Ermənilər kor ərəbin mahnısınınoğurlamaq istəyir

 

Əgər Ümumdünya Əqli Mülkiyyət Təşkilatı "Kor ərəbin mahnısı"nın oğurlanmasına münasibətini bildirməsə, Azərbaycan bu addımı atacaq

Son vaxtlar ermənilər nəinki xalq mahnılarımızı, o cümlədən bəstəkar mahnılarını öz adlarına çıxmağa başlayıblar. Bununla bağlı təbii ki, müəlliflər, mədəniyyət xadimləri narazılıqlarını ifadə edirlər.
Respublika Müəllif Hüquqları Agentliyi isə bəyan edir ki, ermənilər tərəfindən Azərbaycan musiqilərinin özününküləşdirilməsinə qarşı ciddi mübarizə aparılır. Agentliyin direktoru Abutalıb Səmədovun bildirdiyinə görə, qurum Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsərinin ermənilər tərəfindən oğurlanmasına qarşı ciddi işlər aparıb. Belə ki, əsərin azərbaycanlı bəstəkara məxsus olması ilə bağlı Ümümdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edilib: "Təşkilatın baş direktorunun müavini ilə şəxsən görüşüm oldu. Ancaq hələlik məsələnin həllini uzadırlar. Gətirilən əsas səbəb odur ki, müraciət əsasında araşdırma aparılır. Nəzərə almaq lazımdır ki, araşdırma bu qədər uzanmamalıdır. Onu da deyim ki, bizim xalq mahnılarımızın, oyun havalarımızın oğurlanması barədə müraciət edəndə bizə bildirirlər ki, qonşu ölkələr arasında belə şeylər olur. Amma burada konkret müəllifi olan mahnıdan, dövlət qurumunda qeydiyyatdan söhbət gedir. Beynəlxalq təşkilatlar isə məsələyə biganə yanaşırlar".
A.Səmədovun bildirdiyinə görə, məsələ yaxın vaxtlarda həll olunmasa, Avropa Məhkəməsinə müraciət ediləcək. Artıq lazımi sənədlər Ümumdünya Əqli Mülkiyyət Təşkilatına təqdim edilib.

 

Ayna.- 2007.- 15 iyun.- S. 19.