Xəlilzadə F.
Görkəmli
musiqişünas alim, əməkdar incəsənət və
elm xadimi, sənətşünaslıq doktoru, professor,
AMEA-nın müxbir üzvü Zemfira Səfərova 50 ilə
yaxındır ki, Azərbaycan
musiqişünaslığının mühüm və aktual
problemlərinin tədqiqatçısı kimi fəaliyyət
göstərir. 130-dan artıq elmi
əsərin, 20 kitabın müəllifi olan Zemfira
Səfərovanın yaradıcılıq dairəsi mövzu
baxımından olduqca genişdir. Ən qədim yazılı
abidəmiz olan "Kitabi-Dədə Qorqud"dakı musiqi
dünyasından başlayaraq Azərbaycan
bəstəkarlıq məktəbinin klassiklərinin
yaradıcılıq prosesini tədqiq edərək
incəsənətin tarixi ilə bağlı maraqlı,
fundamental araşdırmalar aparmışdır.
Xalq yazıçısı Əzizə Cəfərzadə
yazırdı: "Ədəbi aləmdə, musiqi
dünyasında maraqlı nə varsa, nə
görübsə, Zemfira xanım onun yanından laqeyd
keçməyib. O, hadisələri xırda detallarına
qədər təqdim edibE Həmişə
düşünmüşəm: özümüzlə
heç nə aparmamalıyıq dünyamızı
dəyişəndə. Sələflərimizdən
topladığımız nə varsa,
xələflərimizə qalmalıdır. Zemfira
xanımın tədqiqatları, kitabları bu baxımdan sanki
mənim səsimə səs verir". Bu mükəmməl
fikrin işığında xalq yazıçısı
Mirzə İbrahimov isə belə deyirdi:
"Musiqişünas Zemfira Səfərova
Ü.Hacıbəyov yaradıcılığının ən
az tədqiq olunmuş sahəsini, onun musiqi-estetik
görüşlərini elmi əsərinə əsas
mövzu seçmişdir. Bu qiymətli addımdır,
təqdirəlayiqdir və gənc musiqişünasın
əsərini üzvü surətdə bizim zəmanəmizin
estetik tələbləri və mühafizəsi ilə
bağlayır". Bu fikrin deyilməsinin üstündən
40 ilə yaxın vaxt keçir. Bu illər ərzində
Zemfira xanım çox məsuldar fəaliyyət
göstərərək musiqi irsimizin tədqiqi sahəsində
mükəmməl tədqiqatların müəllifi
olmuşdur. Özü belə yazır: "Hər
bir xalqın musiqi mədəniyyətindən o vaxt
danışmaq olar ki, o xalq ilk növbədə özü
öz irsini qiymətləndirib yaşatmağı bacarsınE
Yalnız zəngin irsin dərindən öyrənilməsi
nəticəsində xalqın maddi mədəniyyətinin
demokratiya, sosial və iqtisadi təkamül yolu ilə
gələcək hərtərəfli inkişafı
mümkündür".
Zemfira xanım "Ardı yaşanılır" adlı
kitabında ömrün dünəninə boylanaraq bir sıra
xatirələri qələmə almışdır. O, 1937-ci
il 8 iyunda Bakı şəhərində anadan olub. Bu
rəqəmləri verməkdə məqsədimiz var.
Məşum 37-ci ilin repressiyalarının tüğyan etdiyi
bir vaxtda Bakıda ailələr hansı zülm və
iztirabları çəkirdilər məlumdur. Zemfira
xanımın atası Yusif Səfərov görkəmli neft
mühəndisi, texnika elmləri namizədi, Neft
daşlarının ilk yaradıcılarından biri olub. Bu
ailə də repressiyanın ən ağır
"töhfə"lərini dadanlardan olub. Yusif
Səfərovun dayısı Teymur Hüseynov
dəhşətli 37-ci ildə güllələnmişdi.
Ailəsi bir müddət sürgün həyatı
keçirmişdi. Yusif kişi özü də uzun illər
"NKVD"nin zirzəmisində yatmış, Sibirə
sürgün edilmişdi. Zemfira xanım yazır ki, atam
həbsdən qayıdanda mən çox kiçik idim.
Yalnız bir epizodu xatırlayıram. Qapı
döyüldü, mən qapıya qaçdım.
Qapını itələdim, zəncirin arasından saqqallı
bir kişini gördüm. O mənə dedi: "Qızım,
get ananı çağır". Mən anamı
çağırıb dedim: "Atam gəlib, lakin qapıda
dayanan kişi o deyil". Doğrudan da atam gəlmişdi. O da
saqqallı idi və qapıda onunla gələn
yoldaşının arxasında dayanmışdı ki, bizi
qorxutmasın.
İkinci Dünya müharibəsi zamanı əmisi Baba
müharibədə həlak oldu. O da tarixçi idi. Pianoda
və tarda gözəl çalırdı. Zemfira xanım danışır
ki, atası Yusif kişi çox az yaşayıb. Lakin layiqli
ömür sürüb. Anası Cəvahir Firudinbəyli
də musiqi istedadına və gözəl səsə malik bir
xanım olub. Hətta Üzeyir bəyin təşkil etdiyi
xorda oxumuş, sonralar solist kimi konsertlərdə
çıxış etmişdi. Üzeyir Hacıbəyovun
məşhur "Qaragöz" mahnısı da Cəvahir
xanıma ithaf edilmişdi. "Atam anamın oxumasına
razı olmadığından o səhnəni tərk
etmişdi. Amma xalq mahnılarını necə gözəl
oxuyardı. Hələ də o səs qulağımdan
getməyib. Yadımdadır, 1945-ci ildə məni operaya -
"Koroğlu"ya aparmışdı. Lojada Üzeyir
bəyi görəndə o mənə dedi: "Bax o lojada
əyləşən Üzeyir bəydir". Mən
o vaxt dahi bəstəkarı birinci və axırıncı
dəfə gördüm".
1955-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasına daxil olan Zemfira Səfərova
musiqi tarixi və nəzəriyyəsi fakültəsini
qırmızı diplomla bitirərək bir müddət
Bülbül adına xüsusi musiqi
məktəbində müəllim işləmişdir. 1962-ci
ildən Azərbaycan MEA-nın Memarlıq və
İncəsənət İnstitutunun aspiranturasına daxil
olaraq orada təhsil almış, elmi işini Moskvada yazan
gənc tədqiqatçı respublikada keçirilən elmi
simpoziumlarda və konfranslarda maraqlı məruzələrlə
çıxış edirdi. Onun ilk məruzəsi
"Üzeyir Hacıbəyovun musiqi qəzəlləri"
adlanır. Sənətşünaslıq
elmləri namizədi alimlik dərəcəsi almaq
üçün "Üzeyir Hacıbəyovun musiqi estetik
konsepsiyası" mövzusunda dissertasiya müdafiə edən
Zemfira xanım dahi bəstəkarla bağlı
keçirilən bütün konfranslarda müxtəlif
məruzələrlə çıxış edib. 1978-ci
ildə SSRİ Bəstəkarlar İttifaqının
üzvü seçilib. Keçmiş SSRİ-nin demək olar
ki, bütün şəhərlərində musiqi ilə
bağlı keçirilən konfranslarda Zemfira Səfərovanın
məruzələri maraqla qarşılanmışdır. Elm
sahəsindəki nailiyyətləri hələ sovet
dövründə müxtəlif medallarla, fəxri adlarla
qiymətləndirilmişdir.
Sənətşünaslıq doktoru elmi dərəcəsi
almaq üçün "Azərbaycanın musiqi elmi (VIII-XIX
əsrlər)" mövzusunda dissertasiya müdafiə
edən Zemfira Səfərova milli musiqi irsimizin ən
yaxşı tədqiqatçılarından olduğunu
sübut etdi. Həmin elmi iş ötən il
"Azərnəşr"də çap edilərək
oxucuların ixtiyarına verildi. Monoqrafiyada ilk
dəfə olaraq Azərbaycanın musiqi elminin korifeyləri,
onun inkişaf mərhələlərinin əsas
sütunları sayılan Səfiyəddin Urməvinin (XIII
əsr), Əbdülqadir Marağainin (XIV-XV əsrlər),
XV-XIX əsrlərin görkəmli alimləri, Mir
Möhsün Nəvvabın (XIX əsr), Üzeyir
Hacıbəyovun (XX əsr) elmi irsi,
eləcə də bəzi musiqi əsərləri yerli və
xarici mənbələr, arxiv materialları əsasında
araşdırılmışdır. Bu tədqiqatda
Azərbaycanın musiqi elminin Urməvidən başlayaraq
Üzeyir Hacıbəyova qədərki dövrünün
tarixi inkişaf yolu ilk dəfə mükəmməl tədqiq
və təqdim edilir.
Görkəmli bəstəkar, professor Süleyman
Ələsgərov Zemfira xanımın Üzeyir
Hacıbəyovla bağlı apardığı tədqiqat
işlərini ürəkdən bəyənərək
hələ 1983-cü ildə mətbuatda yazırdı: "Sənətşünaslıq namizədi Zemfira
Səfərova dahi bəstəkarımız Üzeyir
Hacıbəyovun geniş, çoxcəhətli
yaradıcılığının əsas sahələrini
parlaq, dəyərli fikirlər və
ümumiləşdirmələrlə geniş
ictimaiyyətə, sənətsevərlərə
çatdırmağa müvəffəq olmuşdur".
Zemfira Səfərovanın
musiqişünaslığımız üçün,
bütövlükdə isə musiqi tariximizin sistemli
şəkildə öyrənilməsinə aid apardığı
tədqiqatlar mütəxəssislər tərəfindən
həmişə yüksək qiymətləndirilmiş və
tədqiq edilmişdir. Çünki Zemfira xanım
şərhə çəkdiyi hər bir tədqiqata tarixi
və nəzəri aspektlərlə yanaşmış,
işini yüksək, professional, elmi səviyyədə
apararaq maraqlı nəticələr əldə etmişdir.
Sənətşünas Aidə Tağızadə
Azərbaycan musiqi elminin inkişafında göstərdiyi
xidmətlərə görə Zemfira xanımın bu
sahəyə bağladığı illərini
"ömrün bəhrəli çağları"
adlandıraraq yazır: "Z.Səfərova
musiqi sənətinin müxtəlif sahələrində ilk
təşəbbüslər etmiş, bunun da
nəticəsində çoxşaxəli
yaradıcılığa malik cəfakeş, təmkinli,
təvazökar, istedadlı tədqiqatçıdır".
2000-ci ildən Bəstəkarlar İttifaqının
musiqişünaslıq və tənqid bölməsinin
rəhbəri olan Zemfira Səfərova elm sahəsindəki
xidmətlərinə görə 2006-cı ildə
Azərbaycanın əməkdar elm xadimi fəxri adını
almışdır. 2007-ci ildə AMEA-nın müxbir
üzvü seçilən sənətşünas alimin
sorağı beynəlxalq aləmdən də eşidilməkdədir.
Bakıda, Tbilisidə, Parisdə, Sankt-Peterburqda, İstanbulda,
Kayseridə, Ankarada, Tehranda və s.
şəhərlərdə keçirilən konqres və
konfranslarda, müxtəlif musiqişünasların yubiley
gecələrində iştirak edərək maraqlı
məruzələri ilə diqqət çəkmişdir.
Milli musiqimizin müxtəlif mərhələlərini
mükəmməl araşdıran Zemfira Səfərova klassik
musiqi irsimizin nəşri sahəsində də böyük
xidmətlərin sahibidir. Azərbaycan
bəstəkarlarının əsərlərinin çapa
hazırlanmasında, işıq üzü
görməsində böyük əziyyətlər
çəkərək onlara ön söz və elmi
şərhlər yazmışdır. Üzeyir
Hacıbəyovdan başlayaraq Qara Qarayev, Fikrət Əmirov,
Nazim Əliverdibəyov, Rauf Abdullayev kimi sənətkarların
əsərlərinin ərsəyə gəlməsində
Zemfira xanımın özünəməxsus xidməti
olmuşdur. Onun yaradıcılıq
bioqrafiyasını araşdırarkən
vətənpərvərliyinə məftun olmaya bilmirsən.
1993-cü ildə mətbuatda "Qarabağın musiqi
mədəniyyəti" məqaləsi ilə
çıxış edən sənətşünas
Azərbaycanın bu gözəl məkanının musiqi
xadimləri, bəstəkarları, ifaçıları,
alimləri, ədəbi mühiti haqqında ətraflı
söz açmışdır. "Şuşa musiqimizin
məbədidir" adlı məruzəsi də ürək
yanğısı ilə qələmə alınmışdır.
Şuşanın 250 illiyinə həsr edilmiş konfransda
dinlənilmiş bu məruzəni Zemfira xanım daha da
genişləndirərək Rusiyanın "Muzikalnaya
Akademiya" jurnalında çap etdirmişdir.
Azərbaycan musiqi sənətini vətəndə tədqiq,
xarici ölkələrdə isə təbliğ edən Zemfira
Səfərova son dərəcə vətənpərvər
bir şəxsiyyətdir. Bütün həyatını
elmə həsr edən xanım sənətşünas indi
ömrün elə bir zirvəsində dayanıb ki, Anarın
misralarını xatırlayırıq:
Yaz ötüb, yay bitsə də,
Payız - hələ qış deyil.
Azərbaycan.-2007.-9
iyun.-7.