İyunun 21-də "Avropa" mehmanxanasının "Bakı"
zalında "İslam
Konfransı Təşkilatına
(İKT) üzv ölkələrin
iqtisadiyyatında turizmin
rolu" mövzusunda ikigünlük beynəlxalq
elmi praktiki konfrans işinə başlamışdır.
Əvvəlcə respublikamızın
səfalı, gözoxşayan,
gəzməli yerlərinə
və yeni açılmış turizm
marşrutlarına
həsr olunmuş film nümayiş etdirilmişdir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev keçən ilin sentyabrında Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu və
Dünya Turizm Təşkilatının baş
katibi Françesko Franjiallinin iştirakı ilə keçirilmiş
İKT-yə üzv ölkələrin turizm nazirlərinin V konfransında
müzakirə edilmiş
məsələlər barədə
iştirakçılara qısa
məlumat vermişdir.
O, həmin konfransda müasir dünyada islam ölkələrinin sülhsevər və tərəqqipərvər siyasətinin
təbliğ olunmasında
turizmin böyük imkanlarının diqqətə
çatdırıldığını bildirmişdir. Tədbirin sonunda qəbul
edilmiş "Bakı
Bəyannaməsi"nin
əsas maddələrində
islam ölkələrinin
zəngin mədəniyyətlərinin,
ənənələrinin, mənəvi
dəyərlərinin, tarixi
abidələrinin və
digər yüksək
bəşəri keyfiyyətlərinin
təbliğində turizmin
əhəmiyyəti vurğulanmış və müsəlman dövlətlərinin
bu sahədə bir-biri ilə sıx əməkdaşlığı
tövsiyə edilmişdir.
İKT-yə üzv ölkələrin
turizm nazirlərinin V konfransında Azərbaycanın
bu sahə üzrə toplantıların
sədri seçildiyini
diqqətə çatdıran
Ə.Qarayev qısa müddət ərzində Səudiyyə
Ərəbistanı və
digər islam ölkələrində turizmin
inkişafı ilə
bağlı müxtəlif
tədbirlərin keçirildiyini
söyləmişdir.
Nazir konfransda 23 ölkədən
nümayəndə heyətinin
iştirak etdiyini və islam ölkələrinin
turizm sahəsində əməkdaşlığının genişlənməsinin respublikamızın
dünyaya daha yaxından tanıdılması
üçün də
yeni imkanlar açacağını vurğulamış,
hazırda Azərbaycanda
dövlətin qeyri-neft
sektoruna diqqət
və qayğısından
danışmış, bu
istiqamətdə turizmin
prioritet sahələrdən
biri olduğunu qeyd etmişdir.
İKT Baş Katibliyinin iqtisadiyyat şöbəsinin rəhbəri
Ömər Sou turizmlə bağlı belə mötəbər beynəlxalq elmi praktiki konfransın Bakıda yüksək səviyyədə keçirilməsindən
məmnunluğunu bildirmiş
və İKT baş katibi Ekmələddin İhsanoğlunun tədbir
iştirakçılarına müraciətini oxumuşdur.
Mədəniyyət və
Turizm Nazirliyinin "Azərbaycanda turizmin perspektiv inkişafı"
mövzusunda hazırladığı
təqdimat iştirakçıların
nəzərinə çatdırılmışdır.
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov
konfransın sədri seçilmiş, tədbirin
gündəliyi və
iş proqramı təsdiqlənmişdir.
Beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirmişdir
Azərbaycan.-2007.-22 iyun.-S.3.