Əliyeva F.
Musiqiyə vurğun
ürək
Bakının
sənətsevərlərini rəngarəng mədəni
layihələri ilə daim cəlb edən "ÜNS"
yaradıcılıq səhnəsi mayın son
günündə musiqi pərəstişkarlarını
pianoçu Kamilə Şahtaxtinskayanın gecəsinə dəvət
etdi.
Musiqi axşamı
bütünlüklə dahi polyak bəstəkarı,
fortepianonun şairi kimi musiqi
tarixinə daxil olmuş Frederik Şopenə həsr olunmuşdu. Dünyada F.Şopen qədər
çox ifa olunan, ifaçıların
ən geniş yaş amplitu qarşısında, həm
tədris, həm konsert repertuarında təmsil olunan
bəstəkar tapmaq çətindir. Lirikanın heyrətamiz, minbir rəngli çalarlarını,
polyak milli ruhunun üsyankarlığı, həyatsevərliyini fransız nəcibliyi və kübarlığı
ilə qovuşduran Şopenin əsərləri hər bir ifaçı
üçün peşəkarlığın nəhəngi
hesab olunur. Bəstəkarın
cəmi bir-iki səhifəlik miniatürləri prelüdləri,
mazurkaları, iri həcmli
monumental ballada və sonataları, son dərəcə populyar
valsları və noktürnləri ifaçıdan təkcə
mükəmməl texniki məharətli deyil, həm də
müəyyən esteik-psixoloji əhval-rühiyyə tələb
edir. Axı, müasirləri Şopenin öz ifasında iki sözün əsl
mənasında
təkrarolunmayan cəhətləri önə
çəkir, təhlil edir və bu cəhətlərin
vəhdətini Şopenin bəstəkar və ifaçı
kimi üslubunun simasını yaratdığını qeyd
edirdilər: dahi musiqiçi öz zamanında parlayan digər
virtuoz pianoçulardan məhz texniki mürəkkəbliyin
fövqündə duran xüsusi bir ilahi zərifliyi ilə
seçilən səs duyumu, səstfadəsi
dəst-xəttinə malik idi. Məhz bu
səsdünyasının qeyri-adi ifadəsinə görə
Şopeni fortepianonun şairi adlandırmışdılar.
Şopenin yaşayıb-yaratdığı dövrdən iki
əsr ötsə də onun əsərlərinin ifasında bu
keyfiyyəti yenidən canlandırmaq istedadı və
bacarığı Şopen əsərlərinin bugünki
təfsirçiləri üçün də
aktuallığını itirməmişdir. Pianoçu
Kamilə Şaxtaxtinskayanın təqdim etdiyi Şopen bu
meyarlara uyğun bir tərzdə səslənirdi.
K.Şaxtaxtinskaya
Azərbaycan fortepiano ifaçılığı
məktəbinin yetirməsdir. O, Azərbaycan Dövlət
Konservatoriyasını professor Fərhad Bədəjbəylinin
sinfi üzrə bitirmişdir. Konservatoriyada pedaqoji fəaliyyətlə
yanaşı konsertlərdəki çıxışları
Kamiləni ciddi, öz sənətinə vurğun, ifa etdiyi
əsərlərdə müəllif ideyasını
təcəssümünə xüsusi fikir verən, parlaq
texnikaya malik gənc ifaçı kimi səciyyeləndirirdi.
Təsadüfi deyil ki, 1997-ci ildən Amerika
Birləşmiş Ştatlarında yaşayan K.Şaxtaxtinskaya
Florida şəhərində İncəsənət
Akademiyasında ixtisasdan dərs deyir, mütəmadi olaraq
konsertlərlə çıxış edərək,
pianoçu kimi geniş fəaliyyət göstərir. Həmvətənləri
qarşısında uzun illərdən sonra solo konsert
proqramı üçün Kamilə xanımın məhz
Şopeni seçməsi də təsadüfi deyildi. Onun
repertuarında bu bəstəkarın əsərləri
həmişə xüsusi yer tutub. Musiqi gecəsini giriş
sözü ilə açaraq dinləyicilərə həm
ifaçı, həm ifa olunacaq əsərlər haqqında
məlumat verən musiqişünas Xatirə
Həsənzadə, sanki səslənəcək musiqiyə
köklənmək üçün şairanə bir atmosfer
yaratdı. K.Şaxtaxtinskayanın proqramı Şopen
yaradıcılığı haqqında tam təsəvvür
yaradırdı. İfaçı onun balladasını, fantaziya
ekspromt, polonez, skertso və mazurkalarını ifa etdi.
Proqramını bəstəkarın ən populyar və
möhtəşəm əsərlərindən biri olan, 1 saylı
Ballada ilə başlayan pianoçunun təfsirində
əsərin bütün obraz palitrası qəhrəman pafosu,
lirik vüsəti, faciəvi çırpıntıları
öz əksini tapmışdı. Əsərin bədii
konsepsiyasının açımında ifaçının
texniki
imkanlarının
sərbəstliyi (virtuoz passajlar, iti temp və s.) xüsusi qeyd
olunmalıdır. Ümumiyyətlə, bütün proqram boyu
K.Şaxtaxtinskayanın ifasında texniki çətinliklərin
zahirən asan ifadəsi təəssüratı pianoçunun
məhz texniki kamilliyindən irəli gəlirdi.
Bu cəhət Skersonun,
Polonezin, Fantaziya ekspromt kimi məhz texniki virtuozluğu və
rəngarəngliyi seçilən əsərlərin
təfsirində diqqəti çəkirdi. Kamilə xanım
Şopen musiqisinin bu bəstəkarın artıq klassik hesab
olunan şərhinə üstünlük verir. Onun ifasında
lüzumsuz olaraq "uzadılan" rubatolar, fasilələr,
Şopenin ifası zamanı ifaçıların aludə
olduğu "salon yüngüllüyü" , bəzən
də həddən artıq qəhrəmaniləşdirmək
kimi təhlükəli meyllər nəzərə
çarpmırdı. Hətta bəzən templərin adət
etdiyimizdən bir qədər fərqli
götürülməsi də əslində Şopenin
zamanında mövcud sürət anlamlarına daha uyğun
idi. Mazukaların da ifasında ifaçı səs nyuanslarının
zərif və yaumşaq palitrasına üstünlük
verirdi.
Xaricdə yaşayaraq
Azərbaycan mədəniyyətini yüksək
səviyyədə təmsil edən incəsənət xadimləri
ilə məhz yaradıcılıq layihələri
formatında görüşlər çox
lazımlıdır. Bu baxımdan K. Şaxtaxtinskayanın
konserti "ÜNS"ün uğurlu layihələrindən
biri oldu.
Mədəniyyət.- 2007.- 15 iyun.- S. 4.