəkildə
aşağı düşüb.
İndi dik pillələrlə dağ
döşündəki kottecə
asanlıqla qalxa bilirəm. Hacı İldırım öz xeyirxahlığı ilə
sanki müalicəmizi
sürətləndirir. Bu,
İstisuya ilk gəlişimdir, amma bundan sonra hər
yay gəlməyi qərara almışam.
Robert Kristianes, Belçika jurnalisti:
— Cənub bölgəsində
həm mənalı istirahət edir, həm də İstisu vannası qəbul edirəm. Ətraf başdan-başa təbii gözəlliyə
bürünüb, zirək
adamlar bu gözəlliyi daha da cazibədar ediblər. Bir az da çalışsalar,
buraları İsveçrəyə,
Karlovı-Varıya çevirə bilərlər.
Turizm üçün
münasib baza mövcuddur. Restoranlar, kafelər, dadlı Azərbaycan yeməkləri,
şən musiqi adama möcüzəli təsir bağışlayır.
Vətənimə qayıtdıqdan
sonra bu barədə yazacağam. Xalqınız da gözəl xalqdır, qonaqsevərdir. Eşq olsun sizlərə!
Qəzənfər Novruzov,
Bakı şəhərinin
sakini:
— Mən ötən il də burada
dincəlmişəm. Xeyri
böyükdür, ölçüyəgəlməzdir.
Keçmiş SSRİ-nin
sanatoriyalarından geri
qalan deyil bu sanatoriya. Xidmətin səviyyəsini
xüsusi qeyd etmək istəyirəm. Bir cavan oğlan
təmənnasız olaraq
hər səhər hətta avtomobilimi də silib təmizləyir.
Dillənəndə də
deyir ki, siz ağsaqqal çağınızda bizi
deyib gəlmisiniz, deməli sizə hər cür xidmət göstərmək
borcumuzdur. Dağlar qoynunda yaradılan bu şəraitə görə minnətdaram.
Böyükağa Qədirov,
Bakı, bank işçisi:
— Doğrusunu deyim ki, hər hansı
bir xarici ölkəyə də gedə bilərdim. Amma istirahətimi burada ailəmlə birlikdə keçirməyə
üstünlük verdim.
Vannalar ləzzət edir adama. Ana
təbiət burada sanki adamı bağrına basır. Seçimimdə yanılmadığımdan
məmnunam...
İstisudan ayrılanda
sanatoriya barədə
eşitdiklərimi, gördüklərimi
İldırım Allahyarova
çatdırdım. Dedim
ki, zəhmətiniz itməyib, adamlar çox razıdır. O isə sahibkarlıq fəaliyyətinə yaradılan
şəraitə görə
ölkə rəhbərliyinə
minnətdarlığını bildirdi.
— Regionların inkişafı
Dövlət Proqramı
bizim həyatımızı
daha da gözəlləşdirib.
Çünki inkişafa,
tərəqqiyə, firavanlığa
xidmət edir. Biz də öz
kəndimizdə, öz
rayonumuzda sahibkarlıq
fəaliyyəti göstərməklə
yeni iş yerləri açırıq,
bununla da xalqımıza qulluq edir, dövlətimizə dəstək oluruq. Bu il aprelin
9-da Prezident İlham Əliyev Masallı Olimpiya İdman Kompleksinin açılışındakı
nitqində demişdir:
“Bölgələrimiz inkişaf
edir, iş yerləri açılır,
yeni müəssisələr
yaradılır. Hər
bir bölgənin problemi diqqət mərkəzindədir, o cümlədən Masallıda
da inkişaf üçün lazımi
tədbirlər görülür.
Dövlətimizin başçısı
Olimpiya Kompleksinin açılışını özlüyündə böyük
hadisə saymaqla bərabər, buna geniş səpkidə rayonun inkişafı kontekstində baxdığını
söyləmişdir. Hər
bir rayonda inkişaf səviyyəsinin
Avropa və dünya səviyyəsində
olması zərurətini
qeyd etmişdir. Deyə bilərəm ki, Dövlət Proqramı üzrə bizim İstisu sanatoriyası bu yaxınlarda əsaslı təmir edilmiş, 60-a yaxın yeni istirahət evi tikilmişdir. Gələcəkdə
bir çox ölkələrdən idmançılar
da burada dincələcəklər. Çünki
Olimpiya oyunlarının
2016-cı ildə Azərbaycanda keçirilməsi
ehtimalı var. Biz indidən belə möhtəşəm
tədbirlərə hazır
olmalıyıq. Cənnət
guşəsi İstisuyumuz
hər zaman bütün qonaqların üzünə açıqdır.
İstisudan xoş təəssüratla ayrılıram.
Bir daha yəqin edirəm ki, buraya bir
dəfə gələnlər
yenidən gəlmək
arzusu ilə yaşayırlar. Səmərəli
müalicə alıb
mənalı istirahət
etmək üçün.
Xalq qəzeti.-2007.-29 iyun.-S.7.