Abbasov İ.
Dünya şöhrətli
bəstəkarın yaradıcılıq
gecəsi
Üns” teatrının səhnəsində
Azərbaycan müasir
bəstəkarlıq məktəbinin
görkəmli nümayəndəsi,
dünya şöhrətli
sənətkarımız, xalq
artisti Firəngiz Əlizadənin yaradıcılıq
gecəsi və müəllif konserti keçirildi.
Tədbirdə çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Firəngiz Əlizadənin Azərbaycan
musiqisi qarşısındakı
xidmətlərinə görə
“Şöhrət” ordeni
ilə təltif edilməsi barədə ölkə Prezidenti İlham Əliyevin sərəncamını oxudu
və Vətənin yüksək mükafatını
Firəngiz xanıma təqdim etdi.
Firəngiz Əlizadənin musiqi
mədəniyyəti qarşısındakı
xidmətlərinin miqyasını
dolğun təsəvvür
etmək və dəyərləndirmək üçün
onun keçdiyi şanlı ömür və yaradıcılıq
yoluna qısa da olsa nəzər
salmaq zəruridir.
F.Əlizadə Konservatoriyanı iki ixtisas üzrə
— fortepiano (Urfan Xəlilovun
sinfi) və bəstəkarlıq (Qara Qarayevin sinfi) ixtisasları üzrə bitirmiş, hər iki ixtisas üzrə
fərqlənmə diplomu
almışdır.
Onun musiqisinin dünyanın ən möhtəşəm
konsert salonlarında zəfər yürüşü
1976-cı ildən başlayır.
Həmin il
F.Əlizadə İtaliyanın
Pezaro şəhərində
keçirilən beynəlxalq
festivalda özünün
fortepiano sonatasını ifa
edərək beynəlxalq
arenada müəllif və ifaçı kimi ilk uğurunu qazanır.
1979-cu ildə F.Əlizadənin “Habilsayağı”
əsəri ilk dəfə
Leninqradda M.Rastropoviçin
yetirməsi, məşhur
violençel ustası
İvan Mozettinin ifasında səslənir və bəstəkarın
yaradıcılıq üslubunun
xarakterini dolğun nümayiş etdirir.
Sonrakı illərdə
F.Əlizadənin musiqisi
Stokholmda (1982), Varşavada
(1983), Berlində (1986), Londonda
(1987), Amsterdamda (1989), Mexikoda
(1989), Dausburqda (1991) keçirilən
beynəlxalq musiqi festivallarında ifa olunur və müəllifinə müasir
dünya musiqisinin ən parlaq simalarından biri şöhrətini qazandırır.
1992-ci ildə F.Əlizadə
Türkiyə Mədəniyyət
Nazirliyinin sifarişi ilə Mərsin şəhərində opera və
balet teatrının açılışı üçün
“Boş beşik” baletini yazır, 1993-cü
ilin yanvarında teatrın açılışı
və əsərin
ilk tamaşası olur.
1993-cü ildə Nyu-Yorkun məşhur Linkoln mərkəzində
San-Fransiskonun dünya
şöhrətli Kronos
qrupunun ifasında F.Əlizadənin “Muğamsayağı”
əsərinin premyerası
keçirilir.
1999-cu ildə F.Əlizadə rəsmi qonaq statusu ilə
İsveçrənin Lüsern
şəhərində keçirilən
beynəlxalq musiqi festivalına dəvət olunur və qadın bəstəkarlar içərisində ilk olaraq
“baş bəstəkar”
fəxri tituluna layiq görülür.
Həmin
festivalın proqramına
F.Əlizadənin səkkiz
əsəri daxil edilmişdi. Burada bəstəkarın
iki yeni əsərinin — “İpək
yolu” instrumental əsərinin
və Nazim Hikmətin sözlərinə
bəstələnmiş “Ölməzliyə
səyahət” vokal kompozisiyasının premyerası
keçirilir.
Həmin il
Almaniyada nəşr olunan “Musik Texte”
musiqi jurnalı özünün 100-cu, yubiley
nömrəsini bütövlükdə
F.Əlizadəyə həsr
edir. Alman rejissoru Valdemar
Ştayn azərbaycanlı
həmkarı Cahangir Zeynallı ilə birgə F.Əlizadəyə
həsr olunmuş “Azərbaycanlı maestro” sənədli
filmini çəkir.
2000-ci ildə F.Əlizadə dünya şöhrətli violençelçalan
Yo-Yo Manın “İpək
yolu” transkontinental layihəsində özünün
dörd kompozisiyası
ilə iştirak edir. Bu sıraya
daxil olan Nəsiminin sözlərinə
yazılmış “Dərviş”
əsəri muğam ustası Alim Qasımovun iştirakı
ilə səslənərək
layihənin ən uğurlu əsəri hesab olunur.
İtaliyanın “Cakonda” teatrında
F.Əlizadənin A.S.Puşkinin
sözlərinə bəstələnmiş
“Gözəllik hakimiyyəti”
vokal kompozisiyası məşhur ingilis muğənnisi C.Ceymsin ifasında ilk dəfə səslənir.
Az sonra
İsrailin Təl-Əviv
şəhərində keçirilən
beynəlxalq festivalın
yekunu olaraq F.Əlizadənin müəllif
konserti təşkil olunur.
2002-2006-cı illər ərzində
Nyu-York, Milan, Turin, London, Berlin, Hamburq, Lüsern, Şürix, Bern, Tokio, Seul, Şanxay, Sinqapur, Vyana, Zalsburq, Antverpen, Amsterdam,
Oslo şəhərlərində F.Əlizadənin müəllif
konsertləri keçirilir.
2003-cü ildə Bakıda
— H.Əliyev adına
Sarayın səhnəsində
Azərbaycan musiqisinin
şöhrətini dünyaya
yayan bəstəkarın
Vətəndə ilk müəllif
konserti təşkil olunur.
Bu illərdə bəstəkarın dünya
səhnələrində səslənən
məşhur əsərlərindən
biri də Azərbaycan xalqının
müstəqillik yolunda
verdiyi qurbanların xatirəsinə həsr olunmuş “Mərsiyə” kompozisiyasıdır.
2004-cü ildə Azərbaycan
Dövlət Filarmoniyasının
təmirdən sonra təntənəli açılış
mərasimində M.Rastropoviçin
rəhbərlik etdiyi orkestr F.Əlizadənin ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İthaf” əsərini ilk dəfə
ifa edir.
2005-ci ildə Parisdə
keçirilən M. Rastropoviç
adına Beynəlxalq müsabiqədə
F.Əlizadənin “Oyan!”
əsəri ilk dəfə
ifa olunur.
Firəngiz xanımın
sənətini çox
yüksək qiymətləndirən
M.Rastropoviç onun haqqında deyir: “Bütün dünya tərəfindən tanınan
istedadlı bəstəkar
Firəngiz xanım həm də öz dövlətinin layiqdi vətəndaşıdır,
əsl azərbaycanlıdır”.
Həmin il
YUNESKO-nun 60 illik yubileyi
münasibətilə Parisdə
keçirilən konsertdə
F.Əlizadənin Şərq
və Qərb musiqi ənənələrinin
sintezini əks etdirən “Çarpazlaşma”
əsəri ilk dəfə
ifa olunur. Bu əsərin ifasında
müəllif həm də pianoçu və dirijor kimi çıxış edir.
2006-cı ildə Vyanada
Volfqanq Amadey Motsartın 250 illik yubileyinə həsr olunmuş konsertdə F.Əlizadənin unudulmaz bəstəkarımız Tofiq
Quliyevin xatirəsinə
həsr etdiyi “Abşeron kvinteti” əsəri səslənir.
2006 və 2007-ci illərdə Norveçdə,
İsveçrədə və
Almaniyada F.Əlizadənin
müəllif konsertləri
keçirilir.
Bu ilin payızında
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı F.Əlizadənin Nərgiz
Paşayevanın librettosu
əsasında yazılmış
“İntizar” operasını
tamaşaçılara təsdim
edəcəkdir.
“Üns”
teatrında keçirilən
yaradıcılıq gecəsində
isə Firəngiz Əlizadənin üç
əsəri — “Atəş”,
“Dərviş” və
“Çarpazlaşma” kompozisiyaları
ifa olundu. Hər üç əsər Azərbaycan tamaşaçılarına
ilk dəfə təqdim
olunurdu. Əsərlərin
canlı ifasını
dünyanın müxtəlif
salonlarında çəkilmiş
lent yazılarından fraqmentlər
də müşayiət
edirdi.
“Çarpazlaşma”nın
ifasında Firəngiz
xanım ənənəyə
sadiq qalaraq, həm də pianoçu və dirijor kimi çıxış
etdi. Bu əsərin səslənməsində milli
koloritə nail olmaq üçün bəstəkar
kamera orkestrinin tərkibinə tap, kamança,
kanon, tütək, zurna, qaval, qoşa
nağara kimi milli musiqi alətlərimizi
də daxil etmişdir.
Tamaşaçıların sürəkli alqışları
ilə sona yetən müəllif konserti başa çatdıqdan sonra yaradıcılıq gecəsinə
yekun vuran “Üns” teatrının bədii rəhbəri,
professor Nərgiz Paşayeva
bu tədbirin “Üns”ün tarixinə qızıl hərflərlə
yazıldığını bildirdi.
Xalq qəzeti.-2007.-7
iyun.-S.10.