Dünya şöhrətli müğənni Bülbülün
110 illik yubileyi qeyd edilir
İyunun 22-də Azərbaycan
vokal sənətinin inkişafında mühüm rol
oynamış dünya
şöhrətli müğənni,
SSRİ xalq artisti Bülbülün 110 illik
yubileyi münasibətilə
dövlət və hökumət nümayəndələri,
tanınmış sənət
adamları, musiqiçilər
və gənc sənətçilər Fəxri
Xiyabana gələrək,
böyük sənətkarın
xatirəsini anmış,
məzarı önünə
əklil qoymuşlar.
Mərasimdə çıxış
edən Baş nazirin müavini, xalq yazıçısı
Elçin bildirmişdir
ki, Azərbaycanın professional vokal məktəbinin banisi olan Bülbül gənc ifaçıların
yetişməsinə, püxtələşməsinə
böyük əmək
sərf etmişdir. Məlahətli səsi ilə könüllərə
hakim kəsilmiş bu böyük opera müğənnisi Azərbaycanın ayrılmaz
hissəsi olan Dağlıq Qarabağda, Şuşada dünyaya göz açmışdır.
Natiq vurğulamışdır
ki, Azərbaycan xalq mahnılarının,
təsniflərinin, vokal
əsərlərinin bənzərsiz
ifaçısı Bülbülün
ölməz xatirəsi
xalqımız tərəfindən
daim hörmət və ehtiramla anılacaqdır.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev geniş səs imkanlarına malik, ifaçılığında
milli vokal üslubu ilə italyan vokal məktəbi
ənənələrini üzvi
şəkildə birləşdirmiş
Bülbülün Azərbaycan
mədəniyyətinin inkişafındakı
əvəzsiz xidmətlərindən
danışmışdır. Ə.Qarayev Prezident İlham
Əliyevin müvafiq sərəncamı ilə
görkəmli müğənninin
110 illik yubileyinin dövlət səviyyəsində
qeyd edilməsinin əhəmiyyətini vurğulamış,
orta və ali musiqi məktəblərində
keçirilmiş xatirə
tədbirlərindən danışmışdır.
Nazir diqqətə çatdırmışdır
ki, cari ilin noyabrında vokalçıların Bülbül
adına IV Beynəlxalq
müsabiqəsi keçiriləcək
və həmin tədbirdə ölməz
sənətkarımızın işıqlı xatirəsi
dünyanın bir çox ölkələrini
təmsil edən gənc ifaçılar tərəfindən
bir daha anılacaqdır.
Azərbaycan Bəstəkarlar İttifaqının yeni seçilmiş sədri, xalq artisti, professor
Firəngiz Əlizadə
geniş diapazonlu, məlahətli səsə
malik olan müğənninin aktyorluq
sənətindən söz
açaraq, onun yaratdığı obrazların
tamaşaçılar tərəfindən
böyük sevgi və məhəbbətlə
qarşılandığını
bildirmişdir. Qeyd edilmişdir ki, Bülbül, həmçinin
Azərbaycan milli vokal məktəbi ənənələrinin tədqiqi
və Avropa opera mədəniyyəti ilə bu ənənələrin
sintezinə dair bir çox sanballı əsərlərin
müəllifidir. Böyük sənətkarın
təşəbbüsü ilə Dövlət Konservatoriyası nəzdində
xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetinin yaradıldığını xatırladan
F.Əlizadə, bu kabinetin fəaliyyəti sayəsində “50 Azərbaycan
el mahnısı”, “Azərbaycan xalq mahnıları” və digət topluların çap edildiyini söyləmişdir.
Görkəmli müğənninin oğlu, Azərbaycanın
Rusiyadakı səfiri,
xalq artisti Polad Bülbüloğlu atasının anım mərasiminə toplaşan
insanlara ailəsi adından dərin təşəkkürünü bildirərək qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə
Bülbülün
100 illik yubileyi çox geniş şəkildə qeyd edilmişdir. Onun 110 illik yubileyinin
keçirilməsi ilə
bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamını
Azərbaycan mədəniyyətinin
inkişafına göstərilən
ən yüksək diqqət və qayğı kimi qiymətləndirən səfir
diqqətə çatdırmışdır
ki, dekabrın 7-də Dövlət Opera və Balet
Teatrında Bülbülün
110 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir.
Polad Bülbüloğlu bildirmişdir
ki, Bülbülün
yubileyinin dövlət
səviyyəsində, ümumxalq
bayramı kimi qeyd edilməsi Azərbaycanın mədəniyyət
beşiyi olan Şuşanı və ümumiyyətlə, Qarabağ
musiqisini, onun vokal məktəbini bir daha zirvələrə
qaldırmaq deməkdir.
Mərasim Bülbül
Fondunda ziyafətlə
davam etdirilmişdir.
Anım mərasimində Prezidentin
İcra Aparatının
humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə, sənaye və energetika naziri Natiq Əliyev,
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam Allahşükür
Paşazadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş
Kərimi və digər rəsmi şəxslər iştirak etmişlər.
Xalq qəzeti.- 2007.- 23 iyun.- S. 6.