Ələddinqızı N.

 

Bakı şəhər 11 saylı Uşaq Musiqi Məktəbinin 50 illik yubileyi

 

Azərbaycan musiqi sənətində fəaliyyət göstərən sənətkarların əksəriyyətinin uşaqlıq və yeniyetməlik dövrü orta ixtisas musiqi məktəblərindən keçir. Bu məktəblərdə aldıqları təhsil bazası əsasında peşəkar səviyyədə musiqinin sirlərinə yiyələnməyə çalışır, sənətkar kimi yetişdirirlər. Respublikamızda kifayət qədər belə musiqi ocaqları fəaliyyətdədir ki, onların hər birinin tarixi müəyyən dövrləri əhatə edir.

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında paytaxtımızda fəaliyyət göstərən Bakı şəhər 11 saylı Uşaq Musiqi Məktəbinin yaradılmasının 50 illik yubileyi qeyd olundu. Yubileylə əlaqədar olaraq, məktəbin şagirdlərini konserti iştirakçılara təqdim edildi. Yubiley hesabat konsertində məktəblilərin ifasında Azərbaycan dünya klassik bəstəkarlarının musiqi nömrələri səsləndirildi. Məktəbin 50 illik yubileyinin yekun hesabat konsertinin proqramına Qara Qarayevin "İldırımlı yollarla" baletindən rəqs, Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasından Asiyanın mahnısı, Adil Gərayın "Xatirə", Nazim Əliverdibəyovun "Elegiya", Süleyman Ələsgərovun "Tarantello", Sen-Sansın "Qu quşu", Ukrayna mövzuları əsasında variasiyalar, Azərbaycan rəqs ritmləri, Vasif Adıgözəlovun "Bayram süitası", "Mənim Azərbaycam", Ramiz Mirişlinin "Bayram axşamları" s. daxil idi. Qeyd olunan musiqi nömrələrini məktəbin şagirdləri - simli nəfəsli alətlər üzrə respublika müsabiqəsinin diplomantları, üçüncü sinif şagirdi Lətifzadə Rəsul, Zudulina Valeriya, müsabiqənin laureatı Həsənov Toğrul, xalq çalğı alətləri ansamblının solisti, dördüncü sinif şagirdi Məmədova Gülbəniz, beşinci sinif şagirdləri Abbaslı Xatirə, Nağıyev Nahid, üçüncü sinif şagirdi Quliyev Rüfət, Cəlilova Elnurə başqaları səsləndirdilər. Musiqi məktəbinin şagirdlərinin ifasında təqdim olunan musiqi nömrələrinin hər biri iştirakçılar tərəfindən rəğbəllə qarşılandı.

Konsert proqramına daxil olan musiqi nömrələri dinləndikdən sonra 11 saylı uşaq musiqi məktəbinin direktoru Kamal Paşazadə çıxış edərək, bütün iştirakçılara minnətdarlığını bildirdi. O, qeyd etdi ki, bu gün təşkil olunan hesabat konserti 50 illik yaradıcılıq yubileyi ilə üst-üstə düşüb. 50 illik yubileyi qeyd olunan məktəbin bu günə qədər 3 mindən artıq məzunu olmuş, onların əksəriyyəti Azərbaycan mədəniyyətinin, incəsənətinin müxtəlif sahələrində fəaliyyət göstərirlər. Kamal Paşazadə tarix baxımından 50 ilin çox da uzun zaman olmadığını vurğulayıb, bu illər ərzində musiqi məktəbinə rəhbərlik etmiş şəxslərin adını qeyd etdi. Onların təməlini qoyduğu ənənələrin bu gün musiqi məktəbində yaşandığını vurğulayan Yaşar Paşazadə 18 illik musiqi ocağının həyatının, məhz onun direktor kimi fəaliyyəti ilə bağlı olduğunu söylədi. Məktəbə rəhbərlik etdiyi bu illər ərzində bir çox istedadlı gənclər yetişmiş, respublika miqyasında keçirilən müsabiqə və festivalların iştirakçısı olmuşlar. Məktəbin nəzdində bir çox musiqi kollektivləri, ansambllar fəaliyyət göslərir. Xalq çalğı alətləri ansamblı, zərb alətləri ansamblı, simli alətlər ansamblı və s. kollektivlərin sırasında birləşən məktəbin şagirdləri respublika üzrə diplomant, laureat adlarını qazanmışlar.

Kamal Paşazadə qeyd etdi ki, bu məktəbdə pedaqoji fəaliyyət göstərən müəllim kollektivinin əməyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qiymətləndirilmiş, 50 illik yubileylə bağlı olaraq, 20-yə yaxın müəllimə müxtəlif mükafatların verilməsi nəzərdə tutulmuşdur. Təbii ki, bu məktəbin şagirdlərinin püxtələşməsində müəllimlərin rolu müstəsnadır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək, 50 illik yubiley münasibətilə musiqi məktəbinin bütün kollektivini təbrik etdi. Nazirliyin Əmri ilə məktəb müəllimlərinin mükafatlarla təltif olunmasını nəzərə çatdıran Yaşar Əliyev onlara uğurlar arzuladı. 50 il böyük salnamədir deyən Yaşar Əliyev bu məktəbdə fəaliyyət göstərən və ona rəhbərlik edən şəxslərin ruhu qarşısında mənən borclu olduğumuzu vurğulayaraq, onların ənənəsini müasir dövrümüzdə istedadlı, musiqiçilər tərəfindən davam etdirildiyini söylədi. Bu gün musiqi nömrələri ilə çıxış edən məktəblilərin ifası deyilən fikirləri təsdiqləyir. Balaca musiqiçilərin Rəşid Behbudov adına Mahnı Teatrında çıxışı onların yaddaşından silinməyəcək. Xoşbəxt şagirdlərdirlər ki, məhz 50 illik yubiley onların şagird olduqları vaxta təsadüf etmişdir. Yaşar Əliyev bu gün məktəbdə şagird adını daşıyan musiqiçilərin gələcəkdə Azərbaycanın milli musiqisinin təbliğatçısı olacaqlarını bildirdi. Məktəbin sonrakı yubiley tədbirlərinin daha geniş konsert salonlarında keçirilməsini arzuladı. Yubiley tədbirində çıxış edənlərin hər biri məktəbin yaranmasının 50 illik tarixi ilə bağlı öz səmimi fikirlərini bildirib, bu məkləbdə çalışan pedaqoji kollektivi və məktəbliləri təbrik edərək, onlara uğurlu illər arzuladılar.

 

Səs.- 2007.- 9 iyun.- S. 12.