Məhəbbətoğlu Q., Nəsir R.

 

Zaqatalalıların hər arzusunu reallaşdırmağa çalışıram

Təbiətin böyük səxavətlə sığal çəkdiyi Zaqatala bu gün sürətlə inkişaf edir, abadlaşır, gözəlləşir, mənsub olduğu iqtisadi zonanın incisinə çevrilir

Bu prosesdə Zaqatalanı zaqatalalılardan heç də az sevməyən Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xidmətləri çoxdur. Elə həmsöhbətimiz də Asif Əsgərovdur.
Həmsöhbətimiz ilk ünvanladığımız: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Zaqatalaya nə verib?” sualımızı belə cavablandırdı.

- Bəri başdan deyim ki, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Zaqatalaya da kifayət qədər öz töhfəsini verib. Belə ki, rayonda yeni istehsal, təhsil, səhiyyə, mədəniyyət, turizm müəssisələri yaranıb və yaranmaqdadır. Nəticədə, insanların sosial-rifahı xeyli yaxşılaşıb. Şəhərin öz görkəmi isə tanınmaz dərəcədə dəyişib. Cənab prezidentin bir əsgəri kimi mən də yerli camaatla əl-ələ verib, bu quruculuqda daha fəal iştirak edirəm. Bir sözlə, Zaqatalada abadlıq və quruculuq işləri gündən-günə geniş vüsət alır. Bu mənada bütün ölkəyə nümunə ola biləcək hələ çox işlər görmək niyyətindəyik. 

- Asif müəllim, bəzi rayonların icra başçıları əsasən yeni sənaye müəssisələrinin açılmasına daha çox üstünlük verirlər.
- Yeni müəssisələrin açılması günün tələbidir. Lakin bu heç də o demək deyil ki, yalnız zavod, fabrik açmalıyıq. Bunları qeyd etməklə demək istəyirəm ki, sovet dönəmində Zaqatala ipəkçilik, tütünçülük, baramaçılıq sahələri üzrə də öncül rayonlardan biri olub. Bu gün biz həmin sahələri, daha doğrusu, kənd təsərrüfatını daha sürətlə inkişaf etdirmək niyyətindəyik. Elə buna görə də Dövlət Proqramı, eləcə də Zaqatala üçün nəzərdə tutulmuş əlavə tədbirlər çərçivəsində bu sahə ilə bağlı müddəaların həyata keçirilməsinə xüsusi önəm veririk. Yüksək səviyyədə təşkil etdiyimiz “Aqrotexservis” məhz bu məqsədə xidmət edir. Yəni çalışırıq ki, bütün insanlar üçün normal şərait yaradaq. Normal şərait isə neçə-neçə iş yeri deməkdir. Heç şübhəsiz ki, cənab prezidentin bir neçə ay öncə imzaladığı sərəncama əsasən, kənd təsərrüfatında çalışanlara subsidiyaların ayrılması da bu məqsədə xidmət edir.

- Bu gün rayonda Müalicə-Diaqnostika Mərkəzi, məktəb-lisey, stadion (rayonda Olimpiya İdman Kompleksi artıq istifadəyə verilib) və digər obyektlər inşa olunur. Zaqatala Hava Limanı isə yenidən qurulur...
- Belə bir hava limanının yenidən qurulması Zaqatalada açıq iqtisadi zonanın yaradılmasının mümkünlüyündən xəbər verir. Yeri gəlmişkən qeyd edim ki, limanın bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub. Şübhəsiz ki, bu hava yolu həm Zaqatalaya, həm də ona yaxın rayonların iqtisadi inkişafında da önəmli rol oynayacaq.

- Bizə elə gəlir ki, bütün bunlar həm də Zaqatalada turizmin inkişafına təkan verəcək...
- Bəri başdan deyim ki, bu sahə Zaqatala üçün yeni sahə deyil. Belə ki, bir vaxtlar burada ümumittifaq əhəmiyyətli turizm bazası fəaliyyət göstərib. Sadəcə, həmin sahəni dirçəltmək, onun infrastrukturlarını yeniləşdirməklə turistləri bölgəyə cəlb etmək lazımdır. Cənab prezident də ötən il burada olarkən bu məsələyə toxunaraq, rayonun böyük turizm potensialı olduğunu vurğuladı. Bu isə o deməkdir ki, Zaqatalada turizmin inkişafı həm də dövlətimizin diqqətində olan məsələlərdən biridir. Artıq bu sahənin inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir və keçirilməsi nəzərdə tutulub. Konkret desək, bu istiqamətdə artıq işə başlanılıb. Bu məqsədlə obyektlər inşa etdirmək istəyənlərin də sayı artıb. Onu da deyim ki, yay aylarında bura o qədər insan axını olur ki, onları yerləşdirməyə çətinlik çəkirik. Odur ki, turizmi daha da inkişaf etdirmək üçün yalnız mərkəzdə deyil, rayonun hər kəndində belə, müəyyən addımlar atırıq. Belə ki, rayonla kəndləri birləşdirən yolları abadlaşdırır.

- Bu fonda rayonun tarixi abidələri turistlərə necə təqdim olunur. Yeri gəlmişkən, bizdə olan məlumata görə, Zaqatalanın tarixi qala divarları - səhv etmiriksə, “Yenilməz batalyon” bədii filmi orada çəkilib - hələ də onu görmək istəyənlərin üzünə yasaqdır.
- Şəhərin tarixi memarlıq abidələrindən olan Zaqatala qalasında hazırda Daxili Qoşunlar
ın “N” saylı hissəsi yerləşir. Daxili işlər naziri Ramil Usubov burada olarkən həmin hissənin başqa əraziyə köçürülməsi barədə razılıq əldə olunub. Yaxın vaxtlarda bu məqsədlə ayrılmış ərazidə tikinti işlərinə start veriləcək. Fikrimcə, ilyarıma Zaqatala qalasını onu görmək istəyənlərin sərəncamına verə biləcəyik. Ora eksponatlarla zəngin tarixi guşəyə çevriləcək.

- Belə çıxır ki, Qala düzü Zaqatalanın İçərişəhəri olacaq...
- Belə demək olar... Bu gün gözdağına çevrilmiş Alban məbədinin də bərpası gündəmdədir. Belə ki, bu işlə bağlı İtaliyadan mütəxəssislər də dəvət olunublar. Artıq bu istiqamətdə əməli işlər görülür. Alban məbədindən isə qalereya kimi istifadə olunacaq. Eyni zamanda rayon ərazisindəki bürclərin də abadlaşdırılması gündəmdədir. Artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müvafiq sənədlər təqdim edilib.

- Deyəsən, daha müasir tikililərlə də bura təşrif buyuranları heyrətləndirmək niyyətindəsiniz?
- Yəqin ki, siz asma körpüyə işarə edirsiniz.

- Bəli.
- Artıq bir neçə gündən sonra Zaqatala rayonunun Tala çayı üzərində (Şəki-Zaqatala yolunda) asma körpünün inşasına başlanılacaq. (Hələlik, son 10 ildə 4 dəfə yararsız hala düşmüş köhnə körpü sökülür). Uzunluğu 160, eni 11 metr olacaq həmin asma körpü Türkiyənin boğaz körpülərini xatırladacaq. Bilirsinizmi, bu gün müasirliyi də rayonlara daşımaq lazımdır. Axı məqsədimiz qısa zaman kəsiyində Zaqatalanı bölgənin ən müasir rayonuna çevirməkdir. Yeri gəlmişkən, tikinti işlərini yerli mütəxəssislər, yəni “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 17 saylı Zaqatala Yol İstismarı İdarəsi aparır.

- Eşitdiyimizə görə, vaxtilə Zaqatala bu bölgənin ən gözəl şəhəri olub. İndi atılan addımlar Zaqatalanın daha gözəl olmasına  imkan verəcəkmi?
- Bu, bütün zaqatalalıların arzusudur. Mən onların arzusunu reallaşdırmağa çalışıram. Təbii ki, dövlətin qayğısı ilə... Çalışıram ki, Zaqatala Avropanın gözəl, həm də varlı şəhərlərindən birinə bənzəsin.

- Nəzərimizdən yayınmayan bir məsələni də diqqətinizə çatdırmaq istəyirik. Zaqatala həm də qızılgüllər diyarı kimi tanınır. Lakin şəhərdə o qədər də çox qızılgül görmədik.
- Bilirsinizmi, elə mən də bura başçı təyin olunan zaman Zaqatalanın qızılgüllər diyarı olduğunun sanki unudulduğunun şahidi oldum. Odur ki, bu sahədə əməli işlər görməyi tapşırdım. Yaxın aylarda bunun həqiqətə çevriləcəyinin də şahidi olacaqsınız.

- Bir icra başçısı kimi Zaqatalanın hansı problemləri sizi daha çox narahat edir?
- Hər şeydən öncə içməli su... Bu sahədə artıq müəyyən işlər görülür. Belə ki, Katex çayından şəhərə su çəkilməsi ilə əlaqədar ciddi müzakirələr gedir (Onu da deyim ki, bu, Dövlət Proqramında nəzərdə tutulmayıb). Eyni zamanda şəhərin kanalizasiya sisteminin də yenidən qurulmasına ehtiyac var. Zənnimcə, bu da yaxın illərdə öz həllini tapacaq. Belə ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhərin kanalizasiya sisteminin qurulması ilə bağlı yeni layihə ilə çıxış edib. Zənn edirəm ki, onu həyata keçirmək mümkün olacaq. Bu mənada mən sadaladıqlarımı elə ciddi problemlər də hesab etmirəm. Lakin bu sistemlərin də yeniləşməsini zəruri sayıram.

- Asif müəllim, şəhəri gəzərkən bir yarımçıq tikilidən ibarət ərazi diqqətimizi daha çox cəlb etdi. Yerli sakinlərdən öyrəndik ki, sən demə, sovet dönəmində həmin ərazidə yağ istehsalat kombinatı tikmək istəyiblərmiş.
- Artıq həmin ərazi yerli iş adamlarının sərəncamına verilib. Bir neçə gündən sonra həmin ərazidəki yarımçıq tikililər söküləcək və orada hər cür infrastruktura malik şəhərciyin salınmasına başlanılacaq. 

- Deyəsən, özəlləşdirilmiş müəssisələr də etimadı doğrultmayıb?
- Bu, həqiqətən də, ağrılı yerimizdir. Bu günlərdə həmin iş adamları ilə görüş keçirdim və yaxın 2-3 ay ərzində onlara mənsub olan həmin müəssisələrin fəaliyyətlərini bərpa etmələrini rica etdim.

-  Nəticəsi olmasa?
- O zaman Əmlak Komitəsinə müraciət olunacaq. Çünki özəlləşdirilən müəssisə o demək deyil ki, gözdağına çevrilsin. Özəlləşmə iqtisadi inkişafa təkan deməkdir. Bütün bunlara rəğmən, yaxın aylarda onlardan bir qisminin fəaliyətini bərpa edəcəklərinə inanıram.

- Yeri gəlmişkən, şəhəri gəzərkən işçi qəbulu ilə bağlı elanlar da diqqətimizdən yayınmadı...
- Bəli, bu gün Zaqatalada gedən böyük tikinti-quruculuq işlərində işçi qüvvəsinə böyük ehtiyac var. İşə qəbul olunanların məvacibləri də kifayət qədər yüksəkdir. Elə bu səbəbdən respublikanın müxtəlif bölgələrindən buraya işləməyə gələnlərin sayı günbəgün artır. Onu da deyim ki, Rusiyada çalışan zaqatalalılar da son bir ildə öz obalarına dönməkdədirlər. Zənnimcə, bu dediklərim də elə rayonda görülən işlərin miqyasının böyüklüyünün bariz nümunəsidir.

Zaman.- 2007.- 9-11 iyun.- S. 13.