"Müasir xalçalarımız təbliğ olunmalıdır"

 

Əbülfəs Qarayev: "Tarixi əhəmiyyət kəsb edən əşyalar Azərbaycandan kənara çıxarıla və satıla bilməz"

 

"Qədim və tarixi əhəmiyyət kəsb edən əşyalar qeyri-qanuni yolla Azərbaycandan kənara çıxarıla və satıla bilməz. Ölkənin müvafiq qurumlarının iştirakıyla yaradılmış komissiya da bu işə ciddi şəkildə nəzarət edir". Bu fikirləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dilə gətirdi. Onun sözlərinə görə, xalqın mədəniyyətinə və onıın xəzinəsinə aid əntiq əşyaların ölkədən çıxarılması ilə bağlı bu gün heç bir narahat doğuran hal mövcud deyil. Nazir bildirdi ki, komssiyanın işində İncəsənət Muzeyinin, Xalça Muzeyinin, eləcə də Milli Elmlər Akademiyasının mütəxəssisləri, Gömrük Komitəsinin nümayəndələri iştirak edirlər: "Ümumiyyətlə, bizim daim gömrük orqanları ilə sıx əlaqələrimiz var. Yəni, Azərbaycandan qədim və tarixi əhəmiyyət kəsb edən hansısa bir əşya icazəsiz kənara çıxarılanda, o dərhal saxlanılır və müvafiq qayda ilə dövlətə qaytarılır".

Bununla yanaşı, Əbülfəs Qarayevin dediyinə görə, Azərbaycan mədəniyyətini dünyada tanıdan müasir əl işlərinin xaricə çıxarılması üçün müvafiq qərar var: "Bizim müasir xalçalar bütün dünyada təbliğ olunmalı və onlar satılmalıdır. Onu da qeyd edim ki, həmin əşyalar, xalçalar xaricə çıxarılmamışdan əvvəl rəsmləri çəkilir və onlar qeydiyyata alınır".

 

Xalq cəbhəsi.- 2007.- 21 iyun.- S. 13.