Sultanov Z.
Goranboy:
mədəni yüksəliş yeni uğurlara təkan verir
Alimlər, sosioloqlar,
tarixçilər son illər Azərbaycanda həyatın
bütün sahələrində əldə edilmiş
aşkar sıçrayışı təhlil edərkən,
bu inkişafın mahiyyəti və nəticələri
barədə danışarkən belə bir yekdil
nəticəyə gəlirlər: irəliləyiş, hər
şeydən əvvəl, iqtisadi, sosial və mədəni
sahələrə kompleks münasibətlə xarakterizə
olunur. Ölkə Prezidenti İlham Əliyevin son vaxtlar tarixi
keçmişimizlə, dövlətçiliyimizlə,
mənəvi dəyərlərimizlə, teatr, muzey və
kitabxanaların işini daha da
təkmilləşdirməklə bağlı imzaladığı
sərəncamlar dediklərimizə əyani sübutdur.
Artıq iqtisadi və sosial inkişaf insanların
mənəvi yetkinliyinə, geniş və
hərtərəfli dünyagörüşünə,
zəngin daxili aləminə xidmət edir.
Goranboy rayonunda bu cəhətdən son dövrdə zəngin
və maraqlı təcrübə toplanmışdır. Hələ iki il bundan əvvəl rayon icra
hakimiyyəti başçısının xüsusi
sərəncamı ilə 2005-ci il
“Mədəniyyətimizə və mənəviyyatımıza
qayğı ili” elan olunmuşdur. Ümumiyyətlə, Goranboy
Rayon İcra Hakimiyyəti, onun yerli strukturları
milli-mənəvi dəyərlərimizlə, xalqımızın
keçdiyi böyük və şanlı tarixi yolla
bağlı məsələləri daim diqqət
mərkəzində saxlayır. Bu məqsədlə rayonda
fəaliyyət göstərən mədəni-maarif
ocaqlarının, kitabxanaların, təhsil
müəssisələrinin fəaliyyətinə diqqət
və qayğı daha da artırılmış,
əslində onların fəaliyyəti yenidən
qurulmuşdur.
...Goranboy Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Gündüz Hacıyevlə
söhbət edirik. Müsahibimin məlumatında bir fakt
diqqətimizi cəlb edir: Son 1 ildə rayon üzrə
kitabxanalara gələn oxucuların sayı 3 dəfə
artmışdır. Bu da səbəbsiz deyil. Sosial-iqtisadi
inkişaf adamların rifahını yüksəltdikcə
onların mənəvi tələbatı da artır. Müasir insan ruhi-mədəni ehtiyacını,
informasiya və zəruri biliklərə gündəlik
tələbatını ödəmək üçün ilk
növbədə məlumat şəbəkəsinə –
dövri nəşrlərə, kitablara üz tutur.
Çağdaş kitabxana sistemi bu mənada elektron informasiya
vasitələrinə qoşulmaqla belə bir tələbatı
cavablandırmağa çalışır.
Respublika Mədəniyyət və Turizm Nazirliyinin Goranboy Rayon
İcra Hakimiyyəti ilə birlikdə ölkənin
regionları içərisində burada yaratdığı ilk
kitabxana məlumat mərkəzi bölgə oxucularını
birbaşa dünya informasiya məkanına
qovuşdurmuşdur. Rayonun əksər kitabxanalarının da
işi yenidən qurulmuş, onların fondu latın
qrafikası ilə çap olunmuş yeni kitablarla, digər
zəruri ədəbiyyatla komplektləşdirilmişdir və
bu iş davam edir. Hazırda kitab fondunda 555 mindən çox
ədəbiyyat var. Oxucu salonlarında dövri
mətbuatla da ardıcıl tanış olmaq imkanı
yaradılır. İndi kitabxana-informasiya mərkəzi
vasitəsilə oxucular dünyanın istənilən kitabxana
və məlumat mərkəzinin çap məhsulundan
istifadə edə bilir, digər informasiya kanallarına qoşulur.
Müsahibim bildirir ki, bu gün rayonda 96 kitabxana
fəaliyyət göstərir, bu şəbəkədə
oxuculara 227 nəfər xidmət göstərir. 35
mədəniyyət evi və 31 klubun 289 işçisi də
adamların gündəlik mədəni
tələbatını dolğun ödəməyə
çalışır. Rayonun
mədəni-maarif müəssisələri
şəbəkəsində Heydər Əliyev Muzeyi, 2 tarix
diyarşünaslıq muzeyi, dövlət rəsm
qalereyası, 1 uşaq incəsənət və 7 uşaq musiqi
məktəbi, şəhər mədəniyyət və
istirahət parkı aparıcı yer tutur. 7 respublika
əhəmiyyətli tarixi abidəni də
mədəniyyət və turizm şöbəsi
mühafizə və təbliğ edir. Şöbənin
xətti ilə rayon əhalisinə 908 işçi
mədəni xidmət edir.
Goranboyda 2005-ci ilin mədəniyyətimizə və
mənəviyyatımıza qayğı ili elan edilməsi
bölgədə mədəni həyatın
yüksəlişinə, məzmunca yeniləşməsinə
güclü təkan vermişdir. Mövcud mədəni-maarif
müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi, şəbəkənin
genişləndirilməsi ilə bağlı son 2 ildə
əsaslı və ardıcıl işlər
görülmüşdür. Həyata keçirilmiş
irimiqyaslı tədbirləri əks etdirən geniş
hesabatda bütün bunlar aydın görünür.
Hazırda rayonun mədəni-maarif
müəssisələrinin maddi-texniki bazası
qənaətbəxşdir. Ötən il bu məqsədlə
rayon mədəniyyət evində və Heydər Əliyev
adına Mədəniyyət və İstirahət Parkında,
klub müəssisələrində, kitabxanalarda, uşaq musiqi
məktəblərində əsaslı təmir və
yenidənqurma işləri aparılmış, zəruri
avadanlıq və vəsait alınmışdır.
Heydər Əliyev Muzeyi, Uşaq İntellekt Mərkəzi,
Ağsaqqallar evi, Kitabxana İnformasiya Mərkəzi də son
1 ildə tikilib istifadəyə verilmişdir. Dəliməmmədli
şəhərində və Qızılhacılı
qəsəbəsində yeni mədəniyyət və
istirahət parklarının tikintisinə
başlanmışdır. İl ərzində
mədəniyyət müəssisələrində 20 Yanvar
Ümumxalq hüzn günü, 25 fevral Xocalı
Soyqırımı günü ilə bağlı ədəbi-bədii
kompozisiyalar, gecələr keçirilmiş, mərasim
tamaşaları göstərilmişdir. Yaşayış
yerlərində 8 Mart Beynəlxalq Qadınlar günü,
Novruz bayramı, 31 mart Azərbaycanlıların
Soyqırımı günü, 9 May faşizm
üzərində qələbə günü, 28 May Respublika
günü, 15 iyun Milli Qurtuluş günü, 18 oktyabr
Dövlət Mustəqilliyi günü, 12 noyabr Konstitusiya günü, 17 noyabr Milli Dirçəliş günü,
31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü el şənlikləri və milli
təntənə kimi qeyd edilmiş, silsilə
tədbirlər, konfranslar və mühazirələr
keçirilmişdir.
Ötən il Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə S.Vurğunun, S.Rüstəmin
və “Molla Nəsrəddin” jurnalının 100 illik
yubileyləri rayonda təntənə ilə qeyd edilmişdir.
Qurban və Ramazan bayramları, ümummilli liderimiz Heydər
Əliyevin doğum və anım günü, 22 iyunda
Bülbül və 18 sentyabrda Üzeyir bəy musiqi
günləri münasibətilə də
mədəni-kütləvi tədbirlər həyata
keçirilmişdir.
Xalq yaradıcılığının inkişafı və
təbliği də mədəniyyət
müəssisələrinin fəaliyyətinin mühüm bir
hissəsini təşkil edir. Klub müəssisələrində
yaradılan biçmə-tikmə dərnəklərində
qədim milli ornamentlərlə bəzədilmiş
tikmələrin, toxumaların sirləri öyrədilir,
əl işlərindən ibarət sərgilər
təşkil edilir. Səfikürd kənd sakini, 72
yaşlı Həmid Məmmədovun ağac
üzərində oyma üsulu ilə əl
işlərindən ibarət zəngin sərgi
Tarix-Diyarşünaslıq Muzeyi tamaşalarının
böyük marağına səbəb olmuşdur.
Rayonda 20 ilə yaxındır ki, “Xalq kollektivi” adını
daşıyan ansambl və “Xalq teatrı” fəaliyyət
göstərir. İl ərzində onların müxtəlif
konsert repertuarları, çıxışları olmuş,
tamaşalar göstərilmişdir. Novruz bayramı
şənliklərində və Dünya
Azərbaycanlılarının həmrəyliyi
günündə məhsəti türklərinin və
rusların xalq yaradıcılığını
nümayiş etdirən tamaşalar göstərilmişdir. Klub müəssisələrində fəaliyyət
göstərən 95 bədii özfəaliyyət kollektivi,
dərnək və birliyin əsas vəzifəsi
milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqdan, xalq
yaradıcılığını əhali arasında
təbliğ etməkdən ibarətdir. Onlar
ölkəmizdə və xaricdə keçirilən bir
sıra festival və müsabiqələrdə rayonu
yüksək səviyyədə təmsil edirlər.
Hazırda rayon ərazisində bir nəfər də
baxımsız və küçə uşağı,
səfil yoxdur. Narkomaniya, uşaq
zorakılığının qarşısının
alınması, tütün məmulatlarının və
alkoqollu içkilərin yayımı kimi neqativ halların
qarşısının alınması məqsədilə klub
müəssisələrində, kitabxanalarda, uşaq musiqi
məktəblərində müxtəlif
görüşlər, sərgilər, idman
yarışları təşkil olunmuş, yaşayış
məntəqələrində təbliğat xarakterli
tədbirlər həyata keçirilmişdir. Uşaq
və məktəblilərin tarixi abidələrə —
Qızılhacılı qəsəbə məscidinə,
Rəhimli kənd türbələrinə, Borsunlu, Qarqucaq —
Hacallı kurqanlarına, Goran nekropoluna muzeylərə və
rəsm qalereyasına ekskursiyaları təşkil
edilmişdir. 15 valideynsiz və himayədə olan uşaq
bədii özfəaliyyət dərnəyinə və
maraq klublarına cəlb olunmuşdur.
Valideynlərini itirmiş 22 uşağın 1
ay yay tətili müddətində internat məktəbində
təşkil edilmiş düşərgədə
mənalı istirahətləri üçün hər
cür şərait yaradılmış, onların
Gəncə, Şəki, Naftalan, Qazax şəhərinə
səyahətləri təşkil olunmuşdur. Rayon Dövlət Rəsm Qalereyasında “Mən
də dünyanın sakiniyəm”, “Yer kürəsi
hamımızın evidir”, “Dünya uşaqları
dostlaşmalıdırlar” və “Açıq səma
altında” mövzularına həsr olunmuş rəsm
əsərlərindən ibarət sərgi,
hüquq-mühafizə orqanları işçiləri
ilə uşaq kollektivlərinin görüşləri, internat
məktəbində, mədəniyyət evində
keçirilən “Breyn-rinq” yarışları mədəni
həyatı daha maraqlı və rəngarəng etmişdir.
Təhsil Şöbəsi, Gənclər və
İdman İdarəsi ilə birgə böyük
yaşayış məntəqələri olan
Qızılhacılı qəsəbəsində, Dəliməmmədli
şəhər, Səfikürd, Borsunlu, Xoylu
kəndlərində məktəbli uşaqlarla
görüşlər keçirilmiş, onların arzu
və istəkləri, problemləri öyrənilmişdir.
Rayon texniki-yaradıcılıq birliyinin Dəliməmmədli
şəhərində təşkil etdiyi
baxış-müsabiqədə 30 nəfərdən çox
uşaq iştirak etmişdir. Belə tədbirlərdə
musiqi kollektivlərinin fəal iştirakı təmin
olunmuşdur. Böyük mədəniyyət evlərində
hüquqi mövzuda keçirilən disputlar maraqla
qarşılanmışdır. Rayon uşaq
təşkilatı ilə birlikdə Ağsaqqallar evində
uşaq və yeniyetmələrlə keçirilən
“Sənin hüquqların — 100 sual” dəyirmi masası
faydalı olmuş, qaliblərə mükafatlar verilmişdir.
İstedadlı gənclərlə aparılan müsbət
işin nəticəsidir ki, Ağamalıoğlu kənd
uşaq musiqi məktəbinin rəssamlıq sinfinin
şagirdlərindən Ramil Əliyev respublika
baxış-müsabiqəsində II yeri tutaraq diploma,
Kəmalə Qasımova isə xüsusi diploma layiq görülmüşdür.
Bu məktəbin şagirdləri Astara şəhərində
muğam ifaçılarının ümumrespublika
müsabiqəsində fəal iştirak etmişlər.
Məktəb şagirdlərinin 2 rəsm əsəri
“Azərbaycan mədəniyyətinin dostları” albom-kataloquna
daxil edilmişdir.
Mədəniyyət və Turizm
Şöbəsi xüsusi tədbirlər planı
hazırlayıb həyata keçirir. Ümummilli lider
Heydər Əliyevin zəngin dövlətçilik
ideyalarının gənclər arasında təbliği
məqsədilə “Gülüstan” ədəbi birliyi və
“Mübariz” qəzeti redaksiyası ilə birgə
dəyirmi masa, Tarix muzeyində isə “Heydər Əliyev
Azərbaycan gənclərinin ən böyük
himayədarıdır” mövzusunda elmi konfrans
keçirilmişdir. Vətənpərvərlik mövzusunda
keçirilən mahnı və şeir musabiqəsində
Dəliməmmədli şəhər uşaq musiqi
məktəbinin xor kollektivi və Nadirkənd orta
məktəbinin şagirdi Şəhriyar Ələsgərov
qalib olmuş və mükafatlandırılmışdır.
Milli-mənəvi dəyərlərimizin qorunması və
təbliği məqsədilə “Bahar” şadlıq
sarayında Mədəniyyət və “Ağsaqqallar”
evlərində ziyalılarla, görkəmli
şəxsiyyətlər və tarixçi alimlərlə
görüşlər təşkil olunmuşdur.
Gənclər arasında “Azərbaycan
gəncləri narkotiklər əleyhinə” mövzusunda
ümumrayon rəsm müsabiqəsi keçirilmişdir.
İstedadlı gənclərin əl və rəsm
əsərlərindən ibarət Dövlət Rəsm
Qalereyasında il ərzində 2 dəfə sərgi
keçirilmişdir. Uşaqlar və yeniyetmələr
arasında folklor musiqi müsabiqələrinin
keçirilməsi üçün klub və
mədəniyyət müəssisələrində
təşkilati işlər aparılmışdır. Azərbaycan tarixinin gənclər arasında daha
geniş öyrədilməsi məqsədilə Heydər
Əliyev və Ana dili abidələri, Nizaminin “Xəmsə”
barelyefi önündə, Borsunlu və Səfikürd
kurqanlarında, Rəhimli türbələrində,
“Soyqırım”ı abidəsi və Şəhidlər
xatirə kompleksində açıq dərslər keçirilmişdir.
Mədəniyyət müəssisələri iş
planlarına əsasən ekoloji məsələlərə
də geniş yer ayırmış, bu istiqamətdə
tədbirlər həyata keçirmişlər. Rayon və
Xoylu kənd Tarix-Diyarşünaslıq Muzeylərində
təbii sərvətlər və ekologiya ilə bağlı
guşələr təşkil edilmişdir. Rayon muzeyinin həyətində
nadir ağac kolleksiyalarından ibarət təbiət muzeyi
yaradılmışdır. Rəsm Qalareyasında “Ekoloji
sərvətlərimiz” adlı sərgi təşkil
edilmiş, muzeylərə və Rəsm Qalereyasına
məktəblilərin kollektiv gedişləri təşkil
olunmuşdur. Hər həftə keçirilən iməciliklər
də bilavasitə ağaclara və yaşıllıqlara
qulluq məqsədi daşıyır. Qarqucaq,
Şəfəq, Qaradağlı kənd mədəniyyət
evlərində, Meşəli, Qırıxlı kənd
klublarında xüsusi maraq klubları təşkil
olunmuşdur. Həmin klublara təbiəti sevənlər,
əsasən məktəblilər və gənclər cəlb
edilmişlər. Ekologiyaya dair Milli Proqramın
tələblərinə uyğun olaraq Heydər Əliyev
adına Mədəniyyət və İstirahət Parkında
nadir ağac və bitki kolları əkilmişdir.
Beləliklə parkda əsl ekoloji tarazlıq
yaradılmışdır. Bu istiqamətdə aparılan
işlər gələcəkdə də davam
etdiriləcəkdir.
Rayonun ərazisindən keçən Kürəkçay
çayı ərazisində suyun çirklənməsi
və onun fəsadları ilə bağlı
məktəblərlə birlikdə monitorinq keçirilmiş
və nəticəsi uğurlu olmuşdur. Mütəmadi olaraq
seminar-müşavirələrdə Korçay dövlət
yasadlığının qorunması və təbliği
haqqında geniş məlumatlar verilir. Mədəniyyət
müəssisələrində təbiətin qorunması haqqında
plakat və şüarlar asılmış, “Nə bir budaq
sındır, nə bir quşa daş at! Budağı
da yaşat, quşu da yaşat!” mövzusunda rəsm
müsabiqəsi keçirilmişdir.
21 fevral – Beynəlxalq Ana dili günü münasibətilə
mədəniyyət müəssisələrində
görüşlər, disputlar, kitab sərgiləri
təşkil olunmuş, ədəbi-bədii kompozisiyalar
göstərilmişdir. B.Vahabzadənin, T.Bayramın ana
dilinə həsr olunmuş şeirləri
səsləndirilmiş, “Ana dili milli
varlığımızdır”, “Heydər Əliyev ana dilinin
keşiyində”, “Anam mənim – dilim mənim!”, “Dilimizin dünəni,
bu günü və sabahı” və s. mövzularda
məruzələr dinlənilmişdir. Həmin
gün mədəniyyət işçilərinin təhsil
və gənclər idarələrinin işçiləri
ilə birgə orta məktəblərə kollektiv
gedişləri təşkil olunmuş, söhbətlər
keçirilmiş, ədəbi-bədii nümunələr
göstərilmişdir. “Ana dili” abidəsi
önündə açıq dərslər
keçirilmiş, bədii kompozisiyalar
səsləndirilmiş, ümummilli liderimiz Heydər
Əliyevin “Mən həmişə fəxr etmişəm ki,
azərbaycanlıyam”, “Milləti millət,xalqı xalq edən
onun ana dilidir” mövzularında klub və digər
müəssisələrdə konfranslar keçirilmişdir.
Klub müəssisələrində,
kitabxanalarda, muzeylərdə və uşaq musiqi
məktəblərində “Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin yüksəldilməsi” Proqramının
icrası ilə bağlı foto-stendlər və
guşələr yaradılmış, kitab sərgiləri
düzəldilmişdir. Novruz bayramı, Respublika
günü, Qurtuluş günü tədbirlərində
Azərbaycanın tarixi, adət və ənənələri
haqqında hərbi hissələrdə maraqlı çıxışlar
təşkil olunmuşdur. “Vətənim mənim —
qibləgahım mənim”, “Vətən mənə oğul
desə...”, “Vətəni sevməyən insan
olmaz”, “Vətən — vətəndaşlıq”
mövzularındakı diskussiyalar maraqla
qarşılanmışdır.
Şəhər “Veteranlar klubu”nda keçirilən
görüşlər və disputlar da gənclərin
vətənpərvərlik tərbiyəsində,
vətəndaşlıq hisslərinin aşılanmasında
müsbət rol oynamışdır. Hərbi
hissələrdə görüşlər keçirilmiş,
xalqımızın başına gətirilmiş
faciələri əks etdirən 20 Yanvar, soyqırım abidələri
önündə müxtəlif məzmunda tədbirlər
keçirilmişdir. Rayonun ərazisindəki hərbi
hissələr mədəni hamiliyə
götürülərək bütün tarixi
günlərdə və bayramlarda əsgərlərə
sovqat aparılmış, konsert proqramları nümayiş
etdirilmişdir. Hərbi xidmətə yola salınan
gənclərin Heydər Əliyev abidəsi önündə
andiçmə mərasimi təşkil olunmuşdur. Rayonun
ərazisində yerləşən hərbi hissələrin
komandir heyəti ilə birgə mədəni-kütləvi
iş planı tərtib olunmuş və icrası daimi
nəzarətdə saxlanılmışdır.
Gündüz Hacıyev sonda bildirdi ki,
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramının icrası ilə əlaqədar mədəni
quruculuğa dair tədbirlər planında mədəniyyət
üzrə 7 bənddən ibarət maddənin icrası
təmin olunmuşdur. Kitabxana İnformasiya Mərkəzi
binası tikilmiş, qarşısında abadlıq
işləri başa çatdırılmışdır.
Heydər Əliyevin Xatirə Muzeyinin və şəhər
uşaq kitabxanasının tikintisi, Xanqərvənd,
Səfikürd, Qızılhacılı uşaq musiqi
məktəblərinin genişləndirilməsi və
əsaslı təmiri başa
çatdırılmışdır. Tədbirlər
planında nəzərdə tutulmuş
Qızılhacılı qəsəbəsində Heydər
Əliyev adına parkın salınması,
Dəliməmmədli şəhərində istirahət
parkının tikintisinin başa çatdırılması,
Balakürd kəndində mədəniyyət evi
üçün yeni binanın tikintisi, Quşçular və
Yenikənd kəndlərində klubların
açılması ilə əlaqədar təşkilatı
işlər davam etdirilir.
Mədəniyyət şöbəsi
müəssisələrin inkişafı ilə bağlı
humanitar və qeyri-hökumət təşkilatları ilə
fəal əməkdaşlıq qurulub. Bakı—Tbilisi—Ceyhan
neft kəmərinin inşası zamanı rayonun Borsunlu
kəndi ərazisində “Dərə baxça” adlanan
yerdə eramızdan əvvələ aid olan kurqanlar aşkar
edilmişdi. bp şirkətinin maliyyə dəstəyi ilə
kurqanda əlavə qazıntı işləri aparılmış,
əldə olunan maddi-mədəniyyət
nümunələrinin qorunub saxlanması və
uzunömürlülüyünün təmin edilməsi
məqsədilə muzey tikilib istifadəyə verilmişdir.
Bu il də mədəni quruculuq işləri uğurla davam
etdirilir. Hazırda üzgüçülük hovuzu tikilir
və ilin sonunda istifadəyə veriləcək. Goranboy
şəhərində ulu Dədə Qorqudun böyük
barelyefi hazırlanır, yeni istirahət parkı
salınır. Rayon mərkəzinə bütün
tərəflərdən girəcəklərdə
alaqapılar tikilir.
Xoylu kənd tarix-diyarşünaslıq muzeyi üçün
əlavə 5 otağın tikilməsi üçün
layihə-smeta sənədləri hazırlanıb. Bu
günlərdə tikintiyə başlanacaq.
Dəliməmmədli şəhərində
mədəniyyət evi əsaslı təmir olunur, uşaq
kitabxanası tikilir. Bu şəhərdə uşaq-musiqi
məktəbi üçün 7 otaqdan ibarət əlavə
korpus da inşa olunur. Qızılhacılı qəsəbəsində
də mədəniyyət evi və kitabxananın
əsaslı təmiri gedir. Goranboy şəhərində
və Xanqərvənd kəndində
uşaq-incəsənət musiqi məktəbinin binası
üçün layihə-smeta sənədləri
hazırlanıb, yaxın vaxtlarda tikintiyə başlanacaq.
Borsunlu, Xanqərvənd, Səfikürd kənd
kitabxanalarında təmir işləri aparılır.
Göründüyü kimi, ölkəmizin yeni
tarixində yüksəlişi və tərəqqini təmin
edən mühüm quruculuq proqramları, xüsusən
regional inkişaf proqramı Goranboy rayonunun da
hərtərəfli inkişafına zəmin yaratmış,
bölgənin mədəni həyatı yeniləşmiş
və zənginləşmişdir. Hər yerdə,
hər addımda duyulan mədəni yüksəliş
adamları mənəvi cəhətdən kamilləşdirir,
onları daha böyük əməllərə, həyatı
daha da gözəlləşdirməyə ruhlandırır.
Xalq
qəzeti.- 2007.- 8 iyun.- S. 5.