Abbasov İ.

 

Yanasan gərək

Habil Əliyev – 80,
yaxud Habil Əliyevin sənət hünəri


Nadir istedadı, bənzərsiz yaradıcılıq yolu, milli musiqimiz qarşısındakı misilsiz xidmətləri ilə adını Azərbaycan musiqi ifaçılığı sənətinin tarixinə qızıl hərflərlə yazmış böyük kamança ustadı, xalq artisti Habil Əliyevin 80 yaşı tamam oldu.
Azərbaycanın sənət dünyası çox zəngindir. İncəsənətimizin bütün sahələri üzrə ən görkəmli sənətkarları yada salmaq istəyəndə adamın xəyalına neçə-neçə böyük sənət korifeyinin adı gəlir. Bu adları hansı ardıcıllıqla düzmək işində çox zaman çətinlik çəkirsən. Ancaq Habil Əliyev yeganə sənətkardır ki, onun öz sahəsində — kamança ifaçılığında birinci olduğunu, hər kəsdən yüksək mövqedə dayandığını istisnasız olaraq hamı qəbul edir. Ömrün və sənətin müdriklik zirvəsinə ucalmış bir insanın bugünkü məqamını dəyərləndirmək üçün ilk növbədə onun keçdiyi ömür və sənət yoluna nəzər salmağa ehtiyac duyulur.
Habil Əliyevin sənət yolunda atdığı ilk addımlar musiqi və teatr tariximizin şərəfli simalarından biri olan Əhməd Ağdamskinin qayğısı və xeyirxahlığı ilə bağlı olub. Özünün də etiraf etdiyi kimi, onun qəlbində musiqi sənətinə məhəbbət oyadan anası, əsl musiqinin nə olduğunu ilk dəfə anladan isə Əhməd Ağdamski olub. Bu, adi tərcümeyi-hal faktı deyil. Bu xətlə Habil sənətinin kökü müasir musiqi sənətimizin banisi, dahi Üzeyir Hacıbəyovun sənət dünyasına bağlanır. Habilin uşaqlıq illərində Ağdaşda işləyən və onların evində kirayədə yaşayan Əhməd Ağdamski Üzeyir bəyin təkcə yaxın qohumu və dostu yox, həm də onun ən sadiq sənət məsləkdaşlarından, ardıcıllarından biri idi. O, Hüseynqulu Sarabski, Qurban Pirimov kimi böyük sənətkarlarla bir sırada milli opera ifaçılığımızın beşiyi başında duran şəxslərdən olmuşdu...
Habil Əliyevin ifaçı kimi tamaşaçı qarşısına ilk dəfə çıxdığı gündən yetmiş ilə yaxın vaxt keçir. Onun yeniyetməlik çağları müharibənin ağır illərinə düşmüşdü. 14-15 yaşlarından o zaman Ağdaşda fəaliyyət göstərən N.B.Vəzirov adına Dövlət Dram Teatrında işləyir, ailələrini dolandırırdı. Özü o illəri belə xatırlayır: “Mən axşamlar eyvanda əyləşib kamanımı işə salırdım. Bir də görürdüm ki, ərləri, oğulları, nişanlıları müharibədə həlak olmuş qonşu arvadların ah-naləsi kamanın fəryadına qoşulub. Kimisi ağı deyir, kimisi bayatı çağırırdı. Onda anam da ağlayıb şivən qoparırdı, çünki qardaşım Məmmədiyyənin də ölüm xəbəri gəlmişdi. Qəribədir, onda mən ağlaya bilmirdim. Ancaq çalırdım. Dərdimi kamana deyirdim. Onda elə bil bütün anaların, bacıların dərdi, kədəri mənim kamançamın simlərinə hopmuşdu. ...Mənə elə gəlir ki, indi də kamanımda o sədalar, o fəryadlar qalmaqdadır...”
Sənətdə yetkinlik çağına çatdıqdan sonra Habil Əliyev “qışqıran alət” adlandırdığı kamançanın quruluşunda müəyyən dəyişiklik etməklə onun “qışqırıqlı” səsini yanıqlı səslə əvəz etməyə nail oldu.
İfaçılıqda ilk addımlarını atdığı illərdə Habil Əliyevin bir qazancı, bir tapıntısı da o olmuşdu ki, sonralar uzun illər sənət yoldaşlığı etdiyi görkəmli xanəndə, xalq artisti Yaqub Məmmədovla tanış olub dostlaşmışdı. Neçə illərdən sonra onların sənət yoldaşlığının ən mükəmməl nümunəsi kimi “Mənsuriyyə”nin radionun “qızıl fond”unda saxlanan nadir lent yazısı meydana gəldi. Yaqub Məmmədovun misilsiz bir ustalıqla ifa etdiyi bu “Mənsuriyyə”də onu Habil Əliyev müşayiət edir. Təkcə. Ansamblsız, hətta tarsız. Ancaq dinləyiciyə elə gəlir ki, xanəndə bütöv bir orkestrin müşayiəti ilə oxuyur. Bu ifaçılıq möcüzəsi Habil Əliyevin uzun illər davam edən yaradıcılıq axtarışlarının məhsulu idi.
Habilə qədər muğam üçlüyündə də, ansambl tərkibində də kamança həmişə ikinci dərəcəli rol oynamış, tarın ardınca “gedərək” onun xallarını təkrar etmişdi. Əksər ifaçılar üçün bu hal indi də belədir. Ancaq Habil Əliyevin böyük istedadı ikinci dərəcəli rolla barışa, onun çərçivəsində qapanıb qala bilməzdi. Habil kamançanı tarın kölgəsindən çıxararaq ikinci dərəcəli müşayiət alətindən solo alətinə çevirdi. Bundan sonra Habil sənətinin dünyanın ən möhtəşəm səhnələrindən keçən zəfər yürüşü başlandı. Kamança ifaçılığında Habil Əliyevin ən böyük hünərlərindən biri də bu doğma musiqi alətimizi ocağımızın başında oturtduğumuz və hər fürsət düşəndə haqqımızı danan erməni çalğıçıların “əsarətindən” xilas etməsi oldu.
50-ci illərin əvvəllərində Habil Əliyev Bakıya gələrək Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alır, böyük muğam ustadları tarzən Qurban Pirimovdan və xanəndə Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənir. Musiqi sənətimizin görkəmli nümayəndələri Niyazi, Soltan Hacıbəyov, Səid Rüstəmov onun ifaçılıq məharətini çox yüksək qiymətləndirirlər. 1953-cü ildən Dövlət Filarmoniyasında işə qəbul edilən Habil konsertlərdə və qastrol səfərlərində Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi ustad sənətkarlarla bir yerdə səhnəyə çıxır.
İfaçılıq fəaliyyəti ilə böyük xalq məhəbbəti qazanan Habil Əliyevin kamançasında muğam sənətimizin “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-kürd”, “Çahargah”, “Rast”, “Zabul” kimi inciləri bənzərsiz bir üslubda, misilsiz bir ustalıqla səslənir. İfaçılıqla yanaşı, həm də bəstəkarlıq istedadına malik olan Habil Əliyevin bəstələdiyi bir çox mahnılar həmin illərdə ən populyar muğənnilərin ifasında səslənərək geniş dinləyici rəğbəti qazanır.
Habil Əliyevin yaradıcılıq axtarışlarının zirvəsi isə onun yaratdığı və muğam sənətimizə ərməğan etdiyi “Habil segahı” olur. Yaşı min illərlə ölçülən muğam sənətinin yaşamasında xidməti olmuş minlərlə ifaçı sırasında yalnız tək-tək adamların adı onun yaradıcılarından biri kimi tarixə düşmüşdür. XX əsrin muğam ifaçıları arasında bu şərəfə nail olanlardan biri də Habil Əliyev oldu. 60-cı illərin ortalarında onun ifasında səslənən yeni “Segah” — “Habil segahı” muğam pərəstişkarları və biliciləri tərəfindən böyük maraqla qarşılandı və çox yüksək qiymətləndirildi. “Segah”ın “Zabul segah”, “Xaric segah”, “Yetim segah”, “Mirzə Hüseyn segahı” kimi variantları sırasında “Habil segahı” özünə layiqli yer tuta bildi. Habil kamançasının bütün ifaçılıq imkanlarını və sənətçinin özünün yaradıcılıq potensialını əyani şəkildə təsdiq edən bu əsər onun şöhrətini daha da artırdı.
Habil sənətinin vurğunu olan sənət dostu, xalq şairi Bəxtiyar Vahabzadə “Habil segahı” şeirində yazırdı:
Bu ağac parçası yanmayır özü,
Ancaq od-alovsuz yandırır bizi.
...Habil! Ay insafsız, ürəyimizi
Yandırıb yaxmaqda qəsdin nədir, nə?
Niyə yandırırsan atəşsiz bizi?
Bu haqqı kim verib, kim verib sənə?
Maraqlıdır ki, bu poetik sualın cavabını da “yaşamaq yanmaqdır, yanasan gərək” deyən şairin öz poeziyasından tapmaq olardı. Habil özü yanaraq yaşadığı kimi, dinləyicilərini də yandıraraq yaşatmaq istəyir. Yenə də Bəxtiyar Vahabzadənin sözləri ilə desək, —

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm.
Həyatda da, sənətdə də dağ ucalığını həmişə özü üçün mövcudluq meyarı seçmiş Habil Əliyev ömrü boyu təpələrin dağlara meydan oxuması ilə barışmamış, cılızların nəhənglik iddialarına qarşı mübarizə aparmağı özünə borc bilmişdir. Habilin bu mübarizlik keyfiyyəti ilk növbədə muğamatımızın məzmun saflığının və ifa təmizliyinin qorunması işində özünü göstərir. Mərdanə bir cəsarətlə həmişə sözün düzünü bütün kəskinliyi ilə üzə deyən Habil Əliyevin bu xasiyyəti bəzən birmənalı qarşılanmır, ona “acıdil” imici qazandırır.
Ancaq el dili ilə desək, “Habilin dili varsa, dilçəyi var!” Ona başqalarına qarşı maksimal tələbkarlıq nümayiş etdirmək haqqını səlahiyyətini öz böyük sənəti, böyük istedadı verir.
Müasiri olmuş görkəmli musiqiçilər, elm sənət xadimləri Habilin sənətini, musiqimiz qarşısında onun xidmətlərini həmişə yüksək qiymətləndirmişlər. Onun sənətinə şəxsiyyətinə bu sayğılı münasibətin bir göstəricisi neçə-neçə sənətkarın onu öz əsəri üçün qəhrəman seçməsində, onlarla poeziya, rəssamlıq heykəltəraşlıq əsərində onun bədii obrazının yaradılmasındadır. Bu cəhətdən Habil Əliyevi yalnız son əsrin böyük rəssamı Səttar Bəhlulzadə ilə müqayisə etmək olar.
Hələ bu da azdır. Xalq sevgisi Habili neçə-neçə lətifənin qəhrəmanı etmişdir. Əlbəttə, burada sənətkarın özünün orijinal təkrarsız şəxsiyyətinin, bənzərsiz xarakterinin rolu var.
Azərbaycan insanının taleyində muğam sənətinin müstəsna dəyərini ifadə etmək üçün Habil Əliyev həmişə belə bir misal çəkir: “Biz gözümüzü dünyaya açanda anamızın bizə çaldığı layla da, biz dünyadan köçəndə bizim üçün oxunan dua da muğam üstündədir. Deməli, insan bu layla ilə dua arasındakı ömrünü elə yaşamalıdır ki, bu musiqinin aliliyinə ülviliyinə layiq ola bilsin”.
Vətənimiz siyasi müstəqillik qazandıqdan sonra bütün milli-mənəvi dəyərlərimiz kimi ulu muğam sənətimiz dövlətimizin daha böyük diqqət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan muğamı beynəlxalq aləmdə, dünya miqyasında getdikcə daha böyük şöhrət qazanır, qəbul təsdiq olunur.
Danılmaz həqiqətdir ki, muğam sənətimizin bu nüfuzunun təmin edilməsində onun böyük ustadlarından biri olan xalq artisti Habil Əliyevin sənət hünərinin əvəzsiz rolu vardır.

 

Xalq qəzeti.-2007.-3 iyun.-S.8.