Qaliboğlu E.

 

Əlicavad Cavadov: “Balaban və zurnanın ermənilərə aidiy­yatı yoxdur”

 

Zurna-balabana barmaqarası baxmaq olmaz

 

O, Azərbaycanın qədim musiqi alətləri olan balaban zurnanın mahir ifaçısıdır. Başına çoxlu fəlakətlər gəlib. Amma qəribədir ki, sənətindən daha möhkəm yapışıb. Uşaqlıqdan sevdiyi peşəyə ürəkdən bağlanan Əlicavad kişinin dediyinə görə, məhz bu səbəbdən indiyə kimi ruhunu rəvan saxlaya bilib. O, İsmayıllı rayonunun Müdirsə kəndində anadan olub, hazırda 63 yaşındadır. Bu sənətə gəlməsi hardasa bir təsadüf nəticəsində olub: "1975-ci ildə başıma faciəli bir hadisə gəldi: ailəmi yanğında itirdim. Tək qalmışdım. Ailəsini, balalarını itirən bir kəsin vəziyyətini təsəvvür etmək çətin olmaz. Məni ağır vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirdilər. Qəribə olsa, həmin dəhşətli hadisədən sonra bu sənətə tamamilə bağlandım. O vaxta kimi zurna-balabanda az-maz çalırdım. Tamamilə çıxılmaz bir durumdaydım. Çox fikirləşdim: yaşamaq, mübarizə aparmaq lazım idi. Balaca həvəslə irəli getmək olmazdı. Başa düşdüm ki, daha ciddi şəkildə bu işlə məşğul olmaq lazımdır. Yenidən ailə qurdum, çətinliklə olsa, arzularımı gerçəkləşdirdim. Belə bir vaxtda məşhur balabançı Əli Kərimovun bəstələri çox karıma gəldi. Onu da deyim ki, Şirvan aşıq məktəbinin inkişafında bu sənətkarın böyük rolu olub. Onun yaratdığı özünəməxsus onlarla havacatlar daim repertuarımdadır. "Koroğlu nağarası", "Heyvagülü", "Alçagülü", "Bənövşə"... Mərhum Həsrət Hüseynovun da bir neçə havacatı var. O da, ümumiyyətlə, Azərbaycanda indi adı məşhur yaşlı, yəni həyatda olan olmayan sənətkarların çoxu Ə.Kərimovdan dərs alıblar".

Əlicavad kişinin Azərbaycanın tanınmış sənətkarları ilə ciddi, davamlı münasibətləri olub. Musiqi təhsili almayıb. Ona görə uzun müddət onun fitri ifaçılığını, bəstəçiliyini qəbul etmək istəməyiblər: "Tanınmış musiqilərlə görüşlərdə nəyə qadir olduğumu sübut etdim. Bu sahədə havacat yaradıcılığı, ümumiyyətlə, alətlərdə çalmaq fitrətdən gələn məsələdir. Nəslimizdə bu sahədə məşğul olan, ümumiyyətlə, musiqiyə meylli olmayıb".

Əlicavad kişinin öz havacatları da var. Bu havalar hazırda Azərbaycan radiosunun "Qızıl fond"unda qorunur. Haqqında Ədəbiyyat İncəsənət Arxivində fond açılıb. Deyir ki, gərək bu sənətdə olan şəxs daim halında sabit olsun: "Qara zurna, balaban daim yaşamalıdır. Bu alətlərdə milli ruhumuzun ifadəsini görürəm. İnsan zurnanın səsinə qulaq asdıqca onda döyüşkənliyə qarşısıalınmaz bir meyl yaranır.

Adətən mən qara zurnada, balabanda xarici musiqiləri ifa etmirəm. Baxmayaraq ki, sifariş edirlər, yaxşı da pul ödəyirlər. Amma daim bu alətlərin varlığını, bənzərsizliyini qoruyuram".

O, hər vəchlə zurnanın müasir texnikalılığa, özgəliyə tabe etdirilməsinə qarşıdır: "Zurna daim uca mahnılarımızı çağırmalıdır. Onda qəhrəmanlığın ifadəsi çox gözəl alınır.

Heyləyim, mən gedib rus, ya ingilis ola bilmərəm ki?

Mən buyam öz varlığımı inadla qorumalıyam. Təəssüf ki, tez-tez telekanallarda, mətbuatda zurnanın lağa qoyulmasına rast gəlinir".

Əlicavad kişi Azərbaycan musiqisini sovet vaxtı zurna-balabanla Ermənistanda təmsil edərkən ermənilərin milli musiqi alətlərimizə "özlərininki kimi" baxmalarının da şahidi olub: "1986-cı il idi. Ermənistanda keçirilən tədbirdə iştirak etdim. Bir yekə çemodanda yaratdığım alətləri zurna-balabanı aparmışdım. Ermənilər ha çalırdılarsa da, bir şey anlamaq olmurdu. Çünki erməninin ruhu var ki, onu bu möhtəşəm alətdə ifadə eləsin?

Onlar həmişə oğru xalq olublar, başqalarının, xüsusən bizim bir xalq olaraq yaratdıqlarımızı öz adlarına çıxıblar.. Ermənilərə başa saldım ki, bu alətlərin ermənilərə, erməni ruhuna aidliyi yoxdur".

Əlicavad kişi daim bu alətin imkanlarının artırılması zəruriliyi, bu sahədə görülməli işlərdən danışır. Bu alətdə ifa edən çalğıçının hansı səviyyədə fitrətli olmasından çox şey asılıdır. Bugünkü cavanların zurna-balabana daha çox barmaqarası baxmasından narazıyam. Vaxtilə Azərbaycan toylarında zurna-balaban aparıcı olub. Təəssüf ki, bu gün bu qayda çox səngiyib. Düzdür, indi şəhər yerlərində - restoranlarda zurna-balabandan istifadə olunur, amma əvvəlki qədimlik əhvalı gözə dəymir, hiss edilmir. Özü zurnanı səsgücləndiricilərə qoşurlar. Bununla zurna - balabanın səsi, təbiiliyi itir. Qabaqlar xanəndələrimiz mikrofonla oxumayıblar. İndi kimin bir balaca səsi var, deyir mən sənətkaram. Onu da deyim ki, xarici nəfəslərə, alətlərə, meylin artması məni narahat edir".

Əlicavad kişinin yaratdığı musiqi alətlərinin ciddiliyi, mükəmməlliyi bu gün artıq sənətşünaslar, musiqişünaslar tərəfindən etiraf edilməkdədir. Hazırda bu alətlər dövlət muzeylərində qorunur.

 

Xalq cəbhəsi.-2007.-1 iyun.-S.15.