Əliyev Z.
Xalça sənətimizə
layiqli töhfə
Son 30 ilə yaxın dövrdə çağdaş
Azərbaycan xalçaçılığını
çox maraqlı əsərlərlə zənginləşdirən
Hacı Eldar Mikayılzadənin əməyinin
bəhrəsi olan yeni "Şəbi-hicran" (2006) xalçasının
özünəməxsus və
ecazkar bədii həlli sübut edir ki, xalça
sənətini yeni töhfələrlə
zənginləşdirmək mümkündür. Bu unikal xalça (ölçüsü 140 sm
x 205 sm) 50x50 sıxlığı ilə
bir il ərzində
toxunub.
Xalçanın adındakı
məşhur ifadədən
də göründüyü
kimi, müəllif onu dahi söz
xiridarı Məhəmməd
Füzuliyə, onun nakam məhəbbət dastanı "Leyli və Məcnun"un qəhrəmanlarına həsr edib. Assimetrik kompozisiyalı xalçanın mərkəzi
hissəsini şairin çox orijinal bədii həllə malik olan portreti
tutur. Yarpaqlanan, çiçəklənən
və bar verən üç azman ağacın yuxarı doğru yüksələn budaqlarının
qovuşmasının yaratdığı
həm real, həm də şərti bədii biçimli bu portret çox gözlənilməz və
heyrətedicidir. Çiçəklərin
ritmik düzümünün
nəticəsində
əmələ gələn
bəyaz saqqal və çatılmış
qaşlar, bir az da zümrüdü
çalar olan qoşa göyərçinli
çalma qayaların
relyefinin yaratdığı
düşüncəli və
qırışlı şair
çöhrəsini duyulan
etmişdir. Hacı Eldarın Füzulinin
aşiqanə gözlərini
qayalar arasında gizlənmiş bir cüt ceyran təsviri ilə əvəzləməsi və
daşların arasından
süzülən bulaq
suyunu göz yaşına bənzətməsi
uğurlu bədii tapıntı olmaqla bərabər, yaddaqalandır.
Portretin burun hissəsini qabardan bir-birinə sıxılan qoşa sərv ağacını da məntiqli müəllif yozumu hesab etmək olar. Həm də möhtəşəm
bir dağ təəssüratı yaradan
portreti sağ tərəfdən ağlayan
Leylinin, soldan isə dua edən
Məcnunun qaya şəkilli obrazı tamamlamasını uğurlu
saymaq mümkündür.
Hər bir əsərində kompozisiyaya
daxil etdiyi təsvir elementlərini mənalandırmağa üstünlük
verən Hacı Eldarın "Şəbi-hicran"dakı üç ağacı da rəmz mahiyyətlidir.
Mərkəzi ağac
fəlsəfənin, sağdakı
musiqinin, soldakı isə poeziyanın bədii-obrazlı görüntüləridir. Elə ağacın
dibində kitab oxuyan şəxs müvafiq olaraq filosofun, ud çalan
musiqinin, şeirlərini
səsləndirən şairin
təsvirləri də
mənalı dəqiq
görüntünü çevirməyə
xidmət edir.
İlk baxışda adi görünən ifadəli qəhvəyi rəngli ağac gövdəsində heyvanlar
arasında ünsiyyəti
əks etdirən təsvirləri də uğurlu bədii ifadə saymaq olar. Əsərdə mərkəzi ağacın
meyvəli budaqları
yuxarı hissədə,
həm də Füzulinin sinəsində
çarpazladığı əllərinin görüntüsüdür.
Elə həmin ağacın aşağısında
talelərinə işıqlı
yol arayan Leyli ilə Məcnunun ağaca tapınmaları həm də düşündürücüdür.
Bir qədər sağda turacın, solda isə tovuz quşunun təsvirləri də rəmzi məna daşıyaraq müvafiq fəlsəfəni, musiqi və poeziyanı ifadə edir. Bu üç məna-məzmun daşıyıcılı ağacdan
yaxın-uzaq məsafədə yerləşdirilən
təsvirlər də
"Leyli və Məcnun"dakı təzadlı süjet xəttinin bədii-obrazlı şərhidir. Aşiqlərin görüşü, Leylinin şamla söhbəti, Məcnunun Kəbədə dua etməsi, onun müharibəyə etirazı,
Leylinin anasından nəsihət eşitməsi,
Məcnunun heyvanlar arasında olması, ata-anasının onu araması kimi təsvir-süjetlər poemanın məzmununun açımına
xidmət edir.
Xalçanın mərkəzi
hissəsini tamamlayan portretin başı üzərindəki tağla
əhatələnmiş səma
mənalı olduğu
qədər də ecazkardır. Belə ki, mavi səmadakı
ritmik düzümlü
buludlar əslində yazıdır və Füzulinin məşhur
"Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!" beytinin bədii təqdimatıdır.
Əsərin mərkəzi
hissəsini əhatələyən
sahələr də rəssam tərəfindən
kifayət qədər
mənalandırılıb. Əsas kompozisiyanı dövrələyən mavi
kiçik haşiyəni Füzulinin qəzəlləri
ilə, onunla qoşalaşan isti koloritli digər kiçik haşiyənin isə ruh və
canı ifadə edən yazı və təsvirlə zənginləşdirilməsi yaddaqalandır.
Üç ağacın
altındakı kiçik
haşiyələrlə əsas
təsvir arasındakı
hissədə verilən
dəvə karvanı
bütün əsərin
çoxqatlı məna-məzmun yükündən
kənar deyil. Sevgilisi Leylini aparan karvana sarbanlıq edən Məcnunun özünün
də bu qəmyüklü dəstəyə
qovuşmasını göstərən
rəssam bir daha detalları mənalandırmaq istedadını
nümayiş etdirə
bilib.
Bütünlükdə Hacı Eldar
Mikayılzadənin yaratdığı
unikal "Şəbi-hicran" xalçası əfsanəyə dönmüş
məhəbbətlə Füzuli
poeziyası arasında
obrazlı bir körpüyə bənzəyir.
Əsərdəki çoxsaylı
kiçik süjetlərə
baxdıqca sanki dahi söz xiridarının
və qəhrəmanlarının
anbaan dəyişən
ovqatlarını, keçirdikləri
iztirabları diqqətlə
izləyən bir tədqiqatçının nəfəsini
duyursan. Bütün bunlar sonda romantik-fəlsəfi baxış
süzgəcindən keçib
obrazlaşdığından əlavə ictimai-bəşəri mahiyyət
daşıyır. Bir
vaxtlar dahi gözəllik və kədər tərənnümçüsünün
oxuculara bəxş etdiyi ulu misraları,
əbədi hissləri
Hacı Eldar Mikayılzadə bir neçə əsr sonra yadda qalacaq
sənət incisində
əbədiləşdirilib desək səhv etmərik.
Etiraf edək ki, Azərbaycan xalçaçılığının çoxəsrlik tarixində
bu qədər məna-məzmunla yüklənmiş xalçalar
çox azdır. Elə onların bir qismini Hacı
Eldar özünün
30 illik yaradıcılığında
yaradıb. Hələ
1981-ci ildə toxunan ilk "Şəbi-hicran" xalçası,
"Nağıllar aləmi"
(1983), "Azərbaycanın poeziya və musiqi korifeyləri"
(1983-1984), "Xətai" (1990), "Xilaskar" (1995-1997), "Bismillahir-rəhmanir-rəhim"
(2001) və.s əsərləri bunun təsdiqidir.
Sonda qeyd edək ki, onun yaratdığı
çeşnilər əsasında
toxunan xalçalar bir çox beynəlxalq xalça sərgilərində mükafata
layiq görülmüş,
İngiltərə, Rusiya,
Türkiyə, Fransa, Belçika və başqa ölkələrdə
təşkil olunmuş
fərdi sərgilərində
uğurla nümayiş
etdirilərək sənətsevərlərin və
sənət xiridarlarının
böyük marağına
səbəb olmuşdur.
Bu gün əsərlərinin
müxtəlif muzeyləri,
eləcə də
ABŞ, İtaliya, Fransa,
Küveyt, Türkiyə,
Səudiyyə Ərəbistanı
kimi ölkələrin
nüfuzlu şəxsi
kolleksiyalarını bəzəməsi
də Hacı Eldarın bənzərsiz sənətinə olan beynəlxalq marağın
ifadəsidir.
Rəssam özü isə yeni arzularla
yaşayır. Onun malik olduğu yaradıcı potensial bizi tezliklə qədim el sənəti
ənənələrinə yeni və fərqli
nəfəs verən sənətkarın çox
maraqlı əsərləri
ilə üz-üzə, göz-gözə qalacağımıza
inam yaradır.
Azərbaycan.-2007.-10 iyun.-S.6.