Elsevər S.

 

Usta ömründən bir parça

 

1960-cı illərin ortasından başlayaraq, təqribən iyirmi beş il gözəl tar çanaqları hazırlamaqla təkcə Azərbaycanda yox, keçmiş SSRİ-də, yaxın xarici ölkələrdə yetərincə tanınan bir insan var idi. Gənc yaşlarından ömrünün sonunacan Balakəndən kənara bir addım atmamış, əyalət “yarlığını” üstündə daşıyıb şan-şöhrət dalınca qaçmayan hamının usta Aydın çağırdığı Aydın Tağıyev.
Tale ona yetmiş beş il öncə, isti yay günlərinin birində qədim İrəvan şəhərində doğulmaq qismətini yazmışdı. Ancaq o burada cəmi on səkkiz il yaşamışdı.
Kiçik yaşlarında atasının vaxtsız vəfatı anası Rübabəni üç uşaq qayğısıyla üzbəüz qoymuşdu. Keçən əsrin 50-ci illərində Ermənistanda yaşayan azərbaycanlılara qarşı tez-tez keçirilən yürüşlər başsız qalmış ailənin gününü daha dözülməz edir. Erməni cavanlarından ibarət dəstələrin əllərində ütülüb, şişə taxılmış donuz kəllələrini şüar kimi tutub “türklər Ermənistanı tərk etməsələr onların başını beləcə ütüb şişə keçirəciyik” deyə azğınlığı iki oğlu və bir qızı ilə arxasız qalmış Rübabə xanımın narahatlığını günbəgün artırır.Və o, İrəvan şəhərindəki evini, bağlarını qoyub 1950-ci ildə Azərbaycanın Balakən rayonunun Qullar kəndinə köçür. Aydın orta məktəbi Qullar kəndində tamamlayır. Ailə vəziyyətinin ağırlığından təhsilini davam etdirə bilmir.Əvvəlcə kiçik alverlə, sonra bənnalıq və dülgərliklə məşğul olmağa başlayır. 1959-cu ildə ailə qurmaq qərarına gəlir və elçi göndərdiyi qız üçün Tiflis şəhərinə gəlinlik paltarı almağa gedir. Tiflisdə mağazaları gəzərkən satışda sədəfli tar görür. Alətə necə vurulursa gəlinlik paltarı əvəzinə, bütün pulunu verib tarı alaraq evlərinə qayıdır. Həmin ilin payızında Aydın əslən Balakəndən olan qızla ailə qurur. Bu izdivacdan onun beş qızı və iki oğlu dünyaya gəlir. Aydın Tiflisdən aldığı tarda çalmağı öyrənir. Günlərin birində tarın təmirə ehtiyacı olur. Onu təmir üçün bir ustaya verir. Usta tarın çanağının qalın olduğunu söyləyərək onu o qədər yonur ki, axırda alətin çanağı qabıq şəklinə düşür.Bunu görən Aydın məyus halda tarı geri alıb çox götür-qoydan sonra, onu bərpa etmək fikrinə düşür. Bu səbəbdən ələkdən keçirdiyi taxta kəpəyinə yapışqan qarışdırır və tarın yonulmuş çanağına içəri tərəfdən sürtətək onu qalınlaşdırır. Beləliklə, ağlına belə gətirmədən ustalığa başlayır və özü tar düzəltmək qərarına gəlir. 1966-cı ildə ilk tarını düzəldən usta düz iyirmi altı il, yəni 1992-ci ilə qədər bu sənəti inkişaf etdirir. Onun düzəltdiyi tarlar Azərbaycana, Qafqaza və Orta Asiyaya, başqa xarici dövlətlərə ayaq açır. Ustanın şöhrəti aləmə yayılır. Təəssüf ki, bu tarları keçmiş SSRİ ərazisində ermənilər daim öz adlarına çıxmağa çalışıblar. Aydın belə hadisələrin dönə-dönə şahidi olduğundan tarların çanaq hissəsinin içərisində, pərdənin altına “Balakən rayonu, Qullar kəndi, Aydın Tağıyev” sözləri yazılmış kağız parçası yapışdırmaq məcburiyyətində qalır. Buna baxmayaraq tarın çanaq hissəsini ayrılıqda Bakıya, Orta Asiyaya və Moskvaya göndərəndə ermənilər yenə də azərbaycanlı ustanın gözəl sənət nümunələrini öz adlarına çıxmaq kimi çirkin niyyətlərindən əl çəkmirdilər.Aydınsa usanmadan sənət dəst-xəttilə tarın ən vacib hissəsi sayılan bu çanaqların ona məxsusluğunu sübuta yetirir və erməniləri dönə-dönə ifşa edirdi. Sənətinin kamil bilicisi olan usta tarı tut ağacından, onun xüsusi gündəyən hissəsindən düzəldirdi. Onun şam, qarağac, qoz və şabalıd ağaclarından tar düzəltməsi faktı da məlumdur. Lakin tutdan düzəldilən tarlar daha gözəl səsləndiyi üçün o məhz bu ağaclara üstünlük verirdi.Xüsusən də Qarabağ bölgəsindən gətirilmiş ağaclara.Tarların hazırlanması üçün seçilmiş ağacların qurudulmasına xeyli zaman, ağır zəhmət, incə və həssas yanaşmanın lazım gəldiyini nəzərə alsaq, ustalığın nə demək olduğunu başa düşmək yəqin aydınlaşar. Aydın usta nəinki öz sənətinin incəliklərini bilirdi, eyni zamanda bütün xalq musiqisini, muğamları öyrənərək onları gözəl çalmağı bacarırdı. Qol pərdələrini muğam üzərində dəqiqləşdirərək tarı məharətlə kökləyən A.Tağıyevin sənətini böyük oğlu Arif davam etdirir.Ustanın kiçik oğlu Məhəmməd və qızı Zeynəb də tarı gözəl təmir etməyi bacarırlar. Bütün bunlar 1992-ci il oktyabrın 5-i ağır xəstəlikdən sonra vəfat edən ustanın ömründən bir parçadır.
Görkəmli tarzən Ramiz Quliyev, qədim musiqi alətlərinin bərpaçısı Məcnun Kərimov, istedadlı tarbənd və alim Pənah Göyçə hələ də onu xüsusi məhəbbətlə xatırlayırlar.

İki sahil.- 2007.- 21 iyun.- S. 6.