Banu

 

Muğam inkişafdan qalmayıb

 

 Son zamanlar Azərbaycan musiqisinin bayağılaşması, xalq mahnılarımızın, muğamlarımızın unudulması, musiqimizə yad ritmlərin gətirilməsi barədə, demək olar, hamı danışır. Bu məsələdən başı çıxan da, çıxmayan da musiqi barədə fikirlər irəli sürür. Xanəndələr telekanalların milli musiqinin təbliğatına az yer ayırdığından bu səbəbdən gənclərin daha çox estradaya meyl etmələrindən şikayətlənirlər. Estrada müğənniləri isə sıralarının artmasını müsbət qiymətləndirmirlər. Rəqabət digər səbəblərdən şou-biznesə yeni gələnlərin sayəsində bu sahənin bərbad vəziyyətə düşdüyünü söyləyirlər. Hətta şou-biznesin ən parlaq nümayəndələri belə Azərbaycanda şou deyil, "şor biznesi" olduğu qənaətindədir. Belə çıxır ki, hər iki cəbhədə narazılıq var.
Amma məsələ ondadır ki, estradanın inkişafına böyük dəstək göstərilməsə , bu sahədə inkişaf həqiqətən var. Məsələn, demək olar ki, bütün telekanallarda estrada janrında oxuyan gənc istedadları üzə çıxaran müsabiqələr keçirilir. Düzdür, son aylar muğam, xalq mahnılarının ifaçıları üçün analoji müsabiqələr təşkil olunur. Amma etiraf etmək lazımdır ki, obyektiv subyektiv səbəblərdən bu müsabiqənin onun iştirakçılarının populyarlaşması prosesi çox ləng gedir. Yəqin ki, bunda insanların daha çox estrada mahnılarını dinləməsi əsas rol oynayır.
Deməli, milli musiqinin təbliğatı, yeni istedadlı ifaçıların aşkarlanması vacibdir. Onu da qeyd edək ki, peşəkar xanəndələr gənclərin milli musiqiləri, muğamlarımızı ifa edərkən böyük səhvlərə yol verdiyindən beləliklə xalqın musiqisinin layiqincə təqdim olunmamasından narahatlıqlarını gizlətmirlər. Onların fikrincə, bu kimi hallar insanları musiqidən uzaqlaşdırır.
Xalq artisti Alim Qasımov bu qənaətdədir ki, müəyyən müddətdən sonra muğam ifaçıları zamanın süzgəcindən keçəcəklər: "Sona ən yaxşıların qalacağını düşünürəm. Süzgəcdə musiqimiz üçün lazımlı şəxslərin qalacağına inanıram. Ancaq bu süzgəcdən kimin məharətlə keçə biləcəyini demək çətindir". Xanəndə söyləyir ki, süzgəc rolunu heç kim oynamır. Bu, sadəcə zamanın tələbidir: "Yalnız onu deyə bilərəm ki, nəticəni hamı görəcək".
A.Qasımov bildirdi ki, gənc xanəndələr arasında ümidverici olanlar çoxdur. O, gənclər arasında gözəl səsi öz üzərində işləyənlərin olduğunu vurğulayaraq "onlar böyük həvəslə muğamı öyrənirlər. İndi deyə bilmərəm ki, hansısa gənc gələcəyin Seyid Şuşinskisi olacaq. Bunu zaman göstərəcək" dedi.
Xanəndə İslam Rzayev isə düşünür ki, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva tərəfindən lazımi məqamda muğamın inkişafına dəstək göstərilməsəydi, indi vəziyyət çox fərqli olardı. Gənc ifaçıların oxumasına münasibət bildirən xanəndə deyir: "Hamı tərifləyir. Amma nöqsanları dilə gətirən yoxur. Mən başqaları kimi yalandan tərifləməyəcəyəm. Cəsarətlə "muğam sahəsində əvvəlki ifaçılıq yoxdur" deyirəm. Son zamanlar muğam sahəsinə ciddi yanaşılmır".
İ.Rzayev gənc ifaçılardan razı deyil. Onun fikrincə, bu işdə günahın böyük hissəsi müəllimlərə düşür. Xanəndə söyləyir ki, o, sənətə gəldiyi illərdə belə məsələlərə münasibət çox ciddi idi: "İndi isə gənclərin hərəsi bir avazla oxuyur. Musiqilərimizi yaxşı ifa etmirlər. Əslində onlar muğam dəstgahlarının hamısını bilməlidirlər. Amma əfsuslar olsun ki, arzularımızla gerçəklik arasında uçurum var. Mən düşünürəm ki, bu işdə müəllimlər günahkardılar. Yaxşı müəllimin tələbəsi yaxşı olar".
Xalq artisti Əlibaba Məmmədov məsələyə nikbin yanaşır. O, həmkarlarının dediklərini təkzib edir. Onun fikrincə, həm muğamda, həm estradada hər şey yaxşıdır: "Müəyyən qüsurlar olsa da, gözü tərəzi olan xalq hər şeyi öz yoluna qoyacaq. Mən bu qənaətdəyəm ki, gələcək etibarlı əllərdədir. Çünki gənclər arasında savadlı xanəndələr var. Muğamı etibar etməli gənclər çoxdur. Bəyəndiyim xanəndələr var. Həm muğamı bizə Allah vergisidir. Ona görə muğam inkişafdan qala bilməz. Biri gedəcək, biri gələcək. Hər 20-30 ildən bir nəsil dəyişəcək. Bu, həmişə belə olub. Qətiyyətlə deyə bilərəm ki, muğam çox inkişaf edir".
Sənətə 1950-ci ildə gəldiyini xatırladan Ə.Məmmədov deyir ki, uzun illərdir xanəndəlik edir. O, muğamın təkmilləşərək xalqımızın musiqisinə çevrilidiyini vurğulayaraq "xalq muğamı sevir. Əsas odur ki, gənclərdə muğam sənətinə maraq artır. Muğamın inkişafdan qaldığını söyləyənlərə inanmayın. Mənim 78 yaşım var. Bu yaşda arxayınam ki, muğam həmişə olacaq. Həm birinci olacaq. Muğam yalnız Azərbaycana məxsusdur", - dedi. Eyni zamanda, əksər ölkələrdə muğam sənətinin olduğunu dilə gətirən müsahibimin bildirdiyinə görə, təkmilləşmiş, dəstgah şəklində olan muğam ancaq Azərbaycandadır.
Ə.Məmmədovun həmkarı İslam Rzayev onun fikirlərinin əksinə düşünür. O, muğam sənətinin inkişafda olduğunu vurğulasa da, estradada qüsurların olduğunu gizlətmədi. Amma böyük sənətkarların xətrinə bu sahədən şikayətlənmək istəmir: "Estradada müəyyən problemlər həmişə olub. Amma heç vaxt estradadan gileylənməmişəm. Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev kimi şəxslər olub. Etiraf etməliyəm ki, son zamanlar kimin ağlına gəldi oxuyur. Sırf estrada oxuyurlarsa, oxusunlar. Amma məsələ ondadır ki, onların oxuduqları estarda deyil. Xalq mahnılarını da korlayırlar. Baş açmaq olmur ki, sintezlə mahnılarımızı niyə bu vəziyyətə salırlar? Müstəqillikdir deyə, kimin ürəyindən keçir, onu da edir".
Ancaq Ə.Məmmədovun fikrincə, qüsurları aradan qaldırmaq üçün senzura lazım deyil. Onun dediyinə görə, insanlar sevmədikləri ifaçıları dinləməməklə məsələni həll edə bilərlər: "Senzura sovet dövründə idi. Onun həm yaxşı, həm pis cəhətləri vardı. İndi isə insanların gözü tərəzidir hər şeyi seçə bilirlər. Təsəvvür edək ki, məni televiziyada göstərirlər. Xoşu gəlməyən adam televiziyanı söndürə, toyuna çağırmaya konsertlərimə gəlməyə bilər".
Xanəndənin sözlərindən məlum oldu ki, o, zövqlərin korlanması barədə səslənən fikirlərlə razılaşmır: "Həmişə bu söhbətlər gedib. Muğam haqqında da vaxtında xoşagəlməz sözlər deyilirdi. Yenə muğam musiqinin şahı olaraq qalır. Cazın da yaxşısını sevirəm. Əvvəllər Rast Simfonik Muğamı çalınanda deyirdilər ki, "söndürün". Amma indi bəyənilir. Çünki bu, əsl simfoniyadır. Üzeyir bəy deyib ki, "pis musiqi yoxdur, pis ifaçı var". Mən tamamilə onunla razıyam".

 

Ayna.-2007.-15 iyun.-S.19.