Ələddinqızı N.

 

Sənətdə obrazları ilə əfsanələşən aktyor

 

Hamlet Xanızadə yaşadığı ömür yolunda sənətkar ömrünə sığmayan sənət qalereyası yaratdı

 

Bəşər tarixində həqiqi sənət üçün doğulmuş insanlar kifayət qədərdir. Belə şəxslər, həqiqətən də, fiziki və daxili gözəlliklərinə görə, səhnə ölçülərinə cavab verə biləcək bir insan şəklində dünyaya gələn fərdlər, şəxsiyyətlərdir. Azərbaycanın, eləcə də, dünyanın ən məşhur sənət xadimlərinin daxili və mənəvi dünyasında, zahiri görkəmində tamaşaçını cəlb edən və onun tələbatına cavab verən gözəlliklər öz əksini tapmışdır. Təbii ki, bu gözəllik heç zaman zahiri xarakter daşıya bilməz. Çünki zahiri mahiyyət daşıyan gözəllik ani və ötücü olur. Belə insanları zaman yetişdirmiş və yetişdirməkdə davam edir. Azərbaycan teatr və kino sənəti üçün bütün gözəlliklərin aksiomu kimi qəbul olunmuş sənətkarların ismi sənətsevərlər tərəfindən yaxşı anılır. Belə insanlardan biri hər kəsin yaddaşında səsinin gözəlliyi, zahiri görkəmindəki aniliyi ilə seçilən Hamlet Xanızadədir. Azərbaycan Respublikasının sevilib-seçilən və böyük məhəbbətlə yad olunan aktyoru. Həqiqətən də, Hamlet Xanızadəni zaman yetişdirmişdir. Bu baxımdan ki, özünəqədərki məxsusi aktyor məktəbini yaratmış aktyorlardan, sənətin dərinliyini əxz edən Hamlet Xanızadə sənət eşqi, sənət alovu ilə bu yolda ilk addımlarını atmağa başlamışdır. Sənətdə olduğu müddət ərzində məhz əldə etdiyi təcrübənin, ona dərs verən müəllimlərin, sənət dərslərini, eləcə də, illərlə həsrətdə yaşadığı səhnə sevgisinin yaratdığı obrazlar vasitəsilə təsdiqlədi və möhrünü vurdu. Sakit, olduqca təmkinli görkəmi, müdrik baxışları qeyri-adi ifadə tərzi olan Hamlet Xanızadə səhnədə olduğu illərdə tamaşaçıları sehrinə salıb, özünü əfsanələşdirdi, ülvüləşdirdi.
   Hamlet Xanızadə o aktyorlardan idi ki, sənət ölçüsünün bütün qayda-qanunlarına olduğu kimi riayət edir, professionallıq nümayiş etdirərək, bu ali sənət növünün dərinliyini, gözəlliyini tamaşaçısına çatdıra bilirdi. Ömrünün 60-cı ilində dünyasını tərk edən və bu müddət ərzində bir-birindən fərqli, mükəmməl obrazların yaradıcısına çevrilən Hamlet Xanəzadəni bu gün xatırlamaq, sənət ştrixlərindən bəzi cizgiləri göz önündə canlandırmaq təsadüfi deyil. Dünən sənətkarın doğum günü idi. Sənətdə parlaq səhifə açmış Hamlet Xanəzadənin yaşadığı illər ərzində aktyorluq fəaliyyətinə yazılmış sətirləri işıqlandırmaq mənəvi borcumuz olduğundan Hamlet Xanızadə dünyasının bəzi məqamlarını qələmə alaraq, onun sənətkarlıq xüsusiyyətlərinin özünəməxsusluğunu qeyd etməyi qərara aldıq.
   Qeyd edim ki, Hamlet Xanızadə 1941-ci ildə dünyaya gəlmiş, orta məktəbdə oxuduğu zamandan sənətə böyük meyl etmişdir. Ələsgər Ələkbərov, Abbas Mirzə Şərifzadə İsmayıl Hidayətzadə, Səməd Mərdanov, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Ağadadaş Qurbanov və başqa sənətkarların sənət məktəbini əxz edərək, belə bir zəngin təcrübədən bəhrələnən Hamlet Xanızadə orta məktəbi bitirdikdən sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) daxil olur. O, burada oxuduğu müddətdə nəzəriyyə zamanı əldə etdiyi uğurları təcrübədə reallaşdırmağa başladı. Belə ki, onun sənət yolu hələ tələbə ikən Akademik Milli Dram Teatrından başladı. 1964-cü ildən ömrünün sonuna qədər Hamlet Xanızadə bu teatrda çalışmış, rejissorların diqqətini cəlb etmişdir. Qeyd edim ki, sənətkar 1965-ci ildə institutu bitirmişdir. O, qeyd olunan teatrda Azərbaycan və dünya klassikasının ən mükəmməl nümunələrində əsas baş rolların ifaçısı olmuşdur.
   Səhnədə uzun illər təcrübə keçmiş aktyorlarla çiyin-çiyinə çalışan gənc aktyora tapşırılan hər bir obrazın öhdəsindən uğurla gələrək, professionallıq nümayiş etdirib, böyük sevgi qazanmışdır. Demək olar ki, Hamlet Xanızadə sənətə gəldiyi ilk günlərdən ömrünün sonuna qədər əsas rolların ifaçısına çevrilmişdir. Onun gözəl səs tembri, danışıq intonasiyası, səhnə görkəmi, jest və mimikası Hamlet Xanızadənin gözəl, xarakterik obrazların yaradıcısı olmasına imkan vermişdir. Yaratdığı hər obrazda özünü tapan qəhrəmanın fərdi cizgilərini daxilindən keçirirək, tipikləşdirən Hamlet Xanızadə obraza yeni bir həyat verərək, onu tamaşaçısına sevdirib, qəhrəmanının psixologiyasına məxsus olan mənfi və müsbət cəhətləri səmimi bir şəkildə təqdim etmək imkanı nəticəsində, Azərbaycanın yüksəkdə duran sənətkarları sırasında adının hallanmasına nail ola bilmişdir. Hamlet Xanızadə Vilyam Şekspirin "Fırtına", Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı", Səməd Vurğunun "Vaqif", Hüseyn Cavidin "İblis", "Xəyyam", İlyas Əfəndiyevin "Atayevlər ailəsi", Nazim Hikmətin "Şöhrət və ya unudulmuş adam" və sair tamaşalarda olduqca maraqlı obrazlar yaratmış və bu rollar zaman ötsə də, onlara möhrünü vurmuş sənətkarın adı ilə hallanır. Onun İblis obrazı olduqca orijinal bir şəkildə yaradılmış həqiqi sənət əsəri idi. Bu obraza Hamlet Xanızadədən sonra ikinci səhnə həyatı vermək və canlandırmaq olduqca məsuliyyətlidir. Çünki Hamlet Xanızadə obrazın dərin qatlarını, insan xislətində yatan, daim ətrafdakıları xəbis əməlləri ilə məhv etməyə çalışan İblisin görünməyən tərəflərini tamaşaçıya açıb-göstərməklə, bəşəriyyəti ölümə sürükləyən məhz belə simaların əməllərini bir növ xarakterizə etmiş, İblisə olan münasibəti kəskin bir şəkildə formalaşdırmağı bacarmışdır. İblis nədir? Cümlə xəyanətlərə bais, hər kəsə bais olan insan nədir? İblis! Öz-özündən doğan sual və İblisə verilən qiymət sənətkarın dili ilə səhnədə o dərəcədə parlaq bir şəkildə ifadəsini tapırdı ki, tamaşaçı uzun illər öz dünyasında yaşatdığı və bir obraz kimi canlandırdığı İblisin surətinin sanki reallığının şahidinə çevrilirdi. Hamlet Xanızadə yaratdığı bütün obrazları məhz bu şəkildə tamaşaçıya təqdim edirdi. Onun Azərbaycanın görkəmli şairləri olan Nizami Gəncəvinin, Molla Pənah Vaqifin obrazlarının səhnədə müdrik bir şəkildə əks etdirilməsi aktyorun milli dəyərlərimizə olan məhəbbətini, sənət tariximizin müəyyən mərhələlərinə dərindən bələd olmasını təsdiqləyən amildir. Eləcə də, "Dəli yığıncağı"nda yaratdığı obraz cəmiyyətdəki mənfilikləri əks etdirən və insanları bu şəkilə salan problemləri aktyor potensialından istifadə edərək canlandırılması Hamlet Xanızadənin sənət eşqinin alovunu bir daha təsdiqləyir və aktyorun şəxsiyyətindəki vətənə məhəbbət, insanlara olan sevgisini izhar edirdi.
   Hamlet Xanızadə sənətindən söz açarkən, onun teatr həyatını vərəqləməklə kifayətlənmək qeyri-mümkündür. Bu baxımdan ki, Hamlet Xanızadənin sənət yolu teatr və kino aləmi ilə bərabər olmuşdur. Sənətin iki növündə teatr və kino sahəsində çalışan aktyor potensial qüvvəsini hər sahədə işıqlandırmağı sənətkarlıq borcu kimi qiymətləndirir, yorulmaq bilmədən çalışırdı. "Azərbaycanfilm"in istehsalı olan "Axırıncı aşırım", "Babək", "Qızıl uçurum", "O biri gün gecə yarı", "Qətl günü" və digər filmlərdə yaratdığı obrazlar Hamlet Xanızadənin sənətinin hansı səviyyədə olduğunu bir daha təsdiqləyir. İstər qəhrəmanlıq, istərsə də, yaşadığı cəmiyyətin ab-havasını əks etdirən mövzu olsun. Hər iki halda Hamlet Xanızadə filmin ideyasını tutub, onun fəlsəfə mahiyyətini açmağa çalışmışdır. Təbii ki, XX əsrdə yaşayıb, VI VII əsrin şəxsiyyətinin simasını canlandırmaq aktyor üçün bir o qədər də asan deyil. Düzdür, bütün səhnəyə lazım olan quruluşları rejissor vermiş olsa da, ikinci komponent kimi aktyor qəhrəmanının tarixi dövrünü öyrənməyə, o dövrə məxsus olan adət-ənənəni, danışıq və davranış tərzini əxz etməyə hazırdır. Əks halda, obraz olduqca süni və inandırıcı təsir bağışlamaz. Hamlet Xanızadə yaratdığı obrazları bir portret kimi tamaşaçıya təqdim edirdi. Bütün boyalarını olduğu tək qəhrəmanında canlandırırdı. Onun yaratdığı qəhrəmanlar tamaşaçının hər zamanın problemləri ilə yaxından tanış edir, insanın mənəvi-əxlaqi keyfiyyətlərinin bütün dəyərlərdən yüksəkdə olduğunu göstərirdi.
   Azərbaycan kino və teatr sənəti tarixinə yaratdığı qəhrəmanlarla öz portretini əbədi olaraq həkk edən Hamlet Xanızadə, yaşadığı ömür yolunda bir sənətkar ömrünə sığmayan sənət qalereyası yaratdı. Olduqca mükəmməl, müdrik obrazlar qalareyası. Bu qalareyanın hər bir nümunəsinə diqqət yetirdikcə Hamlet Xanızadənin aktyorluq üçün yaranmış siması göz önündə canlanır. Həyata bir aktyor kimi qədəm qoyan Hamlet Xanızadə sənətdə özünü necə təsdiqlədisə də, yaşadığı mühitdə şəxsiyyət olaraq imzasını qoydu. 1990-cı il 20 Yanvar faciəsindən sonra baş verən hadisələr vətənpərvər aktyoru heç zaman tərk etmir, daim düşündürür, belə vəhşiliyin qurbanı olan insanların taleyinə için-için ağlayırdı. Məhz bu dəhşətli hadisələr, vətənə sevgi hissi belə bir aktyorun 60 yaşındaikən dünyadan köçməsinə səbəb oldu. Hamlet Xanızadənin yaratdığı obrazlar da, onun həyat sevgisi, həyata baxışı yaşayır və hər zaman da yaşayacaqdır.
   

Səs.-2007.-7 iyun.-S.12.