Qasımov A.
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq - əgər uğrunda ölən varsa, vətəndir.
Böyük türk şairi
Nazim Hikmətin bu deyimini tez-tez
yada salıram. Bu misralara sənətə
münasibət baxımından
yanaşaraq düşünürəm
ki, sənətkarı
da sənətkar edən onun istedadı və ona qiymət verən dinləyicisi, tamaşaçısıdır. Bu mənada bütün sənətsevərlərə
öz minnətdarlığımı
bildirirəm. Çünki
hansı auditoriyada çıxış etmişəmsə,
orada diqqətlə və hörmətlə qarşılanmışam. Məhz bunun
sayəsində də
daim öz üzərimdə çalışaraq
hər çıxışımda
pərəstişkarlarıma yeni söz, yeni nəfəs və zəngulələr
təqdim etməyə
çalışmışam.
Əvvəlcə el şənliklərindən, toy-düyünlərdən başlayan
bu cəhətlər getdikcə konsert səhnələrində, radio və
televiziyada o cümlədən müxtəlif
xarici ölkələrdə
inkişaf edərək
bugünkü həddinə
gəlib çatdı.
Yəni mənimlə
tamaşaçı arasında
maraqlı bir anlaşma yarandı. Bu qarşılıqlı
münasibət məni
sənətdə püxtələşdirib,
xalqın Alim Qasımovuna çevirdi. Elə ki, xalq
mənə böyük
sevgi və etimad göstərdi, dövlətimiz də bunu nəzərə alaraq sənətimə yüksək qiymətlər
verib, məni fəxri adlarla və bir sıra
mükafatlarla təltif
etdi. Təbii ki, bunların müqabilində mən daha əzmlə çalışıb, Azərbaycanımızın
adını hər yerdə yüksəltmək
üçün bacardığımı
etməliyəm. Xanəndənin
də bacardığı,
sözsüz ki, onun yaxşı ifasıdır. Odur ki, mən həmişə
yaxşı, bənzərsiz
ifaya can atmışam. Elə ifaya ki, o
insanları həm düşündürsün, həm
də heyrətləndirsin.
Əlbəttə, öz
ölkəndə buna
nail olmaq o qədər də çətin deyil. Çünki oxuduğun sözün və musiqinin mahiyyətini başa düşürlər. Amma
xarici ölkə tamaşaçısını heyrətləndirmək,
onu səbirlə sona qədər səni dinləməyə
vadar etmək asan deyil. Xoşbəxtlikdən
mən bu çətinliyin öhdəsindən
gələ bilmişəm.
Bu işdə iki ən vacib
köməyim olub. Biri Allahın mənə bəxş etdiyi istedad, digəri isə müqəddəs muğam
sənətidir.
İndiyə qədər
neçə xarici ölkədə və harada neçə dəfə olduğum yadımda deyil. Bu səfərlərin hər birində muğamlarımızın necə
diqqətlə dinlənildiyini
isə heç vaxt unuda bilmirəm.
Hətta salonda bizi maraqla dinləyən,
şaqraq zəngulələrimizə
əl çalaraq öz heyrətlərini gizlətməyən tamaşaçılar
bəzən gözümün
qabağından getmir.
Bu uğurları muğam sənətinin nailiyyəti kimi qəbul edirəm. Odur ki, məni
dünyanın müxtəlif
ölkələrinə çəkib
aparan da bu müqəddəs sənətə olan sevgim və onun qüdrətinə inamdır. Elə bu yerdə bir
qədər səfər
təəssüratlarım barədə: Düzdür,
hamısı tam təfərrüatı ilə
yadımda qalmasa da, amma bir
neçəsi haqda danışa bilərəm.
Hər şey 1987-ci ildə Səmərqənddə
keçirilən Beynəlxalq
musiqi simpoziumundan başladı. Oradakı uğurlu çıxışdan
sonra ilk dəfə 1988-ci ildə Amerikada keçirilən musiqi festivalına dəvət olundum. Nyu-York və Vaşinqton şəhərlərində
çıxışlar edərək
muğam sənətimizi
nümayiş etdirdik.
Xarici ölkələr
içərisində Fransanın
mənim yaradıcılığımda
xüsusi yeri var. Belə ki, Fransanın paytaxtı Parisdə "Dünya xalqlarının mədəniyyət evi"
adlı bir təşkilat mövcuddur.
Bu təşkilata milliyyətcə ərəb
olan mərakeşli Şərif Xəzinədar
rəhbərlik edir. Onun həyat yoldaşı fransız Foansuaza Qrund Səmərqənddəki simpoziumda
mənim ifama çox müsbət münasibət bəsləmişdir.
Odur ki, elə o vaxtdan
bu günə qədər ildə iki, üç dəfə onların dəvəti ilə Fransada qastrol səfərində oluram.
Demək olar ki, dünyanın bir çox ölkələrinə səfərlərimiz
olub. Bu sıradan Almaniya, İspaniya, Polşa, Yuqoslaviya, Çexoslovakiya,
Türkiyə, İran,
İsveç, Hollandiya,
İsveçrə və
digərlərinin adını
çəkə bilərəm.
Hansı ki, bu ölkələrdə musiqiçi dostlarımla uğurlu çıxışlarımız
olub. Əlbəttə,
bəlkə mənim bu çıxışlar
barədə belə danışmağım bir
az təvazökarlıqdan
uzaq olar. Amma qeyd etdiyim
kimi, mən bu uğurları muğam sənətimizin nailiyyəti, məhz onun qüdrətindən yaranan uğur hesab edirəm.
Sənətsevərlərimizə yaxşı bəllidir ki, artıq neçə illərdir ki, mən konsert
salonlarında qızım
Fərqanə ilə birgə çıxışlar
edirəm, elə xarici səfərlərdə
də birgə oluruq. Bu yaxınlarda
da Estoniyada keçirilən "Orient"
festivalına dəvət
almışdıq. Bu
da çox maraqlı səfər oldu. Əvvəla onu deyim ki.
bu festivala müxtəlif ölkələrdən
musiqiçilər dəvət
olunmuşdu. Bizim çıxışımız xüsusi maraq doğurdu. Bu marağın bir səbəbkarı da oradakı təşkilatçılar
idi. Çünki onlar bilirdilər ki, biz yerdə
oturub, çalıb-oxuyuruq. Dedilər ki, biz zaldan
bütün oturacaqları
götürəcəyik ki,
tamaşaçılar da
yerdə əyləşsinlər.
Hardasa 400 nəfərlik
konsert salonunda bizimlə bərabər tamaşaçılar da yerdən əyləşib
çox səbirlə
və maraqla bizi dinlədilər. Hətta Hindistandan bir nəfər də dəvət edilmişdi, o, bizim çıxışımızdan
əvvəl Qurandan ayələr oxudu. Sonra biz səhnəyə
gəldik. Sanki o avazdan sonra
bizim ifalarımız bir-birini tamamlayaraq tamaşaçılarda qeyri-adi
bir təsir oyatdı. Hiss edirdin ki, heç
kim konsertin bitməsini istəmir. Özü də tamaşaçıların əksəriyyəti
elə estonlar idi. Yəni azərbaycanlı az idi. Dedilər ki, bizdən əvvəl orada, heç adlarını da çəkmək istəmirəm, bədxah qonşularımız - yəni
erməni musiqiçiləri
çıxış ediblər.
Heç konsertlərində
100 nəfər də
olmayıb. Bizi isə tamaşaçı
ilə dolu salon heyranlıqla və sürəkli alqışlarla qarşıladı.
Çoxları marağını
gizlədə bilməyib:
"biz belə ecazkar musiqi eşitməmişik" - dedilər.
Əlbəttə, bu muğam idi ki, insanları belə sehrləmişdi.
Həmişə sözümü
səsimlə, ifamla demişəm və deyirəm. İnşaallah,
hələ deyəcəyəm.
Qələmə aldığım
səfər təəssüratları
ilə dolu bu yazını isə belə başa çatdırıram:
hara getsək, harda olsaq, səni
tərənnüm edirik
əziz, doğma Azərbaycanımız.
Azərbaycan.-2007.-30
iyun.-S.8.